Məhkəmə qərarları › İş №2(103)-1477/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1477/2021

16.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1477/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli 2(003)-1247/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladları 21 iyun 2009-cu il təvəllüdlü X11 və 04 may 2011-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 1-də yerləşən, hazırda cehiz əmlaklarının yerləşdiyi fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının təşəbbüsü ilə X6 əlavə cavabdeh qismində işə cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 15 avqust 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından 21 iyun 2009-cu il təvəllüdlü Ayxan və 04 may 2011-ci il təvəllüdlü Röya adlı uşaqları doğulmuşdur. Cavabdeh nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. O, ailə qurarkən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Ə.H.Qarayev küçəsi, 8/48-də yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, burada birgə təsərrüfat aparmışlar. O, sözügedən evə gəlin gələrkən ev tam hazır olmamış, onlar birlikdə yaşadıqları müddətdə evdə əlavə təmir-tikinti işləri aparmış, həmçinin mətbəx və hamam tikmişlər. İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli 2(003)-3575/2018 saylı qətnaməsindən də göründüyü kimi o orada uşaqları ilə birlikdə yaşamışdır. Cavabdeh 11 fevral 2020-ci il tarixdə onu uşaqları ilə birlikdə həmin evdən çıxarmış, qapıya qıfıl salmışdır. Hazırkı tarixədək onun bütün cehiz əmlakları həmin ünvandadır. Hazırda onun yaşamaq üçün başqa yaşayış yeri yoxdur və uşaqları ilə birlikdə valideynlərinin evində qalır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli 2(003)- 1247/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı uşaqları ilə birlikdə sözügedən özbaşına tikili evdə yaşayış hüququ əldə etməsinə, uzun müddət orada yaşamasına və cehiz əşyalarının da hal-hazırda orada olmasına baxmayaraq, onun iddiasını təmin etməmişdir. Bundan əlavə, məhkəmə ünvan 1 ünvanı ilə X2 xüsusi mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 48H saylı torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 21-ci Şüvəlan küçəsi 16 saylı fərdi yaşayış evinin eyni əmlak olduğunu əsaslandırmamışdır. İştirak etdikləri məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 şikayətin təmin edilməsini, cavabdeh X6 isə şikayətin təmin edilməməsini xahiş etdi. Cavabdeh X6 iştirak etdiyi məhkəmə iclasında izahatında bildirdi ki, mübahisə olunan ünvanda qardaşı Cavabdeh adına heç nə olmayıb, atası həmin torpaq sahəsini bağışlama müqaviləsi ilə ona bağışlayıb, iddiaçının köçmək istədiyi ev onun evi ilə eynidir. Məhkəmə kollegiyası iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli 2(003)-1247/2020 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli 2(003)-3575/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Şüvəlan qəsəbəsi Ə.H.Qarayev küçəsi 8/48 saylı torpaq sahəsindən istifadə hüququ tanınmışdır. Qətnamənin məzmunundan görünür ki, ölçüsü 0,06 ha olan həmin torpaq sahəsi Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon XDS İcraiyyə Komitəsinin 27 oktyabr 1988-ci il tarixli qərarı ilə X1 ayrılmışdır. Cavabdeh həmin iş üzrə verdiyi izahata görə onun atası həmin ünvanda fərdi yaşayış evi tikmiş, qeyd olunan evin 2 otağında Heybət ailə üzvləri ilə birlikdə yaşamışdır. Ev özbaşına tikili olmuşdur. İş materiallarına əlavə edilmiş X13, X5 və X10 tərəfindən 7 saylı notariat kontorunda yazılmış 02 sentyabr 2020-ci il tarixli ərizənin surətindən görünür ki, ərizəçilər bildirmişlər ki, X15 iki övladı ilə birlikdə ünvan 2 ünvanında 15.08.2008-ci il tarixdən 20.01.2020-ci il tarixinə qədər qeydiyyatsız yaşamışdır. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikaha 2020-ci ildə xitam verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 13 avqust 2020-ci il tarixli məktubundan görünür ki, X3 ilə X6 arasında bağlanmış və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş 4Ə-41 reyestr nömrəli 30 yanvar 2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 48H saylı torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 21-ci Şüvəlan küçəsi 16 saylı fərdi yaşayış evi 02.06.2020-ci il tarixində X2 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən 19.03.2019-cu il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 48H saylı torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 31.05.2020-ci il tarixli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 21-ci Şüvəlan küçəsi, 16 saylı fərdi yaşayış evi X2 mülkiyyətindədir. İşin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddia tələbində göstərilən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Ə.H.Qarayev küçəsi, 8/48 saylı ünvanla X2 xüsusi mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 48H saylı torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 21-ci Şüvəlan küçəsi, 16 saylı fərdi yaşayış evi eyni əmlakdır. Sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı tərəf Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Ə.H.Qarayev küçəsi, 8/48 saylı ünvanda yerləşən özbaşına tikilidən istifadə hüququ əldə etdiyini bildirsə də, istinad etdikləri məhkəmə qətnaməsində yalnız Cavabdeh həmin ünvanda yerləşən torpaq sahəsindən istifadə hüququ tanınmışdır. Bundan başqa, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 48H saylı torpaq sahəsində 16 saylı fərdi yaşayış evindən başqa ev olması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. X1 ünvan 3 ünvanda yerləşən 0,06 ha torpaq sahəsindən başqa torpaq sahəsi verilməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi sübutlara əsasən, həmin torpaq sahəsində yerləşən 16 saylı fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı ilə yaxın qohumluq əlaqəsi olmayan Kamran Alimentovdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli 2(003)- 1247/2020 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar