Məhkəmə qərarları › İş №2(103)-1480/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1480/2022

10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1480/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsinin ləğv edilməsinə və s.” tələbində dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi rayon məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(001)-874/202 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı AFB Bank ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsinə və sair tələblərə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nərimanov filialı ilə Cavabdeh2 arasında bağlanmış 17.06.2014-cü il tarixli 107-N-2611 №-li kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 17% dərəcəsi ilə 12000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh1 məxsus Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Tofiq Bayram küçəsi ünvanında yerləşən ümumi sahəsi 30,9 m2 olan 49C saylı qeyri-yaşayış sahəsi 17.06.2014-cü il tarixli 107-2611/İPM saylı ipoteka müqaviləsinə əsasən bankın ipoteka hüquqları ilə yüklü edilmişdir. Cavabdeh2 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun banka əsas borc üzrə 6155,06 manat, 17.06.2017-ci il tarixə faiz borcu üzrə 1037,22 manat, kredit müqaviləsinin müddətinin bitdiyi 17.06.2017-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 595,23 manat, kredit müqaviləsinin müddətinin bitdiyi 17.06.2017-ci il tarixdən sonra banka vurulmuş zərər, yəni əldən çıxmış faydaya görə 5674,08 manat olmaqla cəmi 13461,59 manat borcu yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə hər iki cavabdehə xəbərdarlıq edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra edilməmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(001)-874/202 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh2 17.06.2014-cü il tarixli 107-N-2611 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 5155,06 manat, məhkəmə xərclərinə görə 60 manat olmaqla, cəmi 5215,06 manatın İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin 10.846 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hazırkı qətnamə ilə müəyyən olunan borcun və məhkəmə xərclərinin ödənilməsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satıldıqdan 1 ay sonra boşaldılması qət edilmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(001)-874/202 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, bununla da məhkəmə Mülki Prosessual Məcəllənin çəkişmə pirinsipinin tələblərini pozmuşdur. Bundan başqa, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi arasında ziddiyyətlər mövcuddur. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci və 385.1-ci maddələrinə isdinad edilsə də, cavabdehlərin yaranmış öhdəlikləri tam təmin edilməmişdir. Belə ki, Cavabdeh2 ilə bağlanmış 17.06.2014-cü il tarixli 107-N2611 №-li kredit müqaviləsi üzrə yaranmış öhdəliyin əsas borca aid hissəsi təmin edilmiş, qalan hissədə təmin edilməməsi kreditin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşməsi ilə izah edilmişdir. İddiaçı bildirir ki, X1 irəli gələn öhdəliklərin icra edilməsi ilə bağlı qəbul etdiyi qaydalara əsasən fiziki şəxslərin ərizələri əsasında banklar problemli kreditləri restrukturizasiya etməli və bundan sonra güzəştli kredit, kompensasiya və s. Mərkəzi Bankın müəyyən etdiyi güzəştlərdən banklar yararlana bilərdi. Məhkəmə işə qərəzli və birtərəfli baxaraq sübutlara düzgün qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirilmədiyindən, apellyasiya baxışının predmetini qətnamənin iddiaçının mübahisələndirdiyi faiz, dəbbə pulu və banka vurulmuş zərərə aid təmin olunmayan hissələri təşkil edir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən - kredit müqaviləsinin müddətinin bitdiyi 17.06.2017-ci il tarixdən sonra banka vurulmuş zərər, yəni əldən çıxmış faydaya aid hissədə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, qalan hissədə isə qətnamə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan borcverən AFB Bank ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 17.06.2014-cü il tarixli 107-N-2611 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 17.06.2017-ci il tarixinədək qaytarmaq və illik 17 % ödəmək şərti ilə 12.000 manat kredit verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 17.06.2014-cü il tarixli 107-N-2611 saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh2 17.07.2014-cü il tarixdən 17.06.2017-ci il tarixədək əsas borca görə 12.000 manat, faiz borcuna görə 3401,98 manat olmaqla, cəmi 15.401,98 manat borcu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ipoteka saxlayan AFB Bank ASC ilə ipoteka verən Cavabdeh1 arasında bağlanmış 17.06.2014-cü il tarixli 107-2611/İPM saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka saxlayanla borcalan Cavabdeh2 arasında bağlanmış 17.06.2014-cü il tarixli 107-N-2611 saylı kredit müqaviləsinə əsasən 12.000 manat məbləğində 36 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Tofiq Bayram küçəsi ünvanında yerləşən ümumi sahəsi 30,9 m2 olan 49C saylı qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan AFB Bank ASC-nin 05.03.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borc alan Cavabdeh2 17.06.2014-cü il tarixli 107-N-2611 saylı kredit müqaviləsi üzrə 05.03.2020-ci il tarixinə əsas borca görə 6155,06 manat, kredit müqaviləsinin bitmə tarixinə, yəni 17.06.2017-ci il tarixə faiz borcuna görə 1037,22 manat, dəbbə puluna görə 595,23 manat, əldən çıxan faydaya görə 5674,08 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh2 ünvanladığı 12.12.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh2 fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 6.16-cı yarımbəndinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun 31.12.2019-cu il tarixdə başa çatması, 30.12.2019-cu il tarixədək kreditinin restruktrizasiya olunması üçün AFB Bank ASC-yə yaxınlaşması barədə bildiriş yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının problemli kreditlərin kompensasiyasına dair elektron informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh2 AFB Bank ASC-yə restruktrizasiya olması təklif olunan əsas kredit borcu 6155,06 manat təşkil edir. 15.11.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, Cavabdeh2 tərəfindən AFB Bank ASC-yə 1000 manat ödəniş edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin faiz və dəbbə pulu hissəsində gəldiyi nəticəni işin hallarına uyğun sayaraq hesab edir ki, tərəflər arasında bağlanmış 17.06.2014-cü il tarixli 107-N-2611 saylı kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşsə də, borcalanın borc məbləği restrukturizasiya olunmamış, ona hesablanmış faiz və cərimə borcları Fərmanın və onun tətbiq edilməsinə dair maliyyə nəzarəti orqanı tərəfindən qəbul edilmiş qaydalara əsasən yeni güzəştli kredit müqaviləsi bağlanmamışdır. İddiaçı ASC Cavabdeh2 restrukturizasiya ilə bağlı müraciət etməsi üçün ona bildiriş ünvanlandığını göstərsə də, yalnız bildirişin surətini təqdim etməklə kifayətlənmiş, bu bildirişin rəsmi qaydada borcalana göndərilməsi və ya hər hansı digər üsulla ona təqdim edilməsi, sonuncunun güzəştli şərtlərlə yeni müqavilə bağlamaq hüququndan imtina etməsi barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Fərmanın 6-cı bəndində banklara tövsiyə edilmişdir ki; 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərmanın 8.9-cu bəndinə əsasən faizlərin silinməsi dedikdə, vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Qeyd edilən Fərmanın məzmunundan da göründüyü kimi, bu onun verilməsində məqsəd fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllində dövlət dəstəyini təmin etmək olmuşdur. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 5.2.1-ci bəndinə görə, Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Qeyd edilən Fərmanın və onun tətbiq edilməsinə məqsədilə qəbul edilmiş Qaydaların yuxarıda sadalanan normalarının təhlili onu deməyə əsas verir ki: -Fiziki şəxslərin bu Fərmanın təsiri altına düşən borclarının restrukturizasiya edilməsi üçün zəruri tədbirlərin görülməsi fiziki şəxslərin özlərinə deyil, banklara tövsiyə edilmişdir; -Bundan başqa, restrukturizasiya olunacaq borc məbləğlərinə hesablanmış faiz və cərimə məbləğlərinin silinməsi üçün banklar tərəfindən zəruri tədbirlərin görülməsi üçün bir aylıq vaxt müəyyən edilmişdir; -Həmçinin, Fərmanın təsiri altına düşən müqavilələr üzrə borc məbləğlərinin restrukturizasiya olunması üçün bankla müştəri arasında yeni müqavilənin bağlanması müəyyən edilsə də, faiz və cərimə məbləğlərinin silinməsi üçün belə bir müqavilənin bağlanması və ya borclu şəxsin müraciət etməsi kimi prosedur nəzərdə tutulmamışdır. Belə ki, Fərmanın 6.1-ci bəndində banklara yalnız vaxtı keçmiş kredit borcları üzrə yeni güzəştli şərtlərlə kredit müqaviləsi bağlanmasının təklif edilməsi tövsiyə edilmiş, 6.2-ci bəndinə əsasən isə faizlərin silinməsi üçün bir ay ərzində tədbirlər görülməsi müəyyən edilmiş və bununla bağlı hər hansı müraciətin olması zəruriliyi müəyyən edilməmişdir. Hazırkı iş üzrə İddiaçı ASC-nin Fərmandan sonrakı bir aylıq müddət ərzində cavabdehlərə məxsus cərimə və faiz borclarının silinməsi ilə bağlı hər hansı tədbir görməsi müəyyən edilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu tələb etməkdə haqlı olmamışdır. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonra banka vurulmuş zərər tələbi hissəsində tam rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, mübahisəli kredit müqaviləsi üzrə faiz və dəbbə borcu yuxarıda təsvir edilən əsaslarla silinməli olsa da, cavabdehlər əsas borcun ödənilməsi üzrə bank qarşısında öhdəlik daşımaqda davam etmiş, lakin həmin borcu hal-hazıradək ödəməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tətbiqi üçün son müddətin 31 dekabr 2019-cu il müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, cavabdehlər həmin tarixdən sonrakı müddətdə bank qarşısında öhdəliyini icra etməməklə və müqavilə üzrə əsas borc məbləğini qaytarmamaqla banka ziyan vurmuşlar. Qeyd edilən tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi çıxış edir. Bu maddənin tələbinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əsas kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli Qərarında göstərilir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin bitməsi tərəfləri müqavilənin həmin müddət qurtaranadək yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-nin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsinə görə məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir… Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericiliklə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, qanunverici borclu tərəfindən pul öhdəliyinin vaxtında icra edilməməsi halında kreditorun gecikdirilmiş vaxt üçün azı illik beş faiz tələb etmək hüququnu nəzərdə tutmuş və bunu hər hansı şərtdən asılı etməmişdir. Çünki borclu müqavilə müddəti ərzində öhdəliyini pozmadan müqavilə faizini ödədiyi təqdirdə, müqavilə müddəti bitdikdən və öhdəliyini pozduqdan sonra icra edilməmiş əsas borcun ən azı illik 5 faizini ödəməlidir. Nəzərə alınmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarı ilə verilən borcla yanaşı, onun faizlərinin əldə edilməməsi bankları ödənilməyən bu məbləğdən faydalanmaq imkanlarından məhrum edir. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Bu baxımdan, hər hansı obyektiv və ağlabatan əsas olmadan, kredit üzrə qanuna əsasən hesablanan gecikdirmə faizi (illik 5%) azaldıla və ya silinə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti həmin hissədə qismən əsaslı olduğundan qismən təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi həmin hissədə qismən ləğv edilməklə, müqavilə müddətinin başa çatdığı tarixdən hazırkı iddia ilə məhkəməyə müraciət edilən günə qədər olan müddət üçün əldən çıxmış faydaya görə hesablanmış məbləğin 1046,35 manat olması müəyyən edilir (6155 AZN x 5% : 12 ay x 40 ay). Kollegiya hesab edir ki, qeyd edilən məbləğ Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, bununla da iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2 və 384.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər və qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(001)- 874/202 nömrəli qətnaməsi qismən – banka vurulmuş zərərin ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh2 illik 5% hesablanmaqla banka vurulmuş zərərə görə 1046,35 manat tutularaq iddiaçının xeyrinə ödənilsin. Qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar