Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1480/2024 28.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, mənzilə istifadə hüququ, mənzilin boşaldılıb təhvil verilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və mənzilin sahibliyə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. ünvan 2, 25 saylı mənzil Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamına və Bakı şəhəri 19 saylı DNK-da xx.xx.1995-ci il tarixdə rəsmiləşdirilmiş müqaviləyə əsasən ilkin olaraq X5 adına qeydiyyatdan keçmiş, xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X1 adına qeydiyyata alınmışdır.
2. Həqiqət Abbasova xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsi əsasında mənzili qardaşı X3 bağışlamış, mənzil xx.xx.2003-cü il tarixdə Vaqif Abbasovun adına qeydiyyatdan keçirilmişdir.
3. Vaqif Abbasov xx.xx.2013-cü il tarixdə vəfat etmiş, mənzil xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə və 2V-70 saylı “Mülkiyyət hüququ haqqında şəhadətnamə”yə əsasən onun həyat yoldaşı X4 adına qeydiyyata alınmışdır.
4. Rima Abbasova mənzili xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında oğlu İddiaçı bağışlamış, mənzil xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
5. Cavabdeh1 İddiaçı bacısı, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 bacısının uşaqlarıdırlar.
6. Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar, lakin hazırda ünvan 2, 25 saylı mənzildə yaşayırlar.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. İddiaçı (iddiaçı) Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, mülkiyyətində olan ünvan 2, 25 saylı mənzildən cavabdehlərin çıxarılmaları və mənzilin sahibliyinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 2, 25 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur, mənzilə dair dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışı vardır. Cavabdeh1 bacısı, digər cavabdehlər isə bacısı uşaqlarıdır. Cavabdehlər 2 ilə yaxın müddətdir ki, onun mənzilini zəbt edib orada yaşamaqla mülkiyyətindən istifadə etməyə imkan vermirlər.
9. Cavabdehlərə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasında iştirak etməmişlər.
10. Məhkəmənin 21 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.
11. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, iddiaçının mülkiyyət hüquqları pozulur və bunun qanunvericiliklə müəyyən edilmiş legitim əsasları müəyyən edilmir. Tərəflər arasında bacı-qardaş, qohumluq münasibətlərinin olması və ya iş üzrə faktiki digər hallar mülkiyyət hüquqlarının pozulmasına haqq qazandırmır, buna əsas qismində çıxış edə bilməz.
12. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 157.4-cü maddəsinə istinad etmişdir.
13. Həmin qətnamədən Cavabdeh1 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, təmsil etdiyi şəxsin iddiaçının bacısı olduğunu nəzərə almadığı, mənzilin iddiaçıya valideynlərindən qaldığı və Cavabdeh1 iddiaçının razılığı ilə həmin mənzildə yaşayaraq onu təmir etdirdiyi, mənzildən istifadə hüququnun yarandığı arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahat
15. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlməmiş, əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
16. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
21. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
22. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
01 oktyabr 2009-cu il tarixindən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
23. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
24. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
25. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.
26. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
27. Maddə 88. Yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub, valideynlərindən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılar buna zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılardan məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış qardaş və bacılar valideynlərindən, yaxud da ərindən (arvadından) və ya yetkinlik yaşına çatan uşaqlarından saxlanmaq üçün maddi yardım ala bilmədikdə onlara da eyni hüquq verilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
37. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini, habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini təsbit etmişdir (§ 18,19).
38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.
39. ünvan 2 ünvanında yerləşən 25 saylı mənzilin əvvəllər Rövşən və Xatirə Abbasov(a)ların nənələrinin, sonradan atalarının, daha sonra analarının mülkiyyətində olduğu işin mübahisəsiz halı olsa da, Cavabdeh1 mənzilə həmin dövr(lər)də Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yarandığı ehtimal olunan istifadə hüququnun hazırkı dövrədək qalıb-qalmadığını müəyyənləşdirmək mümkün olmamışdır.
40. Belə ki, dəfələrlə dəvət olunmasına baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, mənzildə hansı dövrdən yaşadığı və mənzili əvvəlki mülkiyyətçilərin dövründə nə vaxt və hansı səbəblə tərk etdiyi barədə sübutlar təqdim etməmişdir.
41. Bu baxımdan, Cavabdeh1 mübahisəsi gedən mənzilə mənzilin əvvəlki mülkiyyətçilərinin mülkiyyətçi olduqları dövrdə Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yarandığı ehtimal olunan istifadə hüququnun sonradan itmiş olduğu qənaətinə gəlinməlidir.
42. Digər tərəfdən nəzərə alınmalıdır ki, Cavabdeh1 əvvəlki mülkiyyətçilərin (nənəsinin, atasının, anasının) iradəsi əsasında mənzilə istifadə hüququnun yarandığı ehtimal edilsə belə, mənzilin 2022-ci ildə iddiaçının mülkiyyətinə keçməsindən sonra hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən onun mənzilə istifadə hüququnun olub-olmadığı müzakirə edilməlidir.
43. Belə ki, daşınmaz əmlakın iddiaçının adına dövlət qeydiyyatına alınması onun mənzilə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Belə ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir – çünkü Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
44. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi belə olmuşdur ki, “yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır”.
45. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”.
46. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”.
47. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq kollegiya hesab edir ki, Cavabdeh1 mübahisəsi gedən mənzilin hazırkı mülkiyyətçisi İddiaçı özünün saxlanılmasını tələb etmək hüququ olmadığından (§ 27), sonuncuya məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyətləri də ola bilməz; məsələyə bu kontekstdən yanaşıldıqda da, cavabdehin həmin mənzildən istifadə hüququnun itirilmiş hesab olunduğu qənaətinə gəlinməlidir.
48. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir; apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4639/2023 saylı iş üzrə 21 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən Cavabdeh1 tərəfindən, qətnamə ona təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə