Məhkəmə qərarları › İş №2(103)-15/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-15/2025

10.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-15/2025 10.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, İddiaçı və onun vəkili Yusifbəyli Rəsul Rəbbil oğlunun, Cavabdeh Qurban qızı və onun nümayəndəsi-vəkili İsmayılzadə Qulam Azər oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Qurban qızına qarşı “özbaşına tikilidən və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə ünvan 4i il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilən apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçının mülkiyyət hüququ ilə qeyd alınmış evi və həmin evin yerləşdiyi torpaq sahəsi hasara alınmış, həmin hasarın daxilində digər mübahisəli özbaşına tikili olan ev vardır. Həmin torpaq sahəsində hər iki evin küçəyə ayrıca çıxışı olsada evlər birbirindən hasarla təcrid edilməməklə eyni hasar daxilində yerləşir. Cavabdeh iddiaçının baldızıdır. Cavabdeh mübahisəli evdə yaşayır. Hazırda mübahisəli ev iddiaçının faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsi daxilində yerləşdiyindən iddiaçı cavabdehin həmin evdən çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh Qurban qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qurban qızının Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi İ.Nəsimi küçəsindəki 16 “a” saylı evdən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək əvvəl göstərdiyi ünvan 1 ünvanının ünvan 2 ona məxsus olan torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz və özbaşına tikilmiş evin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Qurban qızının ona məxsus torpaq sahəsindən və özbaşına tikilidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən mübahisəli ev qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyət hüququ əsasında ona məxsusdur. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində 05 reyestr kitabında FM 033684 nömrəli qeydiyyat aparılmışdır. Həmin ev 3 otaqdan ibarətdir. 6 ay bundan qabaq iddiaçının qaynatası vəfat etmişdir. Qızı kimi də iddiaçının baldızı onlarda qalaraq yas mərasimini təşkil etmək üçün onlara köməklik edirdi. Bu səbəbdən yas mərasimini təşkil edənə qədər müvəqqəti onlarda qalmaqda razılıq vermişdir. İddiaçının qohumu-baldızı-iş üzrə Cavabdeh Qurban qızı müvəqqəti qalmaqları bir müddətdən sonra ona aydın oldu ki, daimi yaşamağa çalışırlar. Çünki, həmin müddət ərzində onun maddi cəhətdən imkanı çətin idi. Belə ki, gedib-gəlmək üçün həm yorğunluq həm də maddi məsrəf tələb edirdi. İddiaçının həyat yoldaşı xahiş etmiş, o, da onun sözünü yerə salmamışdır. Qohum olduqlarını nəzərə alaraq müvəqqəti sığınacaq vermişdir. Bir müddət əvvəl o, Cavabdeh Qurban qızı evini boşaldaraq öz mülkiyyətində olan evə qayıtmasını və onların ailə üzvlərinin çox olmasını nəzərə alaraq getmələrini tələb etdikdə cavabdeh onunla mübahisə edərək heç yerə getməyəcəyini bildirir. Bununla bağlı bir neçə dəfə ərazi üzrə sahə rəisinə müraciətlər etmişdir. Cavabdehin evi boşaltmamağı onun mülkiyyətiçi kimi və ailə üzvlərinin hüquqlarını pozur. Cavabdeh həmin mənzildə qeydiyyatda deyil və cavabdehi həmin mənzillə heç nə bağlamır. Mülkiyyətçisi olduğu mənzildə ailə üzvləri ilə rahat yaşamaq üçün onun qanunla hüquqlarından istifadə etməklə cavabdehi ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması zəruridir. Cavabdeh əsassız olaraq hər dəfə mübahisə edir və bu onların ailənin rahatlığını pozur. İddiaçının 3 övladı var. İddiaçının həyat yoldaşı, 2 oğlu ailəsi ilə birlikdə həmin evdə yaşayırlar. Evləri çox kiçikdir. İddiaçının oğlanları ailələri ilə birlikdə ayrı yaşayış yeri vermək istəyirdi ki, ayrı yaşasınlar, o, həyat yoldaşı ilə onlara mane olmaq istəmirlər. Bu səbədən də o, qanuni mülkiyyətçisi olduqları Bakı şəhəri Xəzər rayon Binə qəsəbəsi, İ.Nəsimi küçəsi 16 “a” saylı evin həyətində uşaqlarına şərait yaratsın. Lakin cavabdeh onun mülkiyyətçi kimi hüquqlarını pozur, onu mülkiyyətinə sahib olmaq, istifadə etmək hüququndan məhrum edir. Cavabdeh ondan icazəsiz digər ailə üzvlərini də iddiaçının mənzilində saxlayır. Cavabdehin onun mənzilində yaşamaqla, iddiaçının mənzilini də yararsız vəziyyətə salır. O, mənzilində təmir işləri aparılmalı olacaqdır. Cavabdehin ayrı yaşayış yeri var. Xəzər rayonu Binə qəsəbəsi, İ.Nəsimi küçəsi 16 “a” saylı evə həqiqiətən ehtiyacı var. İddiaçının başqa yaşayış yeri yoxdur. Onun bu yaşında tez-tez cavabdehdən iddiaçının mənzilini boşaltmağı tələb etməsi ona həm fiziki, həm də mənəvi əziyyət verir. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, İddiaçı bacısının əridir, Cavabdeh Qurban qızı isə bacısıdır. Tərəflərin arasında həmişə torpaq sahəsinə görə mübahisə yaranmışdır. Torpaq sahəsi qanunla İddiaçı məxsusdur. Atası ev tikmək üçün Cəmaləddindən icazə alaraq həmin torpaq sahəsində ev tikmişdir. Torpaq sahəsini atası tutmuşdur. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, İddiaçı və Cavabdeh Qurban qızı onun qonşularıdır. 2014-cü il tarixdə Qurban kişidən torpaq sahəsi almışdır. 2014-cü il tarixdən mübahisəli evə gedib gəlir. 2017-ci il tarixdə X11 özünə məxsus bütün əmlakını qızı xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh vəsiyyət etmişdir. Həmin vaxt o, şahidlik etmiş və vəsiyyətnaməyə imza etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, İddiaçı və Cavabdeh Qurban qızı onun qonşuları olublar. Kənd sakinləri boş torpaq sahələrini tuturdular. O və Cavabdeh da torpaq sahəsi tutmuşdur. Dilarənin atası X11 həmin torpaq sahəsini hasarlamışdır. Həmin vaxt İddiaçı başqa ünvanda yaşayırdı. ünvan 4i il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh Qurban qızının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Nəsimi küçəsi, 16 ünanında yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən özbaşına tikilidən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli tikili iddiaçının faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsi daxilində iddiaçının özünündə iştirakı ilə mərhum qaynatasının yaşaması üçün tikilmiş, qaynatası ölən günə qədər həmin tikilidə yaşamış, cavabdeh isə yalnız atası öləndən sonra müvəqqəti olaraq (atasının yas mərasimləri dövründə) yaşamağa başlamış və sonradan həmin tikilidə qalmışdır. Belə olan halda işin faktiki halları ilə müəyyən edildiyi kimi cavabdehin həmin tikili ilə hər-hansı bağlılığı (maddi və fiziki baxımından) olmamaqla həmin tikiliyə hər-hansı hüququ olmadan yaşamaqda davam edir. Lakin, işin müəyyən edilən hallarından göründüyü ki, iddiaçı mübahisəli torpaq sahəsini hasara almaqla üzərində mülkiyyət hüququ ilə qeydiyyata alınmış evi olmaqla ümumilikdə torpaq sahəsini faktiki sahiblik etməklə istifadə edir və həmin torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları qeydiyyata alınmasa da, həmin sahəyə gələcəkdə mülkiyyət kimi gözlənti hüququ digər şəxslərə münasibətdə daha üstündür. Cavabdehin atasının həmin tikilidə qalması ona həmin tikiliyə və tikilinin yerləşdiyi torpaq sahəsinə hər-hansı hüquq verməməklə, cavabdehin də atasına münasibətdə həmin tikiliyə və tikilinin yerləşdiyi torpaq sahəsinə hər-hansı hüququnun yaranmasını istisna edir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh Qurban qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən özbaşına tikilinin məhz ona məxsus torpaq sahəsində yerləşməsini təsdiq edən hər-hansı bir sənəd təqdim edilməmişdir. Məhkəmə öz təşəbbüsü ilə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının həyatyani sahəsinə düşüb-düşməməsini müəyyən etmək məqsədi ilə torpaq sahəsinin ölçü və kordinatlarının müəyyən edilməsinə dair ekspertiza təyin etsə də ekspertiza nəticəsiz qalmışdır. Göründüyü kimi, nə iddiaçı məhkəməyə mübahisə predmeti olan daşınmaz əmlakın məhz onun həyətyani sahəsinə düşdüyünü təsdiq edən sənədi təqdim etməmiş, nə də ki bu fakt öz təsdiqini keçirilmiş ekspertizanın nəticəsində tapmışdır. Lakin buna baxmayaraq məhkəmə öz qərərında belə nəticəyə gəlmişdir ki, özbaşına tikili iddiaçıya məxsus həyatyani sahədə tikilmişdir. Yəni məhkəməyə torpağın məhz iddiaçıya məxsus olmasını təsdiq edən hər-hansı bir sübut təqdim edilməməsinə baxmayaraq məhkəmə iddiaçının mübahisə predmeti olan torpaq sahəsinin sahibi kimi tanımışdır. Məhkəməyə 3 şahid dəvət edilmiş, onlardan biri iddiaçının arvadı onun xeyrinə izahat versə də, digər iki şahid, hansılar ki mübahisə predmeti olan sahəyə qonşuluqda yaşayırlar, torpaq sahəsinin vaxtı ilə cavabdeh və onun atası tərəfindən tutularaq hasara alındığı bildirilmişdir. Lakin məhkəmə neytral şahidlərin də izahatlarında verdikləri həqiqətə göz yumaraq təkcə iddiaçının sözünə inanaraq torpaq sahəsinin ona məxsus olduğu qərara gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, İddiaçı və Cavabdeh Qurban qızı onun qonşuları olublar. Kənd sakinləri boş torpaq sahələrini tuturdular. O və Cavabdeh da torpaq sahəsi tutmuşdur. Dilarənin atası X11 həmin torpaq sahəsini hasarlamışdır. Həmin vaxt İddiaçı başqa ünvanda yaşayırdı. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sübutlarda da ona ayrılmış torpaq sahəsinin ölçüləri ilə mübahisə predmeti yerləşən qeyri-qanuni tikilinin ölçüləri arasında ziddiyət var. Belə ki, iddiaçı tərəfindən təqdim edilən xx.xx.1992-ci il tarixli keçmiş Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilən sərəncamda iddiaçıya ayrılan torpaq sahəsinin ölçüsü 700 kv m., Əzizbəyov rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli sərəncamında 754 kv.m., iddiaçı tərəfindən təqdim edilən ayrılmış torpaq sahəsinin texniki göstəriciləri haqqına sənəddə isə 600 kv.m göstərilmişdir. Bununla bağlı torpaq sahəsinin ölçü və kordinatlarının müəyyən edilməsinə dair ekspertizada isə mübahisə predmeti olan evin 830 kv. metr torpaq sahəsinin üzərində yerləşdiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilən sübutlarda torpaq sahəsinin ölçüsü ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmiş sahədən balacadır. Belə olan halda isə məhkəmənin artıq olan torpaq sahəsinin də iddiaçının ərazisinə aid edilməsi absuddur. Bundan başqa, məhkəməyə təqdim etdikləri Binə Bələdiyyəsi tərəfindən verilmiş, həqiqiliyi indiyə qədər iddiaçı tərəfindən mübahisə edilməmiş, xx.xx.2020-ci il tarixli məktubdan göründüyü kimi cavabdehin atası X11 Binə qəsəbəsi ünvan 5 ünvanda yerləşən 250 kv.metr torpaq sahəsi üçün sağ olarkən bələdiyyə vergisi ödəmişdir. Bu hal onu sübut edir ki, İddiaçı mübahisə predmeti olan torpaq sahəsinin sahibi olmamışdır və yalnız cavabdehin atası öldükdən sonra ona yiyələnmək məqsədi güdmüşdür. Məhkəmə tərəfindən qeyd olunan arayışın saxta olduğu təqdirdə niyə qarşı tərəfin mübahisələndirməməsi müəyyən edilməmişdir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyanın 2(103)-2475/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin 05 iyul 2022-ci il tarixdə mütəxəssis rəyinin təqdim edilməməsi (95 manat məbləğində rüsumunun ödənilməməsi) səbəbindən ekspert rəyi verilməsindən imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2475/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh Qurban qızına qarşı “özbaşına tikilidən və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə icraat təzələnərək mülki işə baxılması xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2475/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə əvvəlki ekspertizanın keçirilməsindən imtina edilməsinə səbəb olan hal aradan qalxdığı üçün xüsusi bilik tələb edən sualların izah edilməsi zərurəti yarandığından, iş üzrə obyektiv, tam və hərtərəfli araşdırma aparılması məqsədilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Bakı şəhəri Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 10/2659 saylı məktubu ilə ekspert rəyi daxil olduğundan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnərək mülki işə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Rəyin natamam olması səbəbindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-158/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il, xx.xx.2024 cü il tarixli məktubu ilə ekspert rəyi verilməsindən imtina edilsə də, mülki iş qərardadın icra edilməsi üçün yenidən Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 fevral 2025-ci il tarixli 3-16-16/2-10/4413/2024 saylı məktubu ilə ekspert rəyi məhkəməyə daxil olmuşdur. Bununla da işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldığından iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsivəkili ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinin 1-ci bəndi: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 1-ci və 2-ci bəndi: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə: 152.1. Mülkiyyət hüququ - subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 520/44 saylı “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması” haqqında sərəncamının surətindən görünür ki, X4 Binə qəsəbəsində fərdi ev tikmək üçün 700 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 404 saylı “Binə qəsəbəsi, 4/2 saylı sahədə vətəndaş X3 tikdiyi fərdi yaşayış evinin qeydiyyatdan keçirilməsi haqqında sərəncamının” surətindən görünür ki, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 520/44 No-li xx.xx.1992-ci il tarixli sərəncamı ilə vətəndaş X4 Binə qəsəbəsində 4/2 saylı sahədə 145-000-129 s tipli layihə əsasında fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Hal-hazırda vətəndaş X6 evi tikib qurtarmış və həmin evə qeydiyyat vəsiqəsinin verilməsini xahiş edir. Komissiya üzvləri tərəfindən yoxlama zamanı məlum olmuşdur ki, vətəndaş X6 evi layihə əsasında tikməmişdir. Yuxarıda qeyd olunanları və yeni tikilmiş fərdi evlərin qəbulu üzrə komissiyanın aktını nəzərə alaraq: Binə qəsəbəsi, 4/2 saylı sahədə vətəndaş X3 tikdiyi 1 mərtəbəli 3 yaşayış otağı sahəsi-61,0 kv.m, köməkçi sahə 57,26 kv.m, torpaq sahəsində tikili olmayan, cəmi torpaq sahəsi-754,0 kv.m-dən ibarət olan yaşayış evi və torpaq sahəsinin qeydiyyata alınması və Bakı şəhər Tİ və MHQİ-dən Bakı şəhər XDS İK nin 19.08.87-ci il tarixli, 19/338 saylı qərarına əsasən həmin yaşayış evini inventarizasiya edib, vətəndaş İddiaçı adına qeydiyyat vəsiqəsi və texniki pasport verilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbəsindəki nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 90 saylı məktubun surətindən görünür ki, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 520/44 saylı sərəncamı ilə qəsəbə ərazisində fərdi ev tikmək üçün X4 ayrılmış 4/2 saylı torpaq sahəsində tikdirdiyi yaşayış evinin ünvanı Binə qəsəbəsi, İmaməddin ünvan 6. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbəsindəki nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 30/2409 saylı X7 Yaşayış evinin Texniki Pasportunun sürətindən görünür ki, İmaməddin Nəsimi küçəsi ev 16 ünvanında yerləşən əmlakının tam mülkiyyət payı X4 məxsusdur. İş materiallarında olan Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş FM seriyalı 033684 saylı xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi İ.ünvan 5 ev İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayiş yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, X6 və ailə üzvləri xx.xx.2005-ci il tarixdən ünvan 8 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Binə bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh atası mərhum X11 ünvan 8 ünvanında yerləşən torpaq sahəsinə görə Binə bələdiyyəsində 2000-2011-ci illərdə vergi ödəyicisi kimi qeydiyyatda olmuşdur. İş materiallarında olan 4 saylı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiqlənmiş xx.xx.2017-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X11 ölən gününə kimi ona məxsus olan bütün əmlakını qızı Cavabdeh vəsiyyət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilən yerli müayinə protokolundan görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh Qurban qızının və onun nümayəndəsi Nümayəndə, nümayəndəsi-vəkili Vəkil1, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndəsi Salman Hümmətovun iştirakları ilə yerli müayinə keçirilmişdir, yerli müayinə zamanı iddiaçının mülkiyyət hüququ ilə qeyd alınmış evi və həmin evin yerləşdiyi torpaq sahəsi hasara alınmış, həmin hasarın daxilində digər mübahisəli özbaşına tikili olan ev vardır. Həmin torpaq sahəsində hər iki evin küçəyə ayrıc çıxışı olsada evlər bir-birindən hasarla təcrid edilməməklə eyni hasar daxilində yerləşir. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.1992-ci ildə iddiaçıya ev tikmək üçün 700 kv.metr torpaq sahəsi ayrılmış, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 404 saylı “Binə qəsəbəsi, 4/2 saylı sahədə vətəndaş X3 tikdiyi fərdi yaşayış evinin qeydiyyatdan keçirilməsi haqqında sərəncamdan” görünür ki, fərdi yaşayış evinin tikintisi üçün iddiaçının adına 754 kv.m ölçüdə torpaq sahəsinin qeydiyyata alınması qərara alınmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı Layihə Tədqiqat İdarəsi tərəfindən verilmiş mübahisəli torpaq sahəsinin faktiki yerləşmə sxeminə əsasən mübahisəli torpaq sahəsinin faktiki olaraq 830 kv.m olduğu müəyyən edilmişdir (i.v.172, cil 1). Bununla belə apellyasiya baxışı zamanı iş üzrə obyektiv, tam və hərtərəfli araşdırma aparılması məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməklə, Cavabdeh Qurban qızının faktiki istifadəsində olan mübahisəli yaşayış evinin Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1992-ci il tarixli 520/44 saylı Sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri daxilində yerləşibyerləşməməsinin müəyyən edilməsi və əgər mübahisəli yaşayış evi İddiaçı Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1992-ci il tarixli 520/44 saylı Sərəncamı ilə ayrılmış torpaq sahəsinin sərhədləri daxilində deyildirsə, mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsinin kimin mülkiyətində (xüsusi, dövlət, bələdiyyə) və ya kimə ayrılmış torpaq sahəsinin sərhədləri daxilində olmasının müəyyən edilməsi sualları qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 10/2659 nömrəli, 25 iyun 2023-cü il tarixli rəyindən görünür ki, qeyd olunan torpaq sahəsinə dair sənəd təqdim edilmədiyindən ətraflı qeyd aparmaq mümkün olmadı. Vahid elektron kadastr bazasında koordinatları verilmiş torpaq sahəsi (820,0 kv.m) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin inzibati hüdudları daxilində olmaqla keçmiş Hövsan Tərəvəzçilik-südçülük sovxozundan Bakı şəhəri İcra Hakimiyyətinin İdarəçiliyinə qaytarılmış ərazilərdə yerləşir. Vahid elektron kadastr bazasında koordinatları verilmiş torpaq sahəsi (820,0 kv.m) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin inzibati hüdudları daxilində olmaqla keçmiş Hövsan Tərəvəzçilik südçülük sovxozundan Bakı şəhəri İcra Hakimiyyətinin İdarəçiliyinə qaytarılmış ərazilərdə yerləşir. Sözügedən torpaq sahəsi dövlət mülkiyyət torpağıdır. Ekspertizanın rəyindən görünür ki, ekspert rəyini yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Elşad Gülüşovun tərtib etdiyi mütəxəssis rəyində olanları göstərməklə kifayətlənmiş, lakin iş materiallarında olan (i.v 172) mübahisəli tikintinin faktiki yerləşmə sxemində torpaq sahəsinin və həmin sahədə yerləşən hər iki evin döngə nöqtələrinin koordinatlarının qeyd edildiyini nəzərə almamışdır. Həmin rəy Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC Bakı Layihə Tədqiqat İdarəsinin mühəndisi E.Həsənov tərəfindən tərtib olunmuşdur. Qeyd olunan torpaq sahəsinə dair sənəd təqdim edilməməsi rəylərdə göstərilsə də, faktiki olaraq həmin sahənin dövlət mülkiyyət torpağı sahəsi olması əsaslandırılmışdır. Lakin bu əsaslandırma mübahisəli yaşayış evinin Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1992-ci il tarixli 520/44 saylı Sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri daxilində yerləşib yerləşməməsinin müəyyən edilməsi ilə bağlı qoyulmuş sualı tam cavablandırılmasına xidmət etmir. Göründüyü kimi rəy natamam və yaranmış mübahiənin obyektiv və ədalətli həlli baxımından hazırki iş üzrə demək olar ki, heç bir sübut əhəmiyyətinə malik rəy kimi qiymətləndirilməsi üçün hüquqi əsaslar mövcud olmamışdır. Apellyasiya şikayətinin isə əsas dəlili ondan ibarət olmuşdur ki, özbaşına tikilinin məhz iddiaçıya məxsus torpaq sahəsində yerləşməsini təsdiq edən hər-hansı bir sənəd təqdim edilməmişdir. Belə olan halda iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, həmin rəy işin araşdırılması üçün kifayət etmədiyindən və ekspert qarşısında qoyulmuş suallar (xüsusən ilk sual) əhatəli şəkildə tədqiq edilmədiyindən iş üzrə obyektiv nəticəyə gəlmək üçün təkrar məhkəmə ekspertizasının təyin edilməsi zərurəti yaranmışdır. Nəticə etibarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 158/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 fevral 2025-ci il tarixli 10/4413 saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan (1-ci cild, səh.172) Daşınmaz Əmlakın Dövət Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC tərəfindən tərtib edilmiş "torpaq sahəsinin yerləşmə sxemin"ə əsasən, mübahisəli torpaq sahəsinin hüdudları daxilində 2 ədəd yaşayış evi mövcud olduğu müəyyən olunur. Lakin, həmin yaşayış evlərinin kimə (kimlərə) məxsus olması barədə yuxarıda qeyd olunan sxemdə məlumat olmadığından həmin yaşayış evinin (evlərinin) Cavabdeh Qurban qızının faktiki istifadəsində olan yaşayış evi olubolmamasının müəyyən edilməsi mümkün olmamışdır. Mülki iş materiallarında olan, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən vahid elektron kadastr bazasında koordinatları verilmiş torpaq sahəsi (820,0 kv.m) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin inzibati hüdudları daxilində olmaqla keçmiş Hövsan Tərəvəzçilik-südçülük sovxozundan Bakı şəhəri İcra Hakimiyyətinin İdarəçiliyinə qaytarılmış ərazilərdə yerləşir. Sözügedən torpaq sahəsi dövlət mülkiyyət torpağıdır. Beləliklə işin müəyyən edilən hallarından göründüyü ki, iddiaçı mübahisəli torpaq sahəsini hasara almaqla üzərində mülkiyyət hüququ ilə qeydiyyata alınmış evi olmaqla ümumilikdə torpaq sahəsini faktiki sahiblik etməklə istifadə edir və həmin torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları qeydiyyata alınmasa da, həmin sahəyə gələcəkdə mülkiyyət kimi gözlənti hüququ digər şəxslərə münasibətdə daha üstündür. Məhkəmə kollegiyası təqdim edilmiş sonuncu ekspert rəyini işin müəyyən edilmiş halları ilə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, hazırki rəydə ekspert tərəfindən müəyyən edilmişdir ki, cavabdehin yaşadığı ev (özbaşına tikili) məhz iddiaçıya məxsus torpaq sahəsində inşa edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyinin məcburi olmamaqla rəyə digər sübutlar yanaşı hüquqi qiymət verilməsinə dair prosesual normalarının tələbləri baxımından hesab edir ki, ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğundan onunla razılaşmamaq üçün əsas olmamışdır. Belə ki, cavabdeh apellyasiya şikayətində iddiaçıya məxsus torpaq sahəsinin cavabdehin yaşadığı tikili ilə üst-üstə düşməməsini bildirsə də, buna dair mötəbər sübutlar təqdim edə bilməmişdir. Həmçinin, apellyator tərəfindən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar təqdim edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillərini kollegiya ehtimal xarakterli mülahizə kimi qiymətləndirir. Məhkəmə kollegiyası şahid qismində dindirilmiş X1 ifadəsi ilə bağlı hesab edir ki, onun ifadəsində göstərilənlər işin digər sübutları ilə tamamlanmadığı üçün ifadəsi sübut əhəmiyətli sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası digər şahid ifadələri ilə bağlı hesab edir ki, həmin ifadələrin məzmunu işin araşdırılmış halları ilə uzlaşdığından həmin ifadələrdəki məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu üçün mötəbər sübut kimi qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası iddiaçının mübahisəli torpaq sahəsini hasara almaqla üzərində mülkiyyət hüququ ilə qeydiyyata alınmış evi olmaqla ümumilikdə torpaq sahəsini faktiki sahiblik etməklə istifadə etməsi və həmin torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları qeydiyyata alınmasa da, həmin sahəyə gələcəkdə mülkiyyət kimi gözlənti hüququ digər şəxslərə münasibətdə daha üstün olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, cavabdehin atasının həmin tikilidə qalması ona həmin tikiliyə və tikilinin yerləşdiyi torpaq sahəsinə hər-hansı hüquq verməməklə, cavadehində atasına münasibətdə həmin tikiliyə və tikilinin yerləşdiyi torpaq sahəsinə hər-hansı hüququnun yaranmasını istisna edilməsinə dair məhkəmə nəticəsi işin araşdırılmış hallarına uyğundur. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına münasibətdə həmçinin qeyd edir ki, “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumiprinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmin qərarda qeyd edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. “İnsan hüquqları haqqında Ümumi Bəyannamənin” 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh Qurban qızı mübahisəli torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən özbaşına tikilidən çıxarılması barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspert tədqiqatlarının dəyəri olan cəmi 150 (yüz əlli) manat Cavabdeh Qurban qızından tutulmaqla Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Qurban qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. ünvan 4i il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspert tədqiqatlarının dəyəri olan cəmi 150 (yüz əlli) manat Cavabdeh Qurban qızından tutulmaqla Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar