Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1490/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və əmlak üzərində payın müəyyən edilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 noyabr 2023-cü il tarixli qətnamədən iş üzrə tərəflərin ayrıayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə və Cavabdeh vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ona məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 89-da yerləşən 117 saylı mənzildən cavabdehin çıxarılması və mənzilin boşaldılaraq ona (iddiaçıya) təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2010-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Nikahdan onların 1 övladları var: xx.xx.2011-ci il təvəllüdlü Gülay. İddiaçı, nikahdan əvvəl, yəni xx.xx.2008-ci il tarixdə "xxxx" MTK ilə “Alğı-satqı müqaviləsi” bağlayaraq, Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, bina № 17-də yerləşən 52 saylı mənzili almış və müqavilə bağlanan tarixdə MTKya 30.975 manat ödəmişdir. Mənzil təmirsiz olduğundan, mənzildə təmir işlərini iddiaçı öz şəxsi vəsaiti hesabına etmişdir. Mənzildə təmir işləri qurtardıqdan təxminən 1 il sonra cavabdehlə nikaha daxil olmuş və cavabdehi həmin mənzilə gəlin köçərək, mənzil satılanadək cavabdehlə həmin mənzildə birgə yaşamışlar. 2014-cü ilin əvvəllərində iddiaçı iş yerimə yaxın ərazidən mənzil almaq istədiyindən (həmin zaman iddiaçının mülkiyyətində olan mənzil Xətai rayonu ərazisində yerləşirdi, iddiaçı isə "xxxx" ASC-nin Yasamal filialında işləyirdi) yuxarıda qeyd olunan mənzili sataraq, həmin mənzilin satışından əldə edilmiş vəsait hesabına Yasamal rayonu ərazisində mənzil almaq qərarına gəlmişdir. Bu səbəbdən cavabdehlə nikaha girməzdən öncə əldə etdiyi mənzili xx.xx.2014-cü il tarixdə X1 150.000 manata satmış və əldə edilmiş vəsaitin 100.000 manatını cavabdehin adına, 50.000 manatını isə iddiaçı öz adına müddətli əmanətlər kimi "xxxx" ASC-nin Mərkəzi filialında yerləşdirmişdir. xx.xx.2015-ci il tarixdə devalvasiya baş vermiş və Azərbaycan manatı ABŞ dollarına münasibətdə ucuzlaşmışdır. Ona görə gələcəkdə anoloji hal baş verə biləcəyi halda, bankda əmanət kimi yerləşdirdiyi vəsaitlə bağlı iddiaçıya dəyə biləcək zərərin qarşısını almaq məqsədi ilə, "xxxx" ASC-nin Mərkəzi filialından cavabdehin və öz adına qoyduğu əmanətlərin müddəti xx.xx.2015-ci tarixdə bitdiyindən, həmin gün filiala müraciət edərək, əmanət hesablarında olan əsas vəsaitlərin Azərbaycan manatından ABŞ dollarına çevrilməsini (konvertasiya edilməsini) xahiş etmişdir. Həmin günün kursu ilə onların hesablarında olan əsas vəsaitlər Azərbaycan manatından ABŞ dollarına çevrilmiş və hər iki hesab üzrə müddətli əmanət müqavilələri davam etdirilmişdir. Qeyd olunan konvertasiya hesablarda olan vəsaitlərin hesabına (əsas və faiz hesabları üzrə) həyata keçirilmiş və bu zaman hesablara əlavə yəni, kənar vəsait yerləşdirilməmişdir. İddiaçının adına müddətli əmanət kimi qoyulmuş 50.000 manat vəsaitdən 38.991 manatı ABŞ dollarına çevirilmiş və müddətli əmanət müqaviləsi davam etdirilmişdir. İddiaçı, 2016-cı ilin avqust ayının sonlarında "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pros., ev 89, 117 saylı (mübahisəli) mənzilin uyğun qiymətə 180.000 manat satışa çıxarılmasını görüb, MTK ilə danışıqlar aparmış və xx.xx.2016-cı il tarixdə MTK-nın üzvlüyünə qəbul olunmuş, növbəti gün yəni, xx.xx.2016-cı il tarixdə "xxxx" ASC-nin Mərkəzi filialında cavabdehin adına qoyduğu müddətli əmanət olan 100.000 ABŞ dollarını götürüb, 170.000 manata çevirmiş və öz hesabında yəni, yuxarıda qeyd olunan mənzilin satışından əldə etdiyi vəsaitdən 10.000 manat həmin məbləğə əlavə edərək "xxxx" MTK-ya 180.000 manat ödəməklə mübahisəli mənzili öz adına almışdır. Həmin mənzili alan zaman mənzil təmirli olmuşdur. Həmin tarixdən bugünədək iddiaçı, həmin mənzildə cavabdeh və qızı ilə birlikdə yaşayır. Bundan başqa, ünvan 1 ünvanında yerləşən 59 saylı mənzili "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli güzəştli mənzilin alğı-satqısı və ipotekası müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə cavabdehin adına əldə etmişlər. İddiaçı, Həmin mənzilə görə ilkin ödənişi cavabdehin təklifi ilə iddiaçının nikahdan əvvəl qazandığı vəsait hesabına yəni, yuxarıda qeyd olunan mənzilin satışından əldə etdiyi vəsait hesabına ödəmişdir. Həmin mənzilə görə sənədlərdə ödənişlərin cavabdehin əmək haqqından tutulması göstərilməsinə baxmayaraq, reallıqda həmin mənzili onlar kirayəyə verdiklərindən, kirayəşin ayda cavabdehə 400 manat kirayə haqqı ödəyir. Həmin mənzilin ipoteka haqqı mənzildə yaşayan kirayəşinin verdiyi kirayə haqqı hesabına ödənilir. Sonuncu mənzili aldıqdan sonra iddiaçı, qaraciyərdə “hepatit C” xəstəliyinə tutulmuş və uzun müddət həmin xəstəlikdən müalicə olunmuşdur. Bu arada cavabdeh aralarında olan nikahın pozulmasını iddiaçıdan tələb etmiş, iddiaçı buna razı olmadığını bildirdikdə, cavabdeh Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək aralarında olan nikahın pozulmasını tələb etmişdir. İddiaçı cavabdehin mübahisəli mənzili boşaltmasını dəfələrlə tələb etmiş, lakin cavabdeh onun tələblərinə məhəl qoymamış və mənzili boşaltmaqdan imtina etmişdir. Cavabdeh bu hərəkəti ilə iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. ünvan 1 ünvanında yerləşən 59 saylı 3 otaqlı mənzili onlar nikah dövründə cavabdehin adına alınmışlar. Həmin mənzildə yaşamaq üçün bütün şərait vardır və cavabdehin həmin mənzildə yaşamasına və həmin mənzildən istifadə etməsinə iddiaçının heç bir etirazı yoxdur. Mübahisəli mənzil birgə nikah dövründə əldə olunsa da, həmin mənzilin alınmasına ödənilmiş vəsait cavabdehlə birgə gəlir hesabına əldə edilməmişdir. Həmin mənzil cavabdehlə birgə nikahdan öncə iddiaçının əldə etdiyi vəsait hesabına alınmışdır. Cavabdeh mənzili boşaltmadığından, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdeh də öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş mübahisəli mənzilin bölünməsi, mənzil üzərində onun payının 35/36 hissədə müəyyən edilməsi və pay üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil birgə nikah dövründə əldə edilmişdir. Mənzil əsasən cavabdehin vəsaiti hesabına, cüzi hissəsi isə birgə vəsait hesabına əldə edilmişdir. 2010-cu ildə nikaha girdikdən sonra cavabdeh iddiaçının 2008-ci ildə aldığı mənzildə iddiaçı ilə yaşamağa davam etmişdir. Həmin vaxt mənzil ümumən yaşayışa tam yararlı olmayan, tamamilə boş olmuşdur. Mənzildə yaşayış üçün zəruri olan bütün ev avadanlığı, mətbəx, sanitar qovşaq üçün aksessuarları, məişət texnikası, mebel, bir sözlə, mənzilə aid bütün əşyalar cavabdeh tərəfindən cehiz əşyaları kimi alınaraq mənzilə yığılmışdır. Həmçinin, mebel və məişət texnikasının quraşdırılması üçün mənzildə qismən yenidənqurma və təmir işləri də aparılmışdır. Beləliklə, cavabdeh tərəfindən külli miqdarda xərc çəkilməklə mənzil yaşayış üçün tam yararlı vəziyyətə gətirilmişdir. Ondan sonrakı dövrdə 2014-cü ilədək, yəni, mənzilin satıldığı vaxtadək mənzildə birgə vəsaitləri hesabına əsaslı təmir işləri aparmışlar. Təsadüfi deyil ki, 2008-ci ildə cəmi 30.975 manat ödənilməklə alınmış mənzil, 2014cü ildə 150.000 manata satılmışdır. Mənzil satılması ərəfəsində yenidən təmir etdirilmiş və bundan sonra bütün avadanlıqlar və əşyalar içində qalmaqla satılmışdır. Mənzili satmazdan əvvəl isə - 2013-cü ildə cavabdeh tərəfindən 100.000 manat özünə məxsus pul qoyulmaqla (iddiaçı isə 16.000 manat qoymuşdur) Bakı şəhəri Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi pr. 74 ünvanında yerləşən 21 mərtəbəli “A” binasının 14-cü mərtəbəsində 144.68 kv.m sahəli 97 saylı mənzili “Avesta” konsernindən xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında satın almışlar. Göstərilən mənzil təmirsiz (qaba inşaat işləri bitmiş) vəziyyətdə olmuşdur. Həmin vaxt binanın tikintisi tam başa çatmamışdı, bina istismara hazır deyildi və müəyyən müddət lazım idi ki, mənzili təmir etsinlər və yaşayış üçün hazırlasınlar. Sonradan binanın tikintisinin başa çatması gözlədiklərindən daha artıq müddətə uzanmış və onlar həmin mənzili 2020-ci ildə satarkən də bina istismara verilməmişdi. Həmin ərəfədə, Xətai rayonundakı yuxarıda sözügedən mənzili satmaq qərarında olmuşlar. 2014-cü ilin mart ayında mənzili satmış, satışdan 150.000 manat vəsait əldə etmişlər. 2013-cü ilin noyabr ayında cavabdeh tərəfindən özümə məxsus 100.000 manat vəsait qoyulmaqla Yasamal rayonu, H.Zərdabi prospektindəki mənzili satın aldıqlarından, iddiaçı Xətaidəki mənzilin satışından əldə edilmiş 150.000 manatın 100.000 manatını aralarındakı razılığa əsasən cavabdehə vermişdir. Belə razılaşmışlar ki, cavabdehin payına düşən həmin 100.000 manatı, o cümlədən, iddiaçının özünə götürdüyü 50.000 manatı da banka əmanət depozitinə qoysunlar, onun üstünə müəyyən məbləğ gəlsin. Onsuz da H.Zərdabi prospektindəki binanın inşaatının başa çatması uzanırdı, ona görə də orada təmir işlərini başlamaq mümkün deyildi. Ona görə də kirayə mənzil tutaraq orada yaşamağa davam etmişlər. Bu müddətdə isə depozitə qoyduqları pulun üzərinə əmanət faizləri gələcək, sonra ondan ailə məsrəflərinə istifadə edəcəkdilər. Beləliklə, göstərilən məqsədlə, iddiaçının cavabdehə əvəzsiz (2013-cü ildə aldıqları mənzilə sərf etdiyi pulun əvəzində) verdiyi 100.000 manatı əmanət depozitinə yerləşdirmişlər. xx.xx.2015-ci ildə birinci devalvasiya baş verdikdən sonra, əmanət hesablarında olan manatı ABŞ dollarına dəıyişmişlər. İkinci devalvasiyadan sonra əmanət hesablarında olan vəsaitlərinin dəyəri artmışdır. 2016-cı ildə 180.000 manata mübahisəli mənzili almışlar. Qeyd edilənlərə əsasən, ilk iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın qismən təmin edilməsini, birgə nikah dövründə əldə edilmiş mübahisəli mənzil üzərində iş üzrə tərəflərin hər birinin 1/2 hissədə müəyyən edilməsini, qalan hissədə qarşılıqlı iddianın rədd edilməsini, qətnamənin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsdə müvafiq qeydə alma üçün əsas qismində çıxış etməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə etdikləri birgə vəsait hesabına əldə edildiyindən tərəflər arasında bölünməli və hər birinin payı 1/2 hissədə müəyyən edilməlidir. c) apellyasiya şikayətləri barədə məlumat
7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İlk iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
9. Cavabdeh də öz növbəsində Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir.
10. Əsasları qarşılıqlı iddianın əsasları ilə eynilik təşkil edən cavabdehin apellyasiya şikayətində isə əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, qarşılıqlı iddianın rədd edilməsi hissəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
11. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək, cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətin və ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
12. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətin və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan və işdə olan sənədlərdən məlum olur və tərəflər arasında mübahisə doğurmur ki, iddiaçı ilə cavabdeh xx.xx.2010-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Nikahdan onların 1 övladları doğulmuşdur: xx.xx.2011-ci il təvəllüdlü Gülay. Nikah, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi (iş № 2(005)-1389/2023) ilə pozulmuş, uşaq anasının (hazırki iş üzrə cavabdehin) yanında saxlanılmışdır. İddiaçı, nikahdan əvvəl, yəni xx.xx.2008-ci il tarixdə "xxxx" MTK ilə “Alğı-satqı müqaviləsi” bağlayaraq, Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, bina № 17-də yerləşən 52 saylı mənzili almış və müqavilə bağlanan tarixdə MTK-ya 30.975 manat ödəmişdir. İddiaçı ilə nikaha daxil olduqdan sonra cavabdeh həmin mənzilə gəlin köçmüş və həmin mənzil satılanadək, yəni xx.xx.2014-cü il tarixədək həmin mənzildə birgə yaşamışlar. Həmin mənzil xx.xx.2014-cü il tarixdə iddiaçı tərəfindən X1 150.000 manata satmış və əldə edilmiş vəsaitin 100.000 manatını cavabdehin adına, 50.000 manatını isə iddiaçı öz adına müddətli əmanətlər kimi "xxxx" ASC-nin Mərkəzi filialında yerləşdirmişdir. Azərbaycan Respublikasında xx.xx.2015-ci il tarixdə baş vermiş devalvasiyadan sonra Azərbaycan manatının dəyəri ABŞ dollarına nisbətdə ucuzlaşmış və 1 ABŞ dolları = 1,05 Azərbaycan manatı olmuşdur. Bu səbəbdən və iş üzrə tərəflərin adlarına olan əmanətlərin müddəti xx.xx.2015-ci tarixdə bitdiyindən, həmin gün iddiaçının və cavabdehin etdikləri müraciətlər əsasında onların pul vəsaitləri Azərbaycan manatından ABŞ dollarına çevrilmışdir (konvertasiya edilmişdir).
15. "xxxx" MTK-nın Ümumi iclasının xx.xx.2016-cı il tarixli 06 saylı protokolundan çıxarışa və iş üzrə tərəflərin verdikləri məlumatlara əsasən müəyyən edilir ki, mübahisə predmeti olan mənzil hazırki iş üzrə iddiaçıya 180.000 manata satılmışdır. Mənzilin dəyəri iddiaçı tərəfindən MTK-ya tam ödənilmişdir.
16. İş materiallarında olan “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, həmin mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi həmin reyestrdə iddiaçının adına qeydiyyata alınmışdır.
17. İş üzrə tərəflər arasında mübahisə doğurmur ki, mübahisəli mənzilin dəyəri ödənilən zaman cavabdehin adına olan əmanət hesabından 100.000 ABŞ dolları (təxminən 170.000 manat), qalan vəsait isə iddiaçının adına olan əmanət hesabından götürülmüşdür.
18. Göründüyü kimi, iş üzrə tərəflər iş üzrə tərəflər xx.xx.2010-cu il tarixdən xx.xx.2023-cü il tarixə kimi nikahda olmuşlar. Mübahisəli mənzil isə iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə əvəzli qaydada əldə edilmişdir və hazırda iddiaçının xüsusi mülkiyyətində olan əmlak kimi reyestrdə qeydiyyatda qalmaqdadır.
19. göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (maddə 32.1). Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir (maddə 32.2.2). Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir (maddə 33.1.). Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər (maddə 33.3.). Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır) (maddə 34.1.). Ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir (maddə 36.1.). Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (maddə 36.3). Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər (maddə 36.5). Ərarvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (maddə 37.1.). Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.2.).
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
21. Rayon Məhkəməsi hesab etmişdir ki, nikahdan əvvəl, yəni 2008-ci il tarixdə iddiaçı tərəfindən digər mənzilin əldə edilməsi və həmin mənzilin 2014-cü il tarixdə satılmaqla əldə edilmiş pulun bir hissəsinin (əvvəl 100.000 Azərbaycan manatı, sonradan 100.000 ABŞ dolları) cavabdehin bank hesabına qoyulması Mülki Məcəllənin 943-970-ci maddələrinin dispozitiv şərtləri nəzərə alınmaqla mülki dövriyyənin predmeti olan sözügedən pul vəsaiti üzərində cavabdehin (hesab sahibinin) mülkiyyət hüququnun yaranmasına səbəb olmuşdur. Mübahisəli mənzilin 2016-cı ildə əldə edilməsi əsas götürülməklə həmin mənzilin 2008-ci il tarixdə əldə edilmiş mənzilin pulunun hesabına əldə edilməsi barədə iddiaçının hüquqi mövqeyi əsassızdır. Belə ki, 8 illik müddət kifayət qədər uzun müddətdir və tərəflərin uzun illər birgə şəkildə ailə təsərrüfatı aparmaqla gəlir əldə etmişlər. Odur ki, iddiaçının irəli sürdüyü dəlillər sübuta yetirilmir və əsassız hesab edilir. Cavabdeh də özünün qarşılıqlı iddiasını onun üstün payının müəyyən edilməli olması hissəsində sübuta yetirə bilməmişdir.
22. Məhkəmə, Rayon Məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Bundan başqa Məhkəmə nəzərə alır ki, iddiaçının nikaha daxil olana qədər, yəni xx.xx.2008-ci il tarixdə əldə etdiyi mənzilin dəyəri 30.975 manat olmuş və nikah dövründə, yəni 2014-cü il tarixdə 150.000 manata satılmışdır.
24. Mənzilin qiymətinin artması iddiaçı tərəfindən onunla izah edir ki, o, mənzili aldıqdan dərhal sonra, yəni nikaha daxil olana kimi təmir etdirmişdir.
25. Cavabdeh isə bu halı onunla izah edir ki, onlar mənzili satmaqdan əvvəl təmir etdirmişlər.
26. Məhkəmə qəbul edir ki, iddiaçı mənzili aldıqdan sonra təmir etdirmişdir. Amma nəzərə alır ki, həmin təmirdən sonra iş üzrə tərəflər mənzil satılana qədər daima mənzildə yaşamış, ötən illər ərzində mənzildən istifadə nəticəsində təmir köhnəlmiş və təmirdə müəyyən qüsurlar yaranmışdır. Buna görə də Məhkəmə hesab edir ki, 2014-cü ildə mənzil satılmazdan əvvəl bir daha təmir edilmişdir və bu zaman təmirə çəkilmiş xərc artıq iş üzrə tərəflərin birgə vəsaiti hesabına ödənilmiş, bununla da mənzilin dəyəri xeyli artmışdır.
27. Ailə Məcəlləsinin 35-ci maddəsinə görə, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
28. Odur ki göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iş üzrə iddiaçının nikaha daxil olana qədər aldığı mənzil, sonradan həmin mənzilin satışından əldə edilmiş pul vəsaiti iş üzrə tərəflərin birgə mülkiyyəti sayılmalıdır. Belə olan halda həmin vəsait hesabına əldə edilmiş (mübahisəli) mənzil onların birgə əmlakı hesab edilir. f) apellyasiya baxışının nəticəsi
29. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Hər iki apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal xarakter daşıyır.
30. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədiyindən MPM-nin 119.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilməlidir.
32. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 noyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün apellyatorların ödədikləri dövlət rüsumları onların özlərinə aid edilsin. Hazırki qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.