Məhkəmə qərarları › İş №2(103)-1498/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1498/2021

23.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1498/2021 23.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçılar İddiaçı2 İmadəddin qızı, İddiaçı1, iddiaçıların nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 və cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, Babayeva Şəlalə İmaməddin qızının və Babayev Həbibulla Əmirulla oğlunun Babazadə Tərlan Həmidulla oğluna qarşı “evə köçürülmə ” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin, 2(001)-4702/2020 saylı, 12.10.2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçılar Babayeva Şəlalə İmaməddin qızı və Babayev Həbibulla Əmirulla oğlu cavabdeh Babazadə Tərlan Həmidulla oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rəyonu, Biləcəri qəsəbəsi, M.Quluxan küçəsi, 13 saylı evdən istifadə hüquqlarının tanınması və evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Babayeva Şəlalə İmaməddin qızı 1988-ci ildə Bakı şəhəri, Binəqədi rəyonu, Biləcəri qəsəbəsi, M.Quluxan küçəsi ev 13 ünvanında yaşayan mərhum Babayev Əmrulla Həmdulla oğlu ilə ailə həyatı qurmuş, 2014-cü ildə nikahlarını rəsmiləşdirmişlər. Onların 15.10.1992-ci il təvəllüdlü Babayeva Könül Əmrulla qızı və xx.xx.1998-ci il təvəllüdlü Babayev Həbibulla Əmrulla oğlu adlı uşaqları olmuşdur. 1999-cu ildə onlar cavabdehin razılığı ilə mübəhisəli evə köçüb bu günədək orada yaşamış, onların bütün əşyalərı o vaxtdan həmin evdə qalmışdır. İddiaçının əri 04.11.2014- cü ildə vəfat edənədək həmin evdə pasport qeydiyyatında olmuşdur. İddiaçı 2020- ci ilin fevral ayında bilmişdir ki, cavabdeh tərəfindən evin giriş qapısının açarları dəyişdirilmiş və o məcbur qalıb bacısının evində yaşamalı olmuşdur. Hazırda cavabdeh onların yaşadıqları evin bir otağını sökərək öz evinə birləşdirmişdir. Cavabdeh onların bütün hüquqlarını pozaraq evlərini ələ keçirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin, 2(001)-4702/2020 saylı, 12.10.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (Sədirlik edən: Etibar Mustafayev). Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin, 2(001)-4702/2020 saylı, 12.10.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların Cavabdeh qarşı ünvan 2 ünvanındankı evdən istifadə hüququnun tanınması və evə köçürülmə barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşə baxan birinci instansiya məhkəməsi tələbə düzgün qiymət verməməklə yanaşı istifadə hüququnun tanınması hissəsində ümumiyyətlə qiymət verməməklə maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Məhkəmənin zəruri araşdırma aparmadığı azmış kimi işdəki sübutlara da qiymət verməmiş, tərəflərin qarşılıqlı hüquq münasibətlərinə və işin həqiqi hallarına uyğun olmayan qətnamə çıxarmışdır. İddiaçı2 1988-ci ildə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Quluxan küçəsi ev 13 də yaşayan mərhum X4 ilə ailə həyatı quraraq evlənmiş, 2014-cu ildə bu ailə həyatlarını rəsmi nigahla rəsmiləşdirmişlər. Həmin nikahdan 15 oktyabr 1992-ci ildə X7, xx xxxxxx 1998-ci ildə isə İddiaçı1 Əmrulla adlı özladları dünyayaya gəlmişlər. 1999-cu ildə iddiaçılar mərhumun qardaşı Cavabdeh razılığı ilə mübahisəli ünvan 2-dəki evə köçüb bu günədək orada yaşamışlar. İddiaçıların bütün əşyaları o vaxtdan həmin evdədir. Uşaqlar da orada məktəbə getmişdir. X4 2014-cu ilin noyabrın 4-də vəfat etmiş, ölənədək mübahisəli evdə paport qeydiyyatında olmuşdur. Onun məzarı Qobustan rayonununda ata yurdundadır. Qızı həmin ünvandan 27.11.2017-ci ildə gəlin köçmüşdür, bu video çəkilşə müşayət olunmuşdur və həmin video görüntülərdə bütün faktlar öz əksini tapmışdır (cavabdeh isə guya bizim mübahisəli mənzildə 2012-2014 illərdə yaşadığımızı bildirmişdir). Məhkəmə yalnız cavabdehin gətirdiyi dəlillərə əsaslanaraq qətnamə çıxarmışdır. Həbibulla Əmirulla oğlu hasarı aşaraq həyətə keçsə də iddiaçı hasarı aşa bilməyib axşam bacısıgildə qalmalı olmuşdur. Səhərisi iddiaçılara məlum olmuşdur ki, iddiaçılarla bir həyətdə yaşayan, lakin girişləri ayrı olan evdə yaşayan qaynı Cavabdeh həyətin giriş qapısının kilidini dəyişmişdir. İddiaçı məcbur qalıb bacısı Mətanət Məmmədovanın yaşadığı Yasamal rayonunundakı H.Cavid küçəsində yerləşən ünvanda yaşamalı olmuşdur. Qaynı Cavabdeh ərdə olan qızı Könülə telefon zəngi edərək “polisə, məhkəməyə müraciət edərsə nə qədər istəsələr o qədər verərəm ona ev vermərəm, lakin sakit oturarsa sizə 15.000 manat pul verəcəyəm ki, özünüzə ev alasınız” demişdir. Cavabdeh iddiaçıların yaşadıqları evin bir otağını özbaşına söküb həmin yeri yaşadığı evin həyətinə birləşdirmişdir. İddiaçı və uşaqları ərinin qanuni vərəsələri olduğu halda cavabdeh qaynı Tərlan Babazədə onların bütün hüquqlarını qanunzsuz olaraq mənimsəyərək yaşayış evini ələ keçirmişdir. İddiaçı əri vəfat edəndən sonra müxtəlif yerlərdə xadimə işləməklə özünü dolandırır, yaşamağa yeri yoxdur. İddiaçılar məcbur qalaraq müxtəlif ünvanlarda qohumlarının yanında yaşayırlar. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı2 1999-cu ildən 2020-ci ilin fevral ayınadək Biləcəri qəsəbəsi, Mehdiquluxan küçəsi 13 ünvanında qeydiyyatsız yaşayıb. Buna baxmayaraq, işə baxan birinci instansiya məhkəməsi buna qiymət verməyərək üzərindən keçmiş və yalnız, cavabdehin gətirdiyi əsassız dəlillərə əsasən həmin mübahisəli ünvanda 2012-ci ildən etibarən 2014-ci ildən yaşaması qənaətinə gəlmişdir. Tərəflər arasında münasibətlər 1999-cu ildə yarandığından hazırkı mübahisəyə 2009-cu ilədək qüvvədə olan qanunvericliyi tətbiq etmək əvəzinə hazırda qüvvədə olan qanunvericiliyi tətbiq etmişdir. Halbuki, göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 mübahisəli yaşayış sahəsinə 1999-cu ildə köçmüşlər. Belə olan halda mövcud mübahisə Azərbaycan Respublikasında 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarının tələbləri baxımından həll edilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşavış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçılar İddiaçı2, İddiaçı1 və onların nümayəndələri və vəkilləri Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etmişlər. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Şükürova və cavabdehin nümayəndəsi və vəkili E.Vəlyev iddiaçıların apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişlər. Kollegiya iclasında şahid qismində iştirak edən X10, izahatında iddiaçının oğlu ilə münasibətinin pis, qızı ilə münasibətinin yaxşı olmasını, iddiaçının onun kiçik əmisi ilə birlikdə həyətdəki kiçik evdə qaldığını, iddiaçıların onunla yaşamasını istəmədiyini, mübahisəli evin 3 mərtəbə olduğunu, 1-ci mərtəbəsinin hazır, qalan 2 mərtəbəsinin isə hazır olmadığını, onun 5 yaşı olarkən iddiaçıların həmin evdə yaşamasını bildirmişdir. Kollegiya iclasında şahid qismində iştirak edən X9, izahatında hər iki tərəflə münasibətinin yaxşı olduğunu, özünün 1990-cı ildə həmin evdən çıxdığını, o zaman uşağının 3 yaşı olduğunu, aralarında olan nikahın pozulmasının səbəbinin iddiaçı olmadığını, iddiaçıların 1998-1999-cu ildən mübahisəli evdə yaşadığını, iddiaçıların rayona getdiyini, gələndə isə cavabdeh tərəfindən qapının bağlandığını, iddiaçıların evdən çıxdıqdan sonra kirayədə qalmasını bildirmişdir. Kollegiya iclasında şahid qismində iştirak edən X5 izahatında cavabdehlə münasibətlərinin normal olduğunu, iddiaçıların təxminən 1999-2000-ci ildən həmin evdə yaşamasını, əmisi rəhmətə getdikdən sonra da həmin evdə yaşadıqlarını, hətta iddiaçının bacısı olan Babayeva Könülün də həmin evdən gəlin köçdüyünü bildirmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi: İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Babayev Əmirulla Həmdulla oğlu ilə Babayeva Şəlalə İmaməddin qızı 19 may 2014-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə Məmmədova (Babayeva) Şəlalə İmaməddin qızının nikahlarından 20 yanvar 1998ci il tarixdə Babayev Həbibulla Əmirulla oğlu doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı2 1999-cu ildən 2020-ci ilin fevral ayınadək Biləcəri qəsəbəsi, Mehdiquluxan küçəsi 13 ünvanında qeydiyyatsız yaşayıb. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Babayev Əmirulla Həmdulla oğlu 04 noyabr 2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Lermantov küçəsi (indiki M.Quluxan) 13 saylı mənzil 06 yanvar 1993cü il tarixdə Babayev Tərlan Həmidulla oğlunun mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan 30/3861 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Biləcər i qəsəbəsi, M.Quluxan küçəsi ev 13 ünvanında olan ev 06.01.1993cü il tarixdə cavabdeh Babazadə Tərlan Həmidulla oğlunun mülkiyyətinə keçmişdir. Hüquqi dəyərləndirmə: Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında hüquq münasibətləri 01.10.2009-cu il tarixdən sonra əmələ gəldiyindən, mübahisəyə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Kollegiya işin hallarına, apellyasiya şikayətinin dəlillərinə, şahid ifadələrinə və tərəflərin izahatlarına əsasən qeyd edir ki, İddiaçı2 1998-ci ildən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Quluxan küçəsi ev 13-də yaşamışdır. İddiaçının həmin evdə yaşaması iş materialları ilə yanaşı, kollegiya iclasına dəvət edilmiş şahid ifadələri ilə də təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasna dəvət edilmiş İddiaçı2 mərhum həyat yoldaşının birinci arvadı X9 və onun oğlu X5 iddiaçının 1998-1999-cu illərdən sözügedən evdə yaşadığını bildirmişlər. Eyni zamanda, Cavabdeh oğlu 1994cü il təvvəllüdlü X10 da onun 5 yaşından bəri iddiaçıların həmin evdə yaşadığını bildirmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Odur ki, Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, kollegiya qeyd edilən şahid ifadələrini digər sübutlarla yanaşı qiymətləndirərək qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi F.Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbi tərəfindən verilmiş 13 aprel 2021-ci il tarixli arayışdan görünür ki, iddiaçının qızı X6 01.09.1999-cu il tarixindən 06.07.2011-ci tarixədək 6 saylı Uşaq İncəsənət Məktəbi üzrə təhsil almışdır. Eyni zamanda, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 300 nömrəli orta məktəbin 15 aprel 2021-ci il tarixli arayışından görünür ki, X6 1999-cu ildən məktəbin İ sinfinə daxil olmuş, 2008-ci ildə İX sinifi bitirmiş və əsas təhsil haqqında şəhadətnamə almışdır. Həmin arayışa görə, İddiaçı1 da 15.09.2004-cü il tarixdən məktəbin İ sinfinə daxil olmuş, 20.09.2005-ci ildə məktəbin İİ sinifindən çıxmışdır. Qeyd olunan arayışlar iddiaçı tərəfindən uşaqlarının mübahisəli evin olduğu ərazidə təhsil almasını göstərmək məqsədi ilə məhkəməyə təqdim edilmişdir. Kollegiya sadalanan xüsusatlara əsasən qeyd edir ki, həm iş materialları, həm də şahid ifadələrinə əsasən iddiaçıların 1998-ci il tarixindən mübahisəli evdə yaşaması sübut olunur. Belə olan halda, hüquq münasibəti 1998-ci ildə yarandığından həmin hüquq münasibətinə 08 iyul 1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəaları tətbil olunmalı olduğu halda, birinci instansiya məhkəməsi mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsini tətbiq etməkdə haqlı olmamışdır. Həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İşə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin qeyd edilən müddəalarını tətbiq edərək, kollegiya hesab edir ki, iddiaçının 1998-ci ildən mübahisəli mənzildə yaşaması sübuta yetirildiyindən onun həmin evdən istifadə hüququ yaranmışdır. Belə olan halda, iddiaçıların 1998-ci il tarixindən yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdiquluxan küçəsi, ev 13-də yerləşən yaşayış sahəsindən istifadə hüququnun tanınması və köçürülməsinə dair iddiası təmin edilməli, İddiaçı2 və İddiaçı1 həmin evdən istifadə hüququ tanınaraq evə köçürülməlidir. Qeyd edilən xüsusatlara əsasən, kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin, 2(001)-4702/2020 saylı, 12.10.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdiquluxan küçəsi, ev 13-də yerləşən yaşayış sahəsindən istifadə hüququ tanınsın və həmin evə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar