Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1509/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmaylızadənin katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Səlimova Olqa Nazim qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5790/2021 saylı 12 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən iddiaçının kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulması nəticəsində 99,66 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətə görə 50 manat, 20 manat dövlət rüsumunun, 40 qəpik bank xidmət haqqının, cəmi 170,06 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC Sumqayıt şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziya xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şürasından 07 may 2015-ci il tarixli, TR 057 saylı və 07 may 2012-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar almışdır. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkilir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31.08.2015-ci il tarixinədək 9 manat, 01.09.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Lakin bir çox vətəndaşlar iddiaçı ilə müqavilə bağlamadan qanunsuz olaraq kabel şəbəkəsinə qoşulurlar. Bunların qarşısını almaq məqsədi ilə iddiaçı “Ədalət-A” hüquq firması ilə 15.02.2008-ci il, 15.09.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixlərində hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalamışdır. 2 saylı MKİSin arayışına əsasən cavabdeh Sumqayıt şəhəri 2-ci məhəllə ev 106 mənzil 14-ün sahibidir. 18.05.2020-ci il tarixdə “Ədalət-A” hüquq firmasının “SNTV” kabel televiziyasının əməkdaşları sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzildə kabel şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmiş və bu barədə həmin tarixli 1684 N saylı akt tərtib edilmişdir. Ünvana son baxış 21.07.2019-cu il tarixdə olmuşdur. Son baxış tarixindən akt tərtib olunan müddətədək olan vaxt 302 gün təşkil edir. Birgünlük abunə haqqı 33 qəpik təşkil etdiyindən cavabdehin iddiaçıya abunə haqqı qismində vurduğu zərər 99,66 manat təşkil etmişdir. Eyni zamanda “Ədalət-A” hüquq firması ilə bağlanmış müqaviləyə əsasən ona 50 manat pul ödənilir. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5790/2021 saylı 12 noyabr 2021ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 0,33 (otuz üç qəpik) manat məbləğində borc, 0,4 (qırx qəpik) manat xidmət haqqı və 0,05 (beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin yaranmış borcun 18.05.2020ci il tarixdə cavabdeh tərəfindən qanunsuz qoşulma nəticəsində yaranması araşdırılmalı idi. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Səlimova Olqa Nazim qızı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahat dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5790/2021 saylı 12 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.3-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehə məxsus mənzildə son baxışın 21.07.2019cu il tarixində olmasını bildirsə də, bu halı təsdiq edəcək sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı təqdim etməmişdir. Odur ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının 21.07.2019-cu il tarixdən sonuncu nəzarət baxışı tarixi 18.05.2020-ci il tarixinədək olan dövr üçün zərərin hesablanması əsassızdır və zərər yalnız 18.05.2020-ci il tarixi, yəni bir gün üçün 0,33 manat hissəsində təmin edilməlidir. Eyni zamanda məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia hüquqi xidmət haqqı olaraq “Ədalət-A” hüquq firmasına ödənilmiş 50 manat tələbi hissəsində də təmin edilə bilməz. Belə ki, iddiaçı hüquq firması ilə aralarında bağlanmış müqaviləni də məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Maddəsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizə olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5790/2021 saylı 12 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5790/2021 saylı 12 noyabr 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kasasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1509/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1509/2022
09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver