Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1510/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh-iddiaçı Cavabdeh2 ASC-nin nümayəndəsi Mətanət Əliyevin iştirakı ilə, İddiaçı Cavabdeh2 ASC-yə qarşı “borcun kredit reyestrindən silinməsi və avtomobilin ipoteka yüklülüyündən azad edilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh2 ASC-nin cavabdeh İddiaçı qarşı “borcun tutulması barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı-cavabdeh İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 35 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 24 ay müddətinə, yəni xx.xx.2014-cü ilədək 11.500 ABŞ dolları kredit verilib. Eyni şəxslərin arasında bağlanmış xx.xx.2012-ci il tarixli 35 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus “Mercedes Benz 230” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil kreditin qaytarılmasının təminatı kimi ipoteka ilə yüklü edilib. Tələb və onun həlli: İşdə 2 iddia var. İddiaçı ilk iddia ərizəsində tələb olunub ki, kredit borcu Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinsin, avtomobil ipoteka yüklülüyündən azad edilsin və ipoteka yüklülüyünə dair qeyd ləğv edilsin. Cavabdeh2 ASC-nin qarşılıqlı iddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi üzrə əsas borcu kimi 11.500 ABŞ dolları tutulsun. Qətnamə ilə hər iki iddia rədd olunub. Şikayət və izahatlar: Qətnamədən İddiaçı apellyasiya şikayəti verib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ilk iddianın rədd edilməsi hissəsində ləğv edilsin və ilk iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdeh-iddiaçı Cavabdeh2 ASC-nin nümayəndəsi Mətanət Əliyev isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: Qətnamənin ilk iddiaya aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Kredit borcunun qaytarılması barədə tələb üzrə iddia müddəti keçib. Qarşılıqlı iddia birinci instansiya məhkəməsi tərəfindən buna görə rədd olunub, bank bu nəticə ilə razılaşıb və qətnaməni mübahisələndirməyib. İlk iddia iddia müddətinin keçməsinə əsaslanıb. Lakin iddia müddətinin keçməsi kredit öhdəliyinin xitamına səbəb olmur. İddia müddəti keçdikdə pozulmuş və ya mübahisəli hüquq məhkəmə tərəfindən müdafiə olunmur, buna baxmayaraq həmin hüquq mövcud olmaqda davam edir. Mülki Məcəllənin 527.1-ci maddəsinə görə, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin halların heç biri hazırkı işdə mövcud deyil. Odur ki, kredit borcu Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinə bilməz. O cümlədən avtomobilin ipotekadan azad edilməsi barədə tələb təmin edilə bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında qeyd olunub ki, Mülki Məcəllənin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olunmasına səbəb olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1510/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1510/2023
24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver