Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1517/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğvi və işə bərpa tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 2(004)-7034/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC "xxxx" Bankın "xxxx" filialının Kredit şöbəsinin Hüquqi Şəxslərin kreditləşməsi şöbəsinin aparıcı mütəxəssisi kimi onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə ASC "xxxx" X9 sədrinin 16 avqust 2021-ci il tarixli, XB-K1/085 saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, onun yenidən həmin vəzifəyə bərpa edilməsi və məcburi iş buraxmaya görə ona əmək haqqı hesablanaraq ödənilməsi, eləcə də mediasiya sessiyasının keçirilməsi üçün tərəfindən ödənilmiş 50 manat məbləğində pulun da cavabdeh ASC "xxxx" Bankından tutularaq oa ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 08 aprel 2019-cu il tarixdən ASC "xxxx" Bankının "xxxx" filialının kredit İdarəsinin Hüquqi şəxslərin kreditləşməsi şöbəsinin mütəxəssisi vəzifəsində, 05 iyul 2021-ci il tarixindən isə Bankın "xxxx" filialının Kredit Şöbəsinin hüquqi Şəxslərin kreditləşməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləmişdir. ASC "xxxx" X9 sədrinin 16 avqust 2021-ci il tarixli, XB-K1/085 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) onunla bağlanmış əmək müqaviləsi 16 avqust 2021-ci il tarixdən ləğv edilmişdir. Lakin müvafiq əmrin surəti ona təqdim edilməmişdir. Həmçinin ona məxsus əmək kitabçası da qanunvericiliyin tələbləri pozulmaqla, əmr verilən gün deyil, 27 avqust 2021-ci il tarixdə ona təqdim edilmişdir. 23 sentyabr 2021-ci il tarixli müvafiq ərizə ilə ASC "xxxx" X9 sədrinə müraciət edərək, tutduğu vəzifədən azad edilməsi barədə olan 16 avqust 2021-ci il tarixli, XB-K1/085 saylı əmrin, həmin əmrin verilməsi üçün əsas olmuş digər sənədlərin, eləcə də, onunla bağlanmış əmək müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətlərinin təxirə salınmadan ona verilməsinin təmin edilməsi xahiş edilmişdir. Yalnız bundan sonra, 29 sentyabr 2021-ci il tarixdə təsdiq edilmiş surətlər ona göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 2(004)- 7034/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh ASC-nin 16.08.2021-ci il tarixli XB-K1/085 saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh ASC-nin Kredit Şöbəsinin Hüquqi şəxslərin kreditləşməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının fərqi hesablanaraq iddiaçıya ödənilməsi, ödənilmiş 50 manat mediasiya xərcinin cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd ediməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində işin faktiki halları sadalanmaqla göstərilmişdir ki, iddiaçının yol verdiyi kobud səhvlərin mahiyyəti kreditin fiziki və hüquqi şəxslərə verilməsindən asılı olmayaraq, xüsusi hazırlıq tələb etməyən məsələrlə bağlı olmuşdur. Həmin nöqsanlar iş materiallarına əlavə edilmiş yazışmalardan çıxarışlardan açıq-aşkar görünsə də, məhkəmə bu səhvləri iddiaçının əmək müqaviləsində fiziki şəxslərlə müqavilələrin bağlanması funksiyasının göstərilmədiyinə istinad etməklə nəzərə almamışdır. İşin mübahisələndirilməyən hallarına aid olan, tərtib edilməsi iddiaçının dəfələrlə açıq-aşkar yol verdiyi nöqsanlarla müşaiət olunan sənədlərdəki məlumatların düzgün daxil edilməli olması onun əmək funksiyasına və əmək müqaviləsi üzrə öhdəliklərinə aid olmaqla, barəsində tətbiq edilmiş tənbehin 70-ci maddənin "xxxx" bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanuni və əsaslı olmasına dəlalət edir. Məhkəmə iddiaçının dəfələrlə kobud səhvlərə yol verməsini, belə səhvlərdən birinin nəticəsi kimi müştəri ilə bağlanmış kredit müqaviləsinə Əlavə saziş bağlamaq məcburiyyətinin yaranması kimi halların sübutuna dair xüsusatları araşdırmamış, onlara düzgün qiymət verməmişdir. İddiaçının yol verdiyi səhvin düzəldilməsi üçün bankın digər işçiləri cəlb edilmiş, müştəri ilə danışıqlar aparılmış, bu da öz növbəsində əhəmiyyətli vaxt itkisinə səbəb olmaqla, bankın iş ahənginin pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətində qeyd olunanlara uyğun izahat verib, onu müdafiə edərək, təmin olunmasını xahiş etdi. İddiaçı apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan 08.04.2019-cu il tarixli 26 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı ASC "xxxx" Bankının "xxxx" filialının Kredit İdarəsinin Hüquqi şəxslərin kreditləşməsi şöbəsinin mütəxəssisi vəzifəsinə ilk 3 (üç) ay sınaq müddəti hesab edilməklə işə qəbul edilmişdir. Müqavilə 08 aprel 2019-cu il tarixindən 08 aprel 2020-ci il tarixinədək olan müddətə bağlanmışdır. İşçinin vəzifə maaşının yekun məbləği 1410 manat məbləğində müəyyən olunmuşdur. 30.04.2020-ci il tarixli 08 aprel 2019-cu il tarixli 26 saylı Əmək Müqaviləsinə 01 nömrəli Əlavə Sazişdən görünür ki, İşçiyə, Bank və ya digər kredit idarələrində müəyyən ixtisas üzrə iş stajının (Bank və digər kredit idarələrində müəyyən ixtisas üzrə iş stajına görə əlavə ödəmə iş stajının 10 ildən artıq olmayan müddət üçün hesablanır) hər ili üçün 20 manat məbləğində müəyyən edilən olmaqla İşçinin vəzifə maaşının yekun məbləği 1430 manat məbləğində müəyyən olunmuşdur. Bankın "xxxx" filialının direktoru X6 tərəfindən ASC "xxxx" X8 sədrinə ünvanladığı xidməti məktubda qeyd edilir ki, Kredit İdarəsinin Hüquqi şəxslərin kreditləşməsi şöbəsinin aparıcı mütəxəssisi İddiaçı son vaxtlarda nöqsanları və səhvləri adı çəkilən şöbənin iş prosesinin gedişatını yubadır və əngəl yaradır. Filialda müştəri kontingentinin xüsusi olması, kredit portfelinin diversifikasiyası, həmçinin iri kreditlərin çəkisinin kifayət qədər olması ilə əlaqədar olaraq, peşəkar və məsuliyyətli işçilərin çalışmasını zəruri edir. İddiaçı 08.04.2019-cu il tarixindən Filialda çalışır. Son vaxtlar ərzində işçi tərəfindən verilən tapşırıqlar vaxtında, diqqətlə icra edilə bilmir. Belə ki, kredit dosyesinin yığılmasında səhvlər, çatışmazlıqlar mütəmadi olaraq təkrarlanır. Məsuliyyətli olmasında daha ciddi diqqət verilməli olduğu hesabatlar qeyri-dəqiq, müqavilələr nöqsanlı tərtib edilir. Filial özəl müştərilərə xidmət göstərir və işçinin müştərilərlə ünsiyyətdə problemlərinin olması da xüsusilə qeyd edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, İddiaçı barəsində müvafiq tədbirlər görülməsini xahiş etmişdir. 14.06.2021-ci il tarixli 08 aprel 2019-cu il tarixli 26 saylı Əmək Müqaviləsinə 02 nömrəli Əlavə Sazişdən görünür ki, İşçi ASC "xxxx" Bankına Bankın "xxxx" filialının Kredit şöbəsinin hüquqi şəxslərin kreditləşməsi üzrə aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul olunur və X12 "xxxx" filialının Kredit şöbəsinin hüquqi şəxslərin kreditləşməsi üzrə aparıcı mütəxəssisi vəzifəsini tutduğuna görə müəyyən edilən əlavə ödəmə - 330 manatdır. ASC "xxxx" Bankının 19.05.2020-ci il tarixli, XB-İ/99 Əmrindən görünür ki, ASC "xxxx" Bankının "xxxx" filialının Kredit şöbəsinin fiziki şəxslərə xidmət sahəsində müştərilərə göstərilən xidməti daha da effektiv, günün tələblərinə uyğun şəkildə təşkil etmək, müştərilərin müraciətlərinin yüksək səviyyədə cavablandırılmasını və operativliyini təmin etmək məqsədi ilə filialının Kredit şöbəsinin hüquqi şəxslərin kreditləşməsi üzrə mütəxəssislərinə hüquqi şəxslərin kreditləşməsi ilə paralel olaraq, zəruri hallarda fiziki şəxslərin kreditləşməsi üzrə xidmətlərin görülməsi həvalə edilmişdir. İş materiallarında olan Bankın "xxxx" filialının direktoru X2 ASC "xxxx" X8 sədrinə ünvanladığı xidməti məktubda qeyd edilir ki, İddiaçı Filiala təyin edildiyi tarixdən etibarən Kredit verilməsi zamanı müştərinin analizi, təhlili tərəfindən düzgün, tam dolğun aparılmamış, verilən kreditlər üzrə məlumatlar X5 düzgün daxil edilməmiş və ya daxil edilməmiş, kreditin təyinatı düzgün daxil edilməmiş, zaminliklə verilmiş kredit üzrə zamin barədə, girov təminatlı kredit barədə girov məlumatları daxil edilməmiş, işlədiyi qısa müddətdə həmçinin müştərinin kredit müqaviləsi nöqsanlı tərtib edilmiş, kredit dosyesi düzgün yığılmamışdır. İş materiallarında olan 10.08.2021-ci il tarixli DKM/020N10A00539521 nömrəli kredit müqaviləsinə 01 nömrəli əlavə sazişdən görünür ki, Bu sazişin 1.1-ci bəndinə müvafiq olaraq Kredit müqaviləsinin 1.1-ci bəndində “16 % (on altı faiz)” sözləri “17 % (on yeddi faiz)” sözləri ilə əvəz edilmişdir. İş materiallarında olan ASC "xxxx" Bankı və avtodilerlərin əməkdaşlıq şərtlərinə əsasən avtonəqliyyat vasitəsinin ilkin bazarda alınması üçün verilən kredit bank məhsulunun pasportuna əlavə və dəyişikliyin məzmununda qeyd olunur ki, Pasportun 1.10-cu bəndi aşağıdakı redaksiyada verilsin: “kreditin müddəti 1-36 ayı əhatə edirsə illik 16%, kreditin müddəti 37-48 ayı əhatə edirsə illik 17%.” İş materiallarına əlavə edilmiş İBM Notes Flexcube BƏS üzərindən aparılan yazışmalardan çıxarışlardan görünür ki, sifarişi qəbul edən İddiaçı tərəfindən tərtib olunmuş borcalan X1 verilən kredit müqaviləsində kredit müqaviləsinin ilkin məbləği, X3 verilən kredit müqaviləsində isə girov dəyəri yazılmamışdır. Bundan əlavə “1001 Fiziki şəxslərə verilən kredit seçimi fiziki şəxslərin kreditlərində edilə bilməz, yalnız köhnə sahibkar kreditlərində bu seçim edilmişdir və 1004 Nəqliyyat vasitəsinin alınması üçün avtomobil krediti kimi” düzəlişlərin olunması barədə İddiaçı məlumatlar göndərilmişdir. İş materiallarında olan 10.08.2021-ci il tarixli DKM/020N10A00539521 nömrəli kredit müqaviləsindən görünür ki, müqavilə Bank tərəfdən V.M.Məmmədov tərəfindən imzalanmışdır. 13.08.2021-ci il tarixli Aktdan görünür ki, Bankın "xxxx" filialının kredit şöbəsinin hüquqi şəxslərin kreditləşməsi üzrə aparıcı mütəxəssisi İddiaçı verilən kreditlər üzrə məlumatların X5 düzgün daxil edilməməsi və ya daxil edilməməsi, kredit müqaviləsinin nöqsanlı tərtib edilməsi, kredit dosyesinin düzgün yığılmaması ilə bağlı izahat verməkdən imtina etmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin 16.08.2021-ci il tarixli XBK1/085 nömrəli əmrindən görünür ki, İddiaçı-Bankın "xxxx" filialının Kredit Şöbəsinin hüquqi şəxslərin kreditləşməsi üzrə aparıcı mütəxəssisi əmək müqaviləsinə 16 avqust 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan ASC "xxxx" Bankının "xxxx" filialının Kredit Şöbəsinin hüquqi Şəxslərin kreditləşməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləmiş İddiaçı tərəfindən ASC "xxxx" X8 sədri cənab Kamran Məcidova ünvanlanmış 23.09.2021-ci il tarixli ərizədən görünür ki, iddiaçı tutduğu vəzifədən azad edilməsi barədə olan 16 avqust 2021-ci il tarixli, XBK1/085 saylı əmrin, həmin əmrin verilməsi üçün əsas olmuş digər sənədlərin, eləcə də, onunla bağlanmış əmək müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətlərinin təxirəsalınmadan ona verilməsinin təmin edilməsini xahiş etmişdir. Beləliklə müəyyən edilmişdir ki, iddiaçı əvvəlcə Bankın "xxxx" filialının Kredit İdarəsinin Hüquqi şəxslərin kreditləşməsi şöbəsinin mütəxəssisi vəzifəsində işləmişdir. Həmin filialın direktoru Bankın İdarə heyətinin sədrinə xidməti məktub ünvanlayaraq iddiaçının son vaxtlar nöqsanları və səhvlərinin adı çəkilən şöbənin iş prosesinin gedişatını yubatması və əngəl yaratması barədə məlumat verərək, müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Daha sonra iddiaçı Bankın "xxxx" filialının Kredit şöbəsinin hüquqi şəxslərin kreditləşməsi üzrə aparıcı mütəxəssisi vəzifəsinə keçirilmişdir. Həmin filialın direktoru da Bankın İdarə heyətinin sədrinə xidməti məktub ünvanlayaraq, iddiaçının yol verdiyi nöqsanlar barədə məlumat vermişdir. ASC "xxxx" X9 sədrinin 16 avqust 2021-ci il tarixli, XB-K1/085 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) onunla bağlanmış əmək müqaviləsi 16 avqust 2021-ci il tarixdən ləğv edilmişdir, əsas olaraq İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini əks etdirən Bankın "xxxx" filialının direktoru X6 və Bankın "xxxx" filialının direktoru X2 xidməti məktubları göstərilmişdir. İddiaçı həmin əmrin ləğv edilməsini, işə bərpa edilməsini və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsində iddiaçı işlədiyi dövrdə yalnız hüquqi şəxslərin kreditləşməsi şöbəsində işlədiyinə, əvvəllər heç vaxt fiziki şəxslərlə kredit müqavilələri bağlamadığına, bu işlərin görülməsinin onun birbaşa vəzifə səlahiyyətlərinə aid olmadığını bildirmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının yol verdiyi nöqsanlar fiziki şəxslərlə bağlanmış müqavilələr zamanı baş vermişdir, halbuki İddiaçı ASC "xxxx" Bankının "xxxx" filialının Kredit İdarəsinin Hüquqi şəxslərin kreditləşməsi şöbəsinin mütəxəssisi vəzifəsinə, daha sonra isə ASC "xxxx" Bankına Bankın "xxxx" filialının Kredit şöbəsinin hüquqi şəxslərin kreditləşməsi üzrə aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul olunmuşdur. Tərəflər arasında bağlanan əmək müqaviləsində işçinin “fiziki şəxslərlə müqavilələrin bağlanması funksiyası” göstərilməmişdir. İddiaçının özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi əsası ilə barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə dair intizam tənbehinin görülməsi qanuna uyğun deyildir. İddiaçının əmək fəaliyyəti nəticəsində işin və xidmətin normal ahəngi pozulmamış, işəgötürənə heç bir maddi ziyan dəyməmişdir. Əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsassız olmuşdur. İddiaçının nöqsanlara yol verməsi işin mübahisəsiz halıdır, həmin nöqsanların fiziki şəxslərlə bağlanan müqavilələrdə olması və iddiaçı ilə bağlanmış əmək müqaviləsində fiziki şəxslərlə müqavilələrin bağlanması funksiyasının göstərilməməsi barədə gəlinən nəticə yalnışdır. ASC "xxxx" Bankının 19.05.2020-ci il tarixli, XB-İ/99 Əmrindən görünür ki, ASC "xxxx" Bankının "xxxx" filialının Kredit şöbəsinin fiziki şəxslərə xidmət sahəsində müştərilərə göstərilən xidməti daha da effektiv, günün tələblərinə uyğun şəkildə təşkil etmək, müştərilərin müraciətlərinin yüksək səviyyədə cavablandırılmasını və operativliyini təmin etmək məqsədi ilə filialının Kredit şöbəsinin hüquqi şəxslərin kreditləşməsi üzrə mütəxəssislərinə hüquqi şəxslərin kreditləşməsi ilə paralel olaraq, zəruri hallarda fiziki şəxslərin kreditləşməsi üzrə xidmətlərin görülməsi həvalə edilmişdir. İddiaçı "xxxx" filialda Kredit İdarəsinin Hüquqi şəxslərin kreditləşməsində, "xxxx" filialında Kredit şöbəsinin Hüquqi şəxslərin kreditləşməsi şöbəsində işləmişdir. Yuxarıda göstərilən əmrdən müəyyən edilir ki, Kredit şöbəsinin hüquqi şəxslərin kreditləşməsi üzrə mütəxəssislərinə hüquqi şəxslərin kreditləşməsi ilə paralel olaraq, zəruri hallarda fiziki şəxslərin kreditləşməsi üzrə xidmətlərin görülməsi həvalə edilmişdir. İddiaçı bu əmrdən məlumatlı olmuş, həmin əmrə qarşı və əmrlə həvalə edilmiş fiziki şəxslərin kreditləşməsi üzrə xidmətlərin göstərilməsi ilə bağlı hər hansı etirazı olmamış, əmri mübahisələndirməmişdir, hazırda həmin işlərin görülməsinin onun vəzifə səlahiyyətlərinə aid olmamasına istinad etməsi əsassızdır. Digər tərəfdən, işçinin əməyinin xarakterində hər hansı dəyişiklik baş verməmiş, sadəcə hüquqi şəxslərin kreditləşməsi ilə paralel olaraq, zəruri hallarda fiziki şəxslərin kreditləşməsi üzrə xidmətlərin görülməsi həvalə edilmişdir. ASC "xxxx" X4 23 dekabr 2013-cü il tarixli qərarı (94 nömrəli Protokol) ilə təsdiq edilmiş “ASC "xxxx" Bankında Kreditlərin verilməsi Qaydaları”nın 3-cü bölməsində Filialların kredit işçilərinin funksiyaları müəyyən edilmişdir. Həmin bölmənin 11-ci bəndinə əsasən, “11. Məlumatların Bankın proqram kompleksində vaxtlı-vaxtında əks etdirilməsi (kredit sifarişinin qeydiyyatı, Borcalanın qiymətləndirilməsi, Kredit komitəsinin qərarı, kreditin verilməsi və s.) front office işçilərinin əsas vəzifə öhdəliklərinə aid edilmişdir. Həmin Qaydaların 7-ci bölməsinin 7.3-cü bəndinə əsasən: “7.3. Kredit/təminat müqavilələri hazırlanarkən kredit məhsulundan və s. asılı olaraq tərtib edilmiş və Bankda müvafiq qaydada təsdiqlənmiş nümunəvi müqavilə formalarından istifadə edilir. Ayrı-ayrı müştərilərlə bağlanan müqavilələrin məzmununa Filialın işçiləri tərəfindən hər hansı əlavə və/və ya dəyişikliklərin edilməsinə müstəsna hallarda və əvvəlcədən Hüquq idarəsinin, Risklərin idarə edilməsi idarəsinin və Kredit idarəsinin rəhbərləri ilə razılaşdırmaqla yol verilir.” Həmin Bölmənin 7.11-ci bəndinə əsasən: “7.11. Kredit vəsaitlərinin verilməsi Müştəri tərəfindən Kredit komitəsinin qərarında müəyyən edilmiş bütün tələb və şərtlərinə riayət edildikdən sonra həyata keçirilə bilər. Müştərinin bütün müəyyən edilmiş tələblərə riayət etməsinin yoxlanılması Kredit işçisinin vəzifəsidir. Kredit isçisi əmin olmalıdır ki, kredit və təminat müqavilələri (bütün əlavələrlə) imzalanıb və lazımi möhürlərlə təsdiqlənib, o cümlədən səlahiyyətli şəxslərin bütün imzaları kredit dosyesinə daxil olan rəsmi sənədlərdə və imza nümunəsi vərəqəsində olan imzalarla eynidir.” Həmin Qaydaların 10-cu bölməsinin 10.1-ci bəndində Kredit dosyelərinin hazırlanması və aparılması qaydaları müəyyən edilmiş, 10.1.1-ci yarımbənddə isə kredit dosyesinə daxil olan sənədlər 6 qrupa bölünməklə ayrı-ayrılıqda göstərilmişdir. Həmin Bölmənin 10.1.2-ci bəndinə əsasən, “10.1.2. kredit dosyesinə daxil olan sənədlər 10.1.1-ci yarımbəndində göstərilmiş sənəd qruplarının nömrələrinə müvafiq olan ardıcıllıqla yerləşdirilməli və saxlanılmalıdır. Bu zaman 1-ci qrupa aid edilən sənədlər kredit dosyesinin sonunda, 6-cı qrupa aid edilən sənədlər isə kredit dosyesinin əvvəlində yerləşdirilməlidir. Kredit dosyesinin ilk səhifəsi mütləq qaydada dosyeyə daxil edilən sənədlərin siyahısından ibarət olmalıdır. İddiaçı tərəfindən yol verilən nöqsanların məhz fiziki şəxslərlə bağlanmış müqavilələrdə olmasına istinadən iddiaçının əmək fəaliyyəti zamanı cavabdehin qanuni mənafeyinə ciddi xələl gətirməsinə səbəb olan kobud səhvlərə, hüquq pozuntularına yol verməməsi, onun əmək fəaliyyəti nəticəsində işin və xidmətin normal ahənginin pozulmaması qənaətinə gəlinməsi əsaslı hesab edilə bilməz. İddiaçı hər iki filialda işləyərkən nöqsanlara yol vermiş, bu nöqsanların iş prosesinin gedişatını yubatması və əngəl yaratması səbəbi ilə iddiaçı barəsində müvafiq tədbirlər görülməsi xahiş edilmişdir. Əmək Məcəlləsinin: 70-ci maddəsinin "xxxx" maddəsinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən, işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 186.1-ci maddəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər; 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv etmək; 310-cu maddəsinə əsasən, istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Cavabdeh iddiaçını işdən azad edərkən əmək qanunvericiliyinin yuxarıda istinad olunan normalarının tələblərini pozmamış, qanunauyğun hərəkət etmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7034/2021 saylı iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğvi və işə bərpa tələbinə dair” iddia tələbi rədd edilsin. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1517/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1517/2022
07.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver