Məhkəmə qərarları › İş №2(103)-1485/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1485/2023

14.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1485/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X16, X17, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və X22, sonuncuların yetkinlik yaşına çatmayan övladları X18 və X10 qarşı iş üzrə (Açar sözlər: «fərdi yaşayış evindən çıxarılma və fərdi yaşayış evinə köçürülmə») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, onların və eyni zamanda digər cavabdehlər Cavabdeh5, Cavabdeh3, X11, X12 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1497/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********30 nömrəli məktubda Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı evin ½ hissəsi ilkin olaraq X7 və ½ hissəsi Bibiqulu Hümbət oğlunun adlarına qeydiyyatdan keçdiyi göstərilmişdir.

2. Bakı şəhəri 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1978-ci il tarixli 2кн4»н»-2265 reyestr nömrəli və 2кн»н»-2266 reyestr nömrəli qanun üzrə vərəsəlik huququ haqqında şəhadətnaməyə əsasən sözügedən fərdi yaşayış evinin Bibiqulu Hümbət oğluna məxsus olmuş ½ hissəsi xx.xx.1978-ci il tarixdə X19 adına qeydiyyatdan keçmişdir.

3. Bakı şəhəri 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1994-cü il tarixli 2”V”- 2A-231 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən fərdi yaşayış evinin X13 məxsus olmuş ½ hissəsi xx.xx.1994-cü il tarixdə X1 adına qeydiyyatdan keçmişdir.

4. Sözügedən fərdi yaşayış evinin X2 məxsus olan hissəsindən bir hissə (2 otaq, 18.7 kv.m və 8.5 kv.m) Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1997-ci il tarixli 3M-A-4-648 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1997-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir, digər hissə Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1997-ci il tarixli 3M-6-1100 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.1997-ci il tarixdə X31 adına qeydiyyatdan keçmişdir.

5. Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1998-ci il tarixli 2V-1-272 reyestr nömrəli vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən X23 məxsus olan hissə xx.xx.1998-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir.

6. Yasamal Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı evin “V” tikinti hissəsindəki 8 saylı sahəsi 12.2 kv.m olan yaşayış otağı və 6 saylı sahəsi 7.4. kv.m olan dəhlizi xx.xx.1998-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir.

7. Bakı şəhəri 28 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2003-cü il tarixli 4Ə-2-304 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X37 məxsus olan hissədən 1 otaq (sahəsi 20 kv.m) xx.xx.2003-cü il tarixdə X25 adına qeydiyyatdan keçmişdir.

8. Bakı şəhəri 19 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli 4Ə/145 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X32 məxsus hissə xx.xx.2007-ci il tarixdə X8 adına qeydiyyatdan keçmişdir.

9. Quba Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-2494 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X14 məxsus hissə xx.xx.2021-ci il tarixdə X9 adına qeydiyyatdan keçmişdir.

10. Hazırda Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinin 2 otağı X26, 2 otağı X3, 3 otaq, y/s-39.1 kv.m, k/s-8.2. kv.m hissəsi X5, 1 otaq, y/s-20 kv.m sahəsi olan hissə X9 mülkiyyətindədir.

11. Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinin İddiaçı məxsus olan ½ hissəsi həmin evdən ayrılaraq Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1F ünvanı kimi xx.xx.2017-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

12. ƏMDX DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********30 nömrəli məktubunda sadalanan müqavilələr, vərəsəlik şəhadətnamələri, məhkəmə aktları, reyestrdən çıxarışlar və digər zəruri sənədlərin təsdiq edilmiş surətləri əlavə edilmişdir. Təqdim edilmiş sənədlər arasında olan fərdi yaşayış evinin hər bir mülkiyyətçisinə verilmiş planlayihədən müəyyən edilir ki, “B” tikilisinin lahiyəsində dəyişiklik edilməmişdir. Hətta, 1998-ci ildə paylı mülkiyyətçilərin mülkiyyətinə daxil olan Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsi 1/5 fərdi yaşayış evinin tərkibindəki yaşayış sahələrinin planından, o cümlədən 3 otaq 39,1 kv.m, k/s 8,2 kv.m yaşayış sahəsinin mülkiyyətçisi X5 adına verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əlavə edilmiş plandan müəyyən edilir ki, Qədirli küçəsi 1/5 fərdi yaşayış evinin “B” tikilisinin lahiyəsi ilə, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1F ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin “B” tikilisinin layihəsi eynilik təşkil edir. Bundan başqa reyestr nömrəsi **********02-10301 olan xx.xx.2012-ci il tarixdə tərtib edilmiş fərdi yaşayış evinin planından müəyyən edilir ki, sözügedən yaşayış evi ümumilikdə 3 ədəd bir mərtəbəli tikilidən və 17 yaşayış otağından ibarətdir ki, “A” tikilisində 4 otaq, “B” tikilisində 5 otaq, “V” tikilisində isə 8 otaq mövcuddur. “A” və “B” tikililərinin birlikdə ümumi sahəsi isə 123,9 kv.m təşkil edir.

13. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 20 iyun 1998-ci il tarixli 166540 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Qədirli ( İ Popereçnaya) küçəsindəki 1/5 yaşayış evin üzərində İddiaçı ½ hissədə, X26 4 otağa və X27 2 otağa paylı mülkiyyət hüququ reyestdə qeydə alınmışdır. Bu barədə 190 nömrəli reyest kitabının 9738-ci səhifəsində qeydiyyat aparılmışdır.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-311/2016 saylı, 03 iyun 2016-cı il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı evin ½ hissəsinə düşən ümumi sahəsi 125,4 kv.m, yaşayış sahəsi 78,5 kv.m., yardımçı sahəsi 46,9 kv.m. olmaqla “A” və “B” tikililəri həmin evdən ayrılaraq naturada İddiaçı verilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

15. İddiaçı ilkin olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3, X16, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 qarşı fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi, iddianı dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək işə əlavə cavabdehlər cəlb edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh3, X11, X12, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, X20, sonuncuların yetkinlik yaşına çatmayan övladları X15 və X6 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən, 1F nömrəli fərdi yaşayış evinin “B” tikilisindən əşyaları ilə birlikdə çıxarılmaları və həmin “B” tikilisinin ona təhvil verilərək həmin hissəyə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddiada göstərilir ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən, 1F nömrəli fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Fərdi yaşayış evinə verilmiş **********61-10301 reyestr nömrəli tekniki pasportdan göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən, 1F nömrəli ünvanda torpaq sahəsi üzərində “A” və “B” adlı ayrı-ayrı tikililər mövcuddur və onun xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin “B” tikilisində cavabdehlər heç bir əsas olmadan yaşayırlar və könüllü olaraq boşaltmaq istəmirlər. Cavabdehlərə dəfələrlə mənzildən çıxmaları barədə müraciət etsə də, onlar zəbt etdikləri yaşayış sahəsini tərk etməkdən imtina etmişlər. Bu səbəbdən mülkiyyətçi kimi iddiaçının yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları pozulmuşdur.

17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1497/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsi (hakim Günel Əkbərli) ilə iddia tələbi təmin edilmişdir.

18. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ümumilikdə 3 ədəd birmərtəbəli tikilidən, yəni “A”, “B” və “V” tikililərindən ibarət olmaqla ümumi paylı mülkiyyətdə olmuşdur. Paylı mülkiyyətçilərdən olan İddiaçı qanuni qvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən həmin fərdi yaşayış evinin ümumi sahəsi 125,4 kv.m yaşayış sahəsi 78,5 kv.m. yardımçı sahəsi 46,9 kv.m olmaqla “A” və “B” tikililərini xx.xx.2020-ci ildə fərdi mülkiyyətinə keçirmiş və həmin evə “Qədirli küçəsi 1F” olmaqla yeni ünvan verilmişdir. Müəyyən edilir ki, fərdi yaşayış evinin köhnə və yeni ünvanlar üzrə tərkibinə daxil olan tikililərin lahiyəsində hər hansı dəyişiklik edilmədiyindən “A” tikilisi 4 otaqdan, “B” tikilisi 5 otaqdan, “V” tikilisi isə 8 otaqdan ibarətdir. Fərdi yaşayış evinin “A” tikilisi hazırda iddiaçının mülkiyyətində olmaqla faktiki istifadəsindədir və bununla bağlı mübahisə yoxdur. Həmçinin müvafiq məhkəmə aktları və digər mötəbər sübutlarla təsdiq olunur ki, “V” tikilisi 8 otaqdan ibarət olmaqla, hazırda 2 otaq X26, 2 otaq X3, 3 otaq 39,1 kv.m, k/s 8,2 kv.m X5, 1 otaq 20 kv.m X9 mülkiyyətində və faktiki istifadəsindədir. Həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-311/2016 saylı, 03 iyun 2016-cı il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8998/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəmisinin 2(102)- 2874/17, xx.xx.2017-ci il tarixli qərarı ilə, o cümlədən qeyd olunan mülki iş üzrə birinci instansiya məhkəməsinin keçirdiyi xx.xx.2016-cı il tarixli və hazırki iş üzrə məhkəmənin keçirdiyi xx.xx.2022-ci il tarixli yerli baxış zamanı əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, “B” tikilisinin 2 otağında cavabdehlər Cavabdeh1, X28 və Cavabdeh3, digər 1 otağında cavabdehlər Cavabdeh4 və Cavabdeh5, 2 otağında isə cavabdehlər Cavabdeh2, X33, sonuncuların yetkinlik yaşına çatmayan övladları X29 və X24 məskunlaşmışlar. Cavabdehlərin isə qeyd olunan yaşayış sahələrinə mülkiyyət hüququnun olmasını təsdiq edən sübut təqdim edilmədi və buna dair hüquqi əsas məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Məhkəmə Cavabdeh2 onun məskunlaşdığı otaqların paylı mülkiyyətçi olan atası Səid Müseyibova məxsus “V” tikilisində yerləşməsinə dair dəlilinə münasibətdə isə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8998/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsində bu xüsusata qiymət verilmiş və müəyyən edilmişdir ki, onun övladları ilə birlikdə məskunlaşdığı otaqlar “B” tikilisində yerləşir. Həmçinin hazırki mülki iş üzrə keçirilən yerli baxış zamanı bu xüsusat öz təsdiqini tapmışdır. Ona görə cavabdehin bu dəlili əsassız olduğundan rədd edilməlidir. Beləliklə, iddiaçının xx.xx.2020-ci il tarixdən fərdi mülkiyyətində olan ünvan 4 ünvanındakı “B” tikilisinin cavabdehlər tərəfindən uzun müddət ərzində zəbt edilməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı mülkiyyətçinin hüquqlarının müdafiəsi baxımından ədalətli tarazlılığı pozur. Bununla da cavabdehlərin bu cür qanunsuz müdaxiləsi nəticəsində iddiaçı onun mülkiyyətində olan yaşayış sahəsinin üzərində olan sərəncam, sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Qeyd olunduğu kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir Hazırda mübahisələndirilən tələb İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanındakı “B” tikilisindən maneəsiz istifadə edə bilməməsi səbəbindən cavabdehlərin evindən çıxarılması tələbi ilə bağlıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərin mübahisə olunan mənzilə dair istifadə hüquqları mövcud deyildir. Belə ki, cavabdehlərin vəkilinin kompensasiya verilməklə onların istifadə hüququna xitam verilməli olmasına dair dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdehlərin belə bir subyektiv hüquq olmadığından vəkilin dəlili əsassız olmaqla rədd edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə cavabdehlərin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin tərkib hissəsinə daxil olan tikilidən onun iradəsi zidd istifadə etmələri iddiaçının mülkiyyət hüquqlarını pozduğundan hazırki iddia təmin edilməli və mülkiyyətçi İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən, 1F (əvvəlki Qədirli küçəsi 1/5) nömrəli fərdi yaşayış evinin “B” tikilisində sərbəst və maneəsiz yaşamaq hüququ təmin edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

19. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayətində göstərilir ki, qətnamə maddi və prosessual hüquqların pozulması nəticəsində çıxarıldığından tam ləğv edilməli və iddia tələbi rədd edilməlidir. İddiaçı mübahisəli mənzilə mülkiyyət hüququnu xx.xx.2020-ci il tarixdə əldə etmişdir. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh3, X28, X30, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 həmin ünvanda anadan olmuşlar və bugünə kimi də maneəsiz olaraq qeydiyyatda olmaqla yaşamışlar. Cavabdehlər yaşadıqları otaqlara yaşadıqları dövrdən sahiblik və istifadə hüquqlarına malikdirlər, hətta bütün kommunal ödənişlər də cavabdehin öz adınadır. Bu səbəbdən də iddia tələbi tam əsassızdır və rədd edilməlidir. Cavabdehlər doğulduğu andan indiyədək yaşayıb istifadə etdikləri əmlak-fərdi yaşayış evi cavabdehlərin anaları, bibiləri və s. yaxın qohumlarının otaqları olmuş və həmin vaxtdan da qeyri-şərtsiz cavabdehlərin yaşamalarına, istifadə etmələrinə razılıq vermişdir. Hətta cavabdehlərdən bəziləri də mübahisəli otaqlara əlavə tikililər etmiş, yaşadıqları dövr ərzində də əsaslı təmirlər edərək sahiblik etmişlər. Hər bir cavabdehin yaşadıqları, sahiblik və istifadə etdikləri otaqlara hüquqları olmamış kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi demək olar ki, iş materiallarında olan qətnamələrə əsasl anmış və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə zamanı da müəyyən edilmiş və işin mübahisəsiz halı olmuşdur ki, cavabdehlər anadan olan tarixdən mübahisəli mənzildən istifadə və sahiblik edir və bugünə kimi də heç kəs bununla bağlı mübahisə yaratmamışdır. Hətta cavabdehlər iddiaçının bildirdiyi kimi deyil, yəni kənardan gələrək iddiaçının mülkiyyətində olan əmlakı zəbt edərək yaşamamışlar, yaşadıqları fərdi yaşayış evi daimi və maneəsiz yaşayış sahələri olmuşdur. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmırlar. Belə ki, cavabdehlərdən Cavabdeh1 1974-cü ildən, Cavabdeh3-1983-cü ildən, X11-1985-ci ildən, X12-1986-cı ildən, Cavabdeh4-1947-ci ildən, Cavabdeh5-1985- ci ildən, Cavabdeh2-1982-ci ildən fərdi yaşayış evini keçmiş mülkiyyətçiləri (öz yaxın qohumları) ilə yaşayıb istifadə etdiyindən və 2000-ci ildən əvvəl doğulub yaşadıqlarından hazırki mübahisəyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsində göstərilir ki, yaşayış evi mülkiyyətçinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Eyni zamanda, bu münasibət Azərbaycan Respublikasının əvvəlki Mənzil Məcəlləsinin 53-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 53-cü maddəsində qeyd edilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə isə qətnaməsində cavabdehlərin istifadə hüquqlarının olmamasını əsaslandırmamış və hansı maddi hüquq normalarını əsas tutuduğunu qeyd etməmişdir. Məhkəmə gedişatında və yerli baxış zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş texniki pasport 1998-ci ilin texniki pasportu ilə eyniləşdirilərək baxış keçirib ölçü aparılmadan edilmişdir. Lakin reallıqda üst-üstə düşmür. Bu səbəbdən də, texniki-tikinti ekspertizasının təyin edilməsi ilə bağlı vəsatət vermişdir. Lakin məhkəmə heç bir əsas gətirmədən vəsatəti rədd etmişdir. Bu da ədalətli qərar çıxarılmasına maneə yaratmaq üçün bir addım olmuşdur. Hesab edir ki, buna da münasibət bildirilməli və ekspertiza təyin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

21. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və onların və eyni zamanda digər cavabdehlər Cavabdeh5, Cavabdeh3, X11, X12 nümayəndəsi və vəkili Nümayəndə2 ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.

22. Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

23. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsi:

Maddə 53.İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. ... İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

24. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

25. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə “...mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır...” Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyü Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır. Belə ki, bu qərarda Mülki Məcəllənin 7.1-ci maddəsinin müddəalarını nəzərə alaraq Konstitusiya Məhkəməsi öz mövqeyini aşağıdakı kimi ifadə etmişdir: «Göstərilənləri nəzərə alaraq 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir». Göründüyü kimi Konstitusiya Məhkəməsi mübahisələrin həlli üçün məhz müvafiq maddələrin qaydalarının əsas götürülməsini zəruri hesab etmişdir. Bununla bağlı isə bir daha qeyd etmək lazımdır ki, yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmış və hər iki tərəfin hüquqları üçün qeyrimüəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.....” 26.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Bu Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar... Buna görə də, məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

28. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.

29. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

31. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

32. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

33. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. 34.Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işin faktiki halları yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarındakı formalaşdırdığı hüquqi mövqe ilə uzlaşmır, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmırdı.

35. Cavabdehlərin mübahisəli evdən istifadəsi ilə bağlı münasibətlər 01 sentyabr 2000-ci il tarixədək yarandığından Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən həmin evdən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinin tələblərinə uyğun həll edilməlidir. Lakin birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxaraq tətbiq edilməli olan qanunu tətbiq etməmişdir.

36. Cavabdehlərin mübahisə predmeti olan evdən istifadə hüququnun yaranması işin mübahisəsiz halıdır. Belə ki, cavabdehlərin 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü maddəsinin tələblərinə əsasən həmin evə istifadə hüququnun yaranmasından ötrü evin mülkiyyətçisi olan şəxslərin ailə üzvü, yəni əri, uşaqları və valideynləri qrupuna aid olmalı yaxud mülkiyyətçi ilə birlikdə mübahisəli evdə yaşayıb birgə təsərrüfat aparmalı idi. Cavabdehlərin mübahisəli evdə 2000-ci ildən qabaq yaşamaları və evin paylı mülkiyyətçisi olmuş şəxslərlə birgə təsərrüfat aparmaları təsdiq olunur. Ona görə də, iddianın faktiki əsası, qanuni əsasının şərtlərinə uyğun deyil, yəni dizpozisiya əlamətləri ilə uzlaşmır.

37. İşdən göründüyü kimi, iddiaçıya mübahisəli ünvandakı evin ½ hissəsinə paylı mülkiyyət hüququ vərəsəlik qaydasında xx.xx.1998-ci ildə keçmiş, payı naturada məhkəmə qətnaməsinə əsasən ayrıldıqdan sonra Qədirli küçəsi ev 1F ünvanı kimi, ümumi sahəsi 123.9 kv. metr fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə xx.xx.2020-ci il tarixdə adına qeydə alınmışdır. Lakin cavabdehlərdən Cavabdeh1 1974-cü ildən həmin ünvandakı “B” tikilisi kimi adlandırılan tikilidə(2 otağında) yaşadığını, atası tərəfindən həmin tikilinin hələ əvvəlki paylı mülkiyyətçi- qohumu Bibiquludan aldığını, lakin rəsmi alqı-satqı müqaviləsi olmadığını, həmin evin ona atası tərəfindən keçdiyini, bacı-qardaşlarının isə köçüb başqa ünvanda yaşadıqlarını, özü isə ailə üzvləri ilə orada yaşadığını bildirmişdir. Cavabdeh3 da 1983-cü ildən həmin ünvana gəlin köçdüyünü, X28 və X30 da həmin ünvanda doğulduqlarını və yaşadıqlarını təsdiq etmişlər. Cavabdeh4 isə doğulduğu 1947-ci ildən həmin ünvandakı mübahisəli “B” tikilisi kimi adlandırılan tikilidə(1 otağında) qızı Cavabdeh5 ilə yaşadığını, sonuncu isə yaşayış sahəsinin bu hissəsinin ana nənəsi Səlmaxanımdan onlara keçdiyini təsdiq etmişdir. Cavabdeh2 da yaşadığı tikilidə doğulduğunu və orada (2 otağında) ailəsi və 2 uşağı ilə yaşadığını, bu otaqları atasına məxsus otağa artırma edərək təmir etdiyini təsdiq etmişdir. Hər biri ailə ayrıca kommunal xidmətlərdən istifadə edir. Bu faktların hansısa hissəsini iddiaçı tərəf mübahisələndirmir. İddiaçı tərəf yalnız Cavabdeh2 digər “V” tikilisində atasına məxsus yaşayış sahəsinin olduğunu bəyan edir. 38.Göründüyü kimi, cavabdehlər hətta iddiaçı vərəsəlik qaydasında mübahisəli ünvandakı tikililərə paylı mülkiyyət hüququ əldə etməmişdən əvvəl, bəziləri isə doğulduğu vaxtdan orada yaşamış, əsas isə əvvəlki paylı mülkiyyətçilərin ailə üzvləri, qohumluq münasibətlərində olmaları və əvvəlki mülkiyyətçilərlə ayrı-ayrı tikililirə dair faktiki alqı-satqı müqavilələri bağlamaları, yəni dəyəri ödənilməklə əldə etmələri olmuşdur. İddiaçı bu faktları, yəni cavabdehlərin mübahisəli tikililərdə əvvəlcədən istifadə hüququ əldə edərək yaşadıqlarını, hətta yaşadıqları tikilinin müəyyən hissələrinə(sonradan əlavə inşa etdikləri tikililərlə birlikdə təmir edib faktiki sahiblik və istifadə etdiyi sahələr və.s) mülkiyyət hüququna qanuni gözləntilərinin olduğunu bilməmiş deyildir. Düzdü, iddiaçının adına Qədirli küçəsi ev 1F ünvanı kimi, ümumi sahəsi 123.9 kv. metr fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmış, lakin “B” tikilisi kimi nəzərdə tutulan tikililərdəki otaqların həmin fərdi yaşayış evinə aid olduğu Dövlət reyestrindən çıxarışda xüsusi göstərilməmişdir. “B” tikilisi kimi nəzərdə tutulan tikililərdəki otaqların həmin fərdi yaşayış evinə aid olduğu yaşayış evlərinin texniki göstəricələrində nəzərdə tutulmşdur(bax.cild.2.i.v.44-51). Ancaq texniki göstəricələri əks etdirən sənəd mülkiyyət hüququnu təsdiq edən sənəd hesab edilmir. Bu fakt mübahisə predmeti olmasa da məhz həmin sahələrin naturada ayrılıb iddiaçının mülkiyyətinə keçməsindən cavabdehlərin o qədər də, yəni mahiyyətini qavrayacaq dərəcədə məlumatlarının olmadığına dəlalət edir.

39. Göründüyü kimi, cavabdehlər iddiaçının iddia etdiyi kimi, yəni kənar şəxslər kimi iddiaçının mülkiyyətində olan tikilini zəbt edərək orada yaşamırlar, həmin tikililərdə iddiaçıdan da əvvəl daimi və maneəsiz yaşamışlar. Birinci instansiya məhkəməsi cavabdehlərin ən azından istifadə hüquqlarının olduğunu nəzərə almamışdır. 40.Apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan 29 mart 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqenin hazırkı iş üzrə də tətbiqinin mümkünlüyünü nəzərə alır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 41.Belə ki, cavabdehlərin mübahisəli tikililərdən ən azından istifadə hüquqları olduğuna görə müvafiq kompensasiya ödənilmədən çıxarılmaları həmin hüququn əldə edilməsini zəruri edən əsas, yəni yaşayış sahəsinə ehtiyac aradan qalxdıqda mümkün ola bilərdi. Çünki, cavabdehlərin sahiblik etdiyi və istifadə hüququ olduğu mübahisəli tikililərdən başqa, adlarına hər hansı bir yaşayış sahəsi (ev,mənzil) olması da müəyyən edilməmiş, həmçinin mübahisəli evdən(“B” tikilisindəki otaqlardan) istifadə hüququna ehtiyacları aradan qalxmamışdır. Göründüyü kimi, cavabdehlərin fərdi yaşayış evinin “B” tikilisini əşyaları ilə birlikdə boşaldılması iddiası təmin oluna bilməzdi. Çünki, iddiaçı yalnız kompensasiya vermə yolu ilə cavabdehlərin mülkiyyətində olan evdən(“B” tikilisindəki otaqlardan) istifadə hüququna xitam verilməsi və çıxarılması barədə iddia ilə müraciət edə bilərdi.

42. İddia tələbinin Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən, 1F nömrəli fərdi yaşayış evinin(əvvəlki Qədirli küçəsi 1/5) “B” tikilisinin ona təhvil verilməsi və iddiaçının həmin hissəyə köçürülməsi tələbi birinci tələbə münasibətdə törəmə tələblər sayılır. Çünki, cavabdehlərin mübahisəli tikililərdən çıxarılmaları təmin olunmursa, həmin hissələrdə təmin oluna bilməz. Bununla yanaşı, iddiaçının məhz cavabdehlərin yaşadığı ayrı-ayrı olan tikililərə(otaqlara) köçürülməsinin təmin olunmaması da qətiyyən onun mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Çünki, iddiaçı onsuzda mülkiyyətində olan fərdi yaşayış evinin əksər hissəsinə(“A” tikilisinə) sahiblik edir və oradan istifadə edir. Köçürülməmə həm hazırki iddia üzrə törəmə tələb kimi çıxış etdiyinə, yəni müstəqil tələb olmadığına görə, həm də ayrı-ayrı ailələrdən olan cavabdehlərlə iddiaçı arasında xoş olmayan münasibətlərə və eyni mənzillərdə yaxın qohumluq münasibətlərində olmayan əks cinsdən olan şəxslərin birlikdə yaşamalarının mümkünsüzlüyünə görə hazırki iddia üzrə təmin edilmir. Lakin cavabdehlərin mübahisəli tikililərlə bağlı hissəyə olan istifadə və digər hüquqları ilə bağlı məsələlər həll ediləcəyi təqdirdə onsuzda iddiaçının mülkiyyətində olan əmlakdan maneəsiz istifadə etməsi, yəni mülkiyyət hüququnun toxunulmazlığı təmin ediləcəkdir.

43. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1497/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.

44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1497/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iddiaçının cavabdehlərə qarşı mənzildən çıxarılma tələbi təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar