Məhkəmə qərarları › İş №2(105)-2841/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2841/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2841/2021 11.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçılar İddiaçı, X1 və X3 (qanuni nümayəndələri İddiaçı) cavabdehlər X2 prosessual hüquq varisi Cavabdeh Nəsirulla qızına, X2 prosessual hüquq varisi X6 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışların etibarsız hesab edilməsi və sair tələbə dair mülki iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Abşeron Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2(012)- 25/2021 saylı qərardadından verilmiş şikayətə açıqməhkəmə iclasında apelyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı, X4 və X7 (qanuni nümayəndələri İddiaçı) cavabdehlər X2 prosessual hüquq varisi Cavabdeh Nəsirulla qızına, X2 prosessual hüquq varisi X6 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışların etibarsız hesab edilməsi və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X5 ilə birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş **********30-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, birgə nikah dövründə əldə olunmuş yaşayış evinin ½ hissəsinin bölünərək onun mülkiyyətinə verilməsi və digər ½ hissədən vərəsələrin paylarının bərabər şəkildə bölünməklə birgə nikahdan doğulmuş uşaqların hər birinə ayrı-ayrılıqda ¼ hissədə paylarının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2(012)-25/2021 saylı qərardadına əsasən iddiaçılar İddiaçı, X1 və X3 (qanuni nümayəndələri İddiaçı) cavabdehlər X2 prosessual hüquq varisi Cavabdeh Nəsirulla qızına, X2 prosessual hüquq varisi X6 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışların etibarsız hesab edilməsi və sair tələbə dair iddia ərizəsinə dair mülki iş üzrə məhkəmə sorğusuna cavab verilmədiyindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi Azərbaycan Respublikası MPM-nin 78.4 maddəsinə əsasən 200 (iki yüz) manat miqdarında cərimə olunmuş, ünvan 1 ünvanında yerləşən ümumi birgə yaşayış evinə dair Cavabdeh Nəsirulla qızının adına verilmiş **********30-10301 reyestr nömrəli, 14.05.2018-ci il tarixli çıxarışın və çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru vasitəsilə götürülməsi, qərardadın icra olunmasının Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli 2(012)-25/2021 saylı qərardadına əsasən qoyulmuş 200 manat məbləğində cərimənin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərindən götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2(012)-25/2021 saylı qərardadı ilə iddiaçılar İddiaçı, X1 və X3 (qanuni nümayəndələri İddiaçı) cavabdehlər X2 prosessual hüquq varisi Cavabdeh Nəsirulla qızına, X2 prosessual hüquq varisi X6 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışların etibarsız hesab edilməsi və sair tələbə dair mülki iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin cərimənin götürülməsinə dair ərizəsi təmin edilməsin. Həmin qərardaddan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi şikayət verilərək Abşeron Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2(012)-25/2021 saylı qərardadının ləğv edilməsi, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2(012)-25/2021 saylı qərardadına əsasən baxılan mülki iş üzrə məhkəmə sorğusuna cavab verilmədiyindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi Azərbaycan Respublikası MPM-nin 78.4 maddəsinə əsasən iki yüz manat miqdarında cərimə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.2 maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 78.3 maddəsinə əsasən sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir. Həmin Məcəllənin 78.4 maddəsinə əsasən tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs iki yüz iyirmi manatadək miqdarda cərimə olunur. Həmin Məcəllənin 78.5 maddəsinə əsasən cərimənin qoyulması tələb olunan sübuta malik şəxsi həmin sübutu məhkəməyə təqdim etmə vəzifəsindən azad etmir. Həmin Məcəllənin Qanunun 78.3 maddəsinin tələbindən göründüyü kimi sübut tələb edilmiş şəxs həmin sübutu məhkəməyə təqdim edə bilmədikdə 5 gün müddətində məhkəməyə məlumat verməlidir. Müəyyçən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi isə sübutların verilməsinin təşkil edilməməsindən əlavə qanunun bu tələbinə belə biganə yanaşmış, hərəkətsizlik göstərərək məhkəmənin qanunla nəzərdə tutulmuş qaydada işə vaxtında baxıb qərar qəbul etməsini ləngitmişdir. Məhkəmə qeyd etmişdir ki, iş yükünün çoxluğu sorğuya cavab verməli olan şəxslərin öz vəzifələrinin yerinə yetirilməsində etdiyi səhlankarlığa görə hər hansı bir üzürlü səbəb kimi qiymətləndirilə bilməz. Belə işin nizamlı təşkili, işdə məsuliyyətin yüksək olması bu kimi hallarda işlərin vaxtında yerinə yetirilməsinə mane olmamalıdır. Qanunvericilikdə sübut tələb edilmiş şəxs həmin sübutu məhkəməyə təqdim edə bilmədikdə 5 gün müddətində məhkəməyə məlumat verməsi göstərilməsinə baxmayaraq qanunun bu tələbləri də sübutu təqdim edən şəxs tərəfindən pozulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin ərizəsində göstərilənləri əsassız, məsuliyyətdən yayınmaq məqsədi kimi hesab edib ərizənin rədd edilməsi və cərimənin götürülməsindən imtina etmək qənaətinə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini qanunvericiliyin tələblərinə uyğun hesab edir. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Belə ki, şikayətdə qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə 31 mart 2020-ci il tarixli, 122 nömrəli Nazirlər Kabinetinin qərarına əsasən dövlət orqanlarının və qurumlarının rəhbərləri strukturlarının fəaliyyətini təmin etmək üçün məhdud sayda işçiləri işə cəlb etmələri, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın Xüsusi Rejimdə İş üzrə 17.03.2020-ci il tarixli Təlimatına əsasən mümkün olduğu halda, əməkdaşların məsafədən işləmələri məsələsinə baxılması, 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilməsi, işçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən dəlillər əsassızdır. Belə ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə görə sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadı prosessual hüquq normalarının tələblərinə uyğundur və onun ləğvi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli Abşeron Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2(012)-25/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2(012)-25/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar