Məhkəmə qərarları › İş №2(103)-1491/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1491/2022

09.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1491/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Xələfova Kəmalə Nuru qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4870/2021 saylı iş üzrə 20 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh 18 saylı Bakı Peşə Liseyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Xələfova Kəmalə Nuru qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin üzürlü hesab edilməsi, cavabdeh 18 saylı Bakı Peşə Liseyinin 23- 5/20 saylı, 16 sentyabr 2020-ci il tarixli əmrinin ləğv edilməsi, onun 18 saylı Bakı Peşə Liseyinə İstehsalat təlim ustası vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4870/2021 saylı iş üzrə 20 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh 18 saylı Bakı Peşə Liseyinin “əmək müqaviləsinin ləğvi” barədə 16.09.2020-ci il tarixli, 23-5/20 saylı əmrin ləğv edilməsi, iddiaçı Xələfova Kəmalə Nuru qızının cavabdeh 18 saylı Bakı Peşə Liseyinin istehsalat təlimi ustası vəzifəsinə işə bərpa edilməsi, iddiaçı Xələfova Kəmalə Nuru qızına məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh 18 saylı Bakı Peşə Liseyi tərəfindən ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh 18 saylı Bakı Peşə Liseyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız məhkəmə iclasında tədqiq olunan sübutlara əsaslanmaqla, əgər müddətli əmək müqaviləsi, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilmədən bağlanılıbsa həmin müqavilənin müddətli hesab edilə bilməməsini müəyyən edir. Məhkəmə iddiaçının öz ərizəsi ilə işdən azad edildikdən 2 ay 17 gün sonra, yəni 19.12.2018-ci il tarixdə onun yenidən istehsalat təlimi ustası vəzifəsinə işə qəbul edilməsi ilə bağlı onunla 6 ay müddətinə müddətli əmək müqaviləsinin bağlanması, sonradan da bu müddətin bir neçə dəfə 15.09.2020-ci il tarixədək uzadılması əsası ilə, cavabdehin qanunvericiliyin tələblərini pozması və müqavilənin müddətli hesab edilməsini mümkün olmaması qənaətinə gələrək, Əmək Məcəlləsinin 47-ci maddəsinin (f) bəndini işin faktiki hallarına düzgün tətbiq etməmiş, maddi hüquq normasını birtərəfli qaydada şərh etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 5 ildən (02.09.2013-cü il 19.10.2018-ci il) artıq müddət ərzində fasiləsiz olaraq Liseydə eyni vəzifədə işləmiş, bununla da Əmək Məcəlləsinin 45-ci maddənin 5-ci hissəinin tələbləri baxımından əmək müqaviləsi müddətsiz hesab edilmiş iddiaçının öz ərizəsi ilə işdən azad edildikdən 2 ay 17 gün sonra, yəni 19.12.2018-ci il tarixdə onun yenidən istehsalat təlimi ustası vəzifəsinə işə qəbul edilməsi ilə bağlı onunla 6 ay müddətinə müddətli əmək müqaviləsinin bağlanması, sonradan da bu müddətin bir neçə dəfə 15.09.2020-ci il tarixədək uzadılması qanunvericiliyə uyğun hesab edilə və müddətli hesab oluna bilməz. Lakin məhkəmə işə səthi yanaşaraq, iş materiallarını düzgün araşdırmamış, iddiaçının 2013-2018-ci illərdə onsuz da, müddətsiz əmək müqaviləsi ilə çalışdığını göz ardı edərək, iş üzrə aidiyyəti olmayan məsələyə toxunaraq, öz qərarını əsaslandırmışdır. Bundan əlavə, məhkəmənin iddiaçının işdən azad edildikdən 2 ay 17 gün sonra yenidən eyni işə qəbul edilməsinin, əslində ştatların sayının ixtisarı ilə işdən azad edilmə barədə əmrin formal olmasına dəlalət etdiyinə işarə etməsinə baxmayaraq, 18 saylı Peşə Liseyinin 14 avqust 2018-ci il tarixli 39/18 nömrəli əmri ilə məlum olur ki, liseyin istehsalat təlimi ustası Əlizadə Nailə Rauf qızı uşağa 3 (üç) yaşına qədər qulluğa görə 18 avqust 2018-ci il tarixdən 14 may 2021-ci il tarixədək sosial məzuniyyətə buraxılmış, 18 saylı Peşə Liseyinin 19 dekabr 2018-ci il tarixli 69-2/18 nömrəli əmri ilə Mikayılov Kamran Heydər oğlu istehsalat təlimi ustalığından götürülərək anbar müdiri vəzifəsinə keçirilmişdir. Göründüyü kimi, iddiaçının ştatı ixtisar edildikdən sonra istehsalat təlimi ustası vəzifəsinə təyin edilən şəxslərdən biri sosial məzuniyyətə çıxmış, digəri anbar müdiri vəzifəsinə keçirilmiş və həmin ştat üzrə yaranan vakant yer üzrə əvvəllər həmin vəzifə üzrə işləmiş iddiaçıya təklif olunmuş və bu səbəbdən iddiaçı yenidən eyni vəzifəyə keçirilmişdir. Odur ki, məhkəmənin cavabdehin iddiaçının əmək müqaviləsinə ştatların ixtisarı ilə əlaqədar xitam verilməsi barədə əmrinin formallığına dair gəldiyi qənaət əsassızdır. Həmçinin, məhkəmə hazırki mübahisənin predmetini təşkil edən 16 sentyabr 2020-ci il tarixli 23-5/20 nömrəli əmrin ləğv edilməsi ilə bağlı məsələni deyil, baxılan işə aidiyyəti olmayan məsələləri məhkəmə baxışına əlavə edərək, iş üzrə aidiyyəti olmayan iddiaçının barədə əvvəlki illərdə qəbul edilən əmrlərə istinad edərək, əmək müqaviləsinin müddətli hesab edilə bilməyəcəyini bildirmişdir. Bundan başqa, məhkəmə iddiaçı Xələfova Kəmalə Nuru qızının iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərkibində olan qurum kimi 18 saylı Bakı Peşə Liseyi tərəfindən yuxarıda qeyd edilmiş optimallaşdırma barədə fərman əsasında saxlanma xərclərinin və işçilərinin say həddinin optimallaşdırılmasının bir hissəsi olaraq bir sıra vəzifələrin xarakterinin dəyişdirilməsinə, optimallaşdırma tədbiri olaraq müəssisə tərəfindən istehsalat təlimi ustası vəzfiəsinin xarakterinin və müddətinin müddətli iş olaraq xarakterizə edilməsinə münasibət bildirməmişdir. Belə ki, optimallaşdırılması aparılan peşə təhsili müəssisələrində təhsil işçilərinin diaqnostik qiymətləndirilməsi həyata keçirilmiş, bir sıra peşə təhsil müəssisələri birləşdirilmiş, yeni təhsil müəssisələri yaradılmış, peşə təhsil müəssisələrində bir sıra vəzifələr üzrə vakant yerlərin və işçilərin sayı azaldılmış, dövlət büdcəsindən maliyələşən dövlət müəssisələrinin xərclərinin optimallaşdırılması və maliyyə şəffaflığının təmin edilməsi ilə bağlı tədbirlər görülmüşdür. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə üzrə vakant ştat yerləri Təhsil Nazirliyi tərəfindən hər il qabaqcadan təsdiq edilir və buna uyğun olaraq, işçilərlə müvafiq əmək müqavilələri bağlanır. Belə olduğu təqdirdə, işçilərlə müddətli əmək müqaviləsinin bağlanmasını istisna edən hansısa bir haldan söhbət gedə bilməz. Məhkəmə cavabdehin iddiaçının əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam verməsinin qismən də olsa iddiaçıya münasibətdə ayrı-seçkiliyə yol verdiyi qənaətinə gələrkən qeyd etmişdir ki, cavabdeh işəgötürən liseydə əmək fəaliyyəti ilə məşğul olan bütün, o cümlədən cavabdehin nümayəndəsi qismində çıxış edən F.V.Lahıcova ilə əmək müqaviləsi müddətsiz bağlanmasına baxmayaraq, iddiaçının əmək müqaviləsinin müddətli olaraq bağlanması iddiaçıya qarşı ayrı-seçkiliyə yol verilməsinə səbəb olmuşdur. Lakin, məhkəmə iddiaçı tərəfindən, cavabdehin əmək fəaliyyəti ilə məşğul olan bütün və yaxud belə vəzifələr tutan işçilərin hər biri ilə müddətsiz əmək müqaviləsi bağlayıb-bağlamaması barədə heç bir sübut təqdim etməməsinə baxmayaraq bu qənaətə gələrək, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçı Xələfova Kəmalə Nuru qızı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh 18 saylı Bakı Peşə Liseyinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4870/2021 saylı iş üzrə 20 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Xələfova Kəmalə Nuru qızı ilə cavabdeh 18 saylı Bakı Peşə Liseyi arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı 03.09.2013-cü il tarixdən liseyin istehsalat təlimi ustası vəzifəsinə təyin edilmişdir. İddiaçının 02.10.2018-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Bundan sonra 19.12.2018-ci il tarixdə tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinə əsasən iddiaçı yenidən istehsalat təlimi ustası vəzifəsinə təyin edilmiş, həmin müqavilənin müddəti bir neçə dəfə, sonuncu dəfə isə 15.09.2020-ci il tarixədək uzadılmış və 16.09.2020-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” hissəsinə əsasən, yəni əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. Hazırda iddiaçı cavabdehlə aralarında ilk əmək müqaviləsinin müddətsiz bağlanmasına baxmayaraq, sonradan onunla yenidən, lakin artıq müddətli əmək müqaviləsinin bağlandığını və bu halın, yəni onunla müddətli əmək müqaviləsinin bağlanmasının qanunsuz olduğunu iddia edir və onunla bağlanmış əmək müqaviləsinin müddətin bitməsi əsası ilə ləğv edilməsini qanunsuz hesab edərək, bu barədə əmrin ləğv edilməsini, tutduğu vəzifəyə işə bərpa edilməsini və məcburi iş buraxma müddəti üçün əmək haqqının tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qüvvədə olan əmək məcəlləsinin tələblərinə uyğun olaraq ləğv edildiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 16-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır; 16-cı maddəsinin 4-cü hissəsinə əsasən ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər; 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir; 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir; 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər; 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında 02.09.2013-cü il tarixdə əmək müqaviləsi müddətsiz bağlanmış və bundan sonra həmin müqaviləyə 02.10.2018-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, yəni işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə ləğv edilsə də, bundan 2 ay 17 gün sonra, yəni 19.12.2018-ci il tarixdə aralarında bağlanmış yeni, lakin artıq müddətli əmək müqaviləsinə əsasən iddiaçı yenidən istehsalat təlimi ustası vəzifəyə işə qəbul edilmişdir. Hər bir halda, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi belə bir qısa müddətdə iddiaçının yenidən eyni vəzifəyə işə qəbul edilməsini istisna etməlidir. Digər tərəfdən 19.12.2018-ci il tarixdə əmək müqaviləsi müddətli, yəni 6 ay müddətinə bağlansa da, müddət bir neçə dəfə uzadılmış və müddət etibarı ilə iddiaçı 1 il 9 ay müddətində cavabdehlə əmək münasibətlərində olmuşdur. İddiaçının tutduğu istehsalat təlimi ustası vəzifəsi iddiaçı ilə ilk müqavilə bağlandığı tarixdən əvvəl də mövcud olmuş və hazırda da mövcuddur. Liseydə əmək fəaliyyəti ilə məşğul olan bütün, o cümlədən belə vəzifələr tutan işçilərin hər biri ilə əmək müqavilələri müddətli bağlanmamışdır. Məsələn, cavabdehin nümayəndəsi qismində çıxış edən Lahıcova Fərizə Vəli qızı ilə əmək müqaviləsi müddətsiz bağlanmışdır. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam verməsi hüququnu reallaşdırmaqla yanaşı qismən olsa da, iddiaçıya münasibətdə ayrı-seçkiliyə yol vermiş olmuşdur. İddiaçı ilə əmək müqaviləsinin 19.12.2018-ci il tarixdə müddətli bağlanması ilə bağlı məhkəmə vurğulayır ki, iddiaçı 02.09.2013-cü il tarixdən (02.10.2018-ci il tarixdən 19.12.2018-ci il tarixədək müddət istisna olmaqla) 16.09.2020-ci il tarixədək, yəni həm ilk əmək müqaviləsi, həm də sonrakı əmək müqaviləsi üzrə eyni vəzifəni tutmuş və eyni əmək funksiyalarını yerinə yetirmişdir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanmasının 10 halı müəyyən edilmişdir. Lakin bu maddə hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsinin bağanmasına məcbur etmir, sadəcə olaraq onlara belə bir imkanı verir. Belə bir müqavilənin bağlanması üçün əsas şərt – işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Bu halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə əlaqəlidir. İddiaçının əmək funksiyası isə öz xüsusiyyətinə, icrası şərtlərinə, müddətinə və xarakterinə görə daimi kimi qiymətləndirilir. İddiaçı 7 ildir ki, həmin vəzifə üzrə əmək funksiyalarını yerinə yetirir və həmin vəzifə hazırda da mövcuddur. Başqa sözlə, iddiaçının əmək funksiyaları çərçivəsində yerinə yetirdiyi işin şərtlərinə görə daimi xarakterə malik olduğu cavabdeh üçün qabaqcadan bəlli olan bir hal olmuşdur. Bu səbəbdən iddiaçının əmək funksiyaları həmin maddənin “a-ə”, “g” və “ğ” bəndlərində sadalanan hallara uyğun gəlmir. Həmin maddənin “f” bəndi ilə bağlı qeyd olunmalıdır ki, qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45-ci və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən artıq qeyd edildiyi kimi müqavilədə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Belə ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, MPM-in 77.2-ci maddəsi dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini bu aktı qəbul etmiş orqanların üzərinə qoyur. Bu baxımdan məhkəmə kollegiya hesab edir ki, 5 ildən (02.09.2013-cü il - 16.09.2020-ci il) artıq müddət ərzində fasiləsiz olaraq Liseydə eyni vəzifədə işləmiş, bununla da 45-ci maddənin 5-hissəsinin tələbləri baxımından əmək müqaviləsi müddətsiz hesab edilmiş iddiaçının öz ərizəsi ilə işdən azad edildikdən (işçilərin sayı və ya ştatları ixtisarı əsası ilə) 2 ay 17 gün sonra, yəni 19.12.2018-ci il tarixdə onun yenidən istehsalat təlimi ustası vəzifəyə işə qəbul edilməsi ilə bağlı onunla 6 ay müddətinə müddətli əmək müqavilənin bağlanması, sonradan da bu müddətin bir neçə dəfə 15.09.2020-ci il tarixədək uzadılması qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və müddətli hesab oluna bilməz. Bu da öz növbəsində tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.1-ci bəndinin etibarsız olmasına dəlalət etməklə, onun müddətsiz bağlanmış hesab edilməsini şərtləndirir. Yuxarıda qeyd edilən müddəaların tələblərinən əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, 16.09.2020-ci il tarixli, 23-5/20 saylı əmr Əmək Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Bu səbəbdən iddia tələbi “əmrin ləğv edilməsi” hissəsində əsaslıdır və təmin edilməli, 18 saylı Bakı Peşə Liseyinin “əmək müqaviləsinin ləğvi” barədə 16.09.2020-ci il tarixli, 23-5/20 saylı əmri ləğv edilməlidir. Məhkəmə həmçinin haqlı olaraq iddia tələbinin “işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” hissəsində də əsaslı hesab etmişdir. Məhkəmə cavabdeh tərəfin bu barədə ərizə ilə məhkəməyə müraciət etməməsini, yəni cavabdehin müddəti mübahisələndirmədiyini nəzərə alıb, düzgün olaraq iddiaçının iddia üzrə irəli sürdüyü buraxılmış müddətin üzürlü hesab edilməsi barədə tələbinə münasibət bildirməsinə zərurət görməmişdir. Digər tərəfdən, bu məsələ iddiaçı tərəfindən tələb kimi irəli sürülsə də, hüquqi nəticə etibarı ilə prosessual vəsatətdir. Bu səbəbdən bu məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, birinci instansiya məhkəməsi iddia üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də kolegiya hesab edir ki, apellyasiya şikayətində qeyd olunanlar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4870/2021 saylı iş üzrə 20 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh 18 saylı Bakı Peşə Liseyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4870/2021 saylı iş üzrə 20 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar