Məhkəmə qərarları › İş №2(103)-1486/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1486/2023

17.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1486/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı, X9 və X14 Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması tələbinə dair” tələbinə dair mülki iş üzrə (açar sözlər:mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X12 (sədrlik edən və məruzəçi), X25 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı, X19 və X14 Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e-2(004)-5233/2023 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. 12 noyabr 1991-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X3 mülkiyyətində olmuş Bakı şəhəri, M.Fətəli küçəsi, 79/81 №-li mülkün 4/5 hissəsinə nəvələri Cavabdeh və X6 vərəsəlik hüququ tanınmışdır.

2. Yasamal Rayon Xalq Məhkəməsinin 29 may 1997-ci il tarixli, 2-149 nömrəli qətnaməsinə əsasən X13, X22 və X15 Bakı şəhəri M.F.Axundov küçəsi 79/81 nömrəli ev üzərində mülkiyyət hüququnun müəyyən olunması barədə iddiaları rədd edilmişdir. X26 iddiasını onunla əsaslandırmışdır ki, 1981-ci ildən M.F.Axundov küçəsi, 81 nömrəli evin birinci mərtəbəsində iki otağa pasport qeydiyyatına düşməklə ailə üzvləri ilə orada yaşayır. Həmin otaqlarda təmir işləri aparmışdır. Məhkəmə qeyd etmişdir ki, iddianın yalnız pasport qeydiyyatında olma, kommunal xərclərin ödənilməsi barədə qəbzlər mülkiyyət hüququnun müəyyən olunması üçün əsas ola bilməz. 3 . Yasamal rayonu 61 saylı Mənzil Kommunal İstismarı Sahəsinin 01 sentyabr 2022-ci il tarixli, 425 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 018-18018İ-3222 nömrəli, 16 avqust 2022-ci il tarixli arayışa əsasən İddiaçı 21 oktyabr 1985-ci ildən hazıradək Yasamal rayonu X45 küçəsi 81 nömrəli ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır, qeydiyyata alınma əsaslarının saxlama müddəti bitdiyindən qanuna müvafiq qaydada məhv edilmiş və bu səbəbdən vətəndaş İddiaçı qeydiyyatı 24 avqust 2003-cü ildə şəxsiyyət vəsiqəsini dəyişdiyi tarixdən göstərilmişdir.

4. Daşınmaz Əmlakın kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 26 avqust 2022-ci il tarixli, **********31 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 79/81 nömrəli fərdi yaşayış evinin 1/5 hissədən bir hissəsi X4, 1/5 hissədən bir hissəsi X5, 1/5 hissədən bir hissəsi X10, 1/5 hissədən bir hissəsi X7, 4/5 hissədən bir hissəsi Cavabdeh, 4/5 hissədən bir hissəsi isə X8 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 79/81 nömrəli fərdi yaşayış evi ilə Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 81 nömrəli fərdi yasayış evi eynidir.

5. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 06 aprel 2022-ci il tarixli, **********25 nömrəli məktubundan görünür ki, İddiaçı, X9 və X1 ünvanda istifadə hüquqlarının qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir.

6. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 avqust 2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X26 17 fevral 2018-ci il tarixdə vəfat etmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

7. İddiaçı, X19 və X2 Vaqif Orucəli oğluna qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 81 nömrəli evdən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

8. İddia onunla əsaslandırılmışdır ki, hazırda faktiki olaraq, ünvan 3 ünvanında yerləşən özbaşına tikili 1933-cü ildə Süleyman Məmməd oğlu tərəfindən tikilmiş, 1956-cı ilədək bu şəxs həmin evdə yaşamış, daha sonra isə qardaşı Cəmil Məmmədov həmin evdə yaşamağa davam etmişdir. Mənzil sonralar Süleyman Məmməd oğlunun övladı X13 istifadəsində olmuşdur. O, mənzil üzərində mülkiyyət hüquqlarının tanınması üçün Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin 27 oktyabr 1992-ci il tarixli qərardadı ilə özbaşına tikili olan mübahisəli evə mülkiyyət hüququnun tanınması iddiası üzrə icraata xitam verilmişdir. Beləliklə, ev üzərində heç kimin sahiblik hüququ qeydə alınmadığından sözügedən mənzil Azərbaycan Respublikası Yasamal rayon İcra Hakimiyəti Mənzil X18 61 saylı Mənzil-Kommmunal İstismar İdarəsinin balansına keçirilmişdir. Sonralar mərhum yoldaşı İmanov İntiqam 21 oktyabr 1985-ci ildə 61 saylı Mənzil-Kommmunal İstismar İdarəsinin göstərdiyi “sahibsiz ev olaraq adlandırılan” mənzili alqı-satqı yolu ilə əldə etmişdir. O vaxtdan bəri ailəvi olaraq həmin mənzildə yaşayırla və 1985-ci ildən həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Lakin, sonradan məlum olmuşdur ki, Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 1992-ci il tarixli qərardadı ilə özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmamasından və yaşayış sahəsinin sahibsiz ev olaraq qalmasından istifadə edən Cavabdeh adlı şəxs qanunsuz yollarla, qeydiyyat vəsiqəsi və digər sənədlərdə saxta düzəlişlər edərək, bu tikilini özlərinin mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzilləriylə birləşdirmiş, ev 79\81 ünvanı adı altında mənzili öz adına 04 noyabr 2021-ci il tarixdə, ********** nömrəli qeydiyyat nömrəsi ilə qeydiyyata almışdır. Bu şəxs onların alqı-satqı yolu ilə Mənzil Kommunal Təsərrüfat Birliyindən aldıqları və qanuni istifadələrində olan mənzillə bağlı qanunsuz yolla əldə etdiyi qeydiyyat vəsiqəsi əsasında qanunsuz iddia edərək, özünü mənzilin sahibi adlandıraraq, hazırda faktiki yaşadıqları və qeydiyyatda olduqları evdən pasport qeydiyyatından çıxmalarını tələb edir, hətta bununla bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Hazırda həmin iş Bakı İnzibati Məhkəməsinin icraatındadır və inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Məhkəmənin Daşınmaz Əmlakın kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə göndərdiyi ünvanlara dair müvafiq məlumatın verilməsi barədə sorğuya sözügedən inzibati orqan 26 avqust 2022-ci il tarixli, **********31 nömrəli məktubu ilə cavab verərək bildirmişdir ki, Bakı şəhəri Yasamal rayonu M. F. Axundov küçəsi 79/81 nömrəli fərdi yaşayış evi ilə Bakı şəhəri Yasamal rayonu M.F. Axundov küçəsi 81 nömrəli fərdi yaşayış sahəsi eynidir. Bu cavab ilə qətiyyən razılaşmırlar, çünki inzibati orqanın hər hansı bir hərəkətlilik göstərmədən, mübahisəli tikintiyə baxış keçirərək protokol tərtib etmədən, həmin protokolu məhkəməyə təqdim edərək hüquqi əsaslandırmadan və sübuta yetirmədən, hansı əsas üzrə belə bir qənaətə gəldiyi və qətiyyətlə birmənalı cavab verdiyi məlum deyildir. Beləliklə, bu mübahisəli vəziyyətin davam etməsi səbəbiylə, hazırda mənzildə faktiki yaşayan şəxslər kimi yaşayış yeri üzrə pasport qeydiyyatında olsalar da, qanuni istifadələrində olan mənzil üzərində istifadə hüquqları tanınmır və mübahisələndirilir. Məhz bu məqamda istifadə hüquqlarının tanınması zərurəti yaranmışdır.

9. Cavabdeh iddia ərizəsinə etirazında göstərmişdir ki, cavabdehlərin şəxsiyyət vəsiqələrindəki ünvan 3 ünvanı özbaşına tikili deyil, ulu babasına məxsus və hazırda rəsmi ünvanı M.F.Axundov küçəsi ev 79/81 olan şəxsi mülk 1929-cu ildə tikilmiş və 1931-ci ildə nənəsi Hüseynova (Quliyeva) Umleyla Zülfıqar qızının xüsusi mülkiyyətində olmuş, onun ölümündən sonra isə qanun üzrə vərəsəliklə nəvələrinin paylı mülkiyyətinə keçmişdir. İddiaçılar tələblərinin əsası kimi ayrıca 81 nömrəli özbaşına tikilinin olması, onun 61 saylı MKİS-nin balansına keçməsini, mərhum yoldaşının həmin evi 61 saylı MKİS-dən alqı-satqı yolu ilə əldə etdiklərini qeyd etsələr də, buna dair heç bir sübut təqdim etməmişlər. Alqısatqı müqaviləsi yoxdur, o cümlədən MKİS rəisi ev satmaq səlahiyyətinə malik olmayıb. Cavabdehlərin 81 nömrəli evə dair hüquq müəyyənedici sənədi yoxdur, onların xüsusi mülkiyyətdə olan evin 2 otağından istifadəsi qanunsuz olmuşdur. İddiaçılar iddia ərizələrinə tələblərinin əsası kimi yalnız şəxsiyyət vəsiqəsi üzrə qeydiyyatlarını əks etdirən arayışlar əlavə etmişlər, zatən həmin arayışlarsız da şəxsiyyət vəsiqəsi qeydiyyatı təsdiq edir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e-2(004)- 5233/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

11. Qətnamə onunla əsaslandırlmışdır ki, məhkəmə 01 oktyabr 2009-cu il tarixdək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, X26 ilə həyat yoldaşı İddiaçı, uşaqları X16 və X28 ilə birlikdə 1981-ci ildən ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla yaşamışlar. X26 xx.xx.2018-ci ildə vəfat etmişdir. Hazırda cavabdeh tərəfindən barələrində mübahisəli mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı iddia qaldırıldığından, iddiaçılar haqlı olaraq, qeyd olunan mənzilə istifadə hüquqlarının tanıması ilə ilə bağlı məhkəməyə müraciət etmişlər. Cavabdeh iddiaçıları mülkiyyət hüquqları qeydiyyata alınmamış olsa da, uzun müddət yaşamaqla sahibliklərində və istifadələrində olmuş mənzildən məhrum edə bilməz.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 33, 43 və 71, Mülki Məcəllənin 152,157, 228, 01 oktyabr 2009-cu il tarixdək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53,123-cü maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlillərinə görə, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən, yaşayış sahələri dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış evləri (dövlət mənzil fondu) və vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu) daxil olmaqla bir neçə mənzil fondlarına bölünmüşdür. Həmin Məcəllənin 53-cü maddəsi “Dövlət və İctimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə” adlanan 2-ci fəslə daxil olmaqla həmin mənzil fondlarına aid yaşayış sahələri üzrə hüquq münasibətlərini tənzimləyir. İddia predmeti Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 79/81 nömrəli ev fərdi (xüsusi) mənzil fonduna aid olduğundan həmin yaşayış sahəsi üzrə hüquq münasibətləri sözügedən Mənzil Məcəlləsinin “Fərdi mənzil fondu evlərində yaşayış sahəsindən istifadə” adlanan 6-cı fəsli ilə tənzimlənməlidir. Hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövrdə qüvvədə olmuş mülki və mənzil qanunvericiliyi normalarının mənasına görə, mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar. İstisna hallarda, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxslər də ailə üzvləri sırasına daxil ola bilər. Göstərilən cəhətlərdən (birgə yaşamaq və ümumi təsərrüfat aparmaq) biri olmadıqda, həmin şəxslər mənzil (ev) sahibinin, yaxud kirayəçinin ailə üzvləri hesab oluna bilməz və nəticədə yaşayış sahəsindən istifadə hüququnu əldə edə bilməzlər. Beləliklə, yaşayış sahəsindən istifadə hüququ yalnız yuxarıda qeyd olunan qanunvericilik normalarında nəzərdə tutulmuş qaydada mümkün olurdu. Mübahisə predmeti dövlət və ya ictimai mənzil fonduna aid olan ev olsaydı belə, məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçılar 2005-ci ildən Vüsalə Qasımovanın, 2013-cü ildən Orxan İmanovun, 2018-ci ilədək isə Xanım və İntiqam İmanovların mənzildə yaşamadıqlarını bildirmişlər. İddiaçılar nə iddia ərizəsində, nə də ki məhkəmə iclasında Cavabdehlə ümumi təsərrüfat apardıqlarını bildirmədikləri halda, otaqlarının evin mülkiyyətçilər yaşayan hissəsindən təcrid olunmuş sahədə olduğunu bildirdikləri halda və uzun müddət əvvəl başqa yaşayış məntəqəsinə köçdükləri, ailə üzvləri İntiqam Quliyev də 2018-ci ilin fevral ayında həmin yaşayış sahəsində vəfat etdiyi halda məhkəmə onları 53cü maddədə icarədarla birlikdə yaşayan ailə üzvləri və ya digər şəxslər kateqoriyasına aid etməsini mənzili daimi tərk etdikdən sonra iddiaçıların daimi yaşadıqları yaşayış sahələrini, həmin yaşayış sahələrinin kimlərə məxsus olduğunu araşdırmamış, iddianı təmin edərkən iddiaçıların evdən istifadə hüququnun həmin dövrdə qüvvədə olan qanunvericiliyin hansı əsasları üzrə yarandığını göstərməmiş, bu hüququn mübahisəli evin cavabdehin hissəsinə aid olub-olmamasını dəqiq müəyyən etməmiş, mübahisəli mənzili daimi tərk etdikdən sonra iddiaçıların daimi yaşadıqları yaşayış sahələrini, həmin yaşayış sahələrinin kimlərə məxsus olduğunu araşdırmamış, bununla da Cavabdeh və digər mülkiyyətçilərin mülkiyyət hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Vüsalə Qasımova 2005-ci ildə ailə qurması ilə əlaqədar ərinin evinə köçmüş, Orxan İmanov 2013-cü ildə ailə quraraq arvadı X11 mülkiyyətində olan, ipoteka müqaviləsinə əsasən birgə cavabdeh olduqları ünvan 6 ünvanına köçmüş 2018-ci ilədək isə İddiaçı mərhum əri X30 RİHB-nın 05 iyul 2011-ci il tarixli sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış masssivində istifadəsində olan 300 kv.m torpaq sahəsində tikdirdiyi sahiblik və istifadə hüquq olan, mülkiyyət hüququna qanuni gözləntisi olan fərdi yaşayış evində yaşadığından iddiaçıların mübahisəli sahəyə istifadə hüquqları olmuş olsaydı belə, servitutun qoyulduğu əsaslar aradan qalxdığından həmin hüquqa (istifadə hüququna) xitam verilməsi kompensasiya ödəmədən mümkündür. 2022-ci ilin əvvəlində cavabdeh iddiaçılara qarşı Bakı İnzibati Məhkəməsində onların qeydiyyatdan çıxarılmaları barədə iddia qaldırmış, 7 aylıq araşdırmadan və hakim tərəfindən verilmiş sorğulara alınan cavablardan yalanlarının üzə çıxdığını və uduzduqlarını görən iddiaçılar yenidən Bakı şəhəri Yasamal Rayon Məhkəməsində istifadə hüquqlarının tanınması barədə iddia qaldırmışlar. Xanım və Orxan İmanovlar məhkəmə hazırlıq iclasında 2005-ci ildən Vüsalə Qasımovanın, 2013-cü ildən Orxan İmanovun, 2018-ci ilədək isə Xanım və İntiqam İmanovların mənzildə yaşamadıqlarını bildirmişlər. İddia tələbinin əsassız olması, qanuni qüvvəyə minmiş məhkəmə qərarları olması ilə yanaşı, iddiaçılar tərəfindən həmçinin, 3 illik iddia müddəti ötürülmüşdür. Buna baxmayaraq məhkəmə iddia müddətini tətbiq edərək iddianı rədd etməmişdir. Yasamal Rayon Xalq Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 may 1997-ci il tarixli qətnaməsindən və həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə Bakı Şəhər Məhkəməsinin 12 dekabr 1997-ci il tarixli qərarından görünür ki, iddiaçılarin ailə başçısı X26 (hansı ki, iddiaçılar onun ailə üzvi kimi xüsusi mülkiyyətdə olan evə qeydiyyata alınmışlar) ailə üzvləri ilə M.Fətəli küçəsi 81 nömrəli evin birinci mərtəbəsindəki 2 otaqda yaşadığından həmin 2 otağa mülkiyyət hüququnun müəyyən edilməsi barədə qarşılıqlı iddia qaldırmış, lakin iddiası rədd edilmişdir. Qətnamədə göstərilmişdir ki, məhkəmə texniki-tikinti ekspertinin rəyindən bəlli olur ki, M.Fətəli küçəsi 79/81 nömrəli ev bir bünövrə üstündə tikilməklə yaşayış otaqlarından və məsciddən ibarətdir. Göstərilən mülk bütövlükdə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh və qeyrilərinin xüsusi mülkiyyətinə keçmiş və qeydiyyat vəsiqəsi almışlar. Beləliklə M.Fətəli küçəsi 79/81 nömrəli ev Cavabdeh və qeyrilərinin xüsusi mülkiyyətində olmasına baxmayaraq iddia qaldırmışlar ki, həmin ev üzərində sahiblik və mülkiyyət hüquqları müəyyən edilsin. Öz iddialarını əsaslandırmaq üçün sübut təqdim edə bilməmişlər. Yalnız pasport qeydiyyatında olma, kommunal xərclərin ödənilməsi barədə qəbzləri əsas göstərmişlər. Məhkəmə hesab etmişdir ki, bu hallar mülkiyyət hüququnun müəyyən olunması üçün əsas verə bilməz. Göründüyü kimi, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İmanovlar ailəsinin M.Fətəli küçəsi 79/81 nömrəli evə mülkiyyət hüquqlarının olmadığı müəyyən olunmuşdur. Hazırkı iş üzrə iddia tələbi olan istifadə hüququ mülkiyyət hüququnun tərkib hissəsi olduğundan və mülki işdə tərəf şəxsin varlığı ilə bağlı olmadığından iddia predmetinə iddiaçı tərəfin istifadə hüququnun olmaması da qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Hakim tərəfindən 02 dekabr 2022-ci il tarixdə saat 08:55-də mobil nömrəsinə daxil olan SMS-bildirişdə 02 dekabr 2022-ci il tarixdə, saat 09:15-də iş üzrə məhkəmə iclasında iştirak etməyinin zəruri olduğu qeyd olunmuşdur. Məhkəmə iclasına 20 dəqiqə qalmış məlumatlandırma ilə çatmağı həm məsafə, həm də saat 09:00 radələrində əksər iş yerlərində iş vaxtının başlanması ilə əlaqədar tıxaclar səbəbindən gecikdiyindən mümkün olmamışdır. Sonra ona məlum olmuşdur ki, məhkəmə iclası 02 dekabr 2022-ci il tarixə təxirə salınmamış, hələ 01 dekabr 2022-ci il tarixdə işə mahiyyəti üzrə baxılması qurtarmış, hətta hakim qətnamə çıxarmaq üçün müşavirə otağına getmişdir. Hakim 01 dekabr 2022-ci il tarixli məhkəmə iclasının təxirə salınması barədə vəsatətini əsaslandırmadan rədd etməklə cavabdeh tərəfin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnu, çəkişmə prinsipini, tərəflərin hüquq bərabərliyini pozmuşdur. Məhkəmə, cavabdehlərin yaşayış sahəsində faktiki olaraq yaşayıb-yaşamamasını, orada yaşayış üçün şəraitin olub-olmamasını müəyyən etmək üçün yerli baxış keçirməmiş, qonşuları şahid qismində dindirməmiş, məhkəməyə təqdim olunmuş qaz və işıq üzrə abonent məlumatlarına əsasən, iddiaçıların 2016-2017-ci illərin bəzi aylarında cüzi (qəpiklə) sərfiyyatın olması, bəzi aylarında ümumiyyətlə sərfin olmaması, 2018-2022-ci illərdə isə ümumiyyətlə sərfin olmaması səbəbindən İddiaçı və mərhum əri İntiqam İmanovun (tərəflər məhkəmə hazırlıq iclasında Vüsalə Qasımovanın 2005-ci ildən, Orxan İmanovun isə 2013-cü ildən mübahisəli sahədə yaşamadıqlarını etiraf etmişlər) işıq və qazsız necə yaşamaları aydınlaşdırılmamışdır. Məhkəmənin müəyyən etdiyi faktların iddiaçıların mübahisəli sahədən istifadə hüquqlarının yaranmasına səbəb olması üçün qanuni əsas olmadığından məhkəmə iş üzrə səhv nəticəyə gəlmişdir. İşin hallarına görə iddiaçılar paylı mülkiyyətçi Cavabdeh yaxın qohumu deyil, ondan asılı olan əmək qabiliyyəti olmayan şəxslər də deyillər, mülkiyyətçi ilə birlikdə yaşayıb ümumi təssərrüfat aparmamış və sırf ailə münasibətlərində olmadıqlarından ailə üzvləri sırasına daxil ola bilməzlər. Belə ki, yaşamış olduqları 2 otağı həmin xüsusi mülkə aid olmayan 81 nömrəli özbaşına tikili kimi qeyd etmələri artıq onların hər hansı bir mülkiyyətçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparmasını istisna edir

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin nümayəndəsi apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçılar (onların nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

18. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçılar İddiaçı, X28 və onların nümayəndəsi Vəkil3 apelyasiya şikayəti ilə razı olmadıqlarını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, cavabdeh ilə qonşudurlar. Orada yaşayın əksər şəxslər kimi Arif və Vaqif özlərinə məxsus otaqları kirayə verərək haqqını yarı bölürlər. İddiaçılar da Vaqifin otaqlarında kirayənişin kimi yaşamış, sonradan onların arasında məhkəmə mübahiəsəsi olmuşdur. İddiaçı və ailə üzvləri uzun müddətdir ki, orada yaşamırlar.

20. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, cavabdeh ilə qonşudurlar və 1996-cı ildən orda yaşayır. Təxminən 10 il olar ki, iddiaçının və ailə üzvlərinin orada yaşamasını görməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; Maddə 71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər; Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar; İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar; Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır;

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı: “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.”

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26.09.07-ci il tarixli Qərarı: “Adətən mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, bu Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur.”

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.”

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin;

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv elilməli, iddia rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir ki, bu da qətnamənin ləğv olunması üçün əsasdır.

30. İddiaçılar tələbin əsası olaraq mübahisə predmeti olan ev üzərində heç kimin hüququnun qeydə alınmadığına, mənzilin Azərbaycan Respublikası Yasamal rayon İcra Hakimiyəti Mənzil X18 61 saylı Mənzil-Kommmunal İstismar İdarəsinin balansına keçirildiyinə və sonradan mərhum İntiqam İmanovun 21 oktyabr 1985-ci ildə 61 saylı Mənzil-Kommmunal İstismar İdarəsinin göstərdiyi sahibsiz ev olaraq adlandırılan mənzili alqı-satqı yolu ilə əldə etməsinə istinad etmişdir.

31. Lakin işdə olan sübutlarla təsdiq olunur ki, mübahisə predmeti olan Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 81 saylı ev 16 dekabr 1931-ci il tarixdən X3 mülkiyyətində olmuş, 12 noyabr 1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mülkün 4/5 hissəsinə nəvələri Cavabdeh və X6 vərəsəlik hüququ tanınmışdır. Yəni, mənzilin cavabdehin mülkiyyətində olması qeyd olunan sənədlərlə təsdiqini tapır.

32. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçılar mənzili 61 saylı MKİSdən alqı-satqı yolu ilə əldə etdiklərini qeyd etsələr də, bunu hər hansı mötəbər sübutla təsdiq edə bilməmişlər. MKİS-in iddiaçıların vəkilinə ünvanlanmış məktubunda da hər hansı alqı-satqı münasibətinin olması yox, sadəcə iddiaçıların həmin ünvanda qeydiyyatda olmaları göstərilmişdir.

33. Apellyasiya şikayətinin dəlili kimi istinad olunan digər hal isə ünvanla bağlıdır. Belə ki, iddiaçı qeyd edir ki, Cavabdeh adlı şəxs qanunsuz yollarla, qeydiyyat vəsiqəsi və digər sənədlərdə saxta düzəlişlər edərək, bu tikilini özlərinin mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzilləriylə birləşdirmiş, ev 79\81 ünvanı adı altında mənzili öz adına 04 noyabr 2021-ci il tarixdə, ********** nömrəli qeydiyyat nömrəsi ilə qeydiyyata almışdır.

34. Lakin qanuni qüvvəyə minmiş Bakı Şəhər Məhkəməsinin 12 dekabr 1997-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə texniki-tikinti ekspertinin rəyinə əsasən M.Fətəli küçəsi 79/81 nömrəli ev bir bünövrə üstündə tikilməklə yaşayış otaqlarından və məsciddən ibarətdir. Göstərilən mülk bütövlükdə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh və qeyrilərinin xüsusi mülkiyyətinə keçmiş və qeydiyyat vəsiqəsi almışlar.

35. Həmçinin, Daşınmaz Əmlakın kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 26 avqust 2022-ci il tarixli, **********31 nömrəli məktubunda qeyd olunur ki, ... Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 79/81 nömrəli fərdi yaşayış evi ilə Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 81 nömrəli fərdi yasayış evi eynidir.

36. Mübahisə predmeti olan ev Cavabdeh mülkiyyətində olduğundan və sonuncuya vərəsəlik hüququ üzrə keçdiyindən həmin evdən istifadə hüququnun yaranması yalnız 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 01 sentyabr 2000-ci il tarixə kimi istifadə hüququnun yaranması ilə bağlı münasibətləri tənzimləyən 53 və 123-cü maddəsinin şərtləri mövcud olduqda mümkündür. Birinci instansiya məhkəməsi də iddianı təmin edərkən məhz bu normalara istinad etmişdir.

37. Həmin normaların şərtinə görə isə yaşayış sahəsindən istifadə hüququ mülkiyyətçinin ailə üzvünə və ya onunla birlikdə yaşayıb ümumi təsərrüfat aparan şəxslərə münasibətdə yaranır. Hazırkı mübahisə üzrə isə qeyd olunan şərtlərin heç biri mövcud deyildir. Yəni, iddiaçılar cavabdehin ailə üzvləri deyildir və sonuncu ilə birlikdə yaşayıb ümumi təsərrüfat aparması faktı da mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçıların mübahisəli evdən istifadə hüququ yaranmamışdır.

38. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəaları, eyni zamanda sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı hüquqi mövqe baxımından qeyd olunmalıdır ki, şəxsin qeydiyyatda olması faktı özlüyündə həmin ünvana dair hər hansı hüquq əldə etməyinə əsas ola bilməz. Belə ki, şəxsin yaşayış yeri qeydiyyata alınması dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məqsədi daşımaqla dövlətlə vətəndaş arasındakı çatımlılığı təmin edən vasitədir. Elə buna görə də, bu cür qeydə alınma məhdud əşya hüququ mənasında istifadə oluna bilməz.

39. Prosessual normaların pozulması ilə bağlı apellyator qeyd etmişdir ki, hakim tərəfindən 02 dekabr 2022-ci il tarixdə saat 08:55-də mobil nömrəsinə daxil olan SMSbildirişdə 02 dekabr 2022-ci il tarixdə, saat 09:15-də iş üzrə məhkəmə iclasında iştirak etməyinin zəruri olduğu qeyd olunmuşdur. Məhkəmə iclasına 20 dəqiqə qalmış məlumatlandırma ilə çatmağı həm məsafə, həm də saat 09:00 radələrində əksər iş yerlərində iş vaxtının başlanması ilə əlaqədar tıxaclar səbəbindən gecikdiyindən mümkün olmamışdır. Sonra ona məlum olmuşdur ki, məhkəmə iclası 02 dekabr 2022-ci il tarixə təxirə salınmamış, hələ 01 dekabr 2022-ci il tarixdə işə mahiyyəti üzrə baxılması qurtarmış, hətta hakim qətnamə çıxarmaq üçün müşavirə otağına getmişdir.

40. Lakin iş materiallarında olan 01 dekabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasının protokolunda qeyd olunmuşdur ki, hakimin qətnamə çıxarılması üçün elan etməklə müşavirə otağına getməsi və qətnaməni 02 dekabr 2022-ci il tarixdə, saat 09:15də elan edəcəyi bildirilmişdir. Həmçinin, cavabdehin vəkili tərəfindən məhkəmə iclas protokolları ilə tanış olaraq qeydlər verilsə də, qeyd olunan xüsusata dair qeyd bildirilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hakim tərəfindən prosessual normanın pozulması halı mövcud deyildir.

41. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuz olmuşdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunaraq qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia əsassız olduğundan rədd edilməlidir.

42. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e-2(004)- 5233/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e-2(004)- 5233/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı, X19 və X14 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar