Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1502/2025 18.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, cavabdeh-iddiaçı Cavabdeh MTK-nın vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqaviləyə xitam verilməsinin qanunsuz sayılması, müqavilənin dəyişdirilməsi, mənəvi zərərin və dəbbə pulunun ödənilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin dəyişdirilməsi və müqavilə öhdəliklərinə xitam verilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-530/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh MTK-nın apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Cavabdeh MTK çoxmənzilli bina inşa edir. İddiaçı isə fərdi yaşayış evinin mülkiyyətçisidir. Nəsimi rayonu, Abbas Səhhət küçəsində yerləşən, ümumi sahəsi 84,80 kv.m təşkil edən 29 nömrəli fərdi yaşayış evi və evə aid olan 0,010080 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Onun mülkiyyət hüququ xx.xx.2019-cu ildə dövlət reyestrində qeydə alınıb və reyestr çıxarışı verilib. 2.Tərəflər xx.xx.2022-ci ildə sadə yazılı formada müqavilə bağlayıblar. 3.Müqavilənin 1.1-ci bəndinə görə, İddiaçı üzərinə öhdəlik götürüb ki, mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən daşınmaz əşyanı (0,02564 ha torpaq sahəsində yerləşən 84,8 kv.m evi) həmin yerdə yaşayış binasında inşa edilməsi üçün MTK-ya təhvil verəcək. Müqavilənin 1.2-ci bəndinə görə, tərəflər razılaşırlar ki, həmin daşınmaz əşyanın ümumi sahəsi tikilinin yerləşdiyi torpaq sahəsi də nəzərə alınmaqla 256,4 kv.m müəyyən edilir. 4.Müqavilənin 1.3-cü bəndində MTK-nın üzərinə götürdüyü öhdəlik belə göstərilib: “Tikinti şirkəti tərəfindən bu müqavilənin 1.2-ci bəndində qeyd olunan 256 kv.m sahənin əvəzində mülkiyyətçiyə həmin ərazidə müqavilə bağlandığı gündən 3 il 10 ay müddətində inşa ediləcək yaşayış binasının “H” blokunun 1-ci mərtəbəsində 118 kv.m qeyri-yaşayış sahəsi (eskiz layihəsi əlavə olunacaq) (256,4 kv.m – 118.kv.m = 138,4 kv.m) veriləcək. Qalan 138,4 kv.m sahəni isə, tərəflər razılaşırlar ki, aşağıdakı qaydada hesablanmaqla və tikinti şirkəti tərəfindən mənzillər mülkiyyətçiyə təhvil verilən günə kimi mülkiyyətçi tərəfindən tikinti şirkətinə 269.400 manat əlavə ödəniş edilməklə yaşayış binasının “H” blokundan 163 kv.m sahəsi olan (eskiz layihələri əlavə olunacaq) 3 ədəd təmirsiz mənzil tikilib təhvil veriləcəkdir. Mənzillər 14, 15 və 16-cı mərtəbələrdə, bir-birinin üstündə olacaqdır. 163 kv.m x 3 ədəd = 489 kv.m; 489 kv.m x 1.400 azn = 684.600 azn; 138,4 kv.m x 3.000 azn = 415.200 azn; 684.600 azn – 415.200 azn = 269.400 azn”. 5.Müqavilənin 1.4-cü bəndinə görə, İddiaçı müqavilənin 1.3-cü bəndində göstərilən 269.400 manatı mənzillər ona təhvil verilən günə qədər MTK-ya tam ödəyir. 6.Binanın tikintisinə başlandıqdan sonra MTK əks tərəfə bildirib ki, müqavilədə qeyd olunan 163 kv.m sahəsi olan mənzillər binanın layihəsinə edilmiş məcburi dəyişikliklərin nəticəsi olaraq mövcud deyildir. Nəticədə tərəflərin arasında mübahisə yaranıb, onlar qarşılıqlı olaraq bir-birlərinə pretenziya məktubları göndərərək öz tələblərini irəli sürüblər. Həmin məktublar mülki işin materiallarına əlavə edilib. Lakin mübahisənin razılıq əsasında həll edilməsi mümkün olmadığından hər iki tərəf məhkəməyə iddia verib. İlk iddia tələbi 7.İddiaçı ilk iddiasında və ilk iddianın dəyişdirilməsi barədə ərizədə aşağıda göstərilənlər tələb olunub: 8.Birinci, tərəflərin bağladığı xx.xx.2022-ci il tarixli müqaviləyə MTK tərəfindən xitam verməsi qanunsuz hesab edilsin. 9.İkinci, tərəflərin bağladığı xx.xx.2022-ci il tarixli müqavilənin 1.3-cü bəndinin “...yaşayış binasının “H” blokundan 163 kv.m sahəsi olan (eskiz layihələri əlavə olunacaq) 3 ədəd təmirsiz mənzil tikilib təhvil veriləcəkdir. Mənzillər 14, 15 və 16-cı mərtəbələrdə bir-birinin üstündə olacaqdır. 163 kv.m x 3 ədəd = 489 kv.m, 489 kv.m x 1400 azn = 684.600 azn, 138.4 kv.m x 3000 azn = 415.200 azn, 684.600 azn - 415.200 = 269.400 azn” məzmunlu hissəsi göstərilən kimi dəyişdirilsin: “...yaşayış binasının “H” blokundan 14, 15 və 16-cı mərtəbələrinin hər birində həmdivar olmaqla, bir-birinin üstündə yerləşən sahəsi 84,8 kvm olan 3 mənzil və 70 kv.m olan 3 mənzil (təsdiq olunmuş tikinti layihəsindən təsdiq edilmiş çıxarış əlavə olunur), cəmi sahəsi 464.4 kv.m olan 6 mənzil və həmin mənzillərdən biri ilə həmdivar yerləşən sahəsi 59,9 kv.m olan 1 (bir) mənzil, tam cəmi yaşayış sahəsi 524,3 kv.m olan 7 (yeddi) təmirsiz mənzili tikib təhvil verəcəkdir. 84.8 kv.m x 3 mənzil = 254.4 kv.m, 70 kv.m x 3 mənzil = 210 kv.m, 59.9 0 kv.m x 1 mənzil = 59,9 kv.m, cəmi: 524,3 kv.m”. 10.Üçüncü, MTK 10 gün ərzində xx.xx.2022-ci il tarixli müqavilənin dəyişdirilmiş hissəsi nəzərə alınmaqla qeyri-yaşayış və yaşayış sahələri üzərində İddiaçı xeyrinə mülkiyyət hüququnun ilkin qeydiyyatı üçün bütün zəruri sənədləri hazırlayıb İddiaçı təqdim etsin. 11.Dördüncü, MTK-ya müqavilə üzrə ödənilmiş 55.000 manat nəzərə alınmaqla 269.400 manat məbləğində öhdəlik müvafiq məbləğdə azaldılsın. 12.Beşinci, istehlakçı hüquqlarının pozulmasına görə, müqaviləyə dəyişiklik qüvvəyə minənədək müqavilə qiymətinin gündəlik 1 faizi miqdarında hesablanmaqla dəbbə pulu MTKdan İddiaçı xeyrinə tutulsun. 13.Altıncı, mənəvi ziyanın pul kompensasiyası kimi 15.000 manat MTK-dan İddiaçı xeyrinə tutulsun. 14.Yeddinci, istehlakçı tələblərini könüllü təmin etmədiyinə görə, müqavilə qiymətinin 50 faizi miqdarında cərimə MTK-dan İddiaçı xeyrinə tutulsun. 15.Səkkizinci, hüquqi xidmətə çəkilmiş xərcin əvəzi kimi 2.020 manat MTK-dan İddiaçı xeyrinə tutulsun. Qarşılıqlı iddia tələbi 16.Cavabdeh MTK-nın qarşılıqlı iddiasında və qarşılıqlı iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, MTK tərəfindən İddiaçı ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının “H” blokunun 1-ci mərtəbəsində 118 kv.m qeyri-yaşayış sahəsi, binanın 14, 15 və 16-cı mərtəbələrində, liftin çıxışından solda 1-ci mənzil olmaqla hər birinin sahəsi 84,8 kv.m olan 3 ədəd mənzil, qalan sahəyə görə 59.040 manat kompensasiya verilməklə və İddiaçı məxsus olmuş 0,02564 ha torpaq sahəsi MTK-nın istifadəsində saxlanılmaqla, tərəflərin bağladığı xx.xx.2022-ci il tarixli müqavilə üzrə öhdəliklərə xitam verilsin. İddiaların həlli 17.Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə ilk və qarşılıqlı iddialar qismən təmin olunaraq aşağıda göstərilənlər qət olunub: 18.Tərəflərin bağladığı xx.xx.2022-ci il tarixli müqaviləyə MTK tərəfindən xitam verilməsi qanunsuz hesab edilsin. 19.Həmin müqavilənin 1.3-cü bəndinin “...yaşayış binasının “H” blokundan 163 kv.m sahəsi olan (eskiz layihələri əlavə olunacaq) 3 ədəd təmirsiz mənzilin tikilib təhvil verilməsi (mənzillər 14, 15 və 16-cı mərtəbələrdə” bir-birinin üstündə olacaqdır. 163 kv.m x 3 ədəd = 489 kv.m, 489 kv.m x 1400 azn = 684.600 azn, 138.4 kv.m x 3000 azn = 415.200 azn, 684.600 azn - 415.200 = 269.400 azn” məzmunlu hissəsi göstərilən kimi dəyişdirilsin: “...yaşayış binasının “H” blokundan 14, 15 və 16-cı mərtəbələrinin hər birində həmdivar olmaqla, bir-birinin üstündə yerləşən sahəsi 84,8 kv.m olan 3 mənzil və 70 kv.m olan 3 mənzil (təsdiq olunmuş tikinti layihəsindən təsdiq edilmiş çıxarış əlavə olunur), cəmi sahəsi 464.4 kv.m olan 6 təmirsiz mənzili tikib təhvil verəcəkdir. Mənzillər təhvil verilən günədək İddiaçı tərəfindən MTK-ya 222.783 (iki yüz iyirmi iki min yeddi yüz səksən üç) manat ödəniləcəkdir”. 20.Müqavilə şərtlərinə uyğun olaraq verilməli olan mənzillərin qabaqcadan qeydiyyatı üçün zəruri sənədlərin təqdim edilməsi öhdəliyi MTK-nın üzərinə qoyulsun. 21.Mənəvi zərərə görə 1.000 manat MTK-dan İddiaçı xeyrinə tutulsun. 22.Vəkilin göstərdiyi yardım üçün çəkilmiş xərcə görə 1.540 manat MTK-dan İddiaçı xeyrinə tutulsun. 23.Qətnamə ilə ilk və qarşılıqlı iddiaların qalan hissələri təmin edilməyib. Apellyasiya instansiyası məhkəməsində icraat 24.İddiaçı apellyasiya şikayətində tələb olunub ki, qətnamə ilk iddianın rədd edilən, qarşılıqlı iddianın isə təmin edilən hissəsində ləğv edilsin, ilk iddia tam təmin edilsin, qarşılıqlı iddia isə təmin edilməsin. 25.Cavabdeh MTK-nın apellyasiya şikayətində tələb olunub ki, qətnamə ilk iddianın təmin edilən, qarşılıqlı iddianın isə rədd edilən hissəsində ləğv edilsin, ilk iddia rədd olunsun, qarşılıqlı iddia isə təmin olunsun. 26.Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə özlərinin apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdilər. 27.Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın vəkili və nümayəndəsi Vəkil2 MTK-nın apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. 28.Apellyasiya icraatı zamanı MTK-nın vəsatəti əsasında 6 nəfər - X12, X7, X2, X10, X5 və X6 MTK-nın tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi tanınmışlar. Belə ki, MTK bildirmişdir ki, qətnamə ilə İddiaçı aid edilmiş mənzillərə dair MTK ilə həmin şəxslərin arasında müqavilələr bağlanıb. 29.İş üzrə xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X12, üçüncü şəxs X10, üçüncü şəxs X1 nümayəndəsi X8 və üçüncü şəxs X3 nümayəndısi X4 qətnamənin onların mənzillərinə aid olan hissəsinin əsassız olduğunu, həmin mənzilləri müqavilə əsasında MTK-dan əldə etdiklərini və mənzillərin qiyməti kimi müqavilədə göstərilən məbləği MTK-ya ödədiklərini bildirdilər. Digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. 30.Üçüncü şəxslər sonuncu məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 31.Tərəflərin bağladığı xx.xx.2022-ci il tarixli müqavilədə qeyd edilən mənzillərin MTK tərəfindən İddiaçı verməsi mümkün deyil, çünki göstərilən sahədə mənzillər mövcud deyil. Bu, mübahisə doğurmur. Müqavilənin AR Mülki Məcəlləsinin 421-424-cü maddələrinə uyğun olaraq dəyişdirilməsi, yəni başqa mənzillərin verilməsi öhdəliyinin müəyyən edilməsi mümkündür, lakin belə dəyişmə qanunvericiliyə uyğun olmalıdır. 32.Müqavilənin İddiaçı ilk iddiada tələb etdiyi qaydada dəyişdirilməsi qanunvericiliyə uyğun deyil. Belə ki, İddiaçı iddia etdiyi mənzillərə dair MTK tərəfindən başqa şəxslərlə xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli müqavilələr bağlanıb (cild 2, iş v. 17- 36). Həmin müqavilələr Mülki Məcəllənin 337 və 423-cü maddələrində müəyyən edilmiş qaydada ləğv edilmədən və ya etibarsız sayılmadan mənzillərin İddiaçı verilməsi MTK-nın öhdəliyi kimi xx.xx.2022-ci il tarixli müqaviləyə daxil edə bilməz. Həmin müqavilələrin ləğv edilməsi və ya etibarsız sayılması barədə tələb irəli sürülməyib, AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, məhkəmə öz təşəbbüsü ilə müqavilələri ləğv edə və ya etibarsız saya bilməz. 33.Müqavilənin MTK-nın qarşılıqlı iddiada tələb etdiyi qaydada dəyişdirilməsi qanunvericiliyə uyğun deyil. Belə ki, İddiaçı MTK-nın təklif etdiyi boş mənzilləri qəbul etməkdən imtina edir. İddiaçı mənzil verilməsi öhdəliyi üzrə kreditordur. Mülki Məcəllənin 435-ci maddəsində qeyd olunub: “Kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır”. Odur ki, kreditorun qəbul etmək istəmədiyi ayrı icra müqavilənin dəyişdirilməsi adı ilə müqaviləyə daxil edilə bilməz. 34.İlk və qarşılıqlı iddialardakı digər tələblər müqavilənin dəyişdirilməsi tələbindən asılı olduğuna, müqavilənin dəyişdirilməsi barədə tələblər isə təmin edilmədiyinə görə, digər tələblər də təmin oluna bilməz. 35.İddiaçı xx.xx.2022-ci il tarixli müqavilədən əmələ gələn öhdəliyin MTK tərəfindən icra edilməməsi nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsi üçün Mülki Məcəllənin 443-cü maddəsinin göstərişinə uyğun olaraq iddia qaldıra bilər. 36.Beləliklə, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmədiyindən qətnamə ləğv edilməli və hər iki iddia rədd olunmalıdır. 37.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Cavabdeh MTK-nın apellyasiya şikayəti qismən təmin olunsun. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-530/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh MTK-ya qarşı “müqaviləyə xitam verilməsinin qanunsuz sayılması, müqavilənin dəyişdirilməsi, mənəvi zərərin və dəbbə pulunun ödənilməsi barədə” ilk iddiası təmin edilməsin. İddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin dəyişdirilməsi və müqavilə öhdəliklərinə xitam verilməsi barədə” qarşılıqlı iddiası təmin edilməsin. Hər bir tərəfin çəkdiyi məhkəmə xərc onun özünə aid edilsin. Məhkəmə ekspertizası xərci olan 50 manatın 25 manatı İddiaçı 25 manatı Cavabdeh MTK-dan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qiymətləndimə xərci olan 300 manatın 150 manatı İddiaçı, 150 manatı Cavabdeh MTK-dan "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1502/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1502/2025
18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver