Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1519/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Şamaxı rayon İcra və probasiya şöbəsi və “xxxx” MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi və qiymətləndirilən daşınmaz əmlakın bazar dəyərinin həqiqiliyinin müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(001)-179/2020 saylı qətnaməsindən Cavabdeh1 apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Şamaxı rayon İcra və probasiya şöbəsi və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 məxsus Şamaxı rayonu, Bakı küçəsində olan 0,0578 ha torpaq sahəsində yerləşən 49 nömrəli fərdi yaşayış evinin və 0.0578 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə hesabatda fərdi yaşayış evinin və torpaq sahəsinin qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi, qiymətləndirilən daşınmaz əmlakın bazar dəyərinin həqiqiliyinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 656/2015 saylı, 02 dekabr 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 49.306 manat məbləğində əsas borc, 14.998 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 64.304 manat məbləğində kredit borcunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın cavabdehin Şamaxı rayonu Bakı küçəsində xüsusi mülkiyyətində olan 0,0578 ha torpaq sahəsində yerləşən 49 nömrəli fərdi yaşayış evinə və 0,0578 ha torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 11.07.2016-cı il tarixli qətnaməsi ilə X2 apelyasiya şikayəti təmin edilməmiş, İddiaçı ASC-nin apelyasiya şikayəti isə qismən təmin edilərək, cavabdehdən 24.212 manat məbləğində faiz borcunun tutulması qət edilmiş, Ali Məhkəmənin 29.11.2016-cı il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Şamaxı rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra şöbəsinin 01.03.2018-ci il tarixli, 1167/4 saylı məktubuna əsasən ipoteka predmetinin qiymətləndirilməsi “xxxx” MMC-yə həvalə edilmiş, sonuncu ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətini 370.000 manat müəyyənləşdirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(001)- 179/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Şamaxı rayonu, Bakı küçəsində yerləşən 49 saylı fərdi yaşayış evinə dair “xxxx” MMC-nin tərtib etdiyi 24.07.2018-ci il tarixli 293 nömrəli hesabat ləğv olunmuş, Şamaxı rayonu, Bakı küçəsində yerləşən 49 saylı fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 120.000 manat müəyyən edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmiş, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-dən alınaraq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli yaşayış evinin həqiqi dəyər qiyməti ilə bağlı bir neçə qiymətləndirmə rəyi var. Ev ipotekaya qoyulan zaman dəyəri 130000 manat olmuş, ABŞ dolları ilə hesablansa 166000 ABŞ dolları dəyərində olmuşdur. Manatın devolvasiyası ilə bağlı milli valyuta öz dəyərini itirmiş, inşaat materialları iki dəfədən də artıq bahalaşmışdır. Bu mənada hesab etmək olar ki, ABŞ dollarının hazırki kursuna əsasən evin hazırkı inventar qiyməti qiyməti 166000x1.7 manat olmaqla 282000 manat məbləğindədir. “xxxx” MMC-nin qoyduğu 370000 manat real bazar qiymətinə daha uyğundur. Evin 120000 manat qiymətləndilirməsi ilə razı deyil, o, Şamaxıda ev alqı-satqısı ilə məşğul olan rəsmi idarəyə müraciət etmiş, evinə baxış keçirilərək evin həqiqi dəyər qiymətinin 295000 manat olması barədə rəsmi arayış verilmiş, işdə qiymətlə bağlı üç fərqli rəy var. Yekun nəticəyə gəlmək üçün məhkəmə evin həqiqi qiymətinin müəyyənləşdirilməsi ilə bağlı əmtəəşünaslıq ekspertizası keçirməli idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 25.07.2013-cü il tarixli, 044MFGFK nörməli kredit müqaviləsindən və həmin tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 48 ay müddətinə, illik 20% olmaqla, 50.000 manat məbləğində kredit verilmiş və kreditin təminatı olaraq cavabdehə MA seriyalı, ******* nömrəli Çıxarışla məxsus Şamaxı şəhəri, Bakı küçəsi, 49 nömrəli fərdi yaşayış evi 130.000 manat qiymətləndirilərək ipoteka ilə yüklü edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-656/2015 saylı 02 dekabr 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh1 qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair” ilkin iddia qismən təmin edilmiş, Cavabdeh1 49.306 manat məbləğində əsas borc, 14.998 manat məbləğində faiz borcu, ümumilikdə 64.304 manat məbləğində kredit borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmə Cavabdeh1 ilə bank arasında bağlanmış 25 iyul 2013-cü il tarixli 044 MFGFK nömrəli kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş Cavabdeh1 Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 avqust 2012-ci il tarixli, MA seriyalı ******* nömrəli çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Şamaxı rayonu Bakı küçəsində xüsusi mülkiyyətində olan 0,0578 ha torpaq sahəsində yerləşən 49 nömrəli fərdi yaşayış evinə və 0,0578 ha torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmeti açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, iddianın ipoteka predmeti satıldıqdan sonra bir ay müddətinə boşaldılması barədə tələbin rədd edilməsi, Cavabdeh1 İddiaçı ASC-yə qarşı İddiaçı ASC ilə arasında bağlanmış 25 iyul 2013-cü il tarixli girov müqaviləsinin etibarsız hesab olunması, faiz borcunun, cərimənin ləğv olunması barədə iddiasının təmin olunmaması, X1 İddiaçı ASCyə qarşı qarşılıqlı iddiası üzrə ilkin iddianın evin boşaldılması tələbinə dair hissədə rədd olunması tələbinin təmin olunması və ipoteka müqaviləsinin etibarsız hesab olunması barədə iddiasının təmin olunmaması qət edilmişdir. “xxxx” MMC tərəfindən 24.07.2018-ci il tarixdə tərtib edilmiş 293 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Şamaxı rayonu, Bakı küçəsində yerləşən 49 saylı fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti – 370.000 manat təşkil etmişdir. İddiaçı hazırki iddia tələbində həmin hesabatı mübahisələndirərək, qiymətləndirilən daşınmaz əmlakın bazar dəyərinin həqiqiliyinin müəyyən edilməsini tələb etmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 7-ci maddəsinə görə, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Birinci instansiya məhkəməsinin 08.04.2019 il tarixli qərardadı ilə məhkəməqiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC-nin 28.08.2019-cu il tarixli 0494/19/ATAB saylı qiymətləndirmə hesabatından görünür ki, Şamaxı şəhəri, Bakı küçəsində Cavabdeh1 mülkiyyətində olan 0.0578 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 327.4 kv.m ümumi, 125.3 kv.m yaşayış və 202.1 kv.m yardımçı sahədən və tikintialtı sahəsi 23.9 kv.m olan sanitar qovşaq (liter B), 25.5 kv.m olan mətbəx (liter C), 0.2 kv.m olan hasardan (liter İ) ibarət 49 nömrəli fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 135.000 manat təşkil edir. Daha sonra məhkəmənin 08.11.2019-cu il tarixli qərardadı ilə təkrar məhkəməqiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC-nin 07.02.2020-ci il tarixli 038/ATAB/20 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 məxsus Şamaxı şəhəri, Bakı küçəsində 0.0578 ha torpaq sahəsində yerləşən 49 nömrəli fərdi yaşayış evinin 07.02.2020-ci il tarixə satış (likvid) qiyməti 120.000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan hesabatla müəyyən edilmiş qiyməti əsas götürərək, əmlakın qiymətləndirilməsi barədə mübahisələndirilən hesabatın ləğv edilməsi və əmlakın ilkin satış (likvid) qiymətinin 120.000 manat müəyyən edilməsi qənaətinə gəlmişdir. Cavabdeh1 apelyasiya şikayətində müəyyən edilmiş qiymətləndirmənin nəticəsi ilə razılaşmamışdır. Apelyasiya şikayətinin qeyd olunan dəlilinin araşdırılması məqsədi ilə Kollegiyanın 15.02.2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 məxsus Şamaxı rayonu, Bakı küçəsində olan 0,0578 ha torpaq sahəsində yerləşən 49 nömrəli fərdi yaşayış evinin yenidən qiymətləndirilməsi qərara alınmış və qərardadın icrası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 29.04.2021-ci il MB-14/0559 nömrəli qiymətləndirmə hesabatı ilə Şamaxı rayonu, Bakı küçəsi, 49 nömrəli fərdi yaşayış evinin həmin tarixə hesablanmış likvid dəyərinin 122000 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Göründüyü kimi birinci instansiya məhkəmə tərəfindən təkrar keçirilmiş qiymətləndirmə nəticəsində “xxxx” MMC tərəfindən fərdi yaşayış evinin satış (likvid) qiyməti 120000 manat, Kollegiya tərəfindən keçirilmiş təkrar qiymətləndirmə zamanı isə “xxxx” MMC tərəfindən 122000 manat müəyyən edilmişdir. Müəyyən edilir ki, qiymətlər arasında kəskin fərq yoxdur. Kollegiya hesab edir ki, qətnamə qanuni və əsaslıdır, apelyasiya şikayətində göstərilən dəlillər qətnaməni əsassız hesab etmək və onu ləğv etmək üçün əsas deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-179/2020 saylı iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış tədqiqatın dəyərini təşkil edən 300 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN:**********; Hesab №AZ33İBAZ********************; Bank: “xxxx” ASC Yasamal filialı, kod 805562; VÖEN:**********; Müxbir hesab:AZ03NABZ********************; SWİFT BİK:İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1519/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1519/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver