Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1489/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbi barəsində iddiasına dair mülki iş üzrə İş № 2(103)-1489/2023 Açar sözlər: (pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(011)-121/2022 saylı qətnaməsindən İddiaçı və Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Tərəflər arasında 31 may 2018-ci il tarixli müqavilə bağlanmış və cavabdeh ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin faktiki 89 kv.m. sahəsinə 25% əlavə etməklə, tam təmirli iki ədəd, hər biri 55,0 kv.m. mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə öz mülkiyyətində olan mənzili söküntü üçün cavabdehə təhvil verməyi öz öhdəsinə götürmüşdür. 2.Sonradan, 08 yanvar 2020-ci il tarixli müqavilə ilə xx.xx.2018-ci il tarixli müqaviləyə dəyişiklik edilmiş, cavabdeh ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilin (faktiki 44 kv.m) sahəsinə 25% əlavə etməklə tam təmirli iki ədəd, hər biri 55 kv.m. mənzilin əvəzinə, təmirsiz, hər biri 55,0 kv.m. mənzillərin iddiaçıya verməyi öhdəsinə götürmüşdür. 3.Cavabdeh tərəfindən hər biri 55,0 kv.m sahədən ibarət 2 mənzili (iddia ərizəsində göstərilən 28 və 29 saylı mənzilləri) təhvil verilməli olduğu halda, iddiaçıya sahəsi müqavilədə göstəriləndən az ölçüdə mənzillər təhvil verilmiş, iddiaçı da buna görə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hesabından onun xeyrinə əskik verilmiş sahə üçün 28800 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddiaçı tələbi onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 31.05 2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh ona məxsus olan ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan və mülkiyyət hüququ ilə ona məxsus mənzilin sökülməsini və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada onun söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 4 otaqlı mənzilin (faktiki 89 kv.m) sahəsinə 25% əlavə edilməklə tam təmirli iki ədəd 55.0 kv.m. mənzili onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Sökülən ərazidə onun əri Taryel Hüseynovun da adına ümumi sahəsi 44 kv.m.olan 1 otaqlı mənzil olmuşdur və ona da 25% əlavə olmaqla bir ədəd 55 kv.m. mənzilin tam təmirli ona verilməsini üzərinə götürmüşdür. Mənzillər bölüşdürülərkən onlara verilməli olan üç ədəd hər biri 55 kv.m. olan mənzilləri bir mərtəbədə və yanaşı olması mümkün olmadığı üçün onlara verilməli olan üç ədəd mənzilin təmirindən imtina etmiş və ona verilən iki mənzilə bitişik olan 65.8 kv.m. olan mənzilin həyat yoldaşı Taryel Hüseynova verilməsini xahiş etmişlər. Bununla əlaqədar olaraq həyat yoldaşı cavabdehlə xx.xx.2020-ci il tarixdə YMD 054 saylı əlavə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən yeni mənzil (65.8 kv.m.- 55kv.m.=10.8kv.m.x1200azn=12960azn) 10.8 kv.m.artıq sahə təşkil etmişdir. Onlar üç təmirli mənzilin təmir pulundan imtina etdikləri üçün 55.0 kv.m x 3 ədəd = 165 kv.m x 100 manat = 16500 manat təşkil etmişdir. Həmin məbləğdən yəni 16500 manat – 12960 manat =3540 manat cavabdeh tərəfindən qaytarılmışdır. Mənzil və mənzillərin açarlarının xx.xx.2021-ci il tarixdə təhvil təslim aktını imza edərək iddiaçı 5-ci mərtəbədə yerləşən 28, 29 və 30 saylı mənzillərin açarlarını qəbul etmişdir. Bundan sonra onlar təhvil götürdükləri mənzillərin sahəsini ölçmüş və məlum olmuşdur ki, 55 kv.m olan hər bir mənzil 43 kv.m-dir, 65.8 kv.m olan mənzil isə 53 kv.m-dir. Cavabdeh iddiaçıya 55 kv.m – 43 kv.m = 12 kv.m x 2= 24 kv.m sahə az veribdir. Yəni, hər mənzildən 12 kv.m sahə az vermişdir. Hər bir kv.m. sahəni ona 1200 manat satdığı üçün əskik verilən sahənin dəyəri 24 kv.m x 1200 manat = 28800 manat təşkil edir. Mənzillərin sahəsini artırmaq mümkün olmadığı üşün o əskik verilən sahənin dəyərini tələb edir. Onlar bu barədə cavabdehin sədri N.Ş.Quliyevə bildirdikdə o, bildirmişdir ki, bəli elə olmalıdır, çünki otaqlar çöldən çölə ölçülür. 6.Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 26 avqust 2022-ci il tarixli, 2(011)-121/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Pərviz Zamanlı) iddia qismən təmin edilərək, 20004 manat pul vəsaitinin və 20,70 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi, dövlət rüsmunun 9,30 manat hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və ekspertiza xərcinin 31 manat hissəsinin İddiaçı, 69 manat hissəsinin Cavabdeh MTK-dan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 7.Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəliklər yaranmışdır. Öhdəliyə əsasən bir tərəf digərinə müqavilədə nəzərdə tutulan ölçüdə sahəni tikərək təhvil verməyi, digər tərəf isə bunun müqabilində öz mülkiyyətində olan mənzili sökərək yerində hündür mərtəbəli yaşayış binasının tikintisi üçün qarşı tərəfə təhvil verməyi öz öhdəsinə götürmüşdür. İddiaçı öhdəliyini yerinə yetrimiş, mülkiyyətində olan mənzili cavabdehə təhvil vermişdir. Lakin cavabdeh mənzilləri təhvil versə də, mənzillərin müqavilədə göstərilən ölçüdə verilməsi ilə bağlı öhdəliyini tam icra etməmişdir. 8.Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasındakı yazılı razılaşma şərtlərinə əsasən cavabdeh tərəfindən hər biri 55.0 kv.m sahədən ibarət 2 mənzili (iddia ərizəsində göstərilən 28 və 29 saylı mənzilləri) təhvil verilməli olduğu halda, iddiaçıya sahəsi müqavilədə göstəriləndən az ölçüdə mənzillər təhvil verilmişdir. 9.Həmin halın aydınlaşdırılması məqsədilə məhkəmə tərəfindən tikinti-texniki ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli, 10/5093 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin tələbləri nəzərə alınmaqla, Bakı şəhəri, Nərimanov rayonu,C.Zeynalov küçəsi, 18 saylı evin, 28 saylı mənzilinin faktiki ümumi sahəsinin 41,50 kv.metr, azaltma əmsalı tətbiq edilmədən sahəsi 44,64 kv.m, 29 saylı mənzilinin faktiki ümumi sahəsi 48,55 kv.m, azaltma əmsalı tətbiq edilmədən 48,69 kv.m təşkil etdiyi müəyyən edilmişdir. 10.Məhkəmə hesab etmişdir ki, cavabdeh mənzilləri müqavilədə göstərilən ölçüdə deyil, daha az ölçüdə iddiaçıya təhvil verməklə öhdəliyini pozmuşdur. 11.Məhkəmə qeyd etmişdir ki, cavabdeh öhdəliyini pozmaqla mənzilləri iddiaçıya müqavilədə nəzərdə tutulan ölçüdə verməməklə, ona maddi zərər vurmuşdur. İddiaçıya dəymiş maddi zərər isə onun mülkiyətinə gözləntisi olan gələcək əmlakından məhrum olmasında ifadə olunur. Yəni, iddiaçı hər birinin ölçüsü 55 kv.m olan iki mənzil əldə edəcəyini gözlədiyi halda, ona daha az ölçüdə mənzil verilmiş, bununla da mənzillərin ölçülərinin azaldılması nisbətində iddiaçı əmlakından məhrum olmuşdur. Müqavilə ödəliklərinin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi əsaslarını müəyyən edən Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələrində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrində isə qeyd edilir ki zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 12.Mənzillərin az ölçüdə təhvil verilməsinə görə dəymiş zərərin müəyyən edilməsi və ödənilməsi hissəsinə münasibətdə isə, məhkəmə hesab etmişdir ki, ekspert rəyində göstərilən qaydada, yəni mənzillərin sahəsinə azalma əmsalları tətbiq edilmədən müəyyən edilmiş ölçülərlə müqavilədə göstərilən ölçülər arasında yaranmış fərqin ödənilməsi formasında həyata keçirilməlidir. Rəyə əsasən azalma əmsalı tətbiq edilmədən 28 saylı mənzilin faktiki sahəsi 44,64 kv.m, 29 saylı mənzilin faktiki sahəsi isə 48,69 kv.metr təşkil edir. 13.Məhkəmə heseb etmişdir ki, iddiaçıya dəymiş zərər hesablanarkən mənzilin sahəsinin hər kv.metrinin qiyməti 1.200 manat nəzərə alınmaqla hesablanmalıdır. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə mənzillərin qiyməti göstərilməsə də, xx.xx.2020-ci il tarixdə cavabdehlə Nümayəndə (iddiaçının əri) arasında bağlanmış YMD 054 nömrəli müqavilədə mənzilin dəyəri hər kv.metr üçün 1.200 manat müəyyən edilmişdir. Odur ki, 28 saylı mənzilə görə əksik verilmiş 10,36 kv.metr (55,0 m2 – 44,64 kv.m = 10,36 kv.m) sahə üzrə, 29 saylı mənzilə görə əksik verilmiş 6,31 kv.m (55.0 kv.m – 48,69 kv.m = 6,31 kv.m) sahə üzrə hər kv.metr üçün 1.200 manat hesablamaqla (6,31 kv.m + 10,36 kv.m =16,67 kv.m x1200 = 20004 manat) cəmi 20004 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. 14.Məhkəmə xərcləri ilə bağlı hissədə məhkəmə hesab etmişdir ki, ödənilmiş dövlət rüsumu və ekspertiza xərci iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 69%-i nisbətində təmn edilmişdir) tərəflərə aid edilməlidir. 15.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 443.2, 21.1 və 21.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 16.Qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, 01 mart 2022-ci il tarixli ekspert rəyi ilə razı olmadıqlarından təkrar ekspertizanın keçirılməsi üçün vəsatət verilmişdir. Həmin vəsatətə baxılmamışdır və qətnamə çıxarılmışdır. Cavabdeh MTK tərəfindən əvəzləşdirilmə müqaviləsinə əsasən öz öhdəsinə götürdüyü 3 ədəd mənzil təhvil verilmişdir. Belə ki, müqavilədə də qeyd edilib, iddiaçının söküntüsu nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı mənzilin faktiki sahəsi 89 kv.m olan sahəsinə əlavə 25% faiz əlavə etməklə tam təmirli iki ədəd 55 kv.m mənzili iddiaçının mülkiyyətinə veriləcəyi əvəzinə tərəflərin birgə gəldikləri razılaşmaya əsasən iki ədəd hər biri 55 kv.m sahəli mənzillərin iddiaçıya verilməsi öhdəsinə götürmüşdür və əməl etmişdir. Belə olan halda cavabdeh şirkət müqavilə əsasında üzərinə düşən öhdəlikləri icra etmiş və mənziləri iddiaçıya təhvil vermişdir. Lakin, 01 mart 2022-ci il tarixli məhkəmə tikinti texniki-ekspertizanının rəyinə əsasən Baki şəhəri, Nərimanov rayonu,C.Zeynalovküçəsi ev18 ünvanında yerləşən 28 saylı mənzilin faktiki 44,64 kv.m, 29 saylı mənzilin faktiki sahəsi 48,55 kv.m təşkil etmişdir. Qeyd edir ki, məhkəmə ekspertın qarşısına mənzilin faktiki ümumi sahəsi ilə bağlı sual qoymuşdur, ekspert isə qanunla müəyyən edilmiş əmsalları etməklə mənzilin ümumi sahəsini çıxarıb. Lakin obyektiv hərtəfəli araşdırma aparılmadan məhkəmə qətnamə çıxarmışdır. Bundan başqa məhkəmə tərəfindən araşdırılmalı olan mühüm hallar araşdırılmamışdır. Birinci ekspert rəyində qeyd olunan 6 ədəd tikilinin mübahisəli mənzillə əlaqəsi qeyd edilməyib və bu tikillilər hansı otaqlarda, mətbəxi, sanuzel və digər hissələri bildiriməsi qeyd edilməmişdir. İkincisi məhkəmə ekspert qarşısına mənzilin faktiki ümumi sahəsi ilə sual qoymuş, ekspert isə qanunla müəyyən edilmiş əmsalları tətbiq etməklə mənzilin ümumi sahəsini olçülərini çıxarıb. Faktiki ümumi sahəsi adı altında müəyyən etdiyi sahələri, 28 saylı mənzilin faktiki 44,64 kv.m, 29 saylı mənzilin faktiki sahəsi 48,55 kv.m sahəsi və mənzilin faktiki ümumi sahəsi yox, sadecə qanunla müəyyən edilmiş əmsallar nəzərə alınmaqla ümumi sahəni əhatə etmişdir. Üçüncüsu isə hətta eskpert düzgün evə gedib və ölçü işlərini aparsaydı, o zaman mənzilin faktiki ümumi sahəsi heç də ekspert rəyində qeyd edildiyi kimi 28 saylı mənzilin faktiki 44,64 kv.m, 29 saylı mənzilin faktiki sahəsi 48,55 kv.m yox elə hər bir mənzilin 55,0 kv.m hətta daha da çox təşkil edir. Belə olan halda, 01 mart 2022-ci il tarixli eskpert rəyi müqavilə şərtlərinə əsasən aparılmamışdır. Məhkəmə bu hissədə işin hallarını tam, obeyktiv və hərtərəfli araşdırmamışdır. 18.Qətnamədəm həmçinin, İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsini, iddianın tam təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 23940 manat və məhkəmə xərci olan 100 manatın tutulması və iş üzrə olan ekspertiza xərcinin cavabdehə aid hesab edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı qismən təmin edərkən mənzillərin ümumi sahəsini bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmadan hesab edilməsini nəzərə alsa da, azaltma əmsallarını nəzərə almamışdır. Belə ki, ekspert rəylərindən göründüyü kimi 28 saylı mənzilin faktikii ümumi sahəsi 41,50 kv.m. azaltma əmsalı tətbiq edilmədən sahəsi 44,64 kv.m müəyyən edilmişdir. Müqavilədə isə iddiaçıya verilən 28 saylı mənzil 55kv.m olmalıdır. Məhkəmə isə 28 saylı mənzil üzrə əskik verilən sahəni hesablayarkən 55- 44,64=10,36 kimi götürmüşdür.Əslində isə azaltma əmsalı tətbiq edilməklə hesablanmalıdır.Yəni 55-41,50=13,50 kimi götürülməlidir. 29 saylı mənzilin faktiki ümumi sahəsi isə 55-48,69=6,31 kimi götürmüşdür.Əslində isə azaltma əmsalı tətbiq edilməklə hesablanmalıdır.Yəni 55-48,55=6,45 kimi götürülməlidir. Belə olan halda əskik verilən sahə 13,50+6,45=19,95 kimi götürülməlidir. Həmin ekspert rəyinə əsasən iddiaçıya verilən mənzillərin faktiki ümumi sahəsi 41,50+48,55=90,05 kv.m təşkil edir. 110-90,05=19,95 kv.m sahə əksik təşkil edir. Azaltma əmsalları tətbiq edilmədən isə 44,64+48,69=93,33kv.m təşkil edir. 110-93,33=16,67kv.m təşkil edir. Məhkəmə faktiki ümumi sahəni 19,95 kv.m deyil, azaltma əmsalı tətbiq etmədən olan 16,67 kv.m sahəni təmin etmişdir. Bu da, qanunun tələbinə ziddir. Məhkəmə əskik verilən sahəni 19,95 kv.m x 1200 AZN= 23940 AZN kimi hesablamalı idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 21.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə öz apellyasiya şikayətlərini müdafiə etdi, cavabdeh tərəfin apellyasiya şikakyətini qəbul etməyərək, iddia tələbi və öz apellyasiya şikayətlərində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. 22.İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 23.Maddələr 21.1, 21.2.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 24.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 25.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 26.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 27.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 28.Maddə 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 29.Maddə 443.2.Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 30.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 31.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Maddə 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 33.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 34.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 36.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 37.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab eidr ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 38.Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasındakı yazılı müqavilə şərtlərinə əsasən cavabdeh tərəfindən hər biri 55,0 kv.m sahədən ibarət 2 mənzili (iddia ərizəsində göstərilən 28 və 29 saylı mənzilləri) təhvil verilməli olduğu halda, iddiaçıya sahəsi müqavilədə göstəriləndən az ölçüdə mənzillər təhvil verilmişdir. Həmin halın aydınlaşdırılması məqsədilə məhkəmə tərəfindən tikinti-texniki ekspertiza təyin edilərək, rəy alınmışdır. 39.Alınmış ekspert rəyi əsasında müəyyən edilmişdir ki, cavabdeh mənzilləri müqavilədə göstərilən ölçüdə deyil, daha az ölçüdə iddiaçıya təhvil verməklə öhdəliyini lazımınca icra etməmişdir. 40.Kollegiya hesab edir ki, məhkəmə tərəfindən düzgün qeyd edilmişdir ki, cavabdeh öhdəliyini pozmaqla mənzilləri iddiaçıya müqavilədə nəzərdə tutulan ölçüdə verməməklə, ona maddi zərər vurmuşdur. İddiaçıya dəymiş maddi zərər isə onun mülkiyətinə gözləntisi olan gələcək əmlakından məhrum olmasında ifadə olunur. Yəni, iddiaçı hər birinin ölçüsü 55 kv.m olan iki mənzil əldə edəcəyini gözlədiyi halda, ona daha az ölçüdə mənzil verilmiş, bununla da mənzillərin ölçülərinin azaldılması nisbətində iddiaçı əmlakından məhrum olmuşdur. 41.Mənzillərin az ölçüdə təhvil verilməsinə görə dəymiş zərərin müəyyən edilməsi və ödənilməsi hissəsinə münasibətdə kollegiya hesab edir ki, apellyatorun məhkəmənin azaltma əmsallarının nəzərə almaması ilə bağlı dəlili əsassız olmaqla, məhkəmə tərəfindən düzgün olaraq ekspert rəyində göstərilən qaydada, yəni mənzillərin sahəsinə azalma əmsalları tətbiq edilmədən müəyyən edilmiş ölçülərlə müqavilədə göstərilən ölçülər arasında yaranmış fərqin ödənilməsi formasında həyata keçirilməlidir. Rəyə əsasən azalma əmsalı tətbiq edilmədən 28 saylı mənzilin faktiki sahəsi 44,64 kv.m, 29 saylı mənzilin faktiki sahəsi isə 48,69 kv.metr təşkil edir. 42.Məhkəmə kollegiyası məhkəmənin iddiaçıya dəymiş zərər hesablanarkən mənzilin sahəsinin hər kv.metrinin qiyməti 1.200 manat nəzərə alınmaqla hesablanmalı olması barədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə mənzillərin qiyməti göstərilməsə də, xx.xx.2020-ci il tarixdə cavabdehlə Nümayəndə (iddiaçının əri) arasında bağlanmış YMD 054 nömrəli müqavilədə mənzilin dəyəri hər kv.metr üçün 1.200 manat müəyyən edilmişdir. 43.Buna görə də kollegiya hesab edir ki, 28 saylı mənzilə görə əksik verilmiş 10,36 kv.metr (55,0 kv.m – 44,64 kv.m=10,36 kv.m) sahə üzrə, 29 saylı mənzilə görə əksik verilmiş 6,31 kv.m (55,0 kv.m – 48,69 kv.m = 6.31 kv.m ) sahə üzrə hər kv.metr üçün 1.200 manat hesablamaqla (6.31 kv.m + 10,36 kv.m=16,67kv.m x 1200 = 20004 manat) cəmi 20004 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə cavabdehdən tutulmalı olması barədə məhkəmənin mövqeyi qanuni və əsaslı olmuşdur. 44.Kollegiya cavabdeh apellyatorun əvəzləşdirilmə müqaviləsinə əsasən iki ədəd hər biri 55 kv.m sahəli mənzillərin iddiaçıya verilməsi öhdəliyinə görə hazırkı iddianın əsassız olması ilə bağlı dəllini əsassız hesab edərək qeyd edir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh öz öhdəliyini tam orlaraq yerinə yetirməmiş, iddiaçıya sahəsi 55 kv.m-dən az sahəsi olan mənzillər vermişdr. 45.Kollegiya apellyatorun birinci instansiya məhkəməsində yenidən eksertiza keçirilməsini tələb etməsi və hazırda da ekspertiza keçirilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, mülki iş materiallarından görünür ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində ekspert rəyini mübahisələndirməmiş, bu hal iş materialları ilə öz təsdiqini tapmır. Digər tərəfdən cavabdeh tərəf həmin ekspert rəyini şübhə altına ala biləcək mötəbər sübutlar təqdim etməmişdir. 46.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 47.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 48.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 49.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 50.Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 51.Kollegiya hesab edir ki, məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən düzgün olaraq təmin edilmiş tələbə mütənasib olaraq işdə iştirak edən şəxslər arasında bölüşdürülmüşdür. 52.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 53.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı və Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(011)-121/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-1489/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1489/2023
08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver