Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1500/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:yaşayış sahəsinə köçürülmə,torpaq sahəsinin naturada bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə, yaşayış evinə ayrıca giriş-çıxış qapısının açılması, evin və evin yerləşdiyi torpaq sahəsinin naturada bölünməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(001)-746/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xaqani küçəsində yerləşən, ümumi sahəsi 37,80 m2 olan 42 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.059350 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə 1\2 hissədə İddiaçı və 1\2 hissədə Cavabdeh mülkiyyətindədir. Fərdi yaşayış evi və torpaq sahəsi vərəsəlik hüququ əsasında tərəflərin mülkiyyətinə keçmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xaqani küçəsi 42 saylı evə köçürülməsinə, yaşayış evinə ayrıca giriş-çıxış qapısının açılmasına, evin və evin yerləşdiyi 0.059350 ha torpaq sahəsinin naturada bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, İddiaçı mülkiyyətçisi olduğu Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xaqani küçəsində yerləşən, ümumi sahəsi 37.80 kv metr olan 42 saylı fərdi yaşayış evinə köçürülməsi, yaşayış evinə ayrıca giriş-çıxış qapısının açılması, evin və evin yerləşdiyi 0.059350 ha torpaq sahəsinin naturada bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xaqani küçəsində yerləşən, ümumi sahəsi 37,80 m2 olan 42 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.059350 ha torpaq sahəsinin 1\2 hissədə pay hüququ ilə mülkiyyətçisi olsa da, öz mülkiyyətimdən istifadə edə bilmir. Cavabdeh orada ailəsi ilə birlikdə yaşayır. Cavabdeh torpağın bir hissəsini özbaşına olaraq digər şəxslərə satmış və orada kənar şəxslərin ev tikmələrinə şərait yaratmışdır. Bundan başqa cavabdeh həyətdə əlavə tikililər tikmiş və orada kirayəçilər saxlayaraq gəlir götürür. İddiaçı isə ailəsi ilə birlikdə qaynanasına məxsus darısqal evdə yaşayır. İddiaçı dəfələrlə mülkiyyətində olan evə köçmək istəsə də cavabdeh və ailəsi buna maneçilik törətmişdir.
5. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 sentyabr 2022-ci il tarixli, 2(001)-746/2022 saylı qətnaməsi ilə (hakim Səlimova Səadət) iddia tələbi qismən təmin edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəflərin hər ikisinin münaqişə vəziyyətində olmasını nəzərə almamış və bunu qiymətləndirməmişdir. İddiaçının qeyd olunan ünvana köçürülməsi cavabdehin maraqlarına cavab vermir. Bu hal cavabdehin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu pozaraq onun həyatı üçün təhlükəli vəziyyətin yaranmasına gətirib çıxaracaqdır. Bu baxımdan birinci instansiya məhkəməsi bu hallara qiymət verməmiş, maddi və prosessual hüququ normalarını pozmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
11. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər
12. Maddə 213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.
13. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
14. Maddə 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
15. Maddə 220.6. Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya şikayəttinin məzmunundan göründüyü kimi, cavabdeh qətnamənin məhz iddianın təmin olunmuş hissəsinə münasibətdə ləğv olunmasını istəyir.
22. Cavabdeh tərəfindən qətnamə İddiaçı Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsi, 42 saylı evə köçürülməsi hissəsində mübahisələndirildiyindən, qətnamə o hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmə iddiaçı və cavabdeh arasında münasibətin pis və münaqişəli olmasına düzgün qiymət vermədən iki ailənin bir yerdə yaşamasına qərar vermişdir.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10\3148 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri ünvan 1 ünvanda yerləşən 0.059350 ha torpaq sahəsinin tərəflərin (mülkiyyətçilərin) paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Belə olan halda cavabdehin apellyasiya şikayətində qeyd etdiyi kimi, yalnız iddiaçı ilə aralarında münaqişə olması əsası ilə paylı mülkiyyətin mülkiyyətçisinin öz mülkiyyətindən sərbəst surətdə istifadə etmək, sahiblik etmək hüququndan məhrum etməklə köçüb yaşamasının təmin edilməməsi qanuni və əsaslı hesab edilə bilməz, o cümlədən mülkiyyət hüququnun lüzumsuz pozulmasına gətirib çıxarar.
26. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin qeyri-mötəbərliyinin nədə ifadə olunması hüquqi baxımdan əsaslandırılmamışdır.
27. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(001)- 746/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.