Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1514/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X16 Fondu maraqlı şəxs qismində işə cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” ilə bağlı iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, Ərizəçi qanuni nümayəndəsi Nümayəndə2, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X16 Fondunun nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X16 Fondu maraqlı şəxs qismində işə cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-3327/2023 saylı qətnaməsindən Ərizəçi qanuni nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Ərizəçi (bundan sonra ərizəçi) xx.xx.1962-ci il tarixdə Azərbaycan Respublikası Ağdam rayonu Xıdırlı kəndində doğulmuşdur, məcburi köçkün statusuna malikdir. xx.xx.2016-cı il tarixdə MKTB-nin 138 saylı Mənzil Kommunla İstismar Sahəsinə süpürgəçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə öz ərizəsinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 407 saylı Sərəncamına əsasən onun bacısı X3 ərizəçiyə mülkiyyətlərinə hüququ olmadan qəyyum təyin edilmişdir. Ərizəçi ona əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X16 Fonduna müraciət etmişdir. Həmin müraciətə cavab olaraq, ona Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin Pensiya altsisteminə əsasən sığorta stajının 1 il 1 ay olmaqla qanunvericiliklə tələb olunan müddətdən az olması, eyni zamanda xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “İnqilab” üzümçülük sovxozundakı əmək fəaliyyəti dövrünün onun əmək kitabçasında öz əksini tapmaması üçün qeyd olunan dövrün sığorta stajına daxil edilməsinin qanunauyğun hesab edilmədiyi bildirilmiş və bu səbəbdən ona əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam Filialının xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən Ağdam rayon Xıdırlı kənd “İnqilab” üzümçülük sovxozunun arxiv sənədləri filialda mühafizə olunmur. Bu səbəbdən ərizəçi haqqında heç bir məlumat vermək mümkün olmadı.
Birinci instansiya məhkəməsində icraat
2. Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X16 Fondunu maraqlı şəxs qismində işə cəlb etməklə ərizəi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1980-cı il tarixdən xx.xx.1993cü il tarixədək (12 il 2 ay 12 gün) olan dövr ərzində Ağdam rayonu, Xıdırlı kənd ərazi nümayəndəliyinin tərkibində fəaliyyət göstərən “İnqlab” üzümçülük sovxozunda fəhlə işləməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Ərizəçi ərizəni işin faktiki hallarına uyğun olaraq əsaslandırmış, o cümlədən bildirmişdir ki, o, xx.xx.1980-cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövr ərzində Ağdam rayonu, Xıdırlı kənd ərazi nümayəndəliyinin tərkibində fəaliyyət göstərən “İnqlab” üzümçülük sovxozunda işləmiş, lakin, həmin illərə dair iş stajını təsdiq edən hüquq müəyyən edici sənəd yoxdur.
4. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X16 Fondu ərizəyə qarşı yazılı etiraz təqdim edərək, həmin etirazda Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, “Əmək pensiyaları haqqında” Qanunun 31-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2-ci bəndlərinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci və 1.3-cü bəndlərinə istinadən ərizəçinin ərizədə göstərilən sovxozda işləməsi faktını təsdiq edən şahidlərin, habelə hər hansı digər sübutların olmadığı göstərilmiş, həmçinin qeyd edilmişdir ki, ərizəçi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli arayışda onun sovxozda işləməsinə dair qeydlərin olması həmin faktın hüquqi əhəmiyyətini və nəticədə məhkəmə qaydasında müəyyən edilməsini istisna edir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 3327/2023 saylı qətnaməsi ilə Ərizəçi maraqlı şəxs DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı cəlb edilməklə “iş stajı faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməmişdir. (hakim X14)
6. Məhkəmə ərizəyə hüquqi qiymət verərkən qeyd etmişdir ki, sübutetmə fəaliyyətinə dair ərizəçi tərəfindən məhkəməyə hər hansı vəsatət verilməmişdir. Eyni zamanda ərizəçinin həssas qrupa aid şəxslər kateqoriyasına daxil olması nəzərə alınmaqla ərizəçinin xahişinə (vəsatət) uyğun olaraq, məhkəmənin aktiv fəaliyyəti həyata keçirilə bilərdi. Lakin, araşdırma zamanı ərizəçi tərəf şifahi formada da olsa hər hansı prosessual fəallıq göstərməmişdir. Mülki iş üzrə yeganə sübut qismində çıxış edən şahid ifadələri natamam olmaqla tələbin təmin olunması üçün yetərli hesab edilməmiş, ümumiyyətlə təxmini, dolayı da olsa ərizəçinin sözügedən sovxozda onlarla birlikdə işləməsini təsdiq etməmişlər. Sözügedən dövr üzərindən xeyli zaman keçib, lakin, bu hal o demək deyil ki, şahid (lər) özünün və ya şahidlik etdiyi şəxsin təxmini işlədiyi illəri və ya dövrü bilməsin, bunu xatırlamasın. Nəzərə almaq lazımdır ki, ərizədə tələb olunan dövr kifayət qədər böyük olmaqla 13 illik müddəti əhatə edir. Şahidlərin xatırlamamağı normal hal hesab oluna bilər, lakin, məhkəmə qətnaməsi sübutlar əsasında çıxarılmalı, məhkəmənin öz mülahizəsi ilə müəyyən etdiyi hallarla əsaslandırılmamalıdır. Məhkəmələr qanunun tələblərini şərtsiz tətbiq etmək və sübutetmə fəaliyyətini mülki prosessual qanunvericiliyin tələblərinə uyğun təşkil etməklə mükəlləfdirlər. Bu səbəbdən məhkəmə belə qənaətə gəlmişdir ki, ərizə əsassızdır, ərizədə qeyd olunan hallar sübuta yetirilmir, ərizəçi sübutetmə fəaliyyətini təşkil edə bilməmişdir və ərizə təmin edilməməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci və 307.2.11-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
8. Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ərizəçinin həssas qrupa aid şəxslər kateqoriyasına daxil olmasını nəzərə almaqla işin araşdırılması zamanı müəyyən hüquqi yardım kimi köməklik göstərə bilərdi (sübutların toplanması və vəsatətlərin verilməsində). Məhkəmədə ifadələri alınan şahidlərin bəziləri məlumatlı olmamış və qeyd edilən idarədə işləməklərini sübut edə bilməmişlər. Bəziləri də ifadələrində onun işlədiyini bildirsələr də dəqiq tarixləri xatırlamamışlar. Uzun müddət keçdiyindən hesab edir ki, bu başa düşüləndir. Həmçinin, həmin idarədə işləyən əmək kitabçaları olan və hazırda təqaüd alan, eyni zamanda da idarənin mühasibini məhkəmədən sonran sübut kimi tapmışdır ki, həmin şəxs də onun işlədiyini təsdiq edər. Hesab edir ki, onun xx.xx.1980-xx.xx.1993-cü il illər (12 il 2 ay və 12 gün) Ağdam rayon Xıdırlı kənd ərazi nümayəndəliyinin tərkibində fəaliyyət göstərən “İnqilab” üzümçülük savxozunda fəhlə işlədiyi faktı müəyyən edilməlidir. Məhkəmə sübutları düzgün və dəqiq araşdırma apararaq düzgün nəticəyə gəlməmişdir. O, iş stajı qismində hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də, hesab edir ki, məhkəmə qeyd olunan halları, faktı təsdiq edən sənədlərin itirilməsi və həmin sənədlərin hazırda əldə edilməsinin mümkünsüz olması halını və şahid ifadələrini əsas götürərək ərizəni əsaslı olmaqla təmin etməliidir. Məhkəmə qətnaməsində ümumiyyətcə həmin arayışa münasibət bildirməmişdir. Halbuki məhkəmə təqdim edilən sübutların hər birini dəyərləndirməli əsaslı olubolmamasını qətnaməsində qeyd etməlidir. Lakin hazırda bu baş verməmişdir
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X16 Fondu apellyasiya şikayətinə qarşı təqdim etdiyi yazılı etirazı birinci instansiya məhkəməsində iddiaya qarşı təqdim etdiyi yazılı etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8, X13 və X11 öz ifadələrində ərizəçinin “İnqilab” üzümçülük sovxozunda işləməsini təsdiq edən xüsusatları bildirməmiş, habelə hüquq müəyyənedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Şahidlər nəinki ərizəçinin xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrdə, hətta özlərinin belə təxmini olaraq, hansı dövrdə həmin sovxozda işlədiklərini xatırlamadıqlarını bildirmişdilər.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında Ərizəçi qanuni nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və ərizənin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X16 Fondunun nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, tərəflərindən verilmiş etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin: 16-cı bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Arxiv məlumatlarının saxlanılması səbəbindən asılı olmayaraq iş stajı barədə sənədlərin alınması mümkün olmaqdıqda 1965-ci ilə qədər kolxozda olan iş stajı da şahid ifadələri ilə bu qaydada rəsmiləşdirilir; 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə).
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının: 13.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir; 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, ərizənin təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə hər hansı əsas yoxdur.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Ərizəçinin tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqedən çıxış etmişdir. (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
22. Bu baxımdan ərizəçi xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonu Xıdırlı kənd ərazi nümayəndəliyinin tərkibində fəaliyyət göstərən “İnqilab” üzümçülük sovxozunda fəhlə işləməsini sübuta yetirməli idi. Lakin bu mövqedən çıxış etməsinə baxmayaraq, bu faktın müəyyən edilməsi üçün hər hansı sübut, o cümlədən həmin dövrə aid hər hansı sənəd, habelə adi fotoşəkil belə təqdim edə bilməmişdir.
23. Nəzərə alınmalıdır ki, bu qəbildən olan işlər üzrə ərizəçilərin əsaslandığı sübutlar sırasında şahid ifadələri mühüm yer tutur. Belə ki, erməni ekstremistləri tərəfindən Azərbaycanın tarixi torpaqları zəbt edilən zaman öz doğma yaşayış, o cümlədən iş yerini tərk etmək məcburiyyətində qalmış şəxslərin bir sıra hallarda nəinki əmək fəaliyyətlərini təsdiq edən əmək kitabçasını və digər sənədləri, hətta öz əmlakını belə özləri ilə götürmək imkanından məhrum olunduqları həmin dövrü xatırlayan hər kəsə məlum olan bir haldır.
24. Belə olan halda, həmin şəxslərlə bir yerdə əmək fəaliyyəti ilə məşğul olmuş və bu halı təsdiq edəcək əmək kitabçasına malik olan şəxslərin ifadələri mötəbərliyindən asılı olaraq, həlledici rol oynaya bilər. Ərizəçinin istinad etdiyi sovxoz da şübhəsiz ki, xeyli sayda şəxsin, xüsusilə də Ağdam rayon Xıdırlı kənd sakinlərinin iş yeri olmuşdur. Həmin kəndin işğalından da 30 il müddət keçmişdir. Bu baxımdan ərizəçinin vaxtı ilə onunla birlikdə həmin sovxozda işləmiş və bu halı təsdiq edəcək, əmək kitabçasına malik olan ən azı 2 şəxsin hazırki prosesə çəlb etməsi üçün kifayət qədər vaxtı və imkanı olmuşdur.
25. Buna baxmayaraq, ərizəçi belə bir şəxslərin şahid qismində məhkəmə iclasında iştirakını təmin etməmişdir. Onun tərəfindən şahid qismində iştirakı təmin edilmiş şəxslərdən X4 və X7 özünün həmin sovxozda işləməsini təsdiq edən əmək kitabçası mövcud deyil. Həmçinin, bu şəxslər öz ifadələrində nəinki ərizəçinin, özlərinin belə həmin sovxozda hansı illərdə işlədiklərini təxmini də olsa xatırlamadıqlarını bildirmişdilər. Əmək kitabçasında olan qeydlərə əsasən şahid X9 1976-1986-cı illərdə həmin sovxozda işləməsi öz təsdiqini tapsa da, bu şəxs verdiyi ifadəsində ərizəçi ilə hansı illərdə eyni sovxozda işləməsini xatırlamadığını, ərizəçinin həmin sovxozda hansı illərdə işləməsinə dair nəsə deyə bilməyəcəyini qeyd etmişdir.
26. Nəzərə alınmalıdır ki, ərizəçi tərəfindən təqdim edilmiş Ağdam rayon İHB-nin Xıdırlı kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2019-cu il tarixli arayışında ərizəçinin xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək qeyd edilən sovxozda fəhlə vəzifəsində işləməsi qeyd edilsə də, arayışın məhz “şahidlərin təsdiq etdiklərinə əsasən” bu məzmunda tərtib edildiyi bilavasitə göstərilmişdir.
27. Halbuki, arayışı imzalayan Xıdırlı kənd İƏD üzrə nümayəndə H.Əliyev şahidlərin təsdiq etdikləri halda belə, ərizəçinin xx.xx.1993-cü il tarixədək həmin sovxozda işləməsini qeyd etməməli idi. Belə ki, qeyd edilən sovxozun yerləşdiyi Xıdırlı kəndi ilkin olaraq 1993cü ilin iyun ayında işğal edilmiş, iyulun 5-də Azərbaycan ordusunun əks-hücumu nəticəsində işğaldan azad edimiş və xx.xx.1993-cü il tarixdə artıq yenidən işğal olunmuşdur (vikipediya məlumatları). Bu baxımdan ərizəçinin 1993-cü ilin iyun ayından sonra ümumiyyətlə həmin kənddə olması qeyri-mümkün olmuşdur.
28. Bununla belə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğv edilməsinə və ərizənin təmin edilməsinə hər hansı əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Ərizəçi qanuni nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-3327/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.