Məhkəmə qərarları › İş №2(103)-1494/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1494/2025

18.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1494/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4877/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin 31 iyul 2024-cü il tarixli, k/24-03770 №li əmrinin ləğv edilməsi, onun X2 Təchizatı və Satışı İdarəsi/Ağdaş ElektrikŞəbəkəsi/Enerji Satış şöbəsi” bölməsində “Nəzarətçi mühəndis” vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mediasiya xərci olan 60 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4877/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Nail Abbasov) ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s. tələbinə dair iddiası təmin edilməmişdir.

3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. İddiaçı apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə sənədlərlə tanış olduqda aşağıdakılar müəyyən olunmuşdur: İşçi İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, 2.1-ci bəndində-bu əmək müqaviləsi tərəflərin razılığı ilə xx.xx.2023-xx.xx.2023 (3 ay müddətinə) bağlanmışdır. Bu müqavilədən müəyyən olunur ki, 3 ay əmək müqaviləsinin müddəti 3-cü ayın 24-də tamam olur. İşçinin işdən çıxarılması barədə əmrdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən işdən çıxarılmışdır. Hesablandıqda müəyyən olunur ki, 5-ci 3 aylıq müqavilə müddəti (yəni müqavilə 5 dəfə uzadılmış olur) xx.xx.2024-cü il tarixə düşür. Deməli, İddiaçı ilə 3 aylıq bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitdiyi üçün həmin tarixdə də xitam verilməli idi. Ancaq İddiaçı xx.xx.2024-cü il tarixdə tabelə imza edərək işdə olmuş, ona telefon vasitəsilə günün ikinci yarısı məlumat verərək, işdən çıxarılması bildirilmişdir. Deməli, işçi 3 aylıq əmək müqaviləsinin müddəti bitdikdən sonra bir həftə işdə olmuşdur. 25, 26, 27, 28, 29, 30, 31 iyul tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən (qüvvədən düşmüş) müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. X2 Təchizatı və Satışı İdarəsinin işçiyə X6 Enerji Təchizatı və Satış İdarəsi tərəfindən verilmiş 31 iyul 2024-cü il tarixli, MA-1468 saylı xəbərdarlıq məktubundan görünür ki, işçi ilə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən (qüvvədə olan) müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.

5. Göründüyü kimi, işçiyə xəbərdarlıq bildirişin tarixi ilə işdən çıxarılma barədə əmrin tarixi eynidir. xx.xx.2024-cü il əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “Çap tarixi” xx.xx.2024 10:39:40, İddiaçı xx.xx.2024-cü il tarixdə tabelə imza edərək işdə olması sübut olunur. İşəgötürən tərəfindən Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin tələbləri kobud surətdə pozulmuşdur.

6. İşçi ilə bağlanmış Əmək müqaviləsinin 2.2-ci bəndindən görünür ki, işin birinci 2 (iki) həftəsi (ayı) sınaq müddəti hesab edilir. Bu bənddən müəyyən edilir ki, işçinin sınaq müddəti 2 (iki) ay müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin g bəndinə əsasən əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətinin müəyyən edilməsi işəgötürənin əsas hüquqlarındandır. Həmin Məcəllənin 51-ci maddəsinin 1-ci bəndinə əsasən bu məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. 3 (üç) aylıq bağlanmış əmək müqaviləsinə 2 (iki) aylıq sınaq müddəti müəyyən edilə bilməz. Deməli işçiyə sınaq müddəti deyərək müddətli əmək müqaviləsinə imza etdirmişlər. Halbuki işçi onunla bağlanmış əmək müqaviləsinin müddətsiz olduğunu hesab etmiş, sınaq müddəti bilərək, müqaviləyə imza etmişdir.

7. İşinin xarakterindən müəyyən olunur ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iş və ya göstərilən xidmətlər daimi xarakterə malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin tələbləri baxımından işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli əmək müqaviləsi hesab edilərək bağlana bilməzdi.

8. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin AR Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında təsbit olunmuş hüquqi mövqe də məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər. İşəgötürən işçi ilə bağlanmış müqaviləni müddətli əmək müqaviləsi hesab edərək əmək müqaviləsinin bitdiyinə görə müqaviləyə xitam verərək işdən çıxarmışdır. Cavabdehin nümayəndəsi verilmiş suallara cavabında İddiaçı ilə bağlanmış əmək müqaviləsində əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğunu bildirmişdir.

9. "xxxx" ASC-nin sədri Vüqar Əhmədovun 31 iyul 2024-cü il tarixli, k/24-03770 №li əmri ilə tanış olduqda müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları, 73-cü maddəsində isə müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası göstərilmişdir. Ancaq xx.xx.2024-cü il tarixli əmrdə “AR ƏM-nin 68.2. “b”-əmək müqaviləsinin müddətinin qurtarması”maddəsi ilə xitam verilmişdir. Mübahisəli əmrdə “AR ƏM-nin 68.2. “b”-bəndində göstərilən əsaslarla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsi ilə müddətli əmək müqaviləsinə xitam verilməsi kimi göstərilməli idi. Yuxarıda göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli əmr etibarsız hesab edilməlidir.

10. Ən əsası məhkəmənin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsi bitdikdən 7 gün ərzində işdən çıxarılması qanuna müvafiqdir. İşçi İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin 2.3-cü bəndində göstərilmişdir ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçi İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin 4.23- cü bəndində göstərilmişdir ki, istirahət günləri hər həftənin şənbə və bazar günləridir. Deməli işçi həftənin 5 gününü işləyir, 5 günlük iş həftəsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8-ci maddəsində müddətlərin hesablanması qaydaları göstərilməklə, müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablandığı, həftələrlə hesablanan müddətlər həftənin sonuncu günündə başa çatır.

11. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. İşçi ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə başa çatır. Həmin gün isə həftənin çərşənbə yəni üçüncü günüdür. İşçi həmin həftənin sonu 26 iyul 2024-cü il tarixdə işdən çıxarılmalı idi. Hazırki iş üzrə prosessual müddətinin hesablanma qaydası təqvim həftələri ilə deyil, həftələrlə hesablanmalı idi. Məhkəmə isə əsassız olaraq təqvim həftəsi ilə hesablamışdır. Bununla belə işçi müqaviləsi müddəti bitdikdən sonra 7 gün tam olaraq işdə olmuşdur.

12. Odur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, e- 2(006)-4877/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, "xxxx" ASCnin sədri Vüqar Əhmədovun 31 iyul 2024-cü il tarixli, k/24-03770 №li əmrinin ləğv edilməsi, iddiaçının X2Təchizatı və Satışı İdarəsi/Ağdaş ElektrikŞəbəkəsi/Enerji Satış şöbəsi” bölməsində “Nəzarətçi mühəndis” vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mediasiya xərci olan 60 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək göstərdi ki, iddiaçı ilə əmək müqaviləsinin üç ay müddətinə bağlanması, onun da iki ayının sınaq müddəti kimi müəyyən edilməsi qanunsuz olmuşdur, iddiaçının gördüyü iş aşkar davamlı xarakterlidir, bundan başqa, iddiaçı müqavilənin müddətsiz və üç aylıq sınaq müddətinə bağladığını güman edirdi, çünki onunla bağlanmış müqavilə beş dəfə onun məlumatı və iştirakı olmadan uzadılmışdır, ona verilmiş xidməti vəsiqəsində də müddət 2028-ci il göstərilmişdir, bunlar isə iddiaçının ehtimalının əsaslı olduğunu göstərir, rayon məhkəməsi həftələrlə hesablanan müddətin hesablanmasında da səhvə yol vermişdir, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir, odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi R.Hüseynova apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Eyni zamanda da cavabdehin nümayəndəsi iddiaçının işlədiyi işin daimi xarakterli olduğunun qabaqcadan bilindiyi halda onunla əmək müqaviləsinin 3 aylıq müddətə bağlanması, həmin müddətin də iki ayının sınaq müddəti kimi müəyyən edilməsinin, eləcə də iddiaçı ilə əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xx.xx.2024-cü il tarixində xitam verilməsindən bir neçə gün əvvəl, yəni xx.xx.2024-cü il tarixində onun barəsində intizam tənbehi verilməsini, yəni əmək münasibətlərini pozan işçi üçün daha sərt tədbir kimi müddətin bitməsi əsası ilə elə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməməsinin səbəblərini ağlabatan şəkildə izah edə bilmədi. Sübutların tədqiqi:

15. Mülki iş materiallarında olan:

16. Əmək müaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmr №k/24- 03770 saylı əmrdən görünür ki, X2 və Satışı İdarəsi/X4/Enerji Satış şöbəsi bölməsində nəzarətçi mühəndis vəzifəsində işləyən İddiaçı Nizami oğlu ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İşçinin xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 38 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə həvalə edilməsi qeyd edilmişdir.

17. İşəgötürən "xxxx" ASC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, həmin müqavilə 3 ay müddətinə xx.xx.2023-cü il tarixədək bağlanmışdır.

18. Müqavilənin 2.1-ci bəndində müqavilənin müddətli bağlanması qeyd edilmiş, müqavilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 ay müddətinə bağlanmış, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunması şərtləndirilmişdir.

19. Həmin müqavilənin 2.2-ci bənidnə əsasən işin birinci iki ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə əmək müqaviləsini birtərəfli qaydada poza bilər.

20. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmk müaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

21. Müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər.

22. İddiaçıya xx.xx.2024-cü il tarixində ünvanlanmış -müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıqdan görünür ki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsi barədə məlumatlandırılmaqla əmək kitabçasının götürülməsi üçün kadrlar şöbəsinə yaxınlaşması nəzərinə çatdırılmışdır.

23. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, İddiaçı töhmət inzibati tənbehi verilmişdir. Əsas kimi isə Mərkəzi-Aran RETSİ-nin rəisi Z.Şirəliyevin xx.xx.2024-cü il tarixli təqdimatı göstərilmiş, təqdimatda İddiaçı tapşırıqları yarıtmaz yerinə yetirməsi, vəzifəyə səhlənkar yanaşması və sair səbəbindən onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixdə bitdiyinə görə, ƏM-nin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi xahiş edilmişdir.

24. Təqdimata iddiaçı barəsində xx.xx.2024-cü il tarixli akt, xx.xx.2024-cü il tarixli xidməti məlumat, xx.xx.2024-cü il tarixli xidməti məlumat, xx.xx.2024-cü il tarixli xidməti məlumat, xx.xx.2024-cü il tarixli akt əlavə edilmişdir.

25. Mərkəzi-Aran RETSİ-nin rəisi Z.Şirəliyevə ünvanlanmış Hüquq idarəsinin aparıcı hüquqşünası A.Əliyevin xx.xx.2024-cü il tarixli hüquqi rəyindən məlum olur ki, İddiaçı tapşırıqları kəsrlə yerinə yetirdiyinə, ödənişə cəlb etməni düzgün təşkil etməməsi səbəbindən onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixdə bitdiyinə görə, ƏM-nin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi məqsədəmüvafiq hesab edilir.

26. İddiaçıya işəgötürən tərəfindən verilmiş İD (identifikasiya) kartın üzərində onun xx.xx.2028-ci il tarixə kimi etibarlı olması göstərilmişdir (i/v 23). Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35.2. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Maddə 149.İ. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Maddə 149. Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsi:

27. Maddə 8.1. Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir.

2. Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır.

3. İllərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir.

4. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir.

28. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

29. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

30. 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

31. Maddə 47.“f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlanıla bilər.

32. Maddə 51.1. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir (19 noyabr 2023-cü il tarixə qədər qüvvədə olan mətn).

33. Maddə 51.1. Bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir (28 iyun 2024-cü il tarixli 1195-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən, hazırda qüvvədə olan mətn).

34. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. (13 avqust 2024-cü il tarixə qədər olan mətni).

35. Maddə 73.1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur (Hazırda qüvvədə olan mətn).

36. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. ...b) əmək müqaviləsinin müddətinin qurtarması;...

37. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

38. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

39. 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

40. Maddə 317.1. Bu Məcəllə Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilmiş qanunvericilik sisteminin tərkib hissəsi olub, Azərbaycan Respublikasının bütün ərazisində birbaşa hüquqi qüvvəyə malikdir.

41. Maddə 317.2. Bu Məcəllənin tətbiqi zamanı əmək müqaviləsinin tərəflərinin hüquqlarının və mənafelərinin müdafiə olunmasını təmin edən, onların məsuliyyətə cəlb olunmasını istisna edən və ya yüngülləşdirən müddəaların qüvvəsinin geriyə şamil edilməsinə yol verilir.

42. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin AR Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarı.

43. Qeyd edilən Qərarda xüsusi olaraq vurğulanmışdır ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən tərəflərin münasibətlərinin həqiqi xarakteri müəyyən edilməli, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət edilməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin halları və tərəflərin dəlilləri hərtərəfli araşdırılmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 218.3 ...hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

47. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

48. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

49. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

50. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

51. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

53. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

54. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

55. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

56. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Apellyasiya Məhkəməsinin baxışının hədləri: Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

57. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

58. İddiaçı hazırda onunla iki aylıq sınaq müddəti ilə müddətsiz əmək müqaviləsi bağlanmasını güman etdiyinə, habelə müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında Məcəllənin həmin vaxt qüvvədə olan tələbinə əsasən həftələrlə hesablanmalı müddətin düzgün hesablanmadığına, eləcə də Məcəllənin hazırda qüvvədə olan 73.1-ci maddəsinin onun vəziyyətini yaxşılaşdırmasına görə hazırkı mübahisəyə məhz yeni normanın tətbiq edilməsinə istinad edərək, iddiasının təmin edilməsini xahiş edir.

59. Hazırkı işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bağlanmış üç aylıq əmək müqaviləsi dörd dəfə (xx.xx.2023-xx.xx.2023, xx.xx.2023-xx.xx.2024, xx.xx.2024xx.xx.2024, xx.xx.2024-xx.xx.2024-cü il) uzadılmışdır.

60. İddiaçı həmçinin onunla sınaq müddəti ilə müddətsiz müqavilə bağlanmasını zənn etməsinə istinad edir və bu mövqeyini cavabdehin müddətli hesab etdiyi üç aylıq müddətdən beş dəfə artıq əmək münasibətlərinin davam etməsi, eləcə də ona verilmiş xidməti (İD) vəsiqəsində müddətin xx.xx.2028-ci ilədək yazılması ilə əsaslandırır.

61. Əmək Məcəlləsini hazırda qüvvədə olan 51.1-ci maddəsinə görə, bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir.

62. Düzdür, tərəflər arasında əmək müqaviləsi bağlanan vaxt qüvvədə olan normaya əsasən, sınaq müddətinin üç aydan çox olmasına yol verilmədiyi qeyd edilirdi.

63. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında həmin əmək müqaviləsi bağlanan vaxt iki ay sınaq müddəti müəyyən edilməsi Qanunun həmin vaxt qüvvədə olan normasına uyğun olsa da, üç aylıq müddətə bağlanmış əmək müqaviləsi üçün iki ay sınaq müddətinin müəyyən edilməsi hər bir halda anlaşılan deyildir.

64. Bu baxımdan, Kollegiya belə qənaətə gəlir ki, iddiaçının onunla iki aylıq sınaq müddəti ilə müddətsiz əmək müqaviləsi bağlanmasını zənn etməsi barədə bildirdikləri aşkar əsassız görünmür.

65. İddia tələbini təmin etməyən rayon məhkəməsi əmək müqaviləsi müddətinin xx.xx.2024-cü il tarixdən bitməsini qeyd etmiş və həmin tarixdən bir həftə (7 gün) hesablamağa başlayaraq xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin tələbinə və müqavilə şərtlərinə uyğun olması qənaətinə gəlmişdir.

66. Məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi, eləcə də işəgötürən müddətin hesablanmasında səhvə yol vermişdir.

67. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsindən göründüyü kimi müqavilə üç ay müddətinə bağlanmış və müqavilənin bitmə müddəti üçüncü ayın 24nədək müəyyən olunmuş, müddət sonuncu uzadılma ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur.

68. Demək ki, əmək müqaviləsinə əsasən işçinin son iş günü xx.xx.2024-cü il tarix olmuşdur. Əmək Məcəlləsinin 12 avqust 2024-cü il tarixə qədər qüvvədə olan 73.1-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İddiaçının xx.xx.2024-cü il tarixində işdə olması və öz əmək funksiyalarını yerinə yetirməsi də hazırkı işin mübahisələndirilməyən hallarındandır.

69. Belə olan halda, müqavilənin müddətinin bitdiyi xx.xx.2024-cü il tarixindən başlamaqla yeddi gün hesablandıqda (24,25,26,27,28,29,30) yeddinci gün cavabdehin əmək müqaviləsinə xitam verdiyi xx.xx.2024-cü il tarix deyil, xx.xx.2024-cü il tarix olmuşdur. Bu baxımdan, məlum olur ki, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi, hətta Qanunun həmin vaxt qüvvədə olan tələbinə uyğun olmamışdır.

70. Eyni zamanda da müəyyən olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi zamanı onun barəsində hazırlanan təqdimat və tərtib edilən aktların tarixi, eləcə də ona intizam tənbehi kimi töhmət verilməsi barədə olan əmr də elə əmək müqaviləsinin müddətinin bitdiyi xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə olmuşdur.

71. Bundan başqa, Əmək Məcəlləsinin 73.1-ci maddəsinin xx.xx.2024-cü il tarixdən qüvvədə olan mətninə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.

72. Qeyd edilən dəyişiklik barədə Qanun 28 iyun 2024-cü il tarixdə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə qüvvəyə minmişdir.

73. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qeyd edilən dəyişiklik 28 iyun 2024-cü il tarixdə qəbul edilmişdir. Həmin Qanun xx.xx.2024-cü ildə qüvvəyə minmiş olsa da, hüquqi şəxs və əmək münasibətlərinin “güclü” tərəfi olan cavabdeh məhz işçilərin əmək hüquqlarının daha etibarlı müdafiə olunmasına və hüquqi müəyyənliyin təmin edilməsinə yönələn həmin Qanundan məlumatlı olmalı idi.

74. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

75. Həmçinin, Əmək Məcəlləsinin 317.2-ci maddəsinə görə, bu Məcəllənin tətbiqi zamanı əmək müqaviləsinin tərəflərinin hüquqlarının və mənafelərinin müdafiə olunmasını təmin edən, onların məsuliyyətə cəlb olunmasını istisna edən və ya yüngülləşdirən müddəaların qüvvəsinin geriyə şamil edilməsinə yol verilir.

76. Hazırkı halda, Əmək Məcəlləsinin 73.1-ci maddəsinin xx.xx.2024-cü il tarixdən qüvvədə olan mətni iddiaçının hüquqlarının və mənafelərinin müdafiə olunmasını təmin etdiyindən, müddəaların qüvvəsinin geriyə şamil edilməsinə yol verilir. Bu baxımdan da, iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı mübahisə üzrə Əmək Məcəlləsinin müddətli əmək müqavilələrinə xitam verilməsi ilə bağlı 73.1-cü maddəsinin hazırda qüvvədə olan tələbləri baxımından da, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə verilən 31 iyul 2024-cü il tarixli, k/24-03770 №li əmrin qanunsuz olması müəyyən edilir.

77. Bundan başqa, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi halları qeyd edilmişdir: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

78. Hazırkı işin faktiki hallarından məlum olur ki, iddiaçının gördüyü işin xarakteri Əmək Məcələsinin 47-ci maddəsində sadalanan hallara aid olmadığından, onunla müddətli əmək müqaviləsinin bağlanması iddiaçının iradəsinə uyğun olmamaqla əmək qanunvericiliyinin qeyd olunan tələbləri ilə uzlaşmır.

79. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin AR Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında təsbit olunmuş hüquqi mövqe də hazırkı işin faktiki halları baxımından olduqca əhəmiyyətlidir. Həmin Qərarda xüsusi olaraq vurğulanmışdır ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən tərəflərin münasibətlərinin həqiqi xarakteri müəyyən edilməli, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olubolmamasına diqqət edilməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin halları və tərəflərin dəlilləri hərtərəfli araşdırılmalıdır.

80. Məhkəmə kollegiyası onu da qeyd edir ki, oxşar iddia tələbləri ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi də eyni olmuşdur (Ali Məhkəmə Mülki kollegiyasının 2(102)-6334/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 2(102)-5841/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2(102)-6334/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarları – i/v 49-56).

81. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə Kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslıdır və təmin edilməlidir.

82. Əmək Məcəlləsinin 300.1-ci maddəsinin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır.

83. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

84. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi tərəfindən hazırkı işin faktiki hallarına düzgün qiymət verilmədiyindən və istinad olunan maddi hüquq normasının təfsirində səhvə yol verildiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməli, "xxxx" ASC-nin sədri Vüqar Əhmədovun 31 iyul 2024-cü il tarixli, k/24-03770 №li əmri ləğv edilməli, o, X2 Təchizatı və Satışı İdarəsi/Ağdaş ElektrikŞəbəkəsi/Enerji Satış şöbəsi” bölməsində “Nəzarətçi mühəndis” vəzifəsinə bərpa olunmalı, ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməli və mediasiya xərci olan 60 manat pul cavabdehdən alınıb iddiaçıya verilməlidir.

85. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2 və 402, 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4877/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin sədri Vüqar Əhmədovun 31 iyul 2024-cü il tarixli, k/24- 03770 №li əmri ləğv olunsun. İddiaçı X2 Təchizatı və Satışı İdarəsi/Ağdaş ElektrikŞəbəkəsi/Enerji Satış şöbəsi” bölməsində “Nəzarətçi mühəndis” vəzifəsinə bərpa olunsun, ona məcburi işburaxmaya görə əmək haqqı ödənilsin və mediasiya xərci olan 60 manat pul cavabdeh "xxxx" ASCdən alınıb İddiaçı verilsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilməli olan (100+50=150) 150 manat dövlət rüsumu isə cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar