Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-15002/2019 26.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh QSC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh QSC-nə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixindən QSC-də “Əməyin təhlükəsizliyi mühəndisi” vəzifəsində işlədiyini, işə başladıqdan təxminən 1 ay sonra işçi kimi rəsmiləşdirilmədiyini öyrəndiyini, həmin gün şirkətin maliyyə müdiri vəzifəsində işləyən Polad adlı şəxslə əlaqə saxladığını və ondan işçi kimi rəsmiləşdirilməsini xahiş etdiyini, sonucunun ona kobud şəkildə qeydiyyata alınmadan işləyəcəyini dediyini, bu halın işdən azad edilməsi ilə nəticələndiyini, əmək kitabçasının şirkətdə qaldığını və ona rəsmi qaydada heç bir əmək haqqı ödənilmədiyini, hər gün işə gedib-gəlməsinin kameralarla, “əməyin təhlükəsizliyi qaydalarının izah edilməsi” haqqında kitabda olan imzalarla, şahidlərlə və digər sübutlarla təsdiq olunduğunu irəli sürmüş, buna görə də “xxxx” QSC-də “Əməyin təhlükəsizliyi mühəndisi” vəzifəsinə bərpa olunması və işdən çıxarılan vaxtdan işə bərpa ediləcəyi vaxtadək ödənilməyən məbləğlərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən şikayət verən iddiaçı onun ləğv, iddia tələblərinin isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin maddi və prosessual normaların tələblərini pozduğu, sübutlara düzgün hüquqi qiymət vermədiyi, işi obyektiv araşdırmadığı arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş, cavabdehin şirkətin nümayəndəsi isə iddiaçının heç bir zaman həmin şirkətdə işləmədiyini bildirməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını istəmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının bildirdiyi faktiki hal ondan ibarətdir ki, o, cavabdeh şirkətdə xx.xx.2019-cu il tarixindən “Əməyin təhlükəsizliyi mühəndisi” vəzifəsində işləmiş, lakin əmək münasibətləri rəsmiləşdirilməyərək sonradan işdən çıxarılmışdır. Bununla belə iddiaçı, irəli sürdüyü həmin halı təsdiq edə biləcək hər hansı mötəbər sübut təqdim etməmişdir; halbuki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdeh şirkətdə işləmiş olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”(sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu baxımdan məhkəmə kollegiyası yalnız iddiaçının şifahi bildirdiklərinə istinadla onun iddia tələbinin təmin edilməsinin mümkün olmadığını vurğulayır və hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2416/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-15002/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-15002/2019
26.12.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver