Məhkəmə qərarları › İş №2(103)-1516/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1516/2025

12.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1516/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə (Açar sözlər: fərdi yaşayış evinə girişə yaradılmış maneənin qaldırılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı1, onun nümayəndəsi Nümayəndə və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5426/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 024883 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X9, anası isə X7r.

2. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 064218 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X9, anası isə X7r.

3. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 401488 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 22 iyul 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.

4. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 20 ünvanında yerləşən 17 saylı mənzil 09 aprel 2011-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır.

5. İş materiallarında olan satıcı X9 ilə alıcı X4 arasında bağlanan 11 noyabr 2011-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 20 ünvanında yerləşən 17 saylı mənzili 37632 manat məbləğinə alıcının mülkiyyətinə vermişdir.

6. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS-i tərəfindən verilmiş 991 saylı, 22 aprel 2024-cü il tarixli arayışından görünür ki, mərhum X2 rayonu, Qafqaz küçəsi, 47/12 saylı evdə 16 noyabr 2011-ci ildən 29 noyabr 2014-cü ilədək qeydiyyatsız yaşamışdır.

7. 29 noyabr 2014- cü ildən qeydiyyata düşmüş, 22 iyul 2020-ci ilədək həmin ünvanda yaşamışdır.

8. İş materiallarında olan Xətai rayonu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli Xidməti məlumatdan görünür ki, Xətai rayonu, Qafqaz küçəsi 47 XE (abunə kodu: 120200547XE0000) 16 noyabr 2011-ci il tarixində "xxxx" ASC tərəfindən qeydiyyata alınmış, X6 adına 120200547XE0000 abonent kodu açılmış, mənzilə A381143086 saylı elektrik hesabat sayğacı quraşdırılmışdır. Hal-hazırda fərdi yaşayış evi 06 oktyabr 2018-ci il tarixində Cavabdeh adına qeydiyyata alınmışdır. Elektrik enerji təchizatından istifadəyə əsasən mənzilin 04 aprel 2024-cü il tarixinə debitor borcu yoxdur.

9. İş materiallarında olan “Azəriqaz” İB tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli məktubdan görünür ki, 18 noyabr 2011-ci il tarixdə ünvan 2 ünvanı üzrə X6 adına **********00121 nömrəli istehlakçı hesabı açılaraq, X1 Sistemində qeydiyyata alınmışdır. 06 oktyabr 2018-ci il tarixdə ASAN Kommunal mərkəzi tərəfindən **********00121 nömrəli istehlakçı hesabı Cavabdeh adına keçirilmişdir.

10. İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən Cavabdeh verilmiş 03 aprel 2024-cü il tarixli ******* №-li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, X10, X8 və X11 ünvan 3 ünvanında qeydiyyatdadır.

11. İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən Cavabdeh verilmiş 03 aprel 2024-cü il tarixli ******* №-li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır.

12. İş materiallarında olan qonşular X15, X21, X5, X18, X16 və X22 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Cavabdeh öz ailə üzvlərilə birlikdə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində 2018-ci ildən yaşayır və hal-hazırda da yaşayırlar. X9 öldüyü günədək orada yaşamışdır. İddiaçı1 və İddiaçı2 adlı şəxslər isə ümumiyyətlə həmin fərdi yaşayış evində yaşamamışlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evinə girişə yaradılmış maneənin qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 6 fərdi yaşayış evinin 1-ci mərtəbəsinə girişinə Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanında yerləşən 17 saylı mənzil mərhum ataları X6 şəxsi mülkiyyətində olmuşdur. (Daşınmaz Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışının surəti ərizəyə əlavə olunmuşdur). Mərhum ataları sözügedən evdə xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək qeydiyyatsız yaşamışdır. Atalarının həbsxana şəraitində uzun illər qalması səbəbilə psixi problemləri yaranmışdır və atalarının əqli şüurunun yerində olmamasından istifadə edən bibilərinin nəvəsi, Cavabdeh mərhum atalarının mülkiyyətində olmuş ünvan 5 ünvanda yerləşən 17 saylı mənzili satmış və həmin pula ünvan 6 fərdi yaşayış evini almışdır. Mərhum ataları xx.xx.2014-cü il tarixindən vəfat edən günədək, yəni xx.xx.2020-ci il tarixədək həmin mənzildə qeydiyyatda olmaqla yaşamışdır. Həmin fərdi yaşayış evinin bütün kommunal istehlakçı hesabı da mərhum atalarının adına olmuşdur. Atalarının vəfat edənədək həmin fərdi yaşayış evi bir mərtəbəli olmuşdur. İddiaçılar həmin evdə yaşamaqla atalarının qulluğunda durub, onun ehtiyaclarını qarşılamışdır. Mərhum atalarının xəstəliyindən istifadə edən cavabdeh, bizim ünvan 6 fərd yaşayış evindən istifadəsinə maneələr yaratmağa başlamış və iddiaçıları həmin evə buraxmamışdır. Cavabdeh bilərəkdən iddiçıların sözügedən evdə yaşamaqlarına manelər yaratmışdır. Atası vəfat etdikdən sonra, Cavabdeh həmin fərdi yaşayış evinin 2 ci mərtəbəsində müəyyən tikililər aparmış və öz ailəsini 2-ci mərtəbəyə köçürdərək orada yaşamağa başlamışdır. Bir sözlə cavabdeh, mərhum atalarından iddiaçılara yadigar qalmış fərdi yaşayış evinə özü sahiblənmiş və iddiaçıları həmin evdən məhrum etmişdir. Hazırda mərhum atalarından iddiaçılara yadigar qalmış ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsinə girişlərinə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılmasına zərurət vardır. Lakin cavabdeh bunu öz razılığı ilə etmək fikrində deyildir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar.

15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5426/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddianın təmin edilməməsi qət edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 159, 163.1, 166.3-cü maddələrinə, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 216-220, 233-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq 1 il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənlərdən də aydın olur ki, iddiaçıların həmin maneənin yaradılması faktını bildiyi andan iddia qaldırmışdır və ona görədə iddia müddətinin keçməsindən söhbət gedə bilməz. Lakin məhkəmə iddia müddətinin tədbiq edərək əsassız olaraq iddianı rədd etmişdir..

b) Proses iştirakçılarının izahatı

19. Məhkəmə iclasında iştirak edən İddiaçı1 Nadır qızı və onun nümayəndələri və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

20. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı2 məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

22. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

23. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

24. Maddə 159. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir.

25. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

26. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

27. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

28. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

32. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

33. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

37. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

39. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

42. Hazırki halda qətnamə iddiaçı tərəfindən mübahisələndirilərək ləğv edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5426/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

46. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir.

47. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

48. Kollegiya qeyd edir ki, mübahisə predmeti olan ünvan 6 fərdi yaşayış evinin hüquq müəyyən edici sənədi məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, həmin evin özbaşına tikili olduğu təsdiq edilmişdir. X9 həmin fərdi yaşayış evində 16 noyabr 2011- ci ildən 29 noyabr 2014-cü ilədək qeydiyyatsız yaşamış, 29 noyabr 2014-cü ildən qeydiyyata düşmüş, 22 iyul 2020-ci ilədək həmin ünvanda yaşamışdır. Eyni zamanda həmin fərdi yaşayış evində Cavabdeh və ailə üzvləri X10, X8 və X11 qeydiyyatda olmaqla, yaşayırlar. İddiaçılar həmin evdə yaşamaqla atalarının qulluğunda durduğunu, onun ehtiyaclarını qarşıladığını bildirsələr də, iddiaçıların həmin fərdi yaşayış evində yaşamaları, həmin evə dair hər hansı hüquqlarının mövcudluğu heç bir mötəbər sübutla təsdiq edilməmişdir.

49. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

50. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.

51. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

52. Məhkəmə kollegiyası işin birinci instansiya məhkəməsində araşdırılması zamanı tədqiq edilmiş mülki işin materialları ilə bağlı bu qənaətə gəlir ki, mübahisə predmeti olan əmlaka dair iddiaçının subyektiv hüququ müəyyən edilməmişdir.

53. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

54. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilmədiyindən mülki iş subyektiv hüququn mövcudluğu baxımından qiymətləndirilir.

55. Şərh edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçılar iddianın predmeti olan özbaşına tikili ilə bağlı hər hansı hüquqlara malik olduqlarını, yaxud onlara həmin evdə yaşamağa imkan verən hər hansı faktiki əsasın mövcudluğunu mötəbər sübutlarla təsdiq edə bilmədiyindən iddia tələbi əsassızdır.

56. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

57. Beləliklə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

59. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

60. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5426/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar