Məhkəmə qərarları › İş №2(103)-1501/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1501/2022

01.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1501/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı3 və iddiaçıların nümayəndəsi-vəkili Vəkil, Qarşılıqlı iddia üzrə iddiaçılar, ilkin iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 və onların vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən və evdən çıxarılma və pul tələbi” dair ilkin iddiası, iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “çıxarışın ləğvi və mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia tələbi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-122/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh/iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşılıqlı iddia üzrə iddiaçılar, ilkin iddia üzrə cavabdehlər Cavabdeh3,Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçılar İddiaçı1, İddiaçı2 və X8 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsində, həmçinin həmin torpaq sahəsində yerləşən, onlara məxsus iki mərtəbəli evdə yaşayan Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və ailə üzvlərinin əşyaları ilə birlikdə onlara məxsus olan torpaq sahəsindən və evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı3 və onların nümayəndəsi vəkili Vəkil iddia tələbinin həcminin artırılmasına dair dəqiqləşdirmə ərizəsi verərək, iddiaçılar İddiaçı1, İddiaçı2 və X10 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsində, həmçinin həmin torpaq sahəsində yerləşən, onlara məxsus iki mərtəbəli evdə yaşayan Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və ailə üzvlərinin əşyaları ilə birlikdə onlara məxsus olan torpaq sahəsindən və evdən çıxarılmaları və 1991-ci ildən bu günədək iddiaçılara məxsus torpaqdan və evdən istifadə etdikləri üçün kirayə haqqı olaraq, ayı 500 manat olmaqla, cəmi 174000 manat pulun alınaraq, iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahış etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı3 qarşı «pul » tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 220950 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehlərdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar, ilkin iddia üzrə cavabdehlər Cavabdeh3,Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə verərək,Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsinə cavabdehlərin adına verilmiş ********** nömrəli çıxarışın ləğvi edilməsi və Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsinə və həmin ünvanda tikilmiş ikimərtəbəli evə Cavabdeh3 mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-122/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və ailə üzvlərinin əşyaları ilə birlikdə İddiaçı1, İddiaçı2 və İddiaçı3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsindən, həmçinin həmin torpaq sahəsində yerləşən, onlara məxsus fərdi yaşayış evindən (iki mərtəbəli evdən) çıxarılması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının qarşılıqlı iddia üzrə iddiaçılar, ilkin iddia üzrə cavabdehlər Cavabdeh3,Cavabdeh1 və Cavabdeh2 aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın qarşılıqlı iddia üzrə iddiaçılar, ilkin iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan qarşılıqlı iddia üzrə iddiaçılar, ilkin iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 və onların vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsini və üzərində yarımçıq tikilmiş evi 1990-cı il tarixdə X3 almışlar. Həmin ildə təxminən fevral ayında evə və torpağa görə iddiaçının əri Rafiq Quliyevə 35 min rubl, evdən apara bilmədikləri xırda-xuruş əmlaklara görə də 1000 rubl, cəmi 36 min rubl vermişlər. Buna şahidləri də vardır. 1994-cü il tarixdə X15 rayon icra başçısının adına ərizə yazaraq bir nüsxəsini ona verməklə xahiş etmişdir ki, aldığı torpaq sahəsində ev tikə bilmədiyindən həmin torpaq sahəsinin və evin onun adına keçirilməsi üçün sərəncam verilsin. Sonradan cavabdehlər Rusiya federasiyasına getmiş, 2000-ci il tarixdə Rafiq Quliyev xəstələndiyindən Biləsuvar rayonuna qayıtmış və Rafiq Quliyev həmin ili vəfat etmişdir. Bu müddət ərzində cavabdehlərlə dəfələrlə əlaqə saxlamaqla aldıqları əmlakların adlarına rəsmiləşdirliməsini xahiş etmişlər. Bununla bağlı cavabdehlərdən İddiaçı1 01 dekabr 2012-ci il tarixdə ailə üzvü olan X1 notariusda qeyd edilmiş 3 il müddətinə etibarnamə, X2 adına 17 aprel 2013-cü il tarixdə qeyd edilmiş 2 il müddətinə, X4 adına 08 yanvar 2014-cü il tarixdə reyestrdə 7E- 18 nömrə ilə qeyd edilmiş təxminən 29 illik müddəti olan etibarnamələr vermişdir. Hər dəfə müəyyən sənədlər çatışmadığından torpağı və evi adlarına rəsmiləşdirə bilməmişlər. Sonuncu dəfə 2019-cu ilin axırlarında onlardan 950 manat pul aldılar ki, torpağı Turənin adına özəlləşdirib alğısatqı müqaviləsi bağlayacaqlar. Ondan sonra gedib torpağa dair daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış almaqla onların torpaqdan və evdən çıxarılmaları ilə bağlı məhkəməyə müraciət ediblər. Ona görə də yuxarıda qeyd edilənlərə əsasən iddia tələbini qəbul etmirlər. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçılar, ilkin iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 və onların vəkili və nümayəndəsi Nümayəndə ayrı-ayrılıqda izahat verərək, apellyasiya şikayətini müdafiə etmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı3 və onların nümayəndəsi vəkili Vəkil ayrı-ayrılıqda izahat verərək, apellyasiya şikayətini qəbul etməmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının ilkin iddia tələbinin təmin olunmuş və qarşılıqlı iddia tələbinin rədd edilmiş hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Qaradağ rayon İcra Hakimiyyətinin Başçısının 3/83 saylı, 14 avqust 1987-ci il tarixli sərəncamına əsasən, X6 fərdi yaşayış evi tikdirmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsi ayrılıb verilmişdir. X7 ilə İddiaçı1 arasında 1986-ci il tarixdə 25 iyunda nikah bağlanmışdır. X7 01.08.2000-ci il tarixdə vəfat etmişdir. Həmin fərdi yaşayış evi üzrə hüquqlar 2020-ci ildə İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin 1/3 hissədə olmaqla paylı mülkiyyət kimi qeyd edilmişdir. İddiaçı1 21.07.2016-cu il tarixdə Cavabdeh1 Surxay oğluna bir il müddətinə etibarnamə vermişdir. 08.01.2019-cu il tarixli etibarnamədən görünür ki, İddiaçı1 29.11.2047-ci il tarixədək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin özəlləşdirilməsi və qeydiyyata alınması üçü lazım olan sənədləri toplayıb təhvil verməyi,almağı bununla əlaqədar bütün təşkilatlarda ocümlədən Azərbaycan Əmlak məsələkləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Ərazı idarələrində, Bələdiyyə arxivlərində, və digər icra hakimyət orqanlarında təmsil etməyi, həmin əçlaka dair vərəsəlik işini rəsmiləşdirilməsi, çıxarış almağı, bütün sənədləşmə işlərini aparmağı, ərizə verməyi, imza etməyi və bu tapşırğın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh2 etibar etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən təyon edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2021-ci il tarixli 10/2657 nömrəli ekspert rəyindən görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında srləşən 6 sot torpaq sahəsində tikilmiş evin ikinci mərtəbəsinin tikilişinə və təmirinə sərf olunan vəsaitin məbləği mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 21.397,0 manat məbləğində müəyyən olunur. Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5- ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsində tikilmiş evin birinci mərtəbədə görülmüş təmir işlərinə sərf olunan vəsaitin məbləği mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 12.545,0 manat məbləğində müəyyən olunur. Qeyd olunur ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, ünvanında yerləşən 6 sot torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin ilkin vəziyyəti barədə məlumat olmadığından, eyni zamanda mənzildə görülmüş işlərə dair layihə smeta sənədləri təqdim olunmadığına görə həmin işlərin kim tərəfindən və nə zaman aparıldığını müəyyən etmək mümkün olmamışdır Birinci instansiya məhkəməsinin ilkin iddia üzrə mövqeyinə görə, iddia tələbi cavabdehlərin mübahisəli daşınmaz əmlak olan Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, ünvanında yerləşən 6 sot torpaq sahəsinə və üzərində tikilmiş fərdi yaşayış evinin çıxarılmaları hissəsində tamamilə əsaslıdır və təmin edilməlidir. Lakin ilkin iddianın 1991-ci ildən bu günədək iddiaçılara məxsus torpaqdan və evdən istifadə etdikləri üçün kirayə haqqı olaraq, pul tələbi əsassız hesab edilərək rədd edilməlidir,belə ki,iddia ərizəsindən göründüyü kimi tərəflər arasında kirayə müqaviləsi bağlanmamış,həmçinin aralarında belə bir şərt barəsində şifahi razılaşma olmamışdır. Deməli,ilkin iddia tələbinin pul tələbi(kirayə haqqı) hissəinin hüquqi əsası olmadığından təmin edilməlidir. Həmçnin məhkəmə iclasında ilkin iddia üzrə iddiaçılar təsdiq etmişlər ki, özləri Rusiyaya köçdükləri üçün, ilki iddia üzrə cavabdehlərin onların ailəvi dostkları olduğu üçün, evlərinin boş qalmaması üçün orada yaşamalarına icazə vermişlər. Birinci instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə mövqeyinə görə, qarşılıqlı iddia üzrə iddiaçıların dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmə halı iş materialları ilə müəyyən edilmədiyindən iddia tələbi rədd edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin ilkin və qarşılıqlı iddialar üzrə gəldiyi mövqeyi ilə razılaşaraq qeyd edir ki, ilkin iddia üzrə cavabdehlərin mübahisəli daşınmaz əmlak olan Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, ünvanında yerləşən 6 sot torpaq sahəsinə və üzərində tikilmiş fərdi yaşayış evinin üzərində heç bir sahiblik hüquqlarına təsir edən sübutu mövcud deyil. Onlar 1991-ci ildən mübahisəli evdə yaşamağa başlamış, ilkin iddia üzrə iddiaçıların həmin əmlak üzərində mülkiyyət hüquqları 2020-ci ilin yanvar ayında rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.6-cı maddəsinə əsasən, Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Konstitusiya Məhkəməsinin Plenumunun” S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-ci il tarixli Qərarıda qeyd edilmişdir ki, “Qüvvədə olan MM-in mülki qanunvericiliyin zamana görə qüvvəsindən bəhs edən 7.1-ci maddəsinə əsasən Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Digər tərəfdən həmin Məcəllənin 7.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər.Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.1-ci maddəsinin şərh edilməsinə dair» 28 yanvar 2002-ci il tarixli qərarındakı hüquqi mövqeyinə uyğun olaraq bir daha qeyd edir ki, mülki dövriyyə iştirakçılarının hüquq və mənafelərinin ədalətli təmini və səmərəli müdafiə olunmasının zəruriliyi, o cümlədən əvvəl yaranmış və davam edən hüquq münasibətlərinin bütövlüyünün və fasiləsizliyinin qorunması baxımından maddi mülki hüquq normalarının qüvvəsi belə normanın qəbul edildiyi müddətdən sonra yaranan münasibətlərə tətbiq edilir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və qüvvədə olan MM-in təhlilindən görünür ki, həmin Məcəllənin 178.6, 335.2 və 567-ci maddələrinin müddəalarının hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən əvvəlki müddətlərə şamil edilməmişdir. Konstitusiya Məhkəməsinin Qərarının da məzmunundan göründüyü kimi, Mülki Məcəllənin 178.6-ci maddəsinin müddəalarının hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən əvvəlki müddətlərə şamil edilə bilməz. Belə olan halda, kollegiya hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlakın 30 il ərzində fasiləsiz istifadə edilməsi təsdiq olunmadığından, eyni zamanda, həmin əmlak üzərində ilkin iddiaçıların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından apellyasiya şikayəti təmin edilə bilməz. Kollegiya apellyasiya şikayətinin “torpaq və ev barəsində iddiaçı ilə aralarında olan alğı-satqı müqaviləsinin olması” barədə dəlili ilə bağlı qeyd edir ki, apelyatorun bu dəlili nə iş materialları ilə, nə də tərəflərin izahatları ilə öz təsdiqini tapmır. Apellyator şikayətdə qeyd etdiyi dəlillər ilə bağlı sübut təqdim etmədiyindən apellyasiya şikayəti formal xarakter daşıyır və apellyatorun subyektiv mülahizələrinə əsaslanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh/iddiaçı Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-122/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qətnaməsi “ilkin iddia tələbinin təmin olunması və qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində” dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar