Məhkəmə qərarları › İş №2(103)-1495/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1495/2022

06.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1495/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(010)-1716/2021 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi H.Quliyev küçəsində yerləşən 14 saylı evin 81 saylı mənzilindən cavabdehlərin istifadə hüquqlarının olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi H.Quliyev küçəsində yerləşən 14 saylı evin 81 saylı mənzili tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh1 iddiaçının keçmiş gəlini, Cavabdeh2 isə cavabdehin oğlu, iddiaçının isə nəvəsidir. Hal-hazırda Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus evdə yaşamırlar. Belə ki, Cavabdeh1 iddiaçının oğlu X6 ilə nikah münasibətlərində olmuş, onların ailə münasibətləri 2006-cı ildə pozulmuş və cavabdeh iddiaçıya məxsus olan mənzildən həmin il çıxıb getmişdir. Onların arasında olan nikah 2009-cu ildə pozulmuş və Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdeh hal-hazırda iddiaçının ailə üzvü deyil. Cavabdehlə artıq 14 ildir ki heç bir əlaqələri yoxdur. Cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olması formal xarakter daşımaqla yanaşı, iddiaçının mülkiyyətçi kimi hüquqlarını da pozur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(010)- 1716/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iclasında onların iştirakı təmin edilməmiş, Cavabdeh2 məhkəmə baxışı zamanı hərbi xidmətdə olmuşdur. İddiaçı nəvəsi Cavabdeh2 hərbi xidmətdə olduğunu bilsə də məhkəmədən bu halı gizlətmişdir. Cavabdeh1 iddiaçının oğlu X6 ilə 21 sentyabr 2001-ci ildə nikaha daxil olaraq ailə qurmuşdur. O, nikaha daxil olduqdan sonra iddiaçının razılığı ilə yaşadığı və mülkiyyətində olan mübahisəli mənzilə köçmüşdür. 2004-cü ildə iddiaçı onları mülkiyyətində olan mübahisəli mənzilə qeydiyyata salmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 noyabr 2009-cu il tarixli qətnaməsinə əsasən X6 ilə Cavabdeh1 arasında nikah pozulmuş və oğlu Cavabdeh2 boşanmadan sonra anasının yanında saxlanılmışdır. Lakin nikah pozulduqdan sonra mənzildə birgə yaşamaq mümkün olmamış, ona görə də o, oğlu ilə birlikdə valideynlərinin yanında qalmağa məcbur olmuşdur. İddiaçının mübahisəli mənzilə mülkiyyət hüquqları 07 yanvar 2004-cü ildə qeydiyyata alınmışdır. O, gəlin köçəndən, yəni 2001-ci ildən iddiaçı ilə birlikdə yaşamış, birgə təsərrüfat aparmışlar. Həmin mənzildə övladı dünyaya gəlmişdir. Təbii ki, onun mənzildə yaşayış sahəsindən istifadə hüququ yaranmış, çünki 2001-ci ildən həmin mənzildə bütün ailə üzvlərinin, o cümlədən iddiaçının razılığı ilə köçüb yaşamağa başlamış, 15 aprel 2002-ci il tarixdə oğlu Cavabdeh2 doğulmuş, 2004-cü il tarixdə həmin mənzilə istifadə hüquqlarını mülkiyyətçi tanımış və mənzilə pasport qeydiyyatına alınmışlar. Eyni zamanda qanunverici iddiaçıya onlara mənzildən istifadə hüququna xitam vermək üçün bazar qiyməti ilə kompensasiya verilməsi yolunu da müəyyən etmişdir. Buna görə də hesab edirlər ki, məhkəmə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(010)-1716/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmalı, iddia təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi H.Quliyev küçəsində yerləşən 14 saylı evin 81 saylı mənzili İddiaçı tam mülkiyyətindədir. Cavabdeh1 ilə iddiaçının oğlu X6 21 sentyabr 2001-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 noyabr 2009-cu il tarixli qətnaməsinə əsasən X3 Cavabdeh1 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, onlar arasında bağlanmış nikahın pozulması, birgə nikahlarından doğulmuş 15 aprel 2002-ci il təvəllüdlü Cavabdeh2 boşanmadan sonra anası Cavabdeh1 yanında qalması qət edilmişdir. Tərəflərin izahatlarından görünür ki, cavabdehlər 2006-cı ildən həmin mənzildə yaşamırlar. İş materiallarından və işin faktiki hallarından görünür ki, Cavabdeh1 iddiaçının oğlu Yuri Potapovla 2001-ci ildə nikaha daxil olub ailə qurduqdan sonra Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi H.Quliyev küçəsində yerləşən 14 saylı evin 81 saylı mənzilinə köçmüşdür. Həmin dövrdə mənzil İddiaçı mülkiyyətində olmamış, sonuncunun mənzil üzərində mülkiyyət hüququ 2004-cü ildə yaranmış, hər iki tərəf 2004-cü ildə qeyd olunan mənzilə pasport qeydiyyatına alınmışlar. İddiaçının nümayəndəsi Yelena Məmmədova tərəfindən məhkəməyə təqdim olunmuş 28 noyabr 2003-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, anası İddiaçı həmin mənzili qeyd olunan alqı-satqı müqaviləsinə əsasən əldə etsə də, müqavilə bağlanmamışdan bir neçə il əvvəl bu alqısatqı baş tutmuş, sənədləşmə isə 2003-cü ildə həyata keçirilmişdir. Cavabdeh1 nə 2001-ci ildə həmin mənzilə köçəndə, nə də 2004-cü ildə qaynanası İddiaçı mənzil üzərində mülkiyyət hüququ qeydə alınarkən mənzildən istifadə hüququ əldə etməmişdir. Belə ki, 2001-ci ildə mənzilin mülkiyyətçisi başqa şəxs---X5 olmuş, Cavabdeh1 2004-cü ildə mənzildən mülkiyyət hüququ əldə edən İddiaçı ailə üzvü olmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” 08.10.2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 228-ci maddəsində və buna uyğun olaraq Konstitusiya Məhkəməsinin aidiyyəti Qərarlarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə “ailə üzvləri”, “digər ailə üzvləri” və “digər şəxslər” prizmasından yanaşılır və Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddəsinin tələblərinə əsasən digər şəxslər, birmənalı olaraq yaşayış sahəsindən istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və ya belə şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilmiş olsun. Kollegiya hesab edir ki, tərəflər arasında sözügedən mənzillə bağlı münasibətlər 2004-cü ildə yaranmaqla iddia tələbinə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin müddəalarını tətbiq etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər Cavabdeh1 mübahisəsi gedən mənzilin mülkiyyətçisi olmuş Potapova X1 Yuriy Leonidoviçlə nikah münasibətlərinə 09 noyabr 2009-cu il tarixdə xitam verilmiş, mübahisəli mənzildə yaşadığı dövrdə mənzilin mülkiyyətçisi tərəfindən Cavabdeh1 notarial qaydada təsdiq olunmuş razılıq verilməmiş və beləliklə onun mübahisəli mənzildən istifadə hüququ yaranmamaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Ü.Rəhimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 17 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 dekabr 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi Nailə Rəhimovanın mübahisəli mənzilə qaynanası (mülkiyyətçi) Ülkər Rəhimovanın şifahi razılığı əsasında köçməsinə, həmin mənzilə qeydiyyata düşməsinə əsaslanaraq həmin mənzildən istifadə hüququ əldə etməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticəni qanunsuz hesab etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 noyabr 2009-cu il tarixli qətnaməsinə əsasən X4 Cavabdeh1 arasında nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 15 aprel 2002-ci il təvəllüdlü Cavabdeh2 anası Cavabdeh1 yanında saxlanılmışdır. 2006-cı ildə Cavabdeh1 azyaşlı övladı Cavabdeh2la birlikdə mübahisəli mənzili tərk etdikdən sonra geri qayıtmamış, həmin mənzilə köçürülmək barədə məhkəmədə iddia qaldırmamış və qeyd olunan yaşayış sahəsindən istifadə etməyə ehtiyacının olmadığını nümayiş etdirmişdir. Məhkəmə qətnaməsinə əsasən Cavabdeh2 yaşayış yeri anası Cavabdeh1 yaşayış yeri olduğundan və cavabdehlər 2006cı ildən mübahisəli mənzildə yaşamadıqlarından, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hər iki cavabdehə qarşı hazırkı iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı hazırkı iddianı qaldırmaqda məqsədi onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olan cavabdehlərin qeydiyyatdan çıxarılmasına nail olmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehlərin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehlərin qeydiyyatdan çıxarılmasına əsas verir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Lakin işə baxılarkən prosessual hüquq normaları pozulmuşdur. Belə ki, cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsalar da, onların məhkəmə iclasında iştirakları təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 387, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(010)- 1716/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi H.Quliyev küçəsində yerləşən 14 saylı evin 81 saylı mənzilindən istifadə hüququnun olmaması müəyyən edilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar