Məhkəmə qərarları › İş №2(103)-1486/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1486/2025

18.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1486/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi və son haqq-hesabın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 607/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh və ya MMC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, MMC-nin icraçı direktoru X2 xx.xx.2023-cü il tarixli əmri ilə onun MMC-dən aşpaz vəzifəsindən azad edilməsinə dair verilmiş əmrin ləğv edilməsi, onun son haqq-hesab pulunun və adının Azərbaycan Respublitkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnvormasiya Siteminin “Əmək və Məşğulluq” altsistemində əmək müqaviləsinin qüvvədə olduğu 15 iyul 2023-cü il tarixdən sonrakı müddətədək (qüvvədən düşdüyü müddətədək) əmək haqqının hesablanaraq (qüvvədə olduğu üçün o yeni işlə təmin edilə bilməməyin səbəbinə görə) Cavabdeh MMC tərəfindən ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, işlədiyi müddətdə üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirmişdir. 2023-cü ilin yay mövsümündə cavabdeh MMC-nin icraçı direktoru X3 onun məzuniyyət pulunu vermək istəmədiyindən (çünki o, məzuniyyət pullarının ödənilməsini xahiş etmişdir) onun üzərinə böhtan atmış və guya ki, ətləri çəkdikdə onların qaimədə qeyd edildiyi kimi, düzgün çəkməmiş və nəticədə mənimsəmə etmişdir. Əslində o, heç bir mənimsəmə etməmiş və işini vicdanla davam etdirmək istəsə də, cavabdeh onu işə buraxmırdı və xoşagəlməz, yəni onun üçün ağır nəticələrə səbəb olan münasibətlər yaradırdı. Bunu ona görə edirdi ki, qəsdən qalmaqal yaransın və bununla bağlı polis şöbəsinə müraciət etsin. Cavabdehin xx.xx.2023-cü il tarixli əmri ilə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək vəzifərini kobud şəkildə pozduqda), bu Məcəllənin 72-ci maddəsinin “c” bəndinə (təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulması) əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmrin surəti poçt vasitəsilə qeydiyyatda olduğu ünvana (hazırda kirayədə yaşayır) xx.xx.2023-cü il tarixdə verilmişdir. Həmin əmr qanunsuz və əsassızdır. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən göründüyü kimi, əslində cavabdehlə onun arasında olan əmək münasibətlərində onun deyil, cavabdehin qanunsuz əməlləri mövcud olmuşdur. Cavabdeh qərəzli olaraq onun üzərinə böhtan atmışdır. Məhkəmə qərarlarına əsasən onun MMC-də fəaliyyəti nəticəsində nöqsanı (mənimsəmə ilə bağlı) olmadığı müəyyən edilmişdir. Bundan əlavə, adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin "Əmək və Məşğulluq" altsistemində əmək müqaviləsi qüvvədə olduğu üçün o, heç bir yerdə özünə iş tapa bilmirdi və bu səbəbdən də özü və ailəsi ağır maddi şəraitdə yaşamışlar. O, istifadə edilməmiş əmək məzuniyyətlərinə dair ödənişlərlə bağlı cavabdehə müraciət edən kimi, cavabdeh ona qarşı qərəzli mövqedə oldu. O, xx.xx.2023-cü il tarixdə rəsmi ərizə ilə işdən azad edilməyini xahiş etmişdir. Lakin hazıradək cavabdehlə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dair bildiriş elektron informasiya sistemində qüvvədədir. Bundan sonra cavabdeh MMC iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı Əmək Məcəlləsinin 296.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Yəni iddia ərizəsində də qeyd olunduğu kimi əmək kitabçası və xx.xx.2023-cü il tarixli əmrdən çıxarış onun qeydiyyatda olduğu və özünün hazırki iddia ərizəsində də qeyd etdiyi ünvana poçt vasitəsilə göndərilmişdir. İddiaçı özü də etiraf edir ki, həmin əmrdən çıxarış ona xx.xx.2023-cü ildə çatdırılmışdır. Belə olanda onun xx.xx.2024-cü il tarixinə kimi 1 aylıq iddia müddəti var idi. İddiaçı xx.xx.2024-cü il tarixdə onlara mediasiya ilə bağlı təklif göndərir, yəni iddia müddətinin bitməsinə 5 gün qalmış mediasiyada icraat dayandırılır, sonra xx.xx.2024-cü ildə ilkin mediasiya sessiyasının baş tutmaması barədə arayış verilir. Yəni xx.xx.2024-cü ildən müddət axımı başlayır. Diqqət olunsa ki, iddiaçının iddia müddətinin bitməsinə 5 gün qalmışdı, o, sonuncu müddət, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməli idi. Lakin o, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyi üçün qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini ötürərək, iddia ilə müraciət etmişdir (iddia müddətini 9 gün ötürüb). Bundan başqa, iddiaçının iddia ərizəsinə əlavə etdiyi "xxxx" ASC-nin hesabdan çıxarışından da görünür ki, ona MMC tərəfindən xx.xx.2023-cü il tarixli əmrə əsasən son haqq-hesab və bütün ödəmələr xx.xx.2023-cü il tarixdə 687,52 manat və xx.xx.2023-cü il tarixdə 206,55 manat olmaqla tam şəkildə ödənilmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, əmək qanunvericiliyinin və mediasiya haqqında qanunun müvafiq maddələrini rəhbər tutaraq, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini tətbiq edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(009)-607/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddianın qismən təmin edilməsi, cavabdeh MMC-nin X-045 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, iddiaçının cavabdeh MMC-də “Şef aşpaz” vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndində nəzərdə tutulan əsasla, yəni iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllərə yol verməsi əsasları ilə həyata keçirilmişdir. Məhkəmə iddia tələbini qismən təmin edərkən həmçinin qeyd etmişdir ki, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verməsinə kifayət qədər əsası olmamışdır. Ona görə də, mübahisələndirilən əmr açıq-aşkar qanunsuz və əsassız olmuşdur. Əmək müqaviləsinin ləğv edilməsinin əsaslılığını təsdiq edən sübutların olmaması, onun ləğv edilməsi zamanı əmək qanunvericiliyinin pozulmasını təsdiq edir. Deməli, cavabdehin göstərilən hərəkətləri qanunsuzdur. Qətnamədən cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia müddəti tətbiq edilərək iddianın təmin olunmamasını xahiş etmişdir Apellyasiya şikayəti iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin xx.xx.2024-cü il tarixə təyin olunmuş hazırlıq iclasından qabaq elektron kabinet vasitəsi ilə ərizə yerləşdirilərək məhkəmədən Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən iddia müdətinin tədbiq edilərək, iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Eyni məzmunlu ərizə xx.xx.2024-cü il tarixdə də verilmişdir. Lakin bunun əksi olaraq məhkəmə qeyd olunan əsasları qətnamədə təşkilatın nümayəndəsinin izahatına salmış, lakin iddia müddətinin hansı səbəbdən tədbiq edilməməsi barədə heç bir əsaslandırma etmədən qətnamə qəbul etmişdir. Məhkəmə bir mənalı olaraq həmin ərizəni nəzərə almadan bir tərəfli qaydada əsassız qətnamə qəbul etmişdir. Bundan başqa, məhkəmə qanunun tələbinə zidd olaraq məhkəmə aidiyyətini pozmuşdur. Belə ki, cavabdeh şəxsin hüquqi ünvanı ünvan 1stansiya məhkəməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsidir. Bu halı birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata götürən zaman yoxlamalı idi. Həmçinin belə çıxır ki, məhkəmə iddia ərizəsində qeyd olunmuş cavabdeh təşkilatın VÖEN-ni yoxlamamışdır. Əgər məhkəmə elektron sistemdə VÖEN-lə axtarış etsə idi, qeyd olunan hal öz təsdiqini tapardı. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-3327/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3863/2024 nömrəli 26 noyabr 2024-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 3327/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli qətnaməsi qismən - iddia tələbinin “son haqq-hesab pulunun cavabdehdən alınıb iddiaçıya ödənilməsi”nə münasibətdə təmin edilmədiyi hissədə ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası öz qərarında göstərmişdir ki, “Apellyasiya instansiya məhkəməsi isə iddia tələbinin üç hissədən olmasını diqqətdən qaçırmış, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin hansı hissədə rədd edilməsini müəyyən etmədən, birinci instansiya məhkəməsi tərəfindən iddianın son haqq-hesab pulu tələbinin, əmək haqqının ödənilməsi tələbi ilə əhatə olunmaqla təmin edilib-edilməməsini aydınlaşdırmadan, iş üzrə əmrin ləğv edilməsini əsas, digər tələbləri isə ona münasibətdə törəmə tələblər (§32) kimi qiymətləndirərək, bütün iddia tələbinə münasibətdə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətini tətbiq etməklə iddianı tam rədd edərkən səhvə yol vermiş, son haqq- hesab pulu tələbinə münasibətdə iddia müddətinin tətbiqi üçün tələbin qanuni əsasını təşkil edən maddi hüquq norması kimi Əmək Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinin çıxış etməsini nəzərdən qaçırmış, iddia tələbinin qeyd edilən hissəsinə qətnamədə hər hansı münasibət bildirməmişdir. Bundan başqa apellyasiya instansiya məhkəməsi bütün iddia tələbi üzrə iddia müddətinin ötürülməsinə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətini tətbiq edərkən, iddianın son haqq-hesab pulu tələbinə münasibətdə hər hansı araşdırma aparmamış, işəgötürən tərəfindən əməkhaqqının, o cümlədən son haqq-hesabın ödənilibödənilməməsinə, ödənilməmişsə, yaxud gecikdirilməklə ödənilmişsə qeyd olunan vəsaitin cavabdehdən tutulub-tutulmamalı olmasını Əmək Məcəlləsinin 83, 154, 156, 172-ci maddələrinin tələbi baxımından yoxlamamış, gəldiyi nəticəyə həmin normalara, qeyd olunan tələbə münasibətdə iddia müddətinin tətbiq edilməsinə isə Əmək Məcəlləsinin 296cı maddəsinin 4-cü hissəsinə uyğun hüquqi qiymət verməmişdir.” Məhkəmə iclasında iştirak edən iddiaçı, iddia tələbinin baxılan hissədə təmin edilməməsini xahiş etdi. O, əlavə olaraq, işə bərpa edilməsini xahiş etmədiyini, lakin birinci instansiya məhkəməsinin qətnaməsi ilə işə bərpa edildiyini bildirmişdir. Bununla belə, o, həmin qətnamədən apellyasiya şikayətti verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, apellyasiya şikayətinin tam təmin edilməsini və iddianı baxılan hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı apellyasiya baxışı qeyri-mümkün hesab edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli onun MMC-də aşpaz vəzifəsindən azad edilməsinə dair verilmiş əmrin ləğv edilməsini, onun son haqqhesab pulunun və adının Azərbaycan Respublitkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnvormasiya Siteminin “Əmək və Məşğulluq” altsistemində əmək müqaviləsinin qüvvədə olduğu 15 iyul 2023-cü il tarixdən sonrakı müddətədək (qüvvədən düşdüyü müddətədək) əmək haqqının hesablanaraq (qüvvədə olduğu üçün o yeni işlə təmin edilə bilməməyin səbəbinə görə) Cavabdeh MMC tərəfindən ona verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi də həmin iddia tələbinə baxmış və iddianın qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Qətnamədən yalnız cavabdeh MMC apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti qətnamənin tam ləğvinə yönəlmiş, iddiaçı isə həmin qətnaməni ümumiyyətlə mübahisələndirmişdir. Lakin daha əvvəl apellyasiya şikayətinə baxan apellyasiya instansiyasının məhkəmə kollegiyası iddia tələbinin üç hissədən olmasını diqqətdən qaçırmış, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin hansı hissədə rədd edilməsini müəyyən etmədən, birinci instansiya məhkəməsi tərəfindən iddianın son haqq-hesab pulu tələbinin, əmək haqqının ödənilməsi tələbi ilə əhatə olunmaqla təmin edilib-edilməməsini aydınlaşdırmadan, iş üzrə əmrin ləğv edilməsini əsas, digər tələbləri isə ona münasibətdə törəmə tələblər kimi qiymətləndirmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3327/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli qətnaməsi qismən - iddia tələbinin “son haqq-hesab pulunun cavabdehdən alınıb iddiaçıya ödənilməsi”nə münasibətdə təmin edilmədiyi hissədə ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Belə aydın olur ki, hazırki apelyasiya baxışının predmetini yalnız “son haqq-hesab pulunun cavabdehdən alınıb iddiaçıya ödənilməsi” tələbi təşkil edir. Lakin bu tələbə baxmaq üçün iddiaçının şikayəti olmalıdır ki, onun da belə bir şikayəti yoxdur. Belə olan halda isə müəyyən olunur ki, hazırkı apellyasiya icraatının predmeti mövcud deyildir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsində də təsbit olunmuşdur ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də kollegiya hesab edir ki, hazırkı apellyasiya baxışı qeyri-mümkün hesab edilməlidir. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-3863/2024 nömrəli qərarında göstərilənlərlə bağlı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini, Konstitusiya Məhkəməsinin məsələ ilə bağlı şərhini və Ali Məhkəmənin mübahisə edilən qərarla bağlı hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işin prosessual tərəfdən hallarına hüquqi qiymət verilərkən yuxarıdakı müzakirələrdən irəli gəlinən nəticədən qeyrisinə gəlmək mümkün olmur. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 363, 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi və son haqq-hesabın ödənilməsi tələbinə dair” mülki iş üzrə apellyasiya baxışı qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar