Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1499/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı Quliyeva Adil Nadiroviçin, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Quliyeva Adil Nadiroviçin cavabdeh "xxxx" ASC-yə qarşı “müavinət məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3861/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müavinət məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Azərbaycan Respublikasında 2021-ci il ücün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunan tələblərinə əsasən ona verilən müavinatın məbləğini artıraraq 196 manat müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 0, 21 iyul 1966-cı il tarixdə 13 yaşında olarkən 4 saylı X2 Zavodunun indiki "xxxx" ASC-nin təqsiri ucbatından xəsarət almış və nəticədə ayağı amputasiya olmuşdur. Həkim Komissiyasının rəyinə əsasən 80 faiz əmək qabilliyətsiz hesab olunmuş və ona müddətsiz 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Bu məsələlər Bakı Şəhər Şaumyan Rayon Xalq Məhkəməsinin 20 mart 1967-ci il tarixli qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Bütün bunlara görə cavabdeh “Bakı Dəmir Beton- 4" Açıq Səhəmdar Cəmiyyəti tərəfindən ona 136 manat ömürlük müavinət ödənilir. Lakin “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə üçün 196 manat məbləğində müəyyən edilmişdir. O, dəfələrlə cavabdeh "xxxx" ASC-yə ona verilən müvinatın məbləğini artıraraq 196 manat təyin edilməsini xahiş etsə də, onlar məhkəməyə müraciət etməyin qanuna müvafiq olduğunu bildirmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehdən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq iddiaçıya aylıq ödənilən müavinət məbləği artırılaraq hər ay üçün 196 manat müəyyən edilməsi, iddiaçı tərəfindən mediasiya xərclərinin tərkibində ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdır. Həmin qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, onlar cavabdehə 136 manat müavinatın verilməsi barədə qətnamə ilə razı olmasalar da Azərbaycan Respublikasının qərarlarını icra etmişlər. Lakin 136 manatın 196 manat həcmində qaldırılması məsələsi ilə razı deyillər. Bu qətnamədə yaşayış minimumuna görə hər dəfə müavinatın artırılması qeyd edilməmişdir. Hər il yaşayış minimumu artır, onlar şirkət olaraq hər il üçün müavinatın məbləğinin artırılması həcmində gəlirə sahib deyillər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 mart tarixli, 2(102)-1528/18 saylı qərarından görünür ki, cavabdeh "xxxx" ASC-nin Bakı Apellyasiya Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 may 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə sonuncunun sağlamlığına vurulmuş zərərə görə onun məhkəmədə 2016-cı ildən əvvəlki üç il üçün birdəfəlik qaydada 4641 manat və 2016-cı ilin mart ayından hesablanaraq hər ay 136 manat məbləğində pul vəsaiti tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı 4 saylı X2 Zavodunun indiki "xxxx" ASC-nin təqsiri ucbatından xəsarət alması və əlilllik dərəcəsi verilməsi qanunu qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur. Bu işin mübahisəsiz halıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsindən görünür ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3861/2021 saylı, 28 oktyabr 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1499/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1499/2022
02.02.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver