Məhkəmə qərarları › İş №2(103)-1501/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1501/2025

25.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1501/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1501/2025 (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X3 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-62/2024 nömrəli 16 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə 25 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 11 iyun 2000-ci il tarixli “5” nömrəli müqaviləsindən görünür ki, Nərimanov rayonunda Səttarxan zavodu ünvanında müvəqqəti məskunlaşmış Fizuli rayonunun Pirəhmədli kəndindən məcburi köçkün X15, onunla yaşayan bir nəfər ailə üzvü ilə birlikdə Binəqədi rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş 2 №-li ev tikmə kombinatı, 2 otaqlı 5 saylı evdə, sakini olduğu Fizuli rayonunun Pirəhmədli kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşdırılmışdır.

2. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 988806 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir

3. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 214994 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.

4. Binəqədi rayonu MKİS-in mühəndisi Asif Əzizov, mühəndis Jalə Qəhrəmanova, qeydiyyatçı-kargüzarı Sona Məmmədova, kompüter operatoru Əntiqə Usubova, bağban Valeh Şıxıyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında müvəqqqəti məskunlaşmış X6 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Daha sonra isə xx.xx.2022-ci il tarixdə X15 vəfat etmişdir. Hal-hazırda mənzil qeydiyyatında heçkim yoxdur. Lakin mənzil mərhumun qızı Xəlilova Firadə və onun ailə üzvləri tərəfindən zəbt olunmuşdur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq mənzilin boşaldılmasından imtina edilmişdir.

5. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xx.xx.2022-ci il tarixli 363 saylı məlumatından görünür ki, iddiaçı qismində Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti, cavabdeh qismində isə Cavabdeh çıxış etdiyi məhkəmə işinə əlavə olunan xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində qeyd olunan ünvan əvvəllər 2 nömrəli ev tikmə kombinatının ərazisi kimi qeyd olunsa da, hal-hazırda həmin ünvan Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi 30/97 adlanır.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1563/2023 saylı 02 sentyabr 2024-cü il tarixli müraciətə baxılması haqqında məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı “mənzildən istifadə edilməsinə şərait yardılması tələbinə dair” iddiası təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün işlə birlikdə xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)- 2613/2023 nömrəli qərararı ilə iddiaçı Cavabdeh Əvdrt qızının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1563/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Sonuncu məhkəmə aktından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-494/2024 saylı qərardadı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 2613/2023 saylı xx.xx.2023-cü il tarixli qərararı dəyişdirilmədən qüvvədə saxlanılmışdır (məktubda səhvən apellyasiya instansiyasının qərarı qərardad kimi qeyd edilmişdir).

7. Binəqədi rayonu MKİS-in mühəndisi X12, sahə nəzarətçisi X4, kompüter operatoru X13 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Ş.Məmmədova 30/97 bina 1 mənzil 5-də mərhum X15 və mərhum X6 2009-cu ildə ünvan 4 ünvanında Dövlət Qaçqınkom tərəfindən mənzillə təmin olunmuşdur. X14 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Daha sonra həyat yoldaşı X15 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda mənzil qeydiyyatında heçkim yoxdur. Lakin mənzil mərhumun qızı Rusiya vətəndaşı olan Xəlilova Firadə və 3 ailə üzvü tərəfindən zəbt olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ona məxsus əşyaların Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova 30/97 ünvanında məcburi köçkünlər üçün salınmış 369 mənzilli yaşayış kompleksi, bina 1 ünvanında yerləşən 5 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilmişdir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilmişdir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Bundan əlavə, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyri-qanuni yolla yaşayırlar. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin 11 iyun 2000-ci il tarixli “5” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün X15 və X1 tələblərinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonunun Mehdabad qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş, Binəqədi rayonu, Ş.Məmmədova 30/97 ünvanında məcburi köçkünlər üçün salınmış 369 mənzilli yaşayış kompleksi, bina 1 ünvanında yerləşən 5 nömrəli mənzillə təmin edilmişlər. X6 08 yanvar 2019-cu il tarixdə, X15 isə 14 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. Xüsusi təyinatlı yaşayış sahəsi müqaviləsinin şərtlərinə əsasən mənzildə yaşayan şəxs (kirayəçi) vəfat etdiyi təqdirdə mənzilin açarı Mənzil İstismar Departamentinin Binəqədi Mənzil Komunal İstismar Sahəsinə təqdim edilməli olduğu halda, Mənzil Kommunal İstismar Sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı 5 nömrəli mənzildə Cavabdeh qeyri-qanuni yaşadığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən 5 nömrəli mənzilin Cavabdeh tərəfindən zəbt edilməsi və mənzildə qeyri-qanuni yaşaması müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barədə ona dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin cavabdeh şəxs mənzilin təhvil verilməsindən imtina etmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 dekabr 2024-cü il tarixli 2(001)-62/2024 nömrəli qətnaməsi ilə (hakim Pərviz Məmmədov) iddia təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova 30/97 ünvanında məcburi köçkünlər üçün salınmış 369 mənzilli yaşayış kompeksi, bina 1 ünvanında yerləşən 5 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması, mənzilin Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi qət edilmişdir.

11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən müqavilə əsasında mənzil X10 və onunla yaşayan bir nəfər ailə üzvünə müvəqqəti məskunlaşmaq üçün təhvil verilmişdir. Tərəflər arasında olan müqaviləyə əsasən, məcburi köçkün yaşayış evini sata, dəyişdirə, bağışlaya, girov qoya və s. vasitələrlə özgəninkiləşdirə bilməz. X6 xx.xx.2019-cu il tarixdə və X15 xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. Hal-hazırda həmin mənzildə qeydiyyatda heç kim yoxdur və mənzil mərhumun qızı Cavabdeh və onun ailə üzvləri tərəfindən zəbt olunmuşdur.

12. Məhkəmə həmçinin müəyyən etmişdir ki, hal-hazırda həmin mənzildə yaşayan Cavabdeh qaçqın və ya məcburi köçkün statusuna malik olan şəxs deyildir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 152-ci maddəsi, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanuna, “Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na, Mənzil Məcəlləsinin 82.5, 91.1, 91.3, 99.1-99.4, 100.3-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 218.3, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh 1970-ci ildə Azərbaycan Respublikasının Füzuli rayonunda doğulmuş, nikaha daxil olduqdan sonra ərinin yaşadığıTürkmənistan Respublikasına köçmüşdür. Füzuli rayonu işğal olunduqdan sonra cavabdehin orada yaşayan atası və anası Bakı şəhərində məskunlaşmışlar. AzərbaycanRespublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzilİstismar Departamentinin 11 iyun 2010-cu il tarixli 5 saylı müqaviləsinə əsasən Bakı şəhəri Binəqədi rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün 2 №-li evtikmə kombinatında iki otaqlı qeyri-yaşayış sahəsi olan 5 saylı otağı Füzuli rayonunun Pirəhmədi kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşmaq üçün həmin kəndən məcburi köçkün olan cavabdehin atası X8 və anası X2 istifadəsinə verilmişdir. Cavabdeh 2017-ci ildə Azərbaycan Respublikasına qayıtmış və valideynlərinə qulluq göstərməklə onların yanında yaşamışdır. Cavabdehin anası xx.xx.2019-cu il tarixdə, atası isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtdan Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ona bildiriş göndərərək atasının istifadəsində olan və hazırda onun yaşadığı yaşayış sahəsini boşaltmağı tələb etmişlər. Məhkəmə cavabdehin atası X11 iddia ərizəsində göstərilən ünvanda ayrıca mənzilin deyil, 2 №-li Evtikmə kombinatının inzibati binasında 2 otaqlı 5 saylı qeyri-yaşayış sahəsi verildiyini bilsədə işin bu halını araşdırmamışdır. Cavabdeh Azərbaycan Raspublikasında başqa yaşayış sahəsi yoxdur. Cavabdeh hazırda da Füzuli rayonunun Pirəhmədli kəndinin sakinidir və həmin kənddə qeydiyyatdadır. Cavabdehin atası ölümündən əvvəl xx.xx.2021-ci il tarixli vəsiyyətnamə ilə özünə məxsus bütün daşınar və daşınmaz əmlakını cavabdehə vəsiyyət etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdi. Qeyd etdi ki, cavabdeh Füzuli rayonu, Pirəhmədli kəndinin sakinidir. Həmin kəndin sakinləri, o cümlədən cavabdeh evlə təmin olunanadək hazırki iş üzrə qətnamənin icrasının tələb edilməməsini xahiş edir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 43-cü maddəsində görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın.

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu

23. Maddə 5. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

“Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu

24. Maddə 17. Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

“Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydaları”

25. Bənd 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 26.Bənd 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 27.Bənd 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 28.Bənd 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

29. Maddə 91.1.2. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə yataqxanalarda yaşayış sahələri aiddir.

30. Maddə 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.

31. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.

32. Maddə 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

41. Göründüyü kimi mübahisəli mənzil xüsusi təyinatlı mənzil olmaqla, dövlətin balansındadır.

42. Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

43. Qeyd edilən yaşayış sahələri ilə bağlı dövlət siyasəti "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli Fərmanına əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

44. Müəyyən edilmişdir ki, mübahisələndirilən mənzil iddiaçı tərəfindən cavabdehin atasına müqavilə əsasında və onunla yaşayan bir nəfər ailə üzvünə müvəqqəti məskunlaşmaq üçün verilmişdir.

45. Tərəflər arasında olan müqaviləyə əsasən, məcburi köçkün yaşayış evini satmaq, dəyişmək, bağışlamaq, girov qoymaq və s. vasitələrlə özgəninkiləşdirmək hüququna malik deyil. Qeyd edilən hallar yuxarıda sadalanan qanuverici tərəfindən dəqiq təsbit edilmişdir.

46. Hal-hazırda həmin mənzildə qeydiyyatda heç kim yoxdur və mənzil mərhumun qızı Cavabdeh və onun ailə üzvləri tərəfindən zəbt olunmuşdur. Cavabdeh isə məcburi köçkün deyil.

47. Füzuli rayonu işğal edilərkən, həmçinin müqavilə bağlanarkən cavabdeh ümumiyyətlə Azərbaycan Respublikasında yaşamamışdır.

48. Kollegiya cavabdehin şikayətinin digər dəlili olan - iddiaçı tərəfindən onun atasına ev verilməməsinə münasibətdə qeyd edir ki, mübahisəli mənzil, həmçinin 2010-cu il tarixli müqavilə bu halı təkzib edir.

49. Cavabdeh tərəfindən əksi sübut olunmur. Belə ki, mənzilə dair hər hansı mülkiyyət sənədi məhkəməyə təqdim edilməmişdir.

50. Cavabdehin nümayəndəsi qətnamənin icrası ilə bağlı möhlət istəmişdir. Kollegiya qeyd edir ki, bu məsələyə qətnamənin icrası qaydasında baxılmalıdır.

51. İddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur.

52. Kollegiya onu da nəzərə alır ki, qüvvədə olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı “mənzildən istifadə edilməsinə şərait yardılması tələbinə dair” iddiası təmin edilməmişdir.

53. Kollegiya qeyd edir ki, göstərilən bu dəlillər haqlı iddia tələbinin rədd edilməsinə əsas vermir.

54. Baxılan iş üzrə mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçı haqlı olaraq cavabdehin ona məxsus mənzildən çıxarılmasını tələb etmişdir, məhkəmə tərəfindən isə əsaslı olan iddia tələbi təmin edilmişdir.

55. Apellyasiya şikayətində qanuni və əsaslı olan qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün hər hansı hal müəyyən edilməmişdir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-62/2024 nömrəli iş üzrə 16 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar