Məhkəmə qərarları › İş №2(103)-1473/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1473/2023

30.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1473/2023 30.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəmənin 2(004)-31/2022 saylı, 09 dekabr 2022-ci il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-31/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, 12 saylı Notariat Ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras payının müəyyən edilməsi və mənzilə köçürülmə tələblərinə dair iddiaları təmin edilməmişdir. Qətnamədən İddiaçı2 vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəmənin 2(004)-31/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra, Vəkil2 tərəfindən apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəmənin 2(004)-31/2022 saylı, 09 dekabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə geri qaytarılmışdır. Qərardaddan Vəkil2 şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəmənin 2(004)-31/2022 saylı, 05 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayət əsassız olduğundan təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Vəkil2 elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində göstərir ki, məlum qərardad ona göndərilməmiş, yalnız xx.xx.2022-ci il tarixdə ona verilmişdir. Müraciətinə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə ünvanladığı ərizənin də kserosurətini əlavə etmişdir. ünvan 2 ünvanladığı məktubunda işə onların nümayndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, elektron məhkəmə sisteminə yüklənilmiş X4 tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, sözü gedən apellyasiya şikayəti Vəkil2 tərəfindən imzalanmışdır. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər siyahısında X4 tərəfindən Vəkil2 adına verilmiş etibarnamə müəyyən edilsə də, sonuncunun Sevda Salayevanın vəkili olmasını təsdiq edən orderin surəti apellyasiya şikayətinə əlavə edilməmişdir. Bundan başqa, İddiaçı2 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş formaya uyğun şəkildə verilməmişdir. Məhkəmə həmçinin apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasına dair ərizəyə qiymət verərək qeyd edir ki, müvafiq qətnamədən verilmiş apellyasiya şikayəti geri qaytarıldığından apellyasiya şikayətinə əlavə edilmiş müddətin üzürlü ötürülmüş hesab edilməsinə dair vəsatət də geri qaytarılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəmənin 2(004)-31/2022 saylı, 05 yanvar 2023-cü il tarixli şikayətin təmin edilməməsi barədə qərardadında isə qeyd etmişdir ki, elektron məhkəmə sisteminə yüklənilmiş X4 tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, sözü gedən apellyasiya şikayəti Vəkil2 tərəfindən imzalanmış, şikayət isə X2 adından verilmişdir. Salayeva Sevda iş üzrə iddiaçının nümayəndəsi qismində məhkəmə iclaslarında iştirak etmişdir. Məhkəmə qeyd edir ki, X4 iş üzrə tərəf olmadığından X2 nümayəndəsi tərəfindən birbaşa onun adından apellyasiya şikayəti verilməsi məqsədəmüvafiq deyidlir. Belə ki, Salayeva Sevda İddiaçı2 ona verdiyi etibarnamə əsasında məhkəmə iclaslarında onu təmsil etmişdir. İş materiallarında olan həmin etibarnamədə İddiaçı2 X3 onun adından iddia ərizəsini imzalamağı, məhkəmə aktlarından şikayət verməyi və digər hərəkətləri etməyi etibar etsə də, etibarnamədə həmin etibarnamə üzrə səlahiyyətlərin başqa şəxslərə verilə bilmədiyi qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, apellyasiya şikayəti düzgün şəkildə tərib edilməmişdir. İddiaçı2 nümayəndəsi qismində apellyasiya şikayəti verilərkən şikayət verənin iddiaçı olduğu, nümayəndəsinin adı ayrılıqda qeyd edilməli və şikayət iddiaçı və ya nümayəndə tərəfindən imzalanmalı idi. X1 nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş formaya uyğun şəkildə verilməmişdir. Apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə əməl edilmədən verildiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, 01 oktyabr 2021ci il tarixdən qüvvəyə minmiş Mülki Prosessual Məcəlləyə edilmiş 2 saylı Əlavəyə əsasən, apellyasiya şikayətinin yeni forması müəyyən edilmişdir. MPM-ə 2 saylı Əlavəsinə əsasən, apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Çünki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada tərtib edilməmiş və şikayəti imzalayan vəkilin onu imzalamağa səlahiyyətini təsdiq edən etibarnaməsi olmamışdır. Bundan əlavə, apellyasiya şikayəti 01 oktyabr 2022-ci il tarixdən qüvvəyə minmiş Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavənin tələblərinə də uyğun verilməmişdir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəmənin 2(004)-31/2022 saylı, 09 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəmənin 2(004)-31/2022 saylı, 09 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar