Məhkəmə qərarları › İş №2(103)-1479/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1479/2024

22.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1479/2024 22.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı ilkin iddia; Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi barədə iş üzrə (Açar sözlər: artıq sahəyə görə pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(005)-458/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh ASC və Quliyeva Fruza arasında bağlanmış xx.xx.2018-ci il tarixli əvəzləşdirmə müqaviləsinə əsasən, tərəflər Bakı şəhəri, Nərimanov rayonn İcra Hakimiyyəti Başçısının xx.xx.2017 tarixli 289 № sərəncamına əsasən Cavabdeh ASC-nin Bakı şəhəri, Nərimanov rayonunu, Ə.Orucəliyev küçəsi, 11A, 13A və Arif Heydərov küçəsi 19 saylı evin 156 kv.m. sahədən ibarət 4 otaqlı 2 saylı mənzilin tam mülkiyyət hüququ üzrə mülkiyyətçisi Quliyeva Fruzaya mənzilin əvəzinə kompensasiya olaraq həmin ünvanda inşa ediləcək binanın 4-cü mərtəbəsində yerləşən 52.4 kv.m. (eyvan da daxil olmaqla) sahəsi olan mənzili, həmin binanın 7-ci mərtəbəsində yerləşən 72.7 kv.m. (eyvan da daxil olmaqla) sahəsi olan mənzili, həmin binanın 4-cü mərtəbəsində yerləşən 54.9 kv.m (eyvan da daxil olmaqla) sahəsi olan mənzilin təmirli vəziyyətdə verilməsi və 150.000 AZN manat məbləğində kompensasiyanın ödənilməsi şərti ilə boşaldılaraq sökülməsi və daşınmaz əmlakın dövlət reyestrindəki müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlmişdirlər.

2. Tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış xx.xx.2018 tarixli əvəzləşdirmə müqaviləsinə əlavə razılaşma müqaviləsinə əsasən müqavilə tərəfləri Cavabdeh ASC-nin ünvan 1 ünvanlarında inşa edəcəyi çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 72.7 kv.m. (eyvan da daxil olmaqla) sahəsi olan mənzili İddiaçı adına rəsmiləşdirilməsi razılaşdırılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh ASC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə iddiaçıya təqdim olunmalı ünvan 1 ünvanlarında inşa edilmiş çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilin mətbəx otağına çöl tərəfdən açılmış qapının ləğv edilməsinə, mənzilin digər hissələri ilə mətbəx arasında giriş-çıxış qapısının bərpa edilməsinə, mühəndiskommunikasiya şaxtalarının bərpasına, mətbəx otağının təhlükəsizlik və memarlıq sənədlərində nəzərdə tutulmuş şəkildə mənzilin sahəsinə daxil edilməsinə, mənzilin tam şəkildə, onun içinə daxil olan hissələrilə bərabər (mətbəx, sanitar otaqları, yataq, qonaq otağları və eyvan) iddiaçıya tam təmirli şəkildə təqdim edilməsinə və bununla bağlı olaraq hüquqa və qanuna zidd hərəkətlərin edilməsinə son qoyulmasına, iddianın verilməsinə görə 100 manat və müvəqqəti iddianın təmin edilməsi barədə 10 manat dövlət rüsumunun iddiaçıya ödənilməsinə və hüquqi yardımın göstərilməsi üçün vəkil bürosuna ödənilmiş 171 AZN ödənilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini işin hallarını göstərməklə onunla əsaslandırmışdır ki, halhazırda yuxarıda qeyd edilən ünvanda inşa edilən bina hazırdır. Lakin, cavabdeh iddiaçıya mənzili təqdim edərkən bildirib ki, mənzilin sahəsi razılaşdırılmış 72.7 kv.m. əvəzinə 81.6 kv.m. təşkil edir. Problemin həlli kimi cavabdeh iddiaçıdan ya kv.m. yaranmış fərqin hər kv.m. üçün 1.600 AZN olmaqla ödənilməsini tələb edir ya da, o, mənzilin ayrılmaz hissəsi olan mətbəxi mənzilin tərkibindən çıxaracaq. Hal-hazırda cavabdeh artıq hörgü işlərini aparıb və mətbəxə çöldən ayrı qapı açıb. Əlavə olaraq cavabdeh iddiaçıdan tələb edir ki, mənzilin təmiri ilə bağlı üzərinə götürdüyü öhdəliyi tez bir zamanda icra etməsi üçün ona şərait yaratsın. Cavabdeh tərəfindən inşa zamanı buraxılmış səhvlər ucbatından yaranan fərqin isə iddiaçıya heç bir aidiyyatı yoxdur. Bu artıq cavabdehin riskidir və məsuliyyətidir. Göründüyü kimi, cavabdehin hərəkətləri hüquqa və qanuna ziddir. Bu hərəkətlər heç bir memarlıq qaydalarına da uyğun gəlmir. Aydın olmayan məsələlərdən biri də odur ki, cavabdeh tərəfindən aparılan mənzil sahəsinin ölçülməsi hansı üsulla keçirilib.

5. Cavabdehin nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırda cavabdeh tərəfindən razılaşmaya əsasən iddiaçıya mənzil təhvil verilərkən, mənzilin sahəsinin razılaşdırılmış 72.7 kv.m deyil, 81.6 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Belə olan halda isə, ASC tərəfindən razılaşdırılmış 72.7 kv.m-dən 10 kv.m-dək çox sahənin əvəzsiz olaraq cavabdehə verilməsinə dair heç bir öhdəliyi yoxdur. Əksinə, Cavabdeh ASC əvəzləşdirmə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam və vaxtında yerinə yetirmiş, bundan boyun qaçırmamışdır. Müqavilə ilə üzərinə götürmədiyi hər hansı öhdəliyə görə ASC cavabdehlik daşımır. Cavabdeh haqlı olaraq, yaranmış problemin həlli kimi iddiaçı ilə mübahisəni razılıqla həll edilməsini təklif etsə də, iddiaçı bununla razılaşmamış və mübahisənin həlli yolu olaraq məhkəməyə müraciət etmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, əvəzsiz qaydada, heç bir haqq ödəmədən, havayı olaraq ASC-dən 10 kv.m-lik sahəni qanunsuz olaraq tələb etməkdədir.

6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 4392/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/158 nömrəli rəyinə əsasən, baxış zamanı təqdim olunmuş mənzilin otaqların ölçüləri aşağıdakı kimi müəyyən olunur: holun sahəsi - 13.2 kv.metr, sanitar qovşağının sahəsi - 6.4 kv.metr, yaşayış otağının sahəsi - 15.5 kv.metr, yaşayış otağının sahəsi - 11.5 kv.metr, qonaq otağının sahəsi - 22.7 kv.metr, mətbəx otağının sahəsi - 9.3 kv.metr, eyvanın sahəsi - 3.0 kv.metr. Baxış zamanı müəyyən olunmuşdur ki, təqdim olunmuş mənzilin sahəsi 13,2 kv.m. olan holun daxilindən sahəsi 9.3 kv.m. olan mənzilə doğru açılan qapı bağlanmış və mətbəxin daxilindən bloka doğru qapı açılmışdır. Eyni zamanda baxış zamanı mübahisəli mənzilə layihə üzrə nəzərdə tutulan mətbəxin kanalizasiya xətləri, havalandırma şaxtası bağlanmış sahənin daxilindən keçdiyi müəyyən olunmuşdur. ünvan 1 ünvanlarında inşa edilmiş çoxmənzilli yaşayış binasının 7- ci mərtəbəsində yerləşən İddiaçı məxsus mənzilindən mətbəx otağının çıxarılması təsdiqlənmiş layihəyə uyğun olmadığı müəyyən olunur. ünvan 1 ünvanlarında inşa edilmiş çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən İddiaçı məxsus mənzilində layihə üzrə mətbəx otağında ümumi bina üçün nəzərdə tutulan kanalizasiya və havalandırma sisteminin yerdəyişməsi mühəndis memarlıq standartlarına uyğun olmadığı müəyyən edilir.

8. Cavabdeh "Azneftemaş” ASC xx.xx.2023-cü il tarixdə İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasında təhvil verilmiş mənzilin artıq verilmiş 8.9 kv.m. sahəsinin dəyəri olan 14.240 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin müqavilə üzrə İddiaçı təhvil verməli olan mənzil sahəsi (72.7 kv.m) yşayış binasının nəinki 7-ci mərtəbəsində, ümumiyyətlə həmin binanın bütün mərtəbələrində mövcud olmadığı üçün İddiaçı sahəsi 81.6 kv.m olan mənzil təhvil verilmişdir. Bu hal Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hazırki iş üzrə verdiyi xx.xx.2023-cü il tarixli 10/158 saylı ekspert rəyində də öz təsdiqini tapmışdır. Belə ki, həmin rəyin əsaslandırıcı hissəsində ekspert tərəfindən mənzilin ölçüləri aşağıdakı kimi müəyyən olunmuşdur: - holun sahəsi – 13.2 kv.m; - sanitar qovşağın sahəsi – 6.4 kv.m; - yaşayış otağının sahəsi – 15.5 kv.m; yaşayış otağının sahəsi – 11.5 kv.m; - qonaq otağının sahəsi – 22.7 kv.m; - mətbəx otağının sahəsi 9.3 kv.m; - eyvnanın sahəsi 3.0 kv.m. Göründüyü kimi, Cavabdeh ASC tərəfindən İddiaçı müqavilə üzrə ümumi sahəsi 72.7 kv.m. ibarət mənzil təhvil verilməli olduğu halda, həmin sahədən 8.9 kv.m. artıq sahə iddiaçıya təhvil verilmiş, sonuncu da 81.6 kv.m sahədən ibarət mənzili qəbul etmişdir. Qeyd olunan hal İddiaçı tərəfindən də mübahisələndirilmir. Cavabdeh ASC dəfələrlə İddiaçı müraciət edərək, ona verməli olduqları 72.7 kv.m-dən artıq verilən 81.6 kv metrlik mənzillərin kvadratları arasında olan fərqin, yəni 8.9 kv.metrin real bazar dəyərinin ASC-yə ödənilməsini xahiş etsə də, İddiaçı pulu ödəməkdən imtina etmişdir. Bununla da müəyyən edilir ki, İddiaçı Cavabdeh ASC-nin hesabına əsassız varlanmışdır. Bu baxımdan hesab edir ki, İddiaçı müqavilə üzrə razılaşdırılmış mənzilin sahəsindən artıq (8.9 kv.m.) olan sahənin dəyərini Cavabdeh ASCyə ödəməlidir. Çünki, Cavabdeh ASC mənzilin tikintisinə sərmayə qoyub, hazırda 8,9 kv.m. mənzilin hissəsinin İddiaçı qalması ASC-nin pul itkisinə səbəb olur. Hesab edir ki, həmin pul itkisi faydalanan şəxs, yəni İddiaçı tərəfindən bərpa olunmalı, 8.9 kv.m. dəyəri ASC-yə qaytarılmalıdır. Müqavilə şərtlərindən görünür ki, tərəflər mübahisəli mənzilin 1 kv.m dəyəri 1.600 manata razılaşdırmışlar. Belə olan halda İddiaçı Cavabdeh ASC-yə ödəməli olduğu vəsait - 14.240 (8.9 kv.m X 1.600 manat) manat təşkil edir.

10. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır.

11. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə xx.xx.2023-cü il tarixdə mübahisəli mənzilə yerli baxış keçirilmiş və bu zaman müəyyən olunmuşdur ki, mənzil üç otaqdan, bir dəhlizdən, bir sanitar qovşağı sahəsindən və bir eyvandan ibarətdir. Mənzildə yaşayış yoxdur və təmirsizdir. Binanın layihəsinə əsasən, mənzilə daxil olduqdan sonra sol tərəfdə olması nəzərdə tutulan mətbəxin mənzilə doğru açılan qapısı divarla bağlanmış və mətbəxin daxilindən bloka doğru bir qapı açılmışdır. Həmçinin hazırda layihə üzrə nəzərdə tutulan mətbəxin kanalizasiya xətləri, havalandırma şaxtası da həmin bağlanmış sahənin daxilindən keçir. İlkin iddia tələbi üzrə iddiaçı həmin sahədən istifadə edə bilmir.

12. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 458/2023 nömrəli qətnaməsi ilə (hakim S.V.Nuriyeva) ilkin iddia təmin edilmiş, ünvan 1 ünvanlarında inşa edilmiş çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilin mətbəx otağına çöl tərəfdən açılmış qapının ləğv edilməsi, mənzilin digər hissələri ilə mətbəx arasında olan giriş-çıxış qapısının bərpa edilməsi, mühəndiskommunikasiya şaxtalarının bərpası, mətbəx otağının təhlükəsizlik və memarlıq sənədlərində nəzərdə tutulmuş şəkildə mənzilin sahəsinə daxil edilməsi, mənzilin tam şəkildə, onun içinə daxil olan hissələri ilə bərabər (mətbəx, sanitar otaqları, yataq, qonaq otağları və eyvan) ilkin iddia tələbi üzrə İddiaçı tam təmirli şəkildə təqdim edilməsi və bununla bağlı olaraq hüquqa və qanunazidd hərəkətlərin edilməsinə son qoyulması öhdəliyinin ilkin iddia tələbi üzrə Cavabdeh ASC-nin üzərinə qoyulması, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzil yaşayış binasının 7-ci mərtəbəsində yerləşir. Yaşayış binasının layihəsindən görünür ki, mübahisəli mənzildə hol (13.2 kv.metr), sanitar qovşağı (6.4 kv.metr) yaşayış otaqları (11.5 kv.metr və 15.5 kv.metr) qonaq otağı (22.7 kv.metr), mətbəx otağı (9.3 kv.metr), eyvan (3.0 kv.metr) olması nəzərdə tutulmuşdur.

14. Məhkəmə araşdırması zamanı Cavabdeh ASC tərəfindən aparılmış qeyd olunan tikinti işlərinin təsdiqlənmiş layihəyə və mühəndis memarlıq standartlarına uyğun olub-olmamasının aydınlaşdırılması məqsədilə məhkəmə mühəndis texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2023-cü il tarixli 10/158 saylı rəyinə əsasən, ilkin iddia üzrə iddiaçıya verilmiş mənzildən mətbəx otağının çıxarılmasının təsdiqlənmiş layihəyə uyğun olmadığı və layihə üzrə mətbəx otağında ümumi bina üçün nəzərdə tutulan kanalizasiya və havalandırma sisteminin yerdəyişməsinin mühəndis memarlıq standartlarına uyğun olmadığı müəyyən edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, ilkin iddia üzrə iddiaçı mübahisəli mənzili yaşayış sahəsi kimi istifadə etmək məqsədilə almışdır.

15. Həmçinin qeyd olunmuşdur ki, ilkin iddia üzrə iddiaçı mübahisəli mənzili yaşayış sahəsi kimi istifadə etmək məqsədilə almışdır. Hazırki vəziyyətdə qeyd olunan layihə üzrə mətbəx kimi nəzərdə tutulmuş sahənin bağlanması və kanalizasiya xətləri, havalandırma şaxtasının isə bağlanmış həmin sahədən keçməsi təsdiqlənmiş layihəyə və mühəndis memarlıq standartlarına uyğun olmamaqla ilkin iddia tələbi üzrə iddiaçıya mənzildən təyinatı üzrə istifadə etməsinə - həmin mənzildə təhlükəsiz və sanitar şəraitdə daimi yaşamasına maneələr yaradır.

16. Belə olan halda məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi üzrə iddiaçı mənzilin mətbəx otağına çöl tərəfdən açılmış qapının ləğv edilməsi, mənzilin digər hissələri ilə mətbəx arasında olan giriş-çıxış qapısının bərpa edilməsi, mühəndiskommunikasiya şaxtalarının bərpası, mətbəx otağının təhlükəsizlik və memarlıq sənədlərində nəzərdə tutulmuş şəkildə mənzilin sahəsinə daxil edilməsi, mənzilin tam şəkildə, onun içinə daxil olan hissələrilə bərabər (mətbəx, sanitar otaqları, yataq, qonaq otağları və eyvan) ilkin iddia tələbi üzrə İddiaçı tam təmirli şəkildə təqdim edilməsi öhdəliyinin ilkin iddia tələbi üzrə Cavabdeh ASC-nin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır.

17. Həmçinin ilkin iddia tələbi üzrə hüquqi yardımın göstərilməsi üçün vəkil bürosuna ödənilmiş 171 manat pulun ödənilməsi tələbi vardır. Məhkəmə hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 171 manat pul məbləğini, hazırki qiymətləndirilməyən ilkin iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə ilkin iddia tələbinin təmin olunmasını mümkün sayır.

18. "Azneftemaş” ASC İddiaçı təhvil verilmiş mənzilin artıq verilmiş 8.9 kv.m. sahəsinin dəyəri olan 14.240 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı əsassız varlandığını bildirmişdir.

19. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, əsassız varlanma halının mövcud olması üçün bir şəxs tərəfindən buna qanuni və ya müqavilə əsası olmadan digər şəxsin əmlakının əldə edilməsi faktı baş verməlidir. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən mübahisə tərəfləri arasında etibarlı müqavilə münasibətinin yaranması əsassız varlanmanı istisna edir.

20. İş materiallarında olan mübahisəli mənzilin qarşılıqlı iddia üzrə cavabdehə təhvil verilməsinə dair xx.xx.2018-ci il tarixli müqavilənin məzmunundan görünür ki, qarşılıqlı iddia üzrə cavabdehə Cavabdeh ASC-nin ünvan 1 ünvanlarında inşa edəcəyi çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 72.7 kv.m. (eyvan da daxil olmaqla) sahəsi olan mənzilin verilməsi nəzərdə tutulmuşdur.

21. Bununla belə qarşılıqlı iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdehə sonuncunun iradəsinə zidd olaraq yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 72.7 kv.m sahəsi olan mənzili deyil, 82 kv.m olan sahəsi olan mənzili təhvil vermişdir. Məhkəmə hesab etmişdir ki, müqavilədə belə bir öhdəlik nəzərdə tutulmadığından qarşılıqlı iddia tələbi üzrə tələb edilən həmin məbləğin cavabdehdən tutulmasının hüquqi əsası yoxdur. Müqavilə ilə belə bir şərt nəzərdə tutulmadığı, bu barədə qarşılıqlı iddia tələbi üzrə cavabdehin razılığının alınmadığı təqdirdə qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən təhvil verilməli olan mənzilin daha artıq həcmdə təhvil verilməsi qarşılıqlı iddia tələbi üzrə cavabdehin üzərinə əlavə öhdəlik qoyulması ilə nəticələnməməlidir. Belə olan halda məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi təmin edilə bilməz.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.3, 157.4, 385.1, 385.2, 386.1, 425.2, 435, 442, 443.7, 459.1, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Mənzil Məcəlləsinin 2.1, 9.1, 9.2.2, 12.2, 29.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 107, 115.0.1, 119.1, 121.1, 124.1, 124.2, 218.3cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

23. Qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC apellyasiya şikayəti verərək qətnamənin qismən - qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə İddiaçı təhvil verilməli olduğu 72.7 kv.m ibarət mənzil həmin binada mövcud deyil. Belə olan halda İddiaçı Cavabdeh ASC-yə əlavə 8.9 kv.m. sahənin pulunu ödəməlidir, ya da ASC ona 72.7 kv.m mənzilin dəyərini ödəməklə müqavilə ləğv ounmalıdır. Cavabdeh ASC əvəzləşdirmə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam və vaxtında yerinə yetirmiş, bundan boyun qaçırmamışdır. Müqavilə ilə üzərinə götürmədiyi hər hansı öhdəliyə görə ASC cavabdehlik daşımır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, iş üzrə ekspert tərəfindən mənzilə baxış keçirildi və rəy verildi, sahənin cavabdehin bildirdiyindən də az olduğu müəyyən edildi.

27. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə ilk iddia üzrə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, nümayəndəsi və vəkili elektron kabinet vaitəsilə ərizə ünvanlayaraq iclas tarixində xarici ölkədə olacağını bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin ölkəyə qayıtma vaxtını qeyd etmədiyindən məhkəmə iclasının qeyri-müəyyən tarixə təxirə salınması mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə ilk iddia üzrə Cavabdeh ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Hazırkı işdə ilkin iddia təmin edildiyindən, qarşılıqlı iddia təmin edilmədiyindən, qətnamə "Azneftemaş” ASC tərəfindən yalnız qarşılıqlı iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə qarşılıqlı iddia təmin edilməməlidir.

33. Belə ki, işə baxan birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd edilərkən belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia tələbi üzrə cavabdehə sonuncunun iradəsinə zidd olaraq yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 72.7 kv.m sahəsi olan mənzili deyil, 82 kv.m olan sahəsi olan mənzili təhvil vermişdir. Müqavilədə belə bir öhdəlik nəzərdə tutulmadığından qarşılıqlı iddia tələbi üzrə tələb edilən həmin məbləğin cavabdehdən tutulmasının hüquqi əsası yoxdur. Müqavilə ilə belə bir şərt nəzərdə tutulmadığı, bu barədə qarşılıqlı iddia tələbi üzrə cavabdehin razılığının alınmadığı təqdirdə qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən təhvil verilməli olan mənzilin daha artıq həcmdə təhvil verilməsi qarşılıqlı iddia tələbi üzrə cavabdehin üzərinə əlavə öhdəlik qoyulması ilə nəticələnməməlidir.

34. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi aşağıda göstərilən əsasla təmin edilməməlidir.

35. İşdən müəyyən olunur ki, Cavabdeh ASC və Quliyeva Fruza arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, mübahisəli ünvanda inşa ediləcək çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 72.7 kv.m (eyvan da daxil olmaqla) sahəsi olan mənzilin İddiaçı adına rəsmiləşdirilməsi razılaşdırılmışdır.

36. Hazırda Cavabdeh ASC İddiaçı sahəsi 72.7 kv.m olan deyil, 81.6 kv.m olan mənzil təhvil verildiyini bildirirərək qarşılıqlı iddia tələbində əlavə verilmiş sahənin dəyərinin ödənilməsini xahiş edir.

37. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/2173 nömrəli ekspert rəyinə əsasən müəyyən edilir ki, ünvan 3 ünvanlarında inşa edilmiş çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən İddiaçı məxsus mənzilin içdən-içə, mənzilin daxilində olan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı nəzərə alınmadan, eləcə də azalma əmsalları tətbiq edilmədən ümumi sahəsinin faktiki olaraq 72.5 kv.m təşkil edir. ünvan 4 ünvanlarında inşa edilmiş çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən İddiaçı məxsus mənzilin çöl divarların ortasından hesablanmaqla, mənzilin daxilində arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı da daxil olmaqla, azalma əmsalları tətbiq edilmədən ümumi sahəsinin 80.5 kv.m olduğu müəyyən edilir.

38. Göründüyü kimi, Cavabdeh ASC İddiaçı verdiyi mənzilin ümumi sahəsi faktiki olaraq 72.5 kv.m-dir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin faktiki ölçüsüdür. Formalaşmış məhkəmə təcrübəsinə görə də, analoji işlərdə mənzilin ümumi sahəsi divaraltı sahələr nəzərə alınmadan hesablanır.

40. Beləliklə, iş üzrə müəyyən edilir ki, Cavabdeh ASC tərəfindən İddiaçı müqavilədə nəzərdə tutulandan artıq sahəyə malik olan mənzil təhvil verilməmişdir.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən təyin edilmiş ekspertiza üzrə ekspert qarşısında mənzilin sahəsi ilə bağlı suallar qoyulmamış və ekspert tərəfindən mənzilin sahəsi ölçülməmişdir. Ekspert rəyinin məzmunundan görünür ki, ekspert mənzilin sahəsi ilə bağlı iş materiallarında olan mənzillərin mərtəbə üzrə layihə sənədlərinə istinad etmişdir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 458/2023 nömrəli qətnaməsi qismən – qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə qarşılıqlı iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh ASC-nin özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsait Cavabdeh ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar