Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1476/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Ərizəçi Maraqlı şəxs qarşı “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(001)- 6363/2021 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi “hüquqi faktın müəyyən edilməsi” barədə ərizə ilə müraciət edərək (Maraqlı şəxs), Ermənistan SSR, Ararat rayonu, Şirazlı kəndində anadan olmuş xx.xx.1965-ci il təvəllüdlü Maraqlı şəxs ogey bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(001)- 6363/2021 saylı qərardadı ilə (hakim Fuad Abdıyev) iddia ərizəsinin icraata qəbul olunmasından imtina olunmuşdur. Qərardaddan narazı olan ərizəçi ondan şikayət verərək ləğv edilməsini, ərizənin icraata qəbul edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.09.2021-ci il tarixli qərardadı ilə Ərizəçi şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(001)-6363/2021 nömrəli qərardadı ləğv edilmiş və iş ərizənin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(001)- 6363/2021 nömrəli qərardadı ilə Ərizəçi Maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış, Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sənədləri təqdim etməklə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Ərizəçi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(001)-6363/2021 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 09.12.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq ərizəni icraata qəbul edərək baxmaqdan imtina etmişdir, belə ki, ərizəçi maraqlı şəxsin onun ögey bacısı olması faktını təsdiq edən lazımi sənədlərin, yəni mərhum anasına aid nikah haqqında şəhadətnamənin və ya bu barədə arxiv arayışının yalnız Ermənistan Respublikasından əldə edilə bilməsi, bunun isə mümkünsüzlüyünü məhkəməyə bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçi maraqlı şəxsin onun ögey bacısı olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyini, yaxud itirilmiş sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən hər hansı sənədi ərizəyə əlavə etməmişdir. Halbuki, ərizəçi bu sənədlərin əldə edilməsi və ya bərpası üçün ilk öncə aidiyyəti orqanlara müraciət etməlidir. Ərizəçi əmlakın maraqlı şəxsə bağışlanması əqdinin rəsmiləşdirilməsindən imtina edilməsini də təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bununla belə, ərizədə göstərilən hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən edilməsi üçün hələ ki, hüquqi əsas yaranmamışdır. Bu da öz növbəsində ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını şərtləndirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır; 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin qəbul edilməsindən imtina edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Ərizəçinin şikayətinin dəlilləri əsassızdır. Belə ki, ərizəçi itirilmiş sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən hər hansı sənədi ərizəyə əlavə etməmişdir. Həmçinin, ərizəçi bu sənədlərin əldə edilməsi və ya bərpası üçün ilk öncə aidiyyəti orqanlara müraciət etməmişdir. Bundan başqa, ərizəçi bu faktın müəyyən edilməsinin ona notarial qaydada əqdin bağlanması üçün zəruri olduğunu bildirsə də, onun tərəfindən bununla bağlı notariat orqanına müraciət edildiyi və həmin əqdin bağılanmasından imtina edildiyi ilə bağlı hər hansı sənəd əlavə etməmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(001)- 6363/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1476/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1476/2022
27.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver