Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1519/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1519/2025 (Açar sözlər: əmrin ləğvi, işə bərpa və s.) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, X1, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı, X11 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “işə bərpa edilmə, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7713/2024 nömrəli 15 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 fevral 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" MMC və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı xx.xx.2023-cü il tarixdə kassir vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, Əmək Müqaviləsi müddətsiz bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən, İşçi aşağıda və vəzifə təlimatında qeyd olunan əmək funksiyasının icrasını öhdəsinə götürür: a. Mağazada pul vəsaitlərinin müştərilərdən kassaya qəbul edilməsi b. Pul vəsaitlərinin xəzinədarlığa təhvil verilməsi. C. Kassada müştərilərə xidmət göstərilməsi (əmək funksiyası tam təfsilatı ilə sadalanmalıdır). İşçinin əmək funksiyaları. Müqavilənin 4.1-ci bəndinə görə işçiyə hər ay 408,94 manat məbləğdə əmək haqqı ödənilir.
2. xx.xx.2024-cü il tarixli Əmək müqaviləsinə Əlavənin surətindən görünür ki, xx.xx.2023cü il tarixdə bağlanmış Əmək müqaviləsinə aşağıdakı dəyişikliklər və əlavələr edilmişdir: 1.2. Eyni departamentə Xəzinədar vəzifəsinə keçirilir. 3.1. İşçi aşağıdakı əmək funksiyalarının icrasını öhdəsinə götürür: a. Mağazadakı kassalardan pul vəsaitlərinin təhvil alınması. b. Pul vəsaitləri ilə bağlı hesablama işlərinin aparılması. c. Pul vəsaitlərinin bank işçilərinə təslim edilməsi, 4.2. Əmək haqqı 345 manat məbləğində tarif haqqından (vəzifə maaşından), tarif haqqına (vəzifə maaşına) 119,8 manat məbləğində əlavədən, tarif haqqına (vəzifə maaşına) 29,94 manat məbləğində kassa riski əlavəsindən ibarətdir, dəyişikliklər və əlavələr xx.xx.2024 tarixindən qüvvəyə minir
3. 0084185 nömrəli Əmək kitabçasının surətindən görünür ki, Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir.
4. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, imza edənlər: "xxxx" MMC-nin Pərakəndə satış departamentində mağaza müdiri vəzifəsində işləyən Şahid, mal qəbulu və mağaza nəzarətçisi vəzifəsində işləyən X7, xəzinədar vəzifəsində işləyən X4 və kassir vəzifəsində işləyən X10 bu aktı tərtib edirər, "xxxx" MMC-nin Pərakəndə satış departamentində xəzinədar vəzifəsində işləyən İddiaçı son bir neçə ay ərzində seyfdəki məbləğlə dəfələrlə maxinasiyalar edərək seyfin artıq-əskiyini gizlətmişdir. İddiaçı bunu digər xəzinədar yoldaşı ilə əlaqəli şəkildə həyata keçirmişdir. İşçilərin bu barədə öz aralarında yazışdıqları mesajlar da mövcuddur. Həmçinin, İddiaçı digər kassirin kassasında əskik gələcəyini bilərək onun kassasında işləmiş və qəsdən müştərilərə pulun qalığını az qaytararaq iş yoldaşının əskiyini bu yolla ört-basdır etmişdir. İşçi bunu etdikdən sonra həmkarını da məlumatlandırmışdır. Ümumilikdə, hər iki işçi özünün yol verdiyi nöqsanlardan əlavə olaraq, həmkarının yol verdiyi və məlumatlı olduğu ciddi pozuntuları üst rəhbərlərindən gizlətmişdir. Bunun nəticəsində müəssisənin işinə mənfi təsir göstərmiş, iş ahəngi pozulmuş və müəyyən sıxıntılar yaşanmasını bildirmişdir.
5. xx.xx.2024-cü il tarixli Xidməti Məlumatdan görünür ki, mağaza müdiri Şahid Cavabdeh MMC-nin baş direktoruna aşağıdakı məzmunda müraciət etmişdir: Pərakəndə satış departamentində xəzinədar vəzifəsində işləyən İddiaçı son bir neçə ay ərzində seyfdəki məbləğlə dəfələrlə maxinasiyalar edərək seyfin artıq-əskiyini gizlətmişdir. İddiaçı bunu digər xəzinədar yoldaşı ilə əlaqəli şəkildə həyata keçirmişdir. İşçilərin bu barədə öz aralarında yazışdıqları mesajlar da mövcuddur. Həmçinin, İddiaçı digər kassirin kassasında əskik gələcəyini bilərək onun kassasında işləmiş və qəsdən müştərilərə pulun qalığını az qaytararaq iş yoldaşının əskiyini bu yolla örtbasdır etmişdir. İşçi bunu etdikdən sonra həmkarını da məlumatlandırmışdır. Ümumilikdə, hər iki işçi özünün yol verdiyi nöqsanlardan əlavə olaraq, həmkarının yol verdiyi və məlumatlı olduğu ciddi pozuntuları üst rəhbərlərindən gizlətmişdir. Bu halın müəssisənin işinə mənfi təsir göstərməsini və qanunvericiliyə zidd bir hal olmasını nəzərə alaraq bu haqda müvafiq tədbir görülməsini xahiş etmişdir.
6. Cavabdeh MMC-nin baş direktorunun Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanladığı xx.xx.2024-cü il tarixli Təqdimatdan görünür ki, Pərakəndə satış departamentində xəzinədar vəzifəsində işləyən İddiaçı son bir neçə ay ərzində seyfdəki məbləğlə dəfələrlə maxinasiyalar edərək seyfin artıq-əskiyini gizlətməsi ilə əlaqədar olaraq İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddənin "ç" bəndinə əsasən xitam verilməsi tələbini Həmkarlar İttifaqı Komitəsində müzakirəyə çıxarılmasını xahiş etmişdir.
7. xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin Ümumi Yığıncağının 25 №-li Protokolundan görünür ki, Yığıncağın gündəliyi “Pərakəndə satış departamentində xəzinədar vəzifəsində işləyən İddiaçı seyfdəki məbləğlə dəfələrlə maxinasiyalar edərək seyfin artıq-əskiyini gizlətməsi ilə bağlı məsələsinə baxılması” olmuşdur, xx.xx.2024-cü il tarixindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi qanunauyğun hesab edilməsi qərara alınmışdır.
8. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, MMC-nin Pərakəndə satış departamentində xəzinədar vəzifəsində işləyən İddiaçı xx.xx.2024-cü il tarixində baş tutan Həmkarlar İttifaqı Komitəsinin yığıncağına qatılmamışdır.
9. “Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 2341 №-li Əmrinin surətindən görünür ki, "Pərakəndə satış departamenti" bölməsində "Xəzinədar" vəzifəsində işləyən İddiaçı Aqşin qızı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70."ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2024-cü il tarixindən xitam verilməsi, işçinin xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 18.72 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir.
10. Bakı 13 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh mediasiya sessiyasında iştirak etmiş, MMC prosesin davam etdirilməsinə razılıq verməmişdir, İddiaçı iştirak edərək, 50 manat xərci ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam edilməsi ilə bağlı verilmiş xx.xx.2024-cü il tarixli əmrnin ləğv edilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən İddiaçı qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqınının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlayaraq "xxxx" MMC-nin Pərakəndə satış departamentinə kassir vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə eyni departamentdə satıcı vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixdə həmin MMC-nin eyni departamentində Xəzinədar vəzifəsinə keçirilmişdir. Sözü gedən əmək müqaviləsimüddətsiz bağlanmışdır və həmin müqaviləyə əsasən işçiyə (mənə) hər ay 700 manat məbləğdə əmək haqqının ödənilməsi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən Əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əməmk müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir. Lakin bu barədə ona məlumat verilməmiş, həmin gün ona son haqq-hesab ödənilməmiş və əmək kitabçası ona təhvil verilməmişdir. Əmək müqaviləsinə qeyd edilən maddə ilə xitam verildiyi üçün həmin tarixdən hazırki vaxtadək heç bir yerdə işə qəbul edilə bilməmiş, işsiz qalmışdır. Hazırda heç bir yerdən gəliri yoxdur. Cavabdehin bu qanunsuz hərəkətlərindən xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə şikayət etsə də, Xidmət tərəfindən şikayəti araşdırılsa da bu günə kimi araşdrımanın nəticəsi barədə ona heç bir məlumat verilməşmişdir. Cavabdehlə işdən onu qanunsuz olaraq çıxardıqları üçün əlaqə saxlayıb işə bərpa olunmağını xahiş etsə də, müraciətləri cavabsız qaldığına görə və X11 Xidməti tərəfindən ona cavab verilmədiyindən xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" MMC-yə mediasiya prossesinin tətbiqi barədə təklif göndərmişdir. Mediasiya haqqında qanunvericiliyə əsasən 10 iş günü ərzində cavabdeh onun təklifinə cavab vermədiyi üçün Bakı şəhəri 13 saylı mediasiya təşkilatına müraciət etmiş və cavabdehin nümayəndəsinin iştirakı ilə həmin Mediasiya təşkilatında ilkin mediasiya sessiyası xx.xx.2024-cü il tarixdə baş tutmuşdur. Cavabdehin nümayəndəsi rəhbərliklə danışıb onların fikrini bildirmək üçün vaxt istədi və növbəti mediasiya sessiyası xx.xx.2024-cü il tarixinə təyin edildi. xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsi mediasiya sessiyasında iştirak etməkdən imtina etdiyi üçün həmin tarixdə Bakı 13 saylı mediasiya təşkilatı tərəfindən ona “İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə Arayış təqdim edildi. Bildirmək istəyir ki, cavabdeh "xxxx" MMC tərəfindən işdən azad olunarkən “Əmək müqaviləsinə xitam verilməsi” barədə ƏMR-lə tanış olmamışdır və ona Əmək Qanunvericliyi ilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. Cavabdehin onu qanunsuz olaraq işdən çıxarmasına, bağlanmış əmək müqaviləsinə əsassız və qanunsuz olaraq ƏM-nin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilməsinə baxmayaraq onu işə bərpa etmədiyi, məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqını ödəmədiyi üçün hüquqlarının bərpa edilməsindən ötrü məəhkəmə müraciət etmək məcburiyyətində qalmışdır.
13. Şahid qismində ifadə verərək bildirmişdir ki, mağaza müdiri vəzifəsində çalışır, iddiaçı xəzinədar işləyirdi. Mart ayında Rəqsanə xanım ona dedi ki, Ceyran xanım 20 manatlıq kəsri öz vəsaiti hesabına bağlayıb və bu barədə Heç kimə məlumat verməyib. Demişdir ki, “sübut oluna bilər? Dedi, bəli, görüntülərlə etmək olar.” Bu barədə araşdırma başladı. Xəzinə otağı kameralıdır, lakin sübut oluna bilmədi bu hal. Bir müddət sonra iddiaçı yaxınlaşıb ki, “məndə yazışmalar var Ceyran xanımla.” Məzmununda kassada olan əskiklikdə bağlı məlumat idi. O da həmin an şübhələnmişdir. Daha sonra bu barədə insan resurslarına yönəltmişdir Ceyran xanımı. Daha sonra Ceyran xanım ona bildirmişdir ki, “mən bunu Rəqsanə xanımla birgə eləmişəm”. İddiaçıdan heç bir narazıçılığı yoxdur, əksinə çox yaxşı işçidir. O, onu işdən çıxartmamışdır. Ceyran xanımı ora göndərmişdir ki, tədbir görülsün sonradan Rəqsanə xanım da ora göndərildi və onun barəsində də tədbir görüldü. Rəqsanə Ceyrandan təhvil alanda 24,32 manat əskiklə təhvil alıb məsələn. Bir-birlərinə elə təhvil verilib. Sonra 24 manat 80 qəpiklə iddiaçı Rəqsanəyə təhvil verib. Sonra öz hesabına bağlayıb. Öz aralarında təhvil təslim edirlər sonra o isə imzalayır. Hər dəfə özləri təhvil verir bir-birinə. İş yerində format odur ki bir-birlərinə təhvil verirlər. İnsan resurlarının tam doğru qərar verdiyini düşünüb imzalayıb sənədi. O demir ki, iddiaçı nəsə eləyib. Rəqsanə xanım haqqında hər hansı mənfi rəyi yoxdur. X5 yoxdur. Araşdırma gedən zaman iddiaçını işdən uzaqlaşdırmışdılar. Araşdırma haqlı və ya haqsız olsa da araşdırma dövründə uzaqlaşdırılır.
14. X6 şahid qismində ifadə verərək bildirmişdir ki, Fevral ayından işdən çıxmışdır, Bazar Store-dan Ceyran xanım Rəqsanənin yerinə gəlmişdir. Rəqsanə xanımla işləyirdi, bir müddət işdə olmamış, yerinə Ceyran gəldi. Ceyran o zamanda onların kassasına girirdi. Ceyran əvəz edəndə əskiklər yaranırdı. 3 gün olmamış işə gələndə isə gördüm seyf bərbad gündə idi qarışmışdı, sayılmamışdı, əskiklər gəlmişdi, 50 manat , 70 manat və s. onunla iddiaçı arasında heç zaman əskik olmayıb 6 ay müddətində.
15. Hüseynzadə Fidan Hicran qızı şahid qismində ifadə verərək bildirmişdir ki, mağazada 11 ay işləyib, 6 aydır ki, işləmir, Ceyran gəlib orda işləyənə qədər əskik olmayıb, özləri kassadan götürüb gedirdi pulları, kassir saymırdı, kassası düz olub, Ərzumana Ceyranın əməlləri barədə məlumat verilib, hamısı Ceyrandan şikayət edirmişlər.
16. X8 şahid qismində ifadə verərək bildirmişdir ki, Rəqsanə yaxşı işçidir, işdən uzaqlaşandan 1-2 həftə sonra danışıblar. Həmin vaxt işdə olmayıb, Müdir deyib ki, Rəqsanə və Fidan şikayətə gəlib Ceyrandan, lakin nəsə tapa bilməyiblər, akta qol çəkib, o da düşünüb ki, İnsan resursları araşdırıbsa düz olar yəqin.
17. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 noyabr 2024-cü il tarixli 2(011)-7713/2024 nömrəli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia təmin edilmiş, Cavabdeh "İddiaçı əmək müqaviləsinə xitam verilməsi" barədə xx.xx.2024-cü il tarixli 2341 K saylı əmrinin ləğv edilməsi, İddiaçı “Bazarstore" MMC-də “xəzinədar” vəzifəsinə bərpa edilməsi, Cavabdeh MMC tərəfindən 05 iyul 2024-cü il tarixdən başlayaraq İddiaçı işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, Cavabdeh MMC-dən 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işçinin əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilməsinə, o cümlədən işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə, əmək vəzifələrinin kobud şəkildə pozulmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.
19. Məhkəmə göstərmişdir ki, işəgötürən tərəfindən işdən çıxarma barədə əmr, əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi əsaslandırılmamaqla, qanuni deyildir. Belə ki, iş materiallarında olan əmrin məzmunundan görünür ki, işəgötürən işçini “özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” kimi müxtəlif əsaslarla işdən çıxarsa da, onun tərəfindən “əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirməməsinin” nədə ifadə olunması, işçinin Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hansı kobud pozuntulara yol verməsi göstərilməmişdır.
20. Məhkəmə hesab etmişdir ki, əmrdə əsas kimi göstərilmiş “İşçinin rəhbərinin xidməti məlumatı, HİK-nin yığıncağına təqdimat, HİK-nin yığıncağının protokolu və qararı, Hiknin tərtib etdiyi akt” kimi istinadlara gəldikdə isə qeyd edir ki, belə forma əmrin əsaslılığını təmin etməməklə bərabər, işin faktiki hallarını da özündə ifadə etmir. Belə ki, cavabdeh tərəfindən dəvət edilən şahidlər həmin aktlardakı faktları təsdiq etməməklə bərabər, iddiaçının dəlillərinə uyğun ifadə verməklə onun qeyd edilən hallar üzrə əmək funksiyaları və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməsini təsdiq etmişlər. Bundan başqa, müəssisənin həmkarlar orqanının razılıq qərarı formaldır. Belə ki, müəssisənin Həmkarlar İttifaqı Komitəsinin protokolundan görünür ki, iclas iştirakçıların adları göstərilməmiş, işçinin yol verdiyi norqanlar barədə onlar tərəfindən müzakirə aparılmamış, işçi lazımi qaydada iclasa çağırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, əmr əsassız və qanunsuzdur və ona görə ləğv edilməlidir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Əmək Məcəlləsinin 2.3, 68.1, 70-ci maddənin “ç” bəndi, 71.2, 71.3, 72, 76.2, 83.1, 83.2, 84.1, 84.2, 288, 292.2, 294.1, 300.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
22. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçının əmək funksiyalarını pozması nəticəsində müəssisədə iş ahəngi pozulmuş, müəssisəyə maddi ziyan vurulmuşdur. İşçi öz vəzifəsinə aid olmayaraq, kassalarda əməliyyatlar aparmışdır. Bu hal iş materiallarında mövcud olan sms yazışmaları ilə təsdiq olunsa da məhkəmə bu faktı nəzərə almamışdır. Şəxsin xəzinədar olduğu halda kassada əməliyyatlar aparması, həm müəssisəyə maddi ziyan vurulmasına, həm də digər işçilərinin normal əmək fəaliyyətinə mane olan hal hesab edilməlidir. Beləliklə, iddiaçının əmək funksiyasını pozması nəticəsində işəgötürənin və digər işçilərin mənafelərinə ziyan dəymişdir. Bununla da məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi öz təsdiqini tapmışdır. İşçinin işə xitam verilməsi barədə əmr də müvafiq maddəyə istinad edilərək və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ƏMAS altsisteminə daxil edilərək xitam verilmişdir. Həmin ƏMAS sistemində qeyd edilmiş forma və məzmuna riayət edilmədikdə və işəgötürənin vəzifəli şəxsi tərəfindən kənara çıxma hallarında əmək müqaviləsinə xitam verilməsi təsdiq edilmir (sistem qəbul etmir). Məhkəməyə təqdim edilən sms yazışmalar və təhvil-təslim aktları əsasında şəxsin əmək vəzifələrini pozması sübut olunsa da, məhkəmə bu hallara fikir vermədən qətnamə qəbul etməklə qeyd edilən normanın tələbini pozmuşdur. İddiaçı tərəfindən məhkəmə iclaslarına dəvət edilən şahidlərin ifadələrinə diqqət yetirsək, nə X3, nə də Hüseynzadə Fidan Hicran qızının hadisə baş verən zaman mağazada işləmədiyini görə bilərik. Şahidlərin mağazada olmadığı dövrə aid verdikləri ifadələr sübut kimi qəbul oluna bilməz. Belə ki, bu şəxslər hadisənin zamanı mağazada işləmədikləri üçün hadisənin onlara bilavasitə məlum olması da mümkün deyildir. Digər tərəfdən həmin şəxslərin verdikləri ifadələrdəki məlumatlar mübahisə predmetinə aid deyildir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
25. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
27. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
28. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
29. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
30. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
31. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi.
32. Maddə 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
33. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
34. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 35.Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.
36. Maddə 292.2. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər.
37. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
44. Qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göründüyü kimi, iddiaçı-işçi cavabdeh-işəgötürənlə müddətsiz əmək müqaviləsi bağlamaqla işə başlamışdır. İşinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xx.xx.2024-cü il tarixli 2341 №-li Əmr ilə bağlanmış əmək müqaviləsinə həmin tarixd tarixdə xitam verilmişdir. Həmin normada qeyd edilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı ləğv edilə bilər. 47.Lakin əmrdə işçinin hansı əmək funksiyasını və ya öhdəliyini yerinə yetirmədiyi qeyd edilməmişdir. Bundan əlavə Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hansı əmək vəzifəsini kobud surətdə pozması halları göstərilməmişdir.
48. İşəgötürən tərəfindən işdən çıxarma barədə əmr, əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi əsaslandırılmamışdır.
49. Halbuki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 50.Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində əsasən, 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 51.Qeyd edilən hərəkətlərin işçi tərəfindən icra edilib-edilməməsi müəyyən olunmamış, cavabdeh nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı yuxarıda qeyd edilən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. 52.Əsaslandırılmış əmrin “Əmək və məşğulluq“ altsistemi (ƏMAS) daxil edilməməsinin qeyri-mümkünlüyünə münasibətdə kollegiya qeyd edir ki, əsaslandırılmış əmr kağız daşıyıcıda da məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən altsistemə daxil edilmiş məlumatlar əmrdən çıxarış xarakterlidir.
53. Bundan əlavə işçi barəsində törətdiyi pozuntu barəsində Həmkarlar İttifaqı təşkilatında aparılan müzakirəyə dəvət edilməsi iş materialları ilə müəyyən olunmur. İş materialları ilə yalnız cavabdehin iclasa dəvət olunması müəyyən olunur.
54. Bununla belə xx.xx.2024-cü il tarixli Akt tərtib edilmişdir. Aktdan görünür ki, MMC-nin Pərakəndə satış departamentində xəzinədar vəzifəsində işləyən İddiaçı xx.xx.2024-cü il tarixində baş tutan Həmkarlar İttifaqı Komitəsinin yığıncağına qatılmamışdır. Lakin aktda işçiyə iclasın yeri və vaxtı məlumat verilib-verilməsi müəyyən olunmur.
55. xx.xx.2024-cü il tarixli Aktı tərtib edənlərdən "xxxx" MMC-nin Pərakəndə satış departamentində mağaza müdiri vəzifəsində işləyən Şahid və mal qəbulu və mağaza nəzarətçisi vəzifəsində işləyən X7, birinci instansiya məhkəməsində şahid qismində dindirilmişlər.
56. Şahid qismində izahat verərkən Şahid həmin aktın məzmunu ilə tanış olmadığını, sadəcə Cavabdeh MMC-nin insan resursları şöbəsi tərəfindən təqdim edilmiş həmin aktın doğruluğunu yəqin etdiyini, Ülvi Nəzərov isə həmin aktın məzmunu ilə tanış olduğunu, məsələ yuxarı rəhbərlik tərəfindən araşdırıldığna görə onların “İddiaçı təqsirli olması”na dair qənaətlərinin doğru olmasını düşündüyünü qeyd etmişdir.
57. Göründüyü kimi, aktı, eyni zamanda xidməti məlumatı imzalamış Şahid ümumiyyətlə aktla tanış olmadan imzalamış, onun məzmunu ilə tanış olmamışdır.
58. Digər şahid Ü.Nəzərərov isə aktla tanış olsa da, onun mahiyyətini düzgün qiymətləndirməmişdir.
59. Cavabdeh isə apellyasiya şikayətində qeyd edir ki, şahidlər ümumiyyətlə iddiaçı ilə eyni vaxta işləməyiblər.
60. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının törətdiyi hesab edilən pozuntular məhz yuxarıda qeyd edilən iki şahidin imzaladığı Aktla mümkün olmuşdur. Belə olduqda apellyasiya şikayətinin dəlilləri əsassızdır.
61. Məhkəmə haqlı olaraq göstərmişdir ki, əmrdə əsas kimi göstərilmiş “İşçinin rəhbərinin xidməti məlumatı, HİK-nin yığıncağına təqdimat, HİK-nin yığıncağının protokolu və qararı, HİK-nin tərtib etdiyi akt” kimi istinadlar belə əmrin əsaslılığını təmin etməməklə bərabər, işin faktiki hallarını da özündə ifadə etmir. Belə ki, cavabdeh tərəfindən dəvət edilən şahidlər həmin aktlardakı faktları təsdiq etməməklə bərabər, iddiaçının dəlillərinə uyğun ifadə verməklə onun qeyd edilən hallar üzrə əmək funksiyaları və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməsini təsdiq etmişlər. Bundan başqa, müəssisənin həmkarlar orqanının razılıq qərarı formaldır.
62. Kollegiya həmçinin apellyasiya şikayətinin dəlili kimi “təqdim edilən sms yazışmalar və təhvil-təslim aktları əsasında şəxsin əmək vəzifələrini pozması”na münasibətdə qeyd edir ki, bu hərəkətlərin sübut olunacağı təqdirdə pozuntu hesab edilməsi mümkündür. Lakin bu pozuntunun məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiqinə səbəb olması sübut olunmur.
63. Bütün göstərilənlərlə yanaşı Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 187.2-ci maddəsinin tələbinə görə, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. 64.Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçı özü 2024-cü ilin may ayında kassadakı çatışmamızlıqlara bağlı məlumat verdikdən sonra araşdırma aparılmış, xx.xx.2024-cü il tarixdə Akt tərtib olunmuş, xx.xx.2024-cü ildə isə iddiaçı işdən çıxarılmışdır. 65.Göründüyü kimi, iddiaçıya intizam tənbehi bir ay keçdikdən sonra verilmişdir ki, bu da qanunla yolverilməzdir. Göstərilən hal iddianın rədd olunmasının müstəqil əsası hesab olunur. Yəni, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən hər hansı pozuntuya yol verilmədiyi qəbul olunsa belə, ən azı bir aylıq müddətin keçməsinə görə iddiaçıya hər hansı intizam tənbehi verilə bilməzdi. Bu da o anlama gəlir ki, iddia təmin olunmalıdır.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1519/2024 nömrəli iş üzrə 21 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.