Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1490/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili Vəkil1, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Sabır qızı Cavabdeh-nin Azərbaycan Respublıkasındakı nümayəndəliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-2828/2020 saylı qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sabır qızı Cavabdeh-nin Azərbaycan Respublıkasındakı nümayəndəlıyınə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin təşəbbüsü ilə onunla əmək müqaviləsinə xitam verilməsinə dair xx xxxxx 2020-ci il tarixli, 03x-20 saylı əmrin ləğv edilməsi və onun tutduğu vəzifəyə bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-2828/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin fəaliyyətində hər hansı bir problem və ya çətinlik yoxdur. Şirkət daha da inkişaf edərək fəaliyyətini genişləndirir. Həmin şirkətin fəaliyyətinin yaxşılaşmağında qüsursuz işçi olaraq onun da zəhmət və əməyi vardır. Belə bır halda ştat ixtisarını qərəz sayır. Həmin şirkətdən aldığı əmək haqqı yeganə qazanc mənbəyi idi. Bundan əlavə, xəstə anası da onun himayəsindədir və anasının müalicə məqsədilə daim istifadə eldiyi qrateziano dərmanının bir qutusunun qiyməti 400 manatdır. İşdən çıxarılması indiki şəraitdə həm ona, həm də ansasının vəziyyətinə mənfi təsir edəcəkdir. Cavabdeh bu hallara qiymət vermədən onun ştatını ixtisar edərək xx xxxxx 2020-ci il tarixli, 03x-20 saylı əmrlə onu işdən azad etmişdir. Bundan əlavə, onun ştatı müəssisənin fasiləsiz fəaliyyət göstərməsi üçün zəruri olan bir ştatdır. Müəssisə isə fəaliyyət göstərir. Belə bir halda ştatın ləğvi əsassızdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslər işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər hesab edilirlər. Ştat vahidinin funksiyalarına görə o belə bir işçi hesab olunur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin rədd edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, apellyatorun şikayəti qətnamənin ləğvinə və iddianın təmin olunmasına yönəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası işin araşdırılması zamanı müəyyən etmişdir ki, İddiaçı Sabır qızı xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh-nin Azərbaycan Respublıkasindakı nümayəndəliyinə işə qəbul olmuşdur. xx xxxxx 2019-cu il tarixdə Cavabdeh-nin Azərbaycan Respublıkasindakı nümayəndəliyində “Qrup rəhbəri” vəzifəsinə keçirilmiş və xx xxxxx 2020-ci il tarixdən 03x-20 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (ştat sayının ixtisarı) əsasən tutduğu vəzifədən azad edilmişdir. Cavabdehnin kadrlar şöbəsinin rəhbəri Hakan Onel tərəfindən imzalanmış xx xxxxxx 2020-ci il tarixli 1/AZ saylı əmrinə əsasən şirkətin biznesinin ümumilikdə regionda və xüsusilə Azərbaycan Respublikasında maliyyə göstəriciləri, şirkətin biznesinə mənfi təsir göstərən qiymətqoyma qaydaları və Azərbaycan Respublikasında farmasevtika sənayesində qeyri-müəyyənliklə əlaqədar olaraq nümayəndəliyin rəhbərinə bu əmrin tələblərini yerinə yetirmək üçün mümkün olan bütün tədbirləri görməsi, o cümlədən sadalanlarla məhdudlaşmadan işçilərin sayını ixtisar edilməsi yolu ilə azaldılması və işçilərin ixtisar edilmiş əməkdaşların vəzifə öhdəliklərini yerinə yetirməsi üçün qalan vəzifələr üçün vəzifə öhdəliklərini tənzimləməsi həvalə olunmuşdur. Cavabdeh-nin Azərbaycan Respublikasindakı nümayəndəliyinin ölkə üzrə meneceri Nümayəndə tərəfindən imzalanmış ştatın ləğvinə dair xx xxxxxx 2020-ci il tarixli 07-20 k saylı əmrindən görünür ki, Cavabdeh-nin xx xxxxxx 2020-ci il tarixli 1/AZ saylı əmrini rəhbər tutaraq - yeni ştat cədvəlinin tərtib edilməsi və xx xxxx 2020-ci il tarixdən qüvvəyə minməsi, yeni ştat cədvəlinə əsasən “Qrup rəhbəri” ştatının ləğv edilməsi, qeyd edilən ştatda çalışan İddiaçı Sabır qızına xx xxxx 2020-ci il tarixdə qanunvericiliyə müvafiq qaydada rəsmi xəbərdarlıq edilməsi əmr edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin məcəllənin 11-ci maddəsinin ə) bəndinə əsasən əmək münasibətləri sahəsində işə götürənin digərləri ilə yanaşı bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ vardır. Həmin məcəllənin 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Həmin məcəllənin 70-ci maddəsinin b) bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: -bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; -bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; -beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; -on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, müəssisə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən edir. Cavabdeh şirkətin Türkiyə Respublikasında olan rəhbərliyi məhz göstərilənləri əsas götürərək, mübahisəli vəzifənin ixtisar edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli əmri qəbul etmişdir. Göründüyü kimi, İddiaçı Sabır qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, əmək müqaviləsinə xitam verilməsi barədə məlumat verilmişdir. Beləliklə :yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbləri tam yerinə yetirilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin məcəllənin 78.2-ci maddəsinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: -şəhid ailəsinin üzvlərinə; -müharibə iştirakçılarına; -əsgər və zabitlərin arvadına (ərinə); -öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; -həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; -xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; -kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə Bundan başqa həmin məcəllənin 79.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən: -hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; -yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; -əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; -işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; -həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; -öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin; -məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin məcəllənin 79.3-cü maddəsinə əsasən, müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78 və 79-cu maddələrində nəzərdə tutulmuş kateqoriya şəxslərə aid edilmir və həmin şəxslərə aid edilməsi iş materialları ilə sübut edilmir. Həmçinin iddiaçının əmək müqaviləsində ştat vahidlərinin ixtisarı zamanı iddiaçının işdə saxlanılmasında üstünlüyə malik olması müəyyən olunmamışdır. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edən zaman düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətnin dəlilləri ilə bağlı qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini tələb etsə də, qətnamənin ləğv edilməsinə əsas olan sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri onun subyektiv fikrinə əsaslanır və formal xarakter daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Sabır qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-2828/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1490/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1490/2021
02.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver