Məhkəmə qərarları › İş №2(103)-150/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-150/2023

02.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-150/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Rahib qızının, yetkinlik yaşına çatmayan iddiaçılar İddiaçı2 və İddiaçı3 adından İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzildən çıxarma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X6 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı1 Rahib qızının, yetkinlik yaşına çatmayan iddiaçılar İddiaçı2 və İddiaçı3 adından İddiaçı1 Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-8204/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh iki qardaşın arvadlarıdır. Onların ərləri ölmüşdür.

2. Mübahisəli ev və torpaq sahəsi hər birinin 1/3 hissədə olmaqla iddiaçıların paylı mülkiyyətindədir (DƏDRX tərəfindən **********73 - 10301 reyestr nömrəsi ilə verilmiş Çıxarış).

3. Hazırda iddiaçı cavabdehin həmin evdən çıxarılmasını və evin ona təhvil verilməsini istəyir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı1 öz adından, eyni zamanda yetkinlik yaşına çatmayan uşaqları İddiaçı2 və İddiaçı3 qanuni nümayəndəsi kimi onların adından Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən 0,134310 ha torpaq sahəsində ümumi sahəsi 95 kv metr olan evdən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 0,134310 ha torpaq sahəsində ümumi sahəsi 95 kv.metr olan ev (sonradan - mübahisəli ev) iddiaçıların mülkiyyətindədir. Lakin cavabdeh xeyli vaxtdır ki, həmin evi zəbt edib. Cavabdeh həmin evdə və torpaq sahəsində yaşamasa da, əşyalarını orada saxlamaqla boşaltmaqdan imtina edir və evdən çıxmır.

6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 8204/2021 saylı qətnaməsi ilə (hakim T.Əsədova) iddia təmin edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, mübahisə predemti olan əmlak iddiaçıların mülkiyyətində olduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə əsasən iddia təmin edilməlidir.

8. Məhkəmə mövqeyini əsaslandırarkən qeyd olunan qanunvericilik normalarına istinad etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin tamamilə ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar iddia tələblərində ünvan 2 ünvanında yerləşən 0,134310 ha torpaq sahəsində ümumi sahəsi 95 kv.m olan evin onların paylı mülkiyyətində olmalarını bildirmiş və bununla bağlı AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Xidməti tərəfindən verilən çıxarışı məhkəməyə təqdim etmişlər. Lakin İddiaçı1 həyat yoldaşı (digər iddiaçıların isə atası) X7 digər qardaş və bacısıyla birlikdə ona qarşı 2019-cu ildə torpaq sahəsindən və evdən çıxarılmağı ilə bağlı iddia qaldırmışlar. Həmin iddia tələbində isə onun ünvan 3 ünvanda yerləşən evdən çıxarılmasını tələb edirdilər. Həmin evin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasporta əsasən 1964-cü il tarixdə qayınatası X2 adına qeydiyyatdan keçdiyini bildirmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-693/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçıların ona qarşı olan iddia tələbləri təmin edilməmiş, qətnamədən şikayət verilməmiş və qanuni qüvvəsini almışdır. Hazırkı işdə isə iddiaçı saxta yollarla həmin evə dair çıxarış almış, ünvanı isə fərqli göstərmişdir. Belə olduğu təqdirdə, onun mərhum həyat yoldaşının da payı olduğu yaşadığı evə iddiaçıların xüsusi mülkiyyət hüququ tanına bilməz.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

16. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə yöndəldiyindən, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyasının:

17. 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin huquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın.

20. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. 228.5-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:

22. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

AR Mülki Prosessual Məcəlləsinin:

23. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. İddiaçılar hazırda cavabdehin onlara mülkiyyət hüququ ilə məxsus olan mənzildən çıxarılmasını tələb edirlər.

28. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

29. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, onu əsaslı hesab edir.

30. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh iki qardaşın arvadlarıdır. Onların ərləri ölmüşdür. Mübahisəli ev və torpaq sahəsi hər birinin 1/3 hissədə olmaqla iddiaçıların paylı mülkiyyətindədir (DƏDRX tərəfindən **********73 - 10301 reyestr nömrəsi ilə verilmiş Çıxarış).

31. Hazırda iddiaçılar cavabdehin həmin evdən çıxarılmasını və evin onlara təhvil verilməsini istəyir və bunu belə əsaslandırırlar ki, cavabdeh həmin ünvanda yaşamaqla onların öz mülkiyyətlərindən maneəsiz istifadə etmələrinə mane olur, onları həmin evə buraxmır və bununla da onların mülkiyyət hüquqlarını məhdudlaşdırır.

32. İşin hallarından müəyyən edilir ki, Cavabdeh X1 ilə xx.xx.2014-cü ildə nikaha daxil olmuş və həmin vaxtdan etibarən mübahisəli ünvanda yaşamağa başlamışdır. X1 İddiaçı1 əri mərhum X3 qardaşı olmuşdur. Mübahisəli ev onların mərhum atası X5 tərəfindən 1956cı ildə inşa edilmiş və evə dair hüquq müəyyənedici sənəd olmamışdır.

33. Deməli, Cavabdeh ailə qurub qeyd edilən evə köçən zaman mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olmuş və evə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır.

34. Həmçinin müəyyən edilir ki, qeyd edilən əmlak sonradan İddiaçı1 mərhum əri X4 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydiyyatdan keçmiş, Xanverdi Quliyev 2021-ci ildə vəfat etdikdən sonra isə hazırkı iddiaçılar bu əmlakı bərabər paylarla vərəsəlik hüququ üzrə əldə etmişlər.

35. Kollegiya hesab edir ki, hazırkı iddianın əsaslılığına qiymət vermək üçün ilk növbədə Cavabdeh həmin evə münasibətdə hər hansı hüquqlarının mövcud olub-olmadığı müəyyən edilməlidir.

36. Bu mənada qeyd edilməlidir ki, Cavabdeh 2014-cü ildə ailə quraraq mübahisəli ünvana köçən zaman qeyd edilən mübahisəli mənzil hüquqi statusuna görə özbaşına tikili olmuşdur. Həmçinin, qeyd edilən özbaşına tikilinin inşa edilməsində və ya əsaslı təmirində Cavabdeh hər hansı şəkildə iştirak etməsi, bunun üçün maddi vəsait sərf etməsi, yaxud həmin ünvanda digər yaşayış sahəsi inşa etməsi iş materialları ilə müəyyən edilməmişdir.

37. Bundan başqa, Cavabdeh mərhum əri Xanoğlan Quliyevin vərəsəsi kimi, mübahisəli əmlaka dair hər hansı tələbinin olması müəyyən edilməmişdir.

38. İş materiallarında olan iddiaçı Cavabdeh İddiaçı1 Rahib qızı və digərlərinə qarşı “Çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən də müəyyən edilir ki, mübahisəli əmlakın vərəsəlik hüququ əsasında hazırkı iş üzrə iddiaçılara keçməsi Cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

39. Qeyd edilənlər onu deməyə əsas verir ki, Cavabdeh 2014-cü ildən hal-hazıradək mübahisəli əmlakda yaşasa da, nə Mülki Məcəllənin 228-ci maddəsi, nə Mənzil Məcəlləsinin 30-cu maddəsi, nə də Mülki qanunvericiliyin vərəsəlik hüququ münasibətlərini tənzimləyən normaları əsasında həmin evə dair hər hansı hüquq əldə etməmişdir.

40. Belə olan halda müəyyən edilir ki, cavabdeh buna heç bir qanuni əsas olmadan iddiaçılara məxsus mübahisəli mənzildə onların razılığı olmadan yaşayaraq istifadə edir və onları öz mülkiyyətlərində olan əmlaka buraxmır. Bütün bunlar isə iddiaçıların qanunla müəyyən edilmiş mülkiyyətçi hüquqlarının pozulması ilə nəticələnir. Bu səbəbdən iddiaçılar hazırkı iddianı qaldıraraq cavabdehin həmin əmlakı boşaltmasını tələb etməkdə haqlı olmuşlar.

41. Cavabdeh apellyasiya şikayətində iddiaçıların mübahisəli evə dair çıxarışı saxta yollarla almalarına istinad etmişdir.

42. Kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlilini əsassız hesab edir və bununla bağlı xatırladır ki, cavabdehin eyni əsaslara istinad etməklə qaldırmış olduğu iddia əsassız olduğu üçün rədd edilmişdir və həmin qətnamə qanuni qüvvəyə minmişdir (Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-1893-2022 saylı qətnaməsinin qüvvədə saxlanmasına dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)- 6365/2022 saylı qətnaməsi).

43. Bundan başqa cavabdeh birinci instansiya məhkəməsi tərəfindən mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq sahələrinin eyni, yoxsa fərqli olmasının birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamasına istinad etmişdir.

44. Lakin iş materiallarından müəyyən edilir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən halın araşdırılması üçün mübahisəli ünvanda yerində müayinə aparılmış və həmin ünvanda olan tikililərin texniki pasportda olan göstəricilərə uyğun olduğu müəyyən edilmişdir. Bu səbəbdən kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız hesab edir.

45. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilən halları əsasında hüquqi cəhətdən qiymətləndirərək onları əsassız hesab edir.

46. Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-8204/2021 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar