Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1497/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 oktyabr 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 06.10.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və Rayon Məhkəməsi apellyasiya şikayətini qəbul edərək baxılması üçün şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 16.07.2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09.07.2021-ci il tarixli 363-VİQD nömrəli Qanunu 01.10.2021-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndinə görə, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (MPM) edilmiş dəyişikliklərin bir hissəsi birinci instansiya məhkəmələrinin qətnamə və qərardadlarından verilən apellyasiya şikayətlərinin forma və məzmunu, habelə apellyasiya şikayətinin verilməsi qaydasına aiddir. MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. Lakin iş üzrə iddiaçının verdiyi apellyasiya şikayətindən görünür ki, şikayət MPM-nin 361.1-ci maddəsində və “MPM-ə əlavə 2”-də müəyyən edilən forma və məzmuna uyğun tərtib edilməmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Apellyasiya şikayəti qaytarılmalıdır. Çünki MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin Rayon Məhkəməsi apellyasiya şikayətini qaytarmamış, baxılması üçün onu Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 402-cı maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 oktyabr 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1497/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1497/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver