Məhkəmə qərarları › İş №2(103)-1517/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1517/2020

30.01.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1517/2020 30.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı, eyni zamanda iddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi İddiaçı2, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “yataqxanada yaşadıqları otaqlara çəkilən xərclərə görə kompensasiya ödənilməsi” tələbinə dair mülki üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 32-də yerləşən yataqxanadakı 1,2 və 3 saylı otaqlara çəkdikləri xərclərə görə İddiaçı2 xeyrinə 15 000 manat, İddiaçı3 xeyrinə 5000 manat, İddiaçı1 xeyrinə 5000 manat olmaqla ümumilikdə 25 000 manat kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 32-də yerləşən yataqxana 1954-cü ildə Kömürgöy daş karxanası tərəfindən inşa edilmiş, İddiaçı1 1958-ci ildən Kömürgöy daş karxanasında fəhlə işləməklə 11 nəfər ailə üzvləri ilə həmin yataqxanada yaşamış, 1989-cu ildə keçmiş 26 Bakı komissarları rayon XDS İcrayyə komitəsinin qərarı ilə ailə üzvlərinin mənzil şəraitinin yaxşılaşdırması məqsədi ilə 2 və 3 otaqlı iki mənzil onlara verilmiş, Ədalət və İddiaçı3lar ailələri ilə birlikdə həmin mənzillərə köçmüş, digər 5-6 nəfərdən ibarət ailə üzvləri İddiaçı1la birlikdə həmin yataqxanada yaşamaqlarını davam etdirmişlər. İddiaçı2 verilən 1 otaqlı 18 kv/m olan mənzildə ailə üzvləri yerləşmədiyi üçün, həmin mənzili satılaraq satılan pulla hazırda yaşadığı Salyan yolu 32-də olan yataqxananın 2 saylı 19 kv/m ibarət otağını tam təmir etməklə yanaşı, qarşısına inşa etdiyi 21.2 kv/m sahəsi olan 1 otaq və 5,8 kv/m olan sanitar qovşaq tikmiş, ümumilikdə 15 000 manat pul xərcləmişdir. İddiaçı1 da həmin yataqxananın 1-ci mərtəbəsində yerləşən bir otağı və ona əlavə olunan tikilini tam təmir etmiş, 5000 manat pul xərcləmişdir. İddiaçı3 isə yataqxananın 3 saylı 19 kv/m ibarət otağını tam təmir elməklə 5000 manat pul xərcləmişdir. Yaşadıqları yataqxana Kömürgöy Daş Karxanasının balansında olduğu və daş karxanasında işlədikləri üçün, ailə üzvlərinin çox olmasını nəzərə almaqla Kömürgöy Daş Karxanasının rəhbərliyi yataqxanada yaşamalarına heç bir problem yaratmamış, yaşadıqları müddət ərzində digər sakinlər kimi bütün kommunal xərclər tərəflərindən ödənilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Səbail Rayon Məhkəməsinə iddia ilə müraciət etməsindən sonra bəlli olmuşdur ki, yataqxana 2007-ci ildə həmin Departamentin balansına verilmişdir. Həmin iddia tələbi Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin olunmuş, bu qətnamədən verdikləri kassasiya şikayəti təmin edilməmişdir. Hazırda yaşamağa evləri yoxdur və hesab edirlər ki, otaqlara çəkdikləri xərclərə görə onlara müvafiq məbləğlərdə kompensasiya ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayət verə iddiaçılar onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, işin hərtərəfli araşdırılmadığını və sübutlara düzgün hüquqi qiymət verilmədiyini, nəticədə qanunsuz nəticəyə gəlindiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı, eyni zamanda iddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi İddiaçı2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, cavabdeh təşkilatın nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Kollegiya izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. İşin müəyyən olunmuş hallarına görə, Bakı şəhəri 26 Bakı Komissarı adına X10 İcraiyyə Komitəsinin 34/3734 nömrəli xx xxxxxxx 1989-cu il tarixli qərarı ilə Salyan şossesi 32 saylı ünvanda yerləşən yataqxana və özbaşına tikililərin sakinlərinin Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin Serebrovski qəsəbəsi 4042, 4048, 4050, 4060 məhəllələrdə olan 6 saylı binaya köçürülməsi nəzərə alınmaqla İddiaçı1 həmin binada sahəsi 38,71 kv.m. olan 62 saylı mənzilə köçürülməsi, verilən orderə İddiaçı1, X1, X6 və İddiaçı3 daxil edilməsi qərara alınmış, bununla belə, iddiaçıların özlərinin bildirmələrinə görə onlar sözügedən yataqxanada yaşamağı davam etdirmişlər. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 Şahvəli oğlu və X2 Bakı şəhər, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən yataqxana binasının 8,0 kv.m sahəsi olan təsərrüfat otağından çıxarılmaları, həmin otağa bitişik olmaqla qanunsuz inşa etdiyi 19,0 kv.m və 5,6 kv.m sahəsi olan tikililərin onların öz vəsaitləri hesabına sökülməsi və əvvəlki vəziyyətin bərpa edilməsi, İddiaçı3 Bakı şəhər, Səbail rayon, Salyan şossesi 32 ünvanda yerləşən yataqxana binasının yaşayış sahəsi 19,0 kv.m olan 2 saylı mənzilindən çıxarılması və həmin mənzilə bitişik olmaqla qanunsuz inşa etdiyi 21 kv.m sahəsi olan bir otaq və 5,8 kv.m sahəsi olan sanitar qovşağının onun öz vəsaiti hesabına sökülməsi və əvvəlki vəziyyətinin bərpa edilməsi, İddiaçı2, X3, X7, X4 və X8 Bakı şəhər, Səbail rayon, Salyan şossesi 32 ünvanda yerləşən yataqxana binasının yaşayış sahəsi 19,0 kv.m olan 3 saylı mənzilindən çıxarılmaları qət olunmuşdur. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçıların tikintisinə görə xərc çəkdiklərini iddia etdikləri tikililərin özbaşına tikililər olduğu müəyyənləşdirilmiş və onların iddiaçıların hesabına sökülməsi barədə göstəriş verilmişdir; bu isə o deməkdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-441/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorlara aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar