Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1507/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4455/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına olan Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 68 ünvanında yerləşən 4 saylı mənzilə istifadə edə bilmək üçün köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh ilə 12 oktyabr 2004-cü ildə nikaha daxil olmuşlar. Bu nikahdan 08.04.2006-cı il təvəllüdlü X3 adlı qızları vardır. Yasamal Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(004)-2465/2021 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş 08 aprel 2006-cı il təvəllüdlü X2 onun, yəni anasının yanında qalması müəyyən edilmiş, yetkinlik yaşına çatmayan X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur. Yaşadıqları müddətdə cavabdehə aid mənzil əldə olunmuşdur və bu mənzil hazırda onun istifadəsindədir. Belə ki, 16.11.2011-ci ildə cavabdehin adına ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak birgə vəsaitləri ilə əldə etmişlər. Lakin mənzil məqsədli olaraq bəxşiş yolu ilə özgəninkiləşdirilmişdir. Verilmiş sorğuya əsasən Azərbaycan Respublikası DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin **********05 saylı, 12.04.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Sizin Cavabdeh adına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlaklar haqqında məlumatın verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır Cavabdeh adına ünvan 1 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh adına Azərbaycan Respublikası üzrə qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir”. Mənzil cavabdehin adındadır və onları azyaşlı qızı ilə mənzilə buraxmır. Hazırda valideyinlərinin yanına sığınmışdır. Balaca qızı Bakıda təhsil alır və səhhəti ilə əlaqədar burada müalicə alır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4455/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh məhkəməyə iddiaçı ilə arasında notariat qaydasında təsdiq edilmiş barışıq sazişini təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə xitam verilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış sazişi və iş materiallarını araşdıraraq hesab edir ki, saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 191, 261-264, 370, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4455/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə tərəflər arasında Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Bu sazişin məqsədləri üçün bundan sonra “iddiaçı" adlandırılacaq ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı bir tərəfdən və bundan sonra "cavabdeh” adlandırılacaq ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh digər tərəfdən, aralarında olan “Cavabdeh adına olan ünvan 1 ünvanında yerləşən mənzilə istifadə edə bilmək üçün azyaşlı qızı ilə birlikdə köçürülməyi barədə” məhkəmə icraatında və “Cavabdeh adına olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi 21 A, mənzil 45-də yerləşən daşınmaz əmlakın üzərində payının müəyyən olunması həmin əmlakın adına qeydiyyatının aparılması tələbi” ilə mediasıya mərhələsində olan işlərlə bağlı mülki mübahisənin sülh yolu ilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Mülki Prosessual Məcəlləsinə və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq aşağıdakı şərtlərlə barışıq sazişi bağladılar.
1. Preambula İddiaçı Cavabdeh qarşı “əmlakdan istifadə və köçürülmə” ilə bağlı iddiası vardır və həmin tələb üzrə işə Bakı Apelyasiya Məhkəməsində 2(103)-1507/2022 saylı mülki icraatda baxılır. Bundan əlavə digər halda “birgə nikah dövründə eldə olunmuş əmlaka pay haqqının tanınması” tələbi ilə bağlı mediasiya prosesində olan mübahisə vardır.
2. Sazişin predmeti 2.1. Tərəflər ümumi razılığa gələrək yuxarıda göstərilən məhkəmə və mediasiya icraatlarında olan iddia tələblərinin hüquqi taleyini aşağıdakı qaydada həll edirlər: a) Hazırkı sazişlə tərəflər onların arasında yaranmış mübahisəli vəziyyətə son qoyulması məqsədilə müəyyən edirlər ki, tərəflər arasında yaranmış mübahisəli daşınmaz əmlakın hüquqi taleyinin və birinci tərəfin əmlakdan 'istifadə hüququnun həlli sazişin müddəaları ilə birdəfəlik və qəti olaraq yekunlaşdırmaqla məhkəmə çəkişmələrinin bağlanmasına nail olmaq mümkündür. b) İş üzrə iddiaçı tərəf olan İddiaçı cavabdehin razılaşdırılmış müddətlərdə onu və həddibuluğa çatmayan qızları, 08.04.2006-cı il təvəllüdlü, X2 həyat və mənzil şəraitinin təmin olunması məqsədilə hazırkı müqavilə ilə razılaşdırlmış şərtlərdə pul kompensasiyası veriləcəyinə zəmanət verməsi səbəbindən iddiasından imtina edir və bu mübahisəli vəziyyətlə əlaqədar yaranmış bütün məhkəmə işlərindən imtina etməklə işin icraatına xitam verilməsinə öz razılığını bəyan edir. v) iş üzrə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə və ünvan 4n mənzilə dair bütün iddialarından imtina edərək onunla razılaşması müqabilində saziş bağlandığı və işə baxan məhkəmə (və ya mediasiya qurumu) tərəfindən təsdiqlənərək qüvvəyə mindiyi tarixdən etibarən hesablanmaqla yaxın beş ay ərzində İddiaçı və həddibuluğa çatmayan qızları, 08.04.2006-cı İİ təvəllüdlü, X2 həyat və mənzil şəraitinin təmin olunması məqsədilə 30000 (otuz mln) manat məbləğində pul vəsaitinin verilməsi öhdəliyini öz üzərinə götürür və razılaşmaya dair bütün şərtlərin vicdanla yerinə yetiriləcəyinə sazişin q) bəndində gösterilən təminatla zəmanət verir. e) Hazırkı saziş imzalandıqdan və rəsmiləşmələr həyata keçirildikdən sonra icra mərhələsində yaşayış mənzilinin və əmlakların üzərinə qoyulmuş həbsin götürülməsi (və/və ya həbsin götürülməsinə etiraz etməməsi) barədə Yasamal rayon Məhkəməsinə ərizələr təqdim ediləcəkdir. v) Sazişin məqsədlərinə çatmaq üçün tərəflər notariatda səlahiyyətləri çərçivəsində sazişi, ərizələri imzalayaraq müvafiq rəsmiləşdirmələrə başlayırlar. q) Tərəflər sazişin müddəalarına riayət etməklə müvəffəqiyyətli nəticə əldə olunması məqsədilə bütün iddialarından imtina edir və müqavilənin 2.1 maddəsində qeyd olunmuş əsaslarla iş üzrə icraata xitam verilməsinə öz razılığını bildirirlər, Cavabdeh tərəf mənzilin alınmasını və ya bunun müqabilində pul vəsaitinin ödənişinin razılaşdırılmış qaydada və müddətdə icra olunmadığı öhdəliyin yerinə yetirilməsindən bu və ya digər bəhanələrlə yayınıldığı təqdirdə tərəflərin əvvəlki vəziyyətə qayıtmaqla ünvan 5 ünvanında yerləşən mənzilə iddiaçının istifadə hüququnun tanınmaqla köçürülməsinə və Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi 21A, mənzil 45-də yerləşən mənzilin yarısına pay haqqının tanınmasına etiraz etməyərək rəsmiləşdirilməsinə təminat verir. 2.2. Tərəflər razılığa gəlirlər ki, sazişdə qeyd olunan şərtlərə birgə riayət etməklə biri-birilərinə qarşı sözügedən mübahisəli vəziyyətlərə dair və yaxud gələcəkdə digər məzmunlu iddialar verməyərək, ərizələrin təqdim olunmasını, rəsmiləşdirilmənin təmin edilməsini, pulun vaxtında ödənilməsini həyata keçirəcək və iş üzrə icraatlara xitam verilməsini qeyd şərtsiz təmin edəcəklər.
3. Öhdəliklərin icrası 3.1. Hazırkı razılaşmanın icrası qaydasını tərəflər birlikdə müəyyən edirlər və saziş bağlandıqdan və məhkəmə tərəfindən təsdiq olunduqdan sonra 2.1, 2.2 və 3.2-ci bəndindəki vəzifələrin icrasına başlanılır. 3.2. Tərəflər (və ya vək.nümayəndələri) bu sazişin təsdiq edilmiş nüsxəsi ilə Bakı Apelyasiya Məhkəməsinə, müvafiq mediasiya təşkilatına , ASAN xidmət orqanına və zəruri olarsa İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edirlər. 3.3. Razılaşmanın təsdiqi olaraq bu saziş imzalandığı və təsdiqləndiyi halda dərhal müvafiq ərizənin təqdim olunması və ödənişin rəsmiləşdirilməsi həyata keçirilir və əqdlərin surətləri məhkəməyə təqdim edilir.
4. Digər Müddəalar 4.1. Bu saziş imzalarla təsdiqlənir və məhkəmə tərəfindən qəbul edildikdə, qanunvericiliyin tələblərinə görə eyni zamanda mülki iş üzrə icraata barışıq sazişi əsasında xitam veriləcəkdir. 4.2. Bu sazişin hər hansı müddəasının öz qüvvəsini itirməsi və ya hər hansı səlahiyyətli məhkəmənin qərarı yaxud hər hansı orqanın tərəflər üçün öhdəlik yaradan qərarı ilə səhv və ya etibarsız elan olunması sazişin digər müddəalarının səhv və ya- etibarsız hesab olunması üçün əsas deyil. Buna görə də belə olan halda tərəflər danışıq yolu ilə müvafiq müddəaların dəyişdirilməsi ile bağlı elə razılığa gələcəklər ki, həmin müddəalar bu sazişin şərt və tələblərinə uyğun gəlsin. 4.3. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdə, qanunvericiliyin tələblərinə görə eyni zamanda iş üzrə icraata xitam veriləcəkdir. Bununla əlaqədar tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində göstərilən “işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir” müddəaları ilə tanış olduqlarını təsdiq edirlər. 4.4. Bu saziş, məhkəmə tərəfindən təsdiq edildiyi gündın qüvvəyə minir və tərəflər üçün hüquqlar və vəzifələr müəyyən edir. 4.5. Bu sazişdə tərəflərin təminatla razılaşdıqları müddəaların pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcəkdir. 4.6. Bu saziş 4 (dörd) nüsxədə tərtib edilir və nüsxələri müvafiq olaraq iddiaçıda,cavabdehdə, üçüncü şəxsdə və Məhkəmədə, saxlanılır. Müqavilə tərəflərinə onların hüququ və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov