Məhkəmə qərarları › İş №2(103)-1515/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1515/2023

14.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1515/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X5 və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndəliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: evə köçürmə) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X6 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4096/2022 saylı 14 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 14 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər 2021-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, hazırda faktiki nikah münasibətlərinə son qoyulmuş və ayrı yaşayırlar.

2. 28.06.2022-ci il tarixli, 1298 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı Cavabdeh ilə birlikdə ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır.

3. 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi Samir Əliyev küçəsi “A” yaşayış sahəsi 517 saylı fərdi yaşayış evi Bakı şəhəri 24 saylı DNK-nın 4ə/4-418 reyestr nömrəli xx.xx.2010cu il tarixli bağışlama müqaviləsinə əsasən X2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. ünvan 1 saylı fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 2 mərtəbəli, 518 saylı fərdi həyət evinə köçürülməsi və həmin evdən istifadəsinə cavabdeh tərəfindən yaradılmış maneçiliyin qadağan olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə 26 noyabr 2021-ci il tarixdə 4 saylı Bakı "Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikaha girmişlər, toy olduqdan sonra o, cavabdehin yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 2 mərtəbəli, 518 saylı fərdi həyət evinə gəlin köçmüşdür. Burada onların yaşadığı ev cavabdehin valideyinlərinin yaşadığı evlə yan-yana bitişik həyət evləri ilə qonşuluqda olmuşdur. İlk vaxtlar cavabdehlə münasibəti yaxşı olsa da, bu uzun çəkməmiş, çox qısa bir vaxtdan, yəni 3 gündən sonra münasibətlərində problemlər yaranmışdır. Belə ki, cavabdeh DİN-nin Nəsimi RPİ-ni ÇPA-nın komandiri vəzifəsində çalışdığından ona bildirmişdir ki, bəzi hallarda ay ərzində tabel cədvəlinə əsasən işdə 10 gün müddətində gecə növbəsində, qalan günlərdə isə gündüz növbəsində işləyəcəkdir. Buna baxmayaraq o, toydan 3 gün sonra işə çıxdı və gecə növbəsində daima olaraq işə çıxmağa başladı. Gündüzlər o, 3-4 saat evə gəlib, sonra işə qayıdıb gedirdi. Bu müddətdə isə o, özünün çox vaxtını qonşuluqda yaşayan valideyinlərinin yanında keçirirdi. Eyni zamanda ona qarşı da laqeyd münasibət bəsləyir, evdə yemək yemirdi. Ailəsinə daima olaraq cavabdehin valideynləri - anası və atası çox müdaxilələr edirdi. Demək olar ki, heç bir qərar onların icazəsi olmadan qəbul edilə bilməzdi. Qeyd edir ki, o, Azərbaycan Tibb Universitetini bitirmiş, ali təhsilli həkimdir. Qarşı tərəf isə Azərbaycan Dövlət İqtisad Universitetini və DİN-nin Polis Akademiyasını bitirmişdir. O, xx.xx.2022-ci il tarixdə toydan təxminən 25-30 gün sonra uşağa hamilə qalmışdır. Evdə tək qalırd, yoldaşı isə gecə növbəsində işə çıxırdı. Ona gecələr evdə olmasını bildirsə də o, ona qarşı kobud formada işinin belə olduğunu deyirdi. Bu ərəfədə onun hamilə olmağına baxmayaraq, cavabdeh və onun valideyinləri ona daha da çox sözlə təzyiqlər göstərir, cavabdehin atasınının həyat yoldaşının tibb baçısı olduğunu əsas gətirərək onların dedikləri həkimə müraciət etməyini təkid edirdilər, halbu ki, özünün həmin sahədə X7 həkim vəzifəsində (Terapevt və ginekoloq) çalışdığını bilsələr də, yenə də onunla qərəzli hərəkətlər edirdilər. Hər dəfə o, yoldaşına həkimə gedəcəyini bildirdikdə, o, kəskin şəkildə uşağa nəsə olar ailə üzvlərindən icazə aldıqdan sonra həkimə gedərsən deyirdi. 14 fevral 2022-ci il tarixdə o, axsam saat 21:30 radələrində işdən evə gələrkən yoldaşı ilə maşında öz həkiminə getməyini bildirdikdə o, buna etiraz etdi, dedi ki, onun valideyinləri dediyi həkimə gedəcəksən, bununla bağlı aralarında ciddi mübahisə yarandı. xx.xx.2022-ci il tarixdə növbəti ultrasəs müayinəsinə gedərkən burada dölün ürək döyüntüsünün olmadığı müəyyən olundu. Aşkar edildi ki, 2 həftə bundan öncə döl tələf olmuş və onun orqanizmində toksiki qaraciyər zəhərlənməsi baş vermişdir. Bundan sonra cavabdehlə birlikdə evə qayıtmış, bütün bu baş verənlərdən sonra yoldaşı heç nə olmamış kimi onu evdə qoyub getmiş və maraqlanmamışdır. 08 mart 2022-ci ildə o, ər evinə qayıtmış, lakin onların ona qarşı çox laqeyd olduqlarını hiss etmişdir. Həmin günü axşam saatlarında yenidən vəziyyəti pisləşdi, o əri ilə birlikdə təkrar xəstəxanaya müraciət etmişdir. Bir neçə gün ata evində təkrar müalicələr almışdır. 2022-ci ilin mart ayının13-də yenidən evə qayıtmışdır. 30 mart 2022 tarixdə səhər saatlarında yoldaşı evin açarlarını ondan məcburi alaraq evdən çıxmağını tələb etmiş və həmin gün evdən məcburi çixarılmışdır. Onun valideynləri tərəfindən verilmiş cehiz əşyaları gəlin köçdüyü ünvan 3 ünvanında qalmışdır. O, Ağdam rayonundan məcburi köçkündür, adına heç bir daşınmaz əmlak və başqa yaşayış sahəsi yoxdur. Mübahisəndirilən - köçmək istədiyi evdə cavabdehlə birlikdə qeydiyyata alınmışdır.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 noyabr 2022-ci il tarixli 2(010)-4096/2022 saylı qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən 2 mərtəbəli 518 saylı fərdi həyət evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamışdır. İddiaçı mübahisəli fərdi yaşayış evinə köçmək və orada yaşamaq hüququ vardır. Belə ki, iddiaçının həmin yaşayış sahəsindən burada yaşayan cavabdehlə bərabər surətdə istifadə etmək hüququ vardır və belə olan halda mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur.

8. Məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin evdən iddiaçının istifadəsinə cavabdeh tərəfindən yaradılmış maneənin qadağan olunmasi hissəsində əsaslı deyildir. Belə ki, iddia tələbi bu hissədə əsaslandırılmamış, mübahisənin nədən ibarət olduğu qeyd edilməmişdir. Başqa sözlə, cavabdeh tərəfindən hər hansı maneənin yaradılması halı məhkəmə tərəfindən müəyyən edilmir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43, 27.1, 27.3, Mülki Məcəllənin 180 və Mülki prosessual Məcəllənin 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apelyasiya şikayətində göstərilmişdir ki, qanunvericiliyə görə özbaşına tikintinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin oradan istfadə hüququ müəyyən oluna bilməz. İddiaçının mübahisəsi fərdi yaşayış evinə sahiblik edən şəxsdən (cavabdehin atasından) özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz, buna görə də onun həmin evə köçürülməsi tələbinin qanuni əsası mövcud deyildir. Aralarında nikah münasibətləri 3 ay davam etmiş, iddiaçı daimi yaşayış yerinə qayıtmışdır, atasının himayəsində yaşayır, iddiaçınin özünün dediyinə görə həkim işləyir, maddi təminatı qənaətbəxşdir və belə olduqda onun mənzilə ehtiyacı yoxdur. Mübahisə predmeti olan fərdi yaşayış evi onun atasına məxsusdur və iddiaçı mənzil sahibinin ailə üzvü deyildir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Kollegiya tərəfindən X5 və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbə İnzibatı Ərazi Dairəsi üzrə nümayəndəliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. İddiaçı qeyd etmişdir ki, bildiyi qədəri ilə evin biri cavabdehin atasının adınadır, onların yaşadığı ev isə cavabdehin adına olan evdir. Bir həyətdə iki ev var, evlərin arasında hasar var. İşıq və qaz xətti də ayrıdır. Yaşadıqları ev ikimərtəbəli olmuş, onlar yalnız ikinci mərtəbəsində yaşamışlar, birinci mərtəbədə kirayədə yaşayanlar var idi. Hazırda onun yaşamağa yeri yoxdur, atasıgil 3 otaqlı evdə 7 nəfər yaşayır.

15. Cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, mübahisəli ev özbaşına tikilidir, cavabdehin atasına məxsusdur.

16. Üçüncü şəxs Müzəffər Məmmədov qeyd etdi ki, 517 saylı ev bağışlama müqaviləsinə əsasən 2010-cu ildə ona bağışlanmışdır. Oğlunun yaşadığı evi də Bələdiyyə ilə bağlanmış icarə müqaviləsinə əsasən icarəyə götürdüyü sahədə tikmişdir. Öz evinə bitişik olmuşdur. Belə ki, mülkiyyətində olan 517 nömrəli evin həyətyanı sahəsi 4 sot olmuş, əlavə də bitişik 2 sot zəbt etmişdir. Zəbt etdiyi 2 sot torpaq sahəsinə 2009-cu ildə bələdiyyə ilə icarə müqaviləsi bağlayaraq adına rəsmilşdirmiş və həmin sahədə hazırda mübahisəsi gedən 518 nömrəli yaşayış evini inşa etmişdir.

17. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

18. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

20. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

21. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.

22. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

23. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.

24. Maddə 11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu

26. Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

27. Maddə 5, hissə 2. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

35. Apelyasiya baxışı zamanı üçüncü şəxs Müzəffər Məmmədov tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi Samir Əliyev küçəsi “A” yaşayış sahəsi 517 saylı fərdi yaşayış evi bağışlama müqaviləsinə əsasən X3 bağışlanmış və bu əsasla xx.xx.2010-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış, onun adına Çıxarış verilmişdir. Hazırda onun mülkiyyətindədir.

36. Həmçinin təqdim edilmiş digər sənədlərdən görünür ki, Bülbülə Bələdiyyəsi ilə X5 arasında bağlanmış xx.xx.2005-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən İcarəyə verən icarə əsasında sahəsi 195 kv.m olan ərazini İcarəçiyə 10 il müddətinə istifadəyə vermişdir. Sahədə daş hasar, köhnə bağ evi var. Torpaq sahəsi üçün bağ sahəsi üçün verilir.

37. Suraxanı rayon Bülbülə Bələdiyyəsi tərəfindən X2 adına tərtib olunmuş xx.xx.2009cu il tarixli «Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilməmiş mənzilin əmlak vergisi hesablamaq üçün əsas olan» Hesabat pasportundan görünür ki, Samir Əliyev küçəsi «A» yaşayış sahəsi, 518 nömrəli yaşayış evi 2005-ci ildə inşa edilmişdir.

38. Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının Bülbülə Qəsəbə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli arayışda göstərilmişdir ki, X1 rayonu Bülbülə qəsəbəsi “A” y/s S.Əliyev küçəsi 518 saylı evdə qeydiyyatsız köçkün kimi qeydə alınmışdır.

39. Beləliklə müəyyən edilmişdir ki, 517 saylı fərdi yaşayış evi üçüncü şəxs Müzəffər Məmmədovun mülkiyyətində olmaqla ona məxsusdur, iddiaçının köçürülməsini tələb etdiyi digər 518 saylı evin isə həmin evə aidiyyəti yoxdur, ayrı-ayrı müstəqil evlərdir.

40. Həmçinin o da müəyyən edilmişdir ki, 518 saylı evin yerləşdiyi torpaq sahəsi icarə müqaviləsinə əsasən üçüncü şəxs Müzəffər Məmmədova icarəyə verilmişdir, mübahisəli ev də iddiaçının köçməsindən uzun illər əvvəl sonuncu tərəfindən tikilmişdir.

41. Göründüyü kimi mübahisəli ev özbaşına tikilidir və həmin tikilinin yerləşdiyi torpaq sahəsi icarə müqaviləsinə əsasən Müzəffər Məmmədovun istifadəsinə verilmişdir, mübahisəli ev də sonuncu tərəfindən tikilmişdir. Yəni 518 nömrəli evi gələcəkdə hüquqi qeydiyyata aldırmaq, başqa sözlə mülkiyyət hüququnun gözləntisi hüququ da məhz Müzəffər Məmmədova məxsusdur.

42. Məhkəmə Kollegiyası hesab edir ki, mübahisəli evin özbaşına tikili olması, tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsi nəzərə alınaraq, tərəflər arasında yaranmış mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində, yəni 01 oktyabr 2009cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin dispozisiya şərtləri daxilində həll edilməlidir.

43. Özbaşına tikililərlə (yaşayış evlərilə) bağlı münasibətləri tənzimləyən norma mövcud deyil, normanın mövcud olmaması isə iddiaya baxılmasından imtina üçün əsas ola bilməz. Özbaşına inşa edilmiş evlərin sökülməsi yox, onların qeydə alınması prioritet təşkil etdiyindən, həmin evi inşa etmiş şəxsin mülkiyyət hüququnun gözləntisi mövcuddur. Digər tərəfdən, özbaşına tikiliyə çəkilmiş xərcə münasibətdə də məhz bu xərci çəkmiş şəxs mülkiyyətçi hesab olunur.

44. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçının hazırkı tələblə cavabdehə qarşı məhkəməyə müraciət etməsinin hüquqi əsası mövcud deyil. O da nəzərə alınmalıdır ki, cavabdeh həm də hazırki tələbə cavab verməli olan şəxs deyil, çünki, artıq qeyd olunduğu kimi, mübahisəli evi üçüncü şəxs inşa etmişdir.

45. İddiaçı üçüncü şəxs Müzəffər Məmmədovun nə ailə üzvü, nə də Mənzil Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulumş «digər qohumu» deyil.

46. Həmçinin iddiaçının, köçürülməsini tələb etdiyi evin əldə edilməsində, tikilməsində heç bir iştirakı olmamış, hər hansı məbləğdə vəsait sərf etməmişdir. İddiaçı 2021-ci ilin dekabr ayında mübahisəli evə gəlin köçmüş, 2022-ci ilin mart ayının sonunda isə həmin evdən çıxıb getmişdir.

47. Formalaşmış təcrübəyə əsasən özbaşına tikiliyə köçürmə o halda baş verə bilər ki, iddiaçının həmin yaşayış evinin əldə edilməsində və ya tikilməsində iştirakı olsun. Baxılan işdə isə belə bir hal müəyyən edilməmişdir.

48. Mübahisəli yaşayış evi üzrə qeydiyyata alınmasının iddianın əsaslı olmasını şərtləndirən hallardan biri olmasına dair iddiaçının dəlilinə münasibətdə isə qeyd olunur ki, həmin qeydiyyat iddiaçının yaşayış yerinin dəyişdirilməsi ilə bağlı olmuşdur.

49. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə görə vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür.

50. Adı çəkilən Qanunun 1-ci maddəsində göstərildiyi kimi, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

51. Başqa sözlə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat birmənalı şəkildə həmin sahəyə münasibətdə istifadə hüququnun yaranmasına səbəb olmur.

52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı).

53. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçının evə köçürülmə tələbi əsassız olduğu üçün rədd edilməlidir.

54. İddiaçının evə köçürülmə tələbi təmin edilmədiyindən, həmin evdən istifadəsinə cavabdeh tərəfindən yaradılmış maneçiliyin qadağan olunması tələbi də təmin oluna bilməz.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4096/2022 saylı iş üzrə 14 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və həmin evdən istifadəsinə cavabdeh tərəfindən yaradılmış maneçiliyin qadağan olunması tələbinə dair” iddiası təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar