Məhkəmə qərarları › İş №2(103)-149/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-149/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-149/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X4, Cavabdeh və onun nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maneələrin aradan qaldırılması və inşa edilmiş tikilinin qanunsuz hesab edilməklə sökülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(008)-644/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar İdarəsi tərəfindən xx xxx 1999-cu il tarixli 22450 nömrəli müqavilə ilə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 6525 nömrəli 0,12 hektar (12 sot) bağ sahəsindən istifadəyə maneələrin yaradılmasının Cavabdeh qadağan edilməsi, həmin bağ sahəsindən istifadəyə qarşı yönəldilmiş maneələrin aradan qaldırılması vəzifəsinin cavabheh Cavabdeh üzərinə qoyulması, Cavabdeh tərəfindən tikilmiş daş hasarının bağ sahəsinin sərhədləri ilə bitişən hissəsinin sökülməsi və həmin hissənin sökülməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar İdarəsi tərəfindən xx xxx 1999-cu il tarixdə 22450 nömrəli müqavilə ilə ona Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 6525 nömrəli 0,12 hektar (12 sot) bağ sahəsi verilmişdir. O, həmin vaxtı torpaq sahəsində ilkin hasara alma işlərini (dəmir boru, məftil və s.) həyata keçirmiş, lakin sonradan torpaq sahəsinə gedə bilməmişdir. Cavabdeh isə onun da torpaq sahəsi daxil olmaqla ümumilikdə 0,50 ha torpaq sahəsini zəbt etmiş, 5-6 mişar daşı hündürlükdə hasara almış, onu torpaq sahəsinə buraxmamışdır. O, xx xxxxxx 2017-ci il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nə ərizə ilə müraciət etmiş, cavabdeh izahatında torpaq sahəsinin ona babasından qalmasını bildirmiş, lakin heç bir sənəd təqdim etməmişdir. Sabunçu RPİ-nin 15-ci PB-nin xx xxxx 2017-ci il tarixli məktubu ilə məsələnin mülk xarakterli olması, məhkəməyə müraciət etməli olması tövsiyyə olunmuşdur. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Artıq uzun müddətdir ki, qanuni əsaslarla ona məxsus olan torpaq sahəsindən məhrum olmuş, bununla da hüquqları pozulmuşdur. O, birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, döyüşlərdə iştirak etmişdir, müharibə veteranıdır, evi və işi yoxdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(008)- 644/2018 saylı qətnaməsi ilə (hakim Anar Rzayev) iddia qismən təmin edilərək, xx xxx 1999cu il tarixli 22450 nömrəli müqavilə ilə İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 6525 nömrəli 0,12 hektar (12 sot) bağ sahəsindən istifadəyə maneələrin yaradılması Cavabdeh qadağan edilməklə, həmin bağ sahəsindən istifadəyə qarşı yaradılmış maneələrin aradan qaldırılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması qət edilmiş, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-3188/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2019cu il tarixli, 2(102)-5397/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Apellyasiya baxışı zamanı X7 Komitəsi üçüncü şəxs qismində icraata cəlb olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, mübahisəli torpaq sahəsinə dair onunla Kürdəxanı bələdiyyəsi arasında xx xxxx 2005-ci il tarixli, 183 saylı icarə müqaviləsinin bağlanması, torpaq sahəsinin 10 il müddəsində onun icarəsinə verilməsi, iddiaçının isə 19 il ərzində torpaq sahəsinə sahiblik etməməsi, bu halın məhkəmə tərəfindən nəzərə alınmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və əvəllər verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və əvəllər verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunmuş hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, mübahisə predmeti olan torpaq sahəsinə (Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən sahəsi 0,12 ha olan, 6525 nömrəli bağ sahəsi) dair iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyətinin Bağlar İdarəsi arasında xx xxx 1999-cu il tarixli, 22450 nömrəli müqavilənin bağlanması işin mübahisə olunmayan hallarıdır. Həmçinin, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx xxxxxx 2017-ci il tarixli və xx xxxx 2017-ci il tarixli məktublarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan, 6525 nömrəli bağ sahəsinə dair iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Çünki, İdarənin mütəxəssisləri tərəfindən ölçü işlərinin görülməsinə şərait yaradılmamışdır. Mütəxəssis tərəfindən bağ sahəsinə texniki baxış keçirilmiş və müəyyən olunmuşdur ki, bir neçə bağ sahəsi ümumi hasar daxilində yerləşir. İşdə olan Sabunçu RPİ-nin 15-ci PB-nin araşdırma materiallarından (şikayət ərizəsi, arayış, izahat, məktub və s.) görünür ki, iddiaçının şikayət ərizəsi ilə əlaqədar araşdırma aparılmış, cavabdeh izahatında iddia edilən torpaq sahəsinin ona babasından qalmasını bildirmiş, nəticədə iddiaçıya aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı alınmış mütəxəssis rəyindən (X7 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininxx xxxxxx 2018-ci il tarixli mütəxəssis rəyi) görünür ki, tərəflərin iştirakı ilə yerində baxış keçirilmiş, torpaq sahəsinin koordinatları müəyyən edilməklə faktiki sahələri ölçülmüşdür. Ölçmə işlərinin nəticəsi kameral şəraitdə «xxxx» MMC-nin arxiv və elektron bazasında araşdırılmış, ərazinin sxemi tərtib edilmişdir. Ölçülmüş ərazi 0,3794 ha olmaqla mişar daşı ilə hasarlanıb, dəmir darvaza qoyulmuşdur. İçəridə iki bitişik tikili, daş hovuz və su quyusu mövcuddur, həyətdə üzüm tingləri əkilmişdir. Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən sözügedən 6525 saylı bağın ərazisi qeyd olunan koordinatlar daxilində cənub hissədə yerləşməklə, perimetrik ölçüləri 25x48 (1200 m2) şəklində müəyyən olunur. Mövcud tikililər isə iddia olunan 1200 m2 sahədən kənarda yerləşir. Beləliklə, mətəxəssis rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur: 1) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan, 6525 nömrəli bağ sahəsi Cavabdeh tərəfindən mişar daşı ilə hasarlanıb dəmir darvaza qoyulmuş sahəsi 0,3794 ha olan ərazinin sərhədləri daxilində yerləşir və sərhəddi müəyyən edən ortaq divar yoxdur. Həyətdə olan cavabdehə məxsus tikililər (24 m2, 7 m2, 5 m2, 2 m2) İddiaçı iddia etdiyi 0,12 ha torpaq sahəsinə düşmür. 2) Həyətdə olan cavabdehə məxsus 24 m2 bağ evi və ona bitişik 7 m2 tikili, 5 m2 su hovuzu, 2 m2 hissəsi betonlanmış su quyusu İddiaçı iddia etdiyi 0,12 ha torpaq sahəsinə düşmür. 3) Mövcud olan özbaşına tikililər iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan, 6525 nömrəli bağ sahəsindən istifadəyə məhdudiyyət yaratmır. 4) Hazırda mübahisə predmeti olan torpaq sahəsi Dövlət mülkiyyətindədir. Göründüyü kimi, işdə olan sübutlarla, həmçinin mütəxəssis rəyi ilə iddiaçının irəli sürdüyü tələb hüququnun mövcudluğu müəyyən olunur. Çünki, iddiaçıya məxsus 0,12 ha torpaq sahəsi hazırki vaxtda cavabdeh tərəfindən mişar daşı ilə hasarlanıb dəmir darvaza qoyulmuş sahəsi 0,3794 ha olan ərazinin sərhədləri daxilində yerləşir. Cavabdeh isə etirazının əsası mübahisəli torpaq sahəsinin ata-babalarına məxsus olmasını, onlardan ona keçməsini, həmçinin həmin torpaq sahəsinin ona Kürdəxanı bələdiyyəsi tərəfindən aralarındabağlanmış xx xxxx 2005-ci il tarixli, 183 saylı icarə müqaviləsi əsasında verilməsini göstərmişdir. Birinci instansiya məhkəməsi (həmçinin, əvvəlki apellyasiya instansiyası) cavabdehin etirazlarını əsasız sayaraq, sübutetmə yükünü həyata keçirə bilməməsini, həmçinin mübahisəli torpaq sahəsinin Dövlət mülkiyyətində olması səbəbindən onun Kürdəxanı bələdiyyəsi tərəfindən cavabdehə icarəyə verilə bilməməsinə və s. istinad etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası apellyasiya instansiyasının əvvəlki qətnaməsini ləğv edərkən xx xxxxxxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, cavabdehin təqdim etdiyi sənədlərə əsasən, 2005-ci ildə Kürdəxanı bələdiyyəsi ilə 0,12 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmış və cavabdeh həmin sahəyə görə vergilər ödəmişdir. Cavabdeh bu sahənin məhz iddiaçının mübahisələndirdiyi torpaq sahəsi olduğunu göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxılarkən həmin torpaq sahəsi ilə iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin eyni torpaq sahəsi olub-olmadığı da müəyyən edilməlidir. Göründüyü kimi, kassasiya instansiyasının göstərişlərindən biri də, cavabdehin 2005-ci ildə Kürdəxanı bələdiyyəsi ilə icarə müqaviləsi bağlaması, həmin sahəyə görə vergilər ödəməsi, cavabdehin bu sahənin məhz iddiaçının mübahisələndirdiyi torpaq sahəsi olmasını göstərməsi, bu səbəbdən də həmin torpaq sahəsi ilə iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin eyni torpaq sahəsi olub-olmamasının müəyyən edilməli olması istiqamətində olmuşdur. Bu səbəbdən də, apellyasiya icraatı zamanı iş üzrə əlavə tikinti-texniki ekspertizasının təyin edilmişdir. Məhkəməyə daxil olmuş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 10/2037 nömrəli ekspertiza rəyindən və X7 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininxx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən ərazi Dövlət mülkiyyətindədir və Kürdəxanı bələdiyyəsinin mülkiyyətinə verilməmişdir. İddiaçı iddia etdiyi mübahisəli torpaq sahəsinin (Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan, 6525 nömrəli bağ sahəsi) sərhədləri (bağ arxiv materiallarına əsasən naturada iddiaçıya tanıdılmışdır) perimetrik ölçüləri 25x48 (1200 m2) şəklində müəyyən edilmişdir (sxem əlavə edilib). Kürdəxanı bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli, 183 nömrəli icarə müqaviləsinə əsasən cavabdehin icarəsinə verilmiş 0,12 ha torpaq sahəsinin haradan ayrılmasını əks etdirən (mövcud qaydalara uyğun hazırlanmış) plan-ölçü, ayrıc aktı, hər hansı istinad nöqtəsindən məsafəsi göstərilməklə hazırlanmış sxemi olmadığından xx xxxx 2005-ci il tarixli, 183 nömrəli icarə müqaviləsinə əsasən ayrılmış torpaq sahəsinin sərhədlərini yerində (həmçinin, torpaq sahələrinin üst-üstə düşməsini, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin xx xxxx 2005-ci il tarixli, 183 nömrəli icarə müqaviləsinə əsasən ayrılmış torpaq sahəsinin sərhədləri daxilində yerləşməsini) müəyyən etmək mümkün olmamışdır Göründüyü kimi, kassasiya instansiyasının qeyd edilən göstərişi araşdırıldıqdan sonra da, cavabdehin istinad etdiyi Kürdəxanı bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli, 183 nömrəli icarə müqaviləsi iddianın əsaslılığını aradan qaldırmır. Bununla yanaşı, kassasiya instansiyası qərarında göstərmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsindən istifadə hüququnun yaranma əsası kimi Bakı şəhər İcra Hakimiyyətinin Bağlar İdarəsi ilə bağladığı xx xxx 1999-cu il tarixli 22450 saylı müqaviləyə istinad etmişdir. Həmin müqavilənin müddəti 10 il müəyyən edilməklə xx xxx 2009-cu ildə bitmişdir. Müqavilənin müddətinin uzadılmasına dair iş materiallarında hər hansı sübut yoxdur. İddiaçı istər müqavilə müddəti ərzində, istərsə də müqavilə müddəti bitdikdən sonra həmin bağ sahəsindən istifadə etməmişdir. Bu hal iddiaçının özünün izahatı ilə də təsdiq olunur. Yuxarıda qeyd olunduğu kimi, Bağlar İdarəsi ilə müqavilə xx xxx 1999-cu il tarixdə bağlansa da, iddiaçı bundan 18 il sonra pozulmuş hüququnun bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Onun 18 il ərzində məhkəməyə müraciət etməməsinin səbəbi işdən aydın deyildir. İşə apellyasiya qaydasında yenidən baxılarkən iddiaçının hazırkı iş üzrə tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olubolmadığı aydınlaşdırılmalı və həmin hala, eləcə də iddiaçının torpaqdan istifadə etməməsinin və istinad etdiyi icarə müqaviləsinin müddətinin bitməsinin torpaq üzərində istifadə və ya icarə hüququnun xitamına səbəb olub-olmamasına torpaq qanunvericiliyinin normaları tətbiq olunmaqla qiymət verilməlidir. Məhkəmə kollegiyası kassasiya instansiyasının qeyd edilən göstərişlərini də araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İddiaçının tələb hüququ Bakı şəhər İcra Hakimiyyətinin Bağlar İdarəsi ilə bağladığı xx xxx 1999-cu il tarixli, 22450 saylı müqavilədən irəli gəlir. Həmin müqavilə iddiaçıya mübahisəli torpaq sahəsi üzərində əmlak hüquqlarının yaranmasına əsas olmaqla, özlüyündə bağ sahəsinə qanuni sahiblik və ondan istifadəni ehtiva etmişdir. Eyni zamanda, işdə həmin müqavilənin etibarsızlığı ilə bağlı da hər hansı sübut mövcud deyildir. Həmçinin qeyd edilməlidir ki, vətəndaşların bağ sahələrinə dair əvvəllər səlahiyyətli orqanla bağladıqdarı analoji müqavilələr sonradan əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olmuşdur. Bu səbəbdən də iddiaçı bağ sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncunun iddiaçıya ünvanladığı xx xxxxxx 2017-ci il tarixli və xx xxxx 2017-ci il tarixli məktublarından görünür ki, 6525 nömrəli bağ sahəsinə dair iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Çünki, İdarənin mütəxəssisləri tərəfindən ölçü işlərinin görülməsinə şərait yaradılmamışdır. Mütəxəssis tərəfindən bağ sahəsinə texniki baxış keçirilmiş və müəyyən olunmuşdur ki, bir neçə bağ sahəsi ümumi hasar daxilində yerləşir. Sözügedən müqavilənin müddətinin bitməsi halı isə özü-özlüyündə tərəflər arasında icarə münasibətlərinin bitməsi (müqavilənin xitam olunması və s.) anlamına gələ bilməz. Çünki, həmin dövrdə qüvvədə də olmuş «İcarə haqqında» Qanunun 13-cü maddəsinin 1-ci bəndinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Həmin Qanunun 13-cü maddəsinin 5-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. Göründüyü kimi, müqavilənin müddətinin qurtarması özü-özlüyündə müqaviləni aradan qaldırmır. Çünki, müddət qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. İşdə isə, bunun əksini təsdiq edən hər hansı sübut mövcud deyildir. Eyni zamanda, cavabdeh də bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçının mübahisəli torpaq sahəsindən uzun müddət istifadə etməməsi faktı da vəziyyəti dəyişdirmir. Yəni, iddiaçının hətta torpaq sahəsindən müəyyən müddət ərzində istifadə edə bilməməsi faktı onun torpaq sahəsi üzərində olan əmlak hüquqlarının xitamı səbəb ola bilməzdi. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 15-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Eyni zamanda, «İcarə haqqında» Qanunun 15-ci maddəsinin 1-ci bəndinə əsasən icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblik dən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. Mülkiyyətin müdafiəsi isə konstitusion prinsipdir (Konstitusiyanın 13-cü mad.) «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Göründüyü kimi, kassasiya instansiyasının göstərişləri araşdırıldıqdan sonra da iddianın yoxlanılan hissədə əsaslı olması müəyyən edilir. İddiaçı hazırki iddianı qaldırmaqda kifayət qədər subyektiv hüquqlara malikdir. Bu hüquq ona mübahisəli bağ sahəsinə dair bağlanmış icarə müqaviləsindən və qanunvericiliyin bu istiqamətdə dispozitiv şərtlərindən və s. irəli gəlir. Beləliklə, işin müəyyən olunmuş faktiki hallarından, işdə olan sübutlardan və qanunvericiliyin tələblərindən aydın olur ki, cavabdehin hazırki vəziyyətdə iddiaçıya məxsus torpaq sahəsini (0,12 ha) zəbt etməsi və iddiaçıya həmin torpaq sahəsindən istifadəyə etdiyi maneələr hər hansı qanuni-hüquqi əsasa söykənməməklə, sonuncunun daşınmaz əmlak üzərində əmlak hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 100 manat məbləğində ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «maneələrin aradan qaldırılması və inşa edilmiş tikilinin qanunsuz hesab edilməklə sökülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(008)-644/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(008)- 644/2018 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci Cavabdeh aid edilsin. Cavabdehdən aparılmış ekspertizanın dəyəri olan 100 (bir yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar