Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-15100/2019 25.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X3 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, İddiaçı Əlı̇yev Allahverdı̇ Nəcəfəlı̇ oğlunun iştirakı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019 il tarixli, 2(010)-3302/2019 saylı qətnaməsindən cavabdeh Əliyeva Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 cavabdehlər Cavabdeh1MMC-yə və Əliyeva Cavabdeh2 qarşı “əmlikın qiymətləndirilməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh1 MMC tərəfindən ünvan 1 mənzil 161 ünvanının keçirilmiş baxış zamanı ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı, xx xxxxxx 2017 ci il tarixli, 17-1147 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Əliyeva Cavabdeh2 qarşı ümumi mülkiyyət olan mənzildən payların müəyyənləşdirilməsi, istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülməyinə dair iddia tələbi ilə 2006-cı ilin iyun ayında Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Əliyeva Cavabdeh2 isə ona qarşı mənzilin 2/3 hissəsinə hüququnun tanınmasına, qeydiyyat vəsiqəsinin verilməsinə və kompensasiyanın ödənilməsinə dair Azərbaycan Respubliksı Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinə uyğun olaraq qarşılıqlı iddia tələbi ilə Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Suraxanı rayon Məhkəməsi xx.xx.2006-cı il tarixli 2-384/2006 saylı qətnaməsi ilə iddianı qismən təmin edərək, onun ümumi mülkiyyət olan mənzildən payını, istifadə qaydalarını müəyyən edərək mənzilə köçürməyini təmin etmişdir. Həmçinin cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əliyeva Cavabdeh2 da iddiası qismən təmin edilərək, mənzilin 2/3 hissəsinə mülkiyyət hüququnun tanınmasına, mənzilin dəyərinin bazar qiymətinə uyğun müəyyən edilərək Əliyeva Cavabdeh2 tərəfindən mənzilin 1/3 hissəsinə görə ona kompensasiyanın ödənilməsinə, mənzilin Əliyeva Cavabdeh2 mülkiyyətinə verilməsinə və onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi barədə xx xxxxxxxx 2006-cı il tarixdə 2- 384/2006 saylı qətnamə qəbul etmişdir. Suraxanı rayon İcra və Probosiya şöbəsi xx.xx.2017-ci il tarixdə Suraxanı rayon Məhkəməsinə icra vərəqəsi təqdim etmişdir. Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2006-cı il tarixli, 2(010)-384/2006 saylı icra vərəqəsinə və Cavabdeh1nə ünvanlanmış xx xxxxxxx 2017-ci il tarixli, 18/276160-8 saylı sifarişli məktubuna əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, D yaşayış massivində yerləşən 19 saylı evin, 161 № li mənzilinin qiymətləndirilməsi həyata keçirilmiş və bu barədə ona heç bir məlumat verilməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hələ 2006-cı ildə mənzilin dəyəri bazar qiymətinə uyğun olaraq 46000 (qırx altı min) ABŞ dolları dəyərində müəyyən edilmişdir. Xatırlatmaq istəyir ki, həmin illərdə daşınmaz əmlakın alğı-satqısı ABŞ dolları ilə dəyərləndirilirdi. Əliyeva Cavabdeh2 onun payına düşən 15333 (on beş min üç yüz otuz üç) ABŞ dollarını bir il müddətinə ödəyəcəyini söz versə də. sözünə əməl etməmişdir. Belə ki, ABŞ dollarının həmin ildə manata olan məzənnəsinə görə Əliyeva Cavabdeh2 ona 12000 manata yaxın pul ödəməli idi. Nəzərə alsaq ki, həmin illərdə daşınmaz əmlak bazarında 12000 manat 2-3 otaqlı həyət evləri almaq mümkün idi. Lakin, 11 ildən sonra, xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli, D yaşayış massivində yerləşən 19 saylı evin, 161 № li mənzilinə baxış keçirərək, 36000 manata qiymətləndirərək ona düşən payı yenə də 12000 manat müəyyən etmiş və nəticə etibarı ilə qiymətləndirilmənin obyektivliyinə şübhə yaradır. Azərbaycan Respublikası Qiymətləndirmə Fəaliyyəti haqqında Qanunun 5-c maddəsinə əsasən boşanan ər-arvadın birinin və ya hər ikisinin tələbi ilə əmlakın bölüşdürülməsi zamanı bu əmlakın dəyəri haqqında mübahisə yarandıqda qiymətləndirmə üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019 il tarixli, 2(010)-3302/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, “xxxxxxxx” MMC-nin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivində yerləşən 19 saylı evin, 161 saylı mənzilin qiymətləndirilməsi barədə xx.xx.2017-ci il tarixli, 17-1147 saylı əmlakın qiymətləndirmə nəticələri haqqında hesabatın etibarsız sayılaraq ləğv edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivində yerləşən 19 saylı evin, 161 saylı ünvanında yerləşən mənzili 57000 manat məbləğində qiymətləndirilməsinin müəyyən edilməsi qət olunmuşdur. Cavabdeh Əliyeva Cavabdeh2 tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019 il tarixli, 2(010)-3302/2019 saylı qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsinə dair qətnamə qəbul edərkən cavabdeh “xxxxxxxx”MMC-ti Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəs.,”D” yaşayış massivində yerləşən 19 saylı evin, 161 saylı mənzilin qiymətləndirilməsi barədə xx.xx.2017-ci il tarixli, 17-1147 saylı əmlakın qiymətləndirmə nəticələri haqqında hesabat verərkən əmlaka yerində baxış keçirilməməsi, əmlakın foto və sxemlerdə təsviri həyata keçirilməməsi, tərəflərdən zəruri olan sənədləri tələb etmədən, əlavə məlumat və izahatlar alınmadan, qiymətləndirmənin yalnız kağız üstündə aparıldığını, lakin iş üzrə “xxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 0532/19/Mİ saylı rəyi ilə mənzilə və mənzilin yerləşdiyi əraziyə yerində baxış keçirməklə, mənzilin həqiqi dəyəri ilə bağlı internet və əmlak bazarından məlumatlar əldə edilməklə 57.000 manat müəyyən edilməsi düzgün və obyektiv olmasını əsas olaraq götürmüşdür. Məhkəmənin istinad edilmiş nəticəsilə də razı deyil və hesab edir ki, həmin nəticə işin həqiqi halları və qüvvədə olan maddi hüquq və maddi prossesual hüquq normaları ilə tam təksib olunur. Məhkəmənin qətnaməsi əsasmda verilmiş icra sənədi uzun müddət mənzilin dəyərinin müəyyən edilməməsi səbəbi ilə icra edilməmiş, nəhayət 2017-ci ildə icra orqanı tərəfindən mənzilin həqiqi bazar dəyərinin müəyyən edilməsi və əmlakın qiymətləndirilməsi ilə bağlı icra sənədi “xxxxxxxx” MMC-yə göndərilmiş və 2017-ci ilin payız aylarında həmin MMC-nin əməkdaşları tərəfindən mənzilə və mənzilin sənədlərinə baxış keçirildikdən sonra iş üzrə xx.xx.2017-ci il tarixli, 17-1147 saylı əmlakın qiymətləndirmə nəticələri haqqmda hesabat verilmişdir. Məlum məsələdir ki, 2017-ci ilin dekabr ayına müəyyən edilmiş mənzilin dəyəri 1 il 6 ay ərzində 2019-cu ilin sentyabr ayına eyni qala bilməz, lakin həmin dəyərin 21.000 manat məbləğində qalxması faktı həqiqətə uyğun hesab edilə bilməz. Belə ki, iş materialları ilə də müəyyən edilmişdir ki, mübahisə edilən Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəs.,”D” yaşayış massivində yerləşən 9 mərtəbəli evin, 19-ci binasının 9-cu mərtəbəsində yerləşən 2 otaqlı Moskva-Leninqrad lahiyəli 161 saylı mənzil tam təmirsiz bir mənzildir və apellyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikası “xxxxxxx” Konsalting və Qiymətləndirmə Şirkətin direktoru F.İbrahimovun verdiyi xx.xx.2019-cu il tarixli, MB 12/926 saylı arayışdan məlum olur ki, hazırda Bakı şəhəri Suraxanı rayonu,Yeni Günəşli qəs.,”D” yaşayış massivində yerləşən 9 mərtəbəli evin, 19-ci binasının 9-cu mərtəbəsində yerləşən 2 otaqlı Moskva-Leninqrad lahiyəli 161 saylı mənzil tam təmirsiz mənzilin dəyəri 46.000-46.500 manat təşkil edir. Belə olduğu halda hesab edir ki, mübahisəli mənzilin dəyəri ilə bağlı iş üzrə verilmiş həsabat, rəy və arayışın aralarındakı ziddiyyətlərin aradan qaldırılması üçün mənzilin təkrar qiymətləndirilməsinə göndərilməsi zəruriyyəti yaranmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı Əlı̇yev Allahverdı̇ Nəcəfəlı̇ oğlu apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Əliyeva Cavabdeh2 və Cavabdeh1 MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019 il tarixli, 2(010)-3302/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından görünür ki, “xxxxxxxx” MMC həmin sifarişin verildiyi gündən 3 ay sonra xx xxxxxx 2017-ci il tarixli, 17-1147 saylı əmlakın qiymətləndirmə nəticələri haqqında hesabat tərtib etmiş və icra şöbəsinə ünvanlamışdır. Həmin hesabatda qiymətləndirmənin fakt üzrə aparılması öz əksini tapsa da, əmlaka baxışın keçirilməsi, əmlakın foto və sxemlərlə təsviri həyata keçirilməmiş, tərəflərdən(sifarişçidən) zəruri olan sənədlər tələb edilməmiş, əlavə məlumat və izahatlar alınmamış, qiymətləndirmə yalnız kağız üzərində aparılmışdır. Halbuki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 9 və 10-cu maddələri məhz qiymətləndiricinin hüquq və vəzifələrini tənzimləyir və orada qiymətləndirmə fəaliyyəti zamanı qiymətləndiricinin etməli olduğu hərəkətlər öz əksini tapıb. Suraxanı rayon Məhkəməsinin qərardadı əsasında “xxxxxxxxxxxxxxx” MMC tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 0532/19/Mİ saylı əmlakın qiymətləndirməsi barədə rəydən isə görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən 19 saylı evin, 161 saylı ünvanında yerləşən mənzili 57000 (əlli yeddi min) manat məbləğində qiymətləndirilmişdir. Həmin rəydə əmlakın təsviri ətraflı göstərilmiş, müvafiq şərtlər və bazar reallığı nəzərə alınaraq fərdi yaşayış evi 57000 (əlli yeddi min) manat məbləğində qiymətləndirilmişdir. Nəzəriyyəyə görə, daşınmaz əmlakın qiymətləndirilməsi prosesi konkret obyektin qiymətləndirilmənin keçirildiyi, yaxud onunla bağlı əməliyyatın aparılacağı vaxt mövcud şəraitə uyğun olaraq əsaslandırılmış dəyər ekvivalentinin alınmış sifariş əsasında müəyyənləşdirilməsidir. Qiymətləndirmə prosesi ünvanlı proses olub, konkret daşınmaz əmlak obyektinə yönəldilmişdir və onun xüsusiyyətlərini (fiziki, texnoloji, hüquqi və s.), əhatəsini (ərazidə yerləşməsini, ekoloji, sosial, iqtisadi və s.) nəzərə alır, bu proses daşınmaz əmlakla aparılacaq əməliyyatlarla (məsələn, alğı-satqı, icarə, sığorta, vergitutma, girov qoyma) bağlıdır, bu proses müəyyən zamanla bağlıdır, yəni, daşınmaz əmlakın dəyəri həm cari vaxt, həm də gələcək dövrlər üçün müəyyənləşdirilə bilər. Eyni zamanda bu proses konkret subyektin sifarişi əsasında, konkret qiymətləndirici tərəfindən dəqiq reqlament çərçivəsində yerinə yetirilir, yəni, qiymətləndirmə konkret vaxt ərzində, müvafiq qanunvericiliyə, qiymətləndirmə standartlarına, müqavilə şərtlərinə riayət olunmaqla aparılır, həmçinin geniş məlumat bazasının yaradılmasını, mürəkkəb statistik və riyazi hesablamaların, təhlillərin aparılması ilə müşaiyət olunur. Qiymətləndirmə standartlarının yaradılması, müəyyən olunması “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunda nəzərdə tutulmuş, lakin hələ ki, belə bir vahid standartlar müəyyən edilməsə də, hər bir halda oxşar standartlar tətbiq edilməklə qiymətləndirmə prosesi həyata keçirilməlidir. Lakin “xxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 0532/19/Mİ saylı əmlakın qiymətləndirmə nəticələri haqqında hesabatı yalnız sənəd üzərində aparılmış, yuxarıda sadalanmış hallarkonkret daşınmaz əmlak obyektinin xüsusiyyətləri, əhatəsi, hansı ərazidə yerləşməsi, sosialiqtisadi obyektlərə yaxınlığı, hansı həcmdə torpaq sahəsi üzərində inşa edildiyi nəzərə alınmamışdır. Bununla da həmin hesabat “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olmamış, dolayısıyla heç bir hüquqi nəticə də yaratmamışdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə həqiqi sayılır. Həmin Qanunun 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Həmin Qanunun 8-ci maddəsinin 2-ci hissəsinə əsasən bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Kollegiya hesab edir ki, məhkəmə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya tərəfindən məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu və ekspertiza xərci ilə bağlı məsələni düzgün olaraq həll edilmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırması zamanı öz təstiqini tapmamışdır. Odur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Kollegiya apellyatorun apellyasiya şikayətinə əlavə etdiyi “xxxxxxx” Konsalting və Qiymətləndirmə Şirkətinin arayışını mötəbər sübut hesab etmir. Belə ki, əmlaka baxış keçirilməmiş, əmlakın foto və sxemlərlə təsviri həyata keçirilməmiş, müqayisəli təhlil aparılmamış, həmin arayış kirayə və satış mənzil bazarında aylıq toplanmış məlumat əsasında verilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı, həmçinin mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Əliyeva Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019 il tarixli, 2(010)- 3302/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Hakim: Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-15100/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-15100/2019
25.12.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver