Məhkəmə qərarları › İş №2(103)-1522/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1522/2025

23.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1522/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsinə qarşı (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti olmaqla) iş üzrə QƏTNAMƏ İş № 2(103)-1522/2025 (Açar sözlər: əmrin ləğvi, iddiaçının işə bərpası, məcburi iş buraxma dövrü üçün hesablanan aylıq əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsə qarşı (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti olmaqla) “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövr və son haqq hesabın gecikdirilmiş müddətinə görə faiz məbləği və məhkəmə xərclərinin tutulması”tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-5385/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 23 aprel 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Əmlakın monitorinqi şöbəsinin aparıcı iqtisadçı vəzifəsinə təyin edilmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 807-K saylı əmrinə əsasən işçi Əmlakın monitorinqi şöbəsinin aparıcı iqtisadçısı İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir.

2. İşəgötürənin müraciəti üzrə Həmkarlar ittifaqı komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilməsinə məktubla etiraz edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövr və son haqq hesabın gecikdirilmiş müddətinə görə faiz məbləği və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir.

4. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin aparatının İqtisadiyyat və uçot şöbəsinin Əsas fondlarla iş sektorunun iqtisadçısı vəzifəsinə bərpa edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2012-cı il tarixdən "xxxx" ASC-nin idarəetmə aparatında ilkin olaraq mühəndis, sonra iqtisadçı, daha sonra isə aparıcı iqtisadçı vəzifəsində işləmişdir. Həmin sahədə bütün növ əsas fondların idarə olunması, inventarlaşdırılması və əmlakın monitorinqini təmin etmək işini görmüşdür. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanına əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yaradılmış və "xxxx" ASC ADSEA-nın tabeliyinə verilərək, onun bazası əsasında Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət”i PHŞ-in 807-k №-li “əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrinə əsasən işəgötürən ilə iddiaçı arasında olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-ci il tarixdən xitam verilmişdir. Cavabdeh sözügedən əmrdə, işçi olaraq iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsini “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidinin ixtisar edilməsi ilə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.1989-cu il tarixdə Azərbaycan Neft və Kimya İnstitutunu bitirərək və elə həmin il Dövlət Neft şirkətində təchizatçı-mühəndis vəzifəsinə işə qəbul edilmiş, sonra həmin şirkətdə iqtisadçı, mühəndis-texnoloq, aparıcı mühəndis, plan iqtisadiyyat şöbəsinin rəis müavini və rəisi vəzifələrində çalışmışdır. xx.xx.2012-ci ilədək dövr ərzində SOCAR-da çalışmış, daha sonra isə əmək fəaliyyəti "xxxx" ASC ilə bağlı olmuşdur. xx.xx.2012-ci il tarixdən müsabiqə yolu Səhmdar Cəmiyyətin Daxili nəzarət departamentinin Su kommunikasiyalarına nəzarət şöbəsində mühəndis kimi işə qəbul edilmiş, xx.xx.2013-cü il tarixdən Abonent işləri departamentinin Su kommunikasiyalarına nəzarət şöbəsində mühəndis, xx.xx.2013-cü il tarixdən Əmlak məsələləri departameninin Əmlakın inventarlaşdırılması şöbəsində mühəndis, xx.xx.2014-cü il tarixdən Əsas fondların idarə olunması şöbəsində iqtisadçı, xx.xx.2015-ci il tarixdən Əsas fondların idarə olunması şöbəsində aparıcı iqtisadçı, xx.xx.2016-ci il tarixdən İqtisadiyyat və uçot idarəsi Əsas fondların idarə olunması şöbəsində aparıcı iqtisadçı, xx.xx.2022 tarixdən yeni yaranan Əsas fondların idarə olunması və monitorinqi şöbəsində aparıcı iqtisadçı, sonra həmin şöbə ləğv edilərək onun bazasında 2 şöbənin (Əsas fondların idarə olunması və Əmlakın monitorinqi şöbələri) yaranması nəticəsində xx.xx.2023-cü il tarixdən son tarixə kimi Əmlakın monitorinqi şöbəsində 15-ci dərəcəli aparıcı iqtisadçı vəzifəsində işləmişdir. Cavabdeh qurumda işlədiyi dövrlərdə əmək funksiyasını yüksək səviyyədə yerinə yetirilmə bacarığına və peşəkarlığa görə iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə və xx.xx.2023-cü il tarixdən son tarixə kimi əmək haqqına əlavə ödəmələr təyin edilmişdir. Hazırda 63 yaşı var, ümumilikdə 44 iləmək stajına malik olmaqla, onlardan 12 ilini cavabdeh qurumda çalışmışdır. Beləliklə, cavabdeh iddiaçını yeni struktur vahidinin yaranması və köhnə ştat cədvəli ştat vahidinin ixtisar edilməsini bəhanə gətirərək qanunsuz olaraq işdən azad etmişdir. Əmək Məcəlləsinin 78-ci maddəsi müəssisədə ştatların ixtisarı həyata keçirilərkən işçilərin peşakarlıq səviyyəsini işəgötürən tərəfindən müəyyən etməsini ehtiva etsə də, müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılmasını vəzifə olaraq işəgötürənin üzərinə qoyur. Hazırkı halda, cavabdeh ştat ixtisarını həyata keçirərkən işçilərin peşəkarlıq səviyyəsini düzgün müəyyən etməmiş, iddiaçının peşəkarlıq səviyyəsi işdə saxlanılmış digər işçilərə münasibətdə daha yüksək olmasına baxmayaraq işçi olaraq iddiaçını “zəif bənd” kimi ixtisar edərək sərbəstləşdirilmiş işçilər siyahısına daxil etmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıya qarşı qərəzli münasibəti nəticəsində iddiaçı əsassız olaraq ixtisar edilmişdir. Odur ki, mübahisə predmeti olan əmr qanunsuzdur və ləğv edilməlidir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5385/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddianın qismən təmin edilməsi, cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsdən son haqqhesabın gecikdirilmiş müddətinə görə 592 (beş yüz doxsan iki) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, məhkəmə xərci qismində ödənilmiş 60 manat mediasiya xərcinin, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 520 manat xərcin İddiaçı aid edilməsi qət edilmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi, 71.3, 72-ci maddəsinin “e” bəndi, 77.1, 77.2, 77.3, 79, 172.3, 172.4, 172.5-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehin üst qurumunu- ADSEA-nı 3cü şəxs kimi qeyd etmiş və Agentlik işə cəlb edilmişdir. İddiaçı bunu o səbəbdən etmişdir ki, Agentlik nizamnaməsinə uyğun olaraq alt qurumu olan cavabdeh İŞBSTX-nin və digər qurumların ştatlarını razılşdırmaqla təsdiq etmək, işçilərin işə götürülməsində razılıq vermək, agentlik və alt qurumları üzrə vakant ştat məlumatları özündə birləşdirən funksiyaya malikdir. Bundan başqa işin ilkin hazırlıq iclasında məhkəmənin təşəbbüsü ilə X5 Xidməti də işə 3-cü şəxs kimi işə cəlb edilmişdir. Lakin nə ADSEA, nə də X5 Xidməti məhkəmədə iştirak etməmiş və iddiaya münasibət bildirməmişdir. Məhkəmənin 3-cü şəxslər ilə bağlı ən əsas buraxdığı kobud pozuntu isə Qətnamədə iş üzrə 3-cü şəxs barədə, ümumiyyətlə, heç bir qeydin aparılmaması olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş, şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun ixtisasına uyğun aparatda 20-yə yaxın boş ştat vardır. 1 nəfər şəxs də Daxili kredit və keyfiyyətə nəzarət şöbəsinə işçi qəbul olunmuşdur. Təklif etdikləri yerlər ona çox uzaqdır, bu yaşında qeyd edilən yerlərə gedə bilməz. Əgər aparatda boş yer olmasaydı, bəlkə də, təklifi düşünərdi.

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş, şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, İddiaçının da qeyd etdiyi kimi aparatda 20 ştat əlavə olunmuşdur. Əgər bu cür ştatların açılacağı qabaqcadan planlaşdırılmışdısa, iddiaçı işdən çıxarılmamalı idi.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırki mübahisə barəsində rəhbərliyə məlumat verilmişdir, iddiaçının Oğuz-Bakı Su Kəmərləri İdarəsi, Ceyranbatan Su Kəmərləri İdarəsi. H.Tağıyev adına Su Kəmərləri İdarəsində ixtisasına uyğun iş təklif edə biləcəklərini bildirmişlər. Həmin iş yeri aparatda deyil və əməkhaqqı fərqi də var. Aparatda hazırda 20 yeni ştat açılmışdır və iddiaçının ixtisasına uyğun da iş yeri var, lakin təklifimiz hazırda yuxarıda qeyd etdiyimiz vəzifəyədir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmişlər. Kollegiya MPM-in 376.2-ci maddəsinə əsasən 3-cü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

15. Maddə 16. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

16. Maddə 70. “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

17. Maddə 71.1 İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

18. Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

19. Maddə 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir;

20. Maddə 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

21. Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır

22. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

23. Maddə 300. 1-ci hissə. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

27. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

28. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

33. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.

34. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 002/f nömrəli əmri ilə Agentliyin tabeliyindəki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin strukturu və ştat cədvəli təsdiq edilmiş, publik hüquqi şəxsin işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 180 ştat vahidi müəyyən edilmişdir.

35. Həmçinin iş materiallarına “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Əmlakın monitorinqi şöbəsinin xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş və xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş Ştat cədvətli əlavə edilmişdir. Cədvələ əsasən müəyyən edilir ki, cəmi 8 ştat vahidi olmaqla onlardan 1-i aparıcı iqtisadçı vəzifəsidir, əmlakın monitorinqi şöbəsi strukturda, ümumiyyətlə, mövcud deyildir.

36. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin xx.xx.2024cü il tarixli 807-K saylı əmrinə əsasən müəyyən edilir ki, işçi Əmlakın monitorinqi şöbəsinin aparıcı iqtisadçısı İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir.

37. İddiaçı hazırda bu əmri mübahisələndirərək, əmr verilərkən qanunvericiliyin tələblərinə əməl edilmədiyini bildirir.

38. Azərbaycan Respublikasnın Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır.

39. Azərbaycan Respulikasının Əmək Məcəlləsinin 16-ci maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

40. Məhkəmə kollegiyası qanunvericiliyə əsasən qeyd edir ki, ixtisarın qanuni olmağı üçün ixtisar prosedurunun da qanunvericiliyə uyğun aparılması mühüm şərtdir. Bunun üçün aşağıdakı tələblərə əməl etmək vacibdir. İxtisar real olmalıdır, ixtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: - ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr; - işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd; - həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı; - ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd; - işçiyə ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əməkhaqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd; xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd); - ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr.

41. Kollegiya qeyd edir ki, müəssisələrdə işçilərin sayının və ya ştatların ixtisarı müxtəlif səbəblərdən ola bilər: müəssisənin cari işləri daha az işçi ilə yerinə yetirə bilməsi, müəssisənin işinin azalması, fəaliyyət istiqamətinin dəyişməsi və nəticədə müəyyən qrup işçilərə ehtiyacın qalmaması və sair. İxtisar həm işçilərin sayının ixtisarı, həm də ştatların ixtisarı formasında ola bilər.

42. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür.

43. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür.

44. Məhkəmə qeyd edir ki, işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biri olmaqla yanaşı, bunu həyata keçirərkən əmək qanunvericiliyinin tələblərinə riayət etmək də işəgötürənin vəzifəsidir.

45. Qeyd edilməlidir ki, işəgötürən işçilərin sayını və ştatları ixtisar etmək hüququndan istifadə edərkən, ixtisarın aparılmasının zəruriliyini əsaslandırmalıdır. İşçinin əmək müqaviləsi bu əsasla ləğv edilərkən də qanunvericiliyin tələblərinə əməl edilməlidir.

46. Hazırkı işdən görünür ki, əmək müqaviləsi ləğv edilərkən işə götürən tərəfindən bu kateqoriya işlər üzrə qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndindəki əsasla əmək müqaviləsi ləğv edilərkən əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Bunun üçün isə işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən etməli, bu zaman onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

47. Məhkəmə qeyd edir ki, işçinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsində işəgötürənin mülahizə sərbəstliyi olsa da, bu qiymətləndirmə ən azından aparılmalı, müqayisəli analizin nəticələri təqdim edilməli idi. Bunun əksi hüquqdan sui-istifadə olmaqla, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməzliyi kimi təməl prinsiplərin pozulması kimi qiymətləndirilməlidir.

48. Hazırkı iş üzrə cavabdeh ixtisar aparılarkən işdə saxlanılmış şəxslərə münasibətdə hansı kriteriyaların nəzərə alındığını, sərbəstləşdirilmiş iddiaçının işəgötürənin mülahizəsinə əsasən hansı kriteriyalara cavab vermədiyini əsaslandırmamış, bu barədə hər hansı dəlil, sübut təqdim etməmişdir. Halbuki iddiaçının 40 ildən çox müddətə davam etmiş əmək stajının təxminən 12 ilə yaxın hissəsi cavabdeh qurumda keçmiş, həmin müddət ərzində bir sıra struktur bölmələrdə və vəzifələrdə çalışmış, bu dövrdə onun əmək şəraiti və peşəkarlıq səviyəsi ilə bağlı hər hansı mənfi nəticələrə səbəb olan fəaliyyəti aşkar olunmamışdır (bu barədə məhkəməyə hər hansı dəlil təqdim edilməmişdir).

49. Halbuki cavabdeh tərəfindən təqdim olunan “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin aparatının İqtisadiyyat və uçot şöbəsinin Əsas fondlarla iş sektorunda saxlanılan işçilər haqqında məlumat cədvəlindən görünür ki, aparatda saxlanılan işçilərin arasında 2024-cü ildən etibarən müəssisədə çalışan, həmçinin yaşı və əmək stajı iddiaçıdan daha az olan şəxslər də mövcuddur. Bu halda işəgötürən olaraq cavabdehin ixtisar zamanı hansı ünsürlərə əsasən müqayisəli aparması göstərilməmiş, nəticədə ixtisar zamanı işdə saxlanılan işçilərə münasibətdə məhz iddiaçıya üstünlük verilməməsinin səbəbi barədə hər hansı dəlil təqdim olunmamışdır.

50. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı hazırda 63 yaşında olmaqla əmək pensiyası almaq hüququnun əldə edilməsinə 2 ilə yaxın müddət qalmışdır və bu halda əsaslı səbəblər gətirilmədən onun vaxtından əvvəl lazımi sosial müdafiə almaq hüququndan məhrum edilməsi də ədalətli deyildir. Təsadüfi deyil ki, məşğulluğa kömək sahəsində dövlət siyasəti ilə bağlı qəbul olunmuş bir sıra aktlarda da – “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu, “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi Qaydası”nın və “Kvota şamil edilməyən müəssisələrin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarında özünüməşğulluğun təşkili və müəssisələrdə kvotanın nəzərə alınması zamanı bir sıra kateqoriya şəxslərlə yanaşı pensiya yaşına iki ildən az qalmış şəxslərə də üstünlük verilməli olması öz təsbitini tapmışdır.

51. Bundan əlavə kollegiya qeyd etməyi zəruri hesab edir ki, apellyasiya baxışında cavabdehin nümayəndəsi də öz izahatında aparatda yeni 20 ştat vahidinin yaradıldığı və onların arasında iddiaçının da ixtisasına uyğun ştatın mövcud olduğunu bildirmiş, lakin hazırda iddiaçıya aparata aidiyyatı olmayan və onun əvvəlki həyat şəraiti ilə kəskin fərq yaradan vəzifəyə təyin olunması təklif olunmuşdur. Bu da onu deməyə əsas verir ki, iddiaçının öz ixtisasına uyğun vəzifəyə bərpa olunması mümkündür.

52. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən qanunun həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması barədə tələbinə də əməl edilməmişdir. Belə ki, iş materiallarına Azərbaycan Su Təsərrufatı X3 Respublika Komitəsinin xx.xx.2024-cü il tarixli “siyahıda adı göstərilən şəxslərin ixtisar olunmalarına etiraz edilmir” məzmunlu məktubu əlavə edilsə də, bu məktub özlüyündə həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alındığını təsdiq edən sənəd kimi çıxış edə bilməz. Çünki qanuna əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə təqdimat hazırlanmalı, təqdimata dair iclas keçirilməli və ən əsası həmkarlar ittifaqının razılığı əsaslandırılmış qərar formasında ifadə edilməlidir.

53. İşdən müəyyən edilir ki, cavabdeh təşkilat iddiaçının da aralarında olduğu bir qrup işçinin əmək müqaviləsinin ləğv olunmasına münasibət bildirilməsi ilə bağlı həmkarlar ittifaqı təşkilatına xx.xx.2024-cü il tarixli məktubla müraciət etmiş, cəmi iki gün sonra – xx.xx.2024-cü il tarixdə isə Həmkarlar İttifaqı Komitəsi razılıq məktubunu tərtib etmişdir. Bu da onu deməyə əsas verir ki, məsələyə formal yanaşılmış, ümumiyyətlə, hər hansı iclas keçirilməmişdir.

54. Xüsusi ilə qeyd edilməlidir ki, əmək müqaviləsi göstərilən əsaslarla ləğv edilərkən, Həmkarlar ittifaqı tərəfindən əsaslandırılmış qərarın qəbul edilməməsi, digər sözlə işçinin əmək müqaviləsinin ləğv edilməsinə razılığın İttifaq üzrə Komitənin sədrinin iradəsinə bağlı olması qanunvericiliyin bu qaydanı təsbit etməkdə güddüyü məqsədə tamamilə zidd bir addımdır.

55. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşçi ilə əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsi, belə rəsmiləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür.

56. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.

57. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şəxsin işdən azad edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır.

58. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, əvvəlki işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair tələblərini təmin etməməkdə haqlı olmamış, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

59. Buna görə də apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iddia qismən təmin edilərək iddiaçı əvvəlki işinə və əmək funksiyalarına uyğun vəzifəyə bərpa edilməli və məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi təmin edilməlidir.

60. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

61. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

62. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

63. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

64. Azərbaycan Respublikası MPM-nın 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 5385/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin olunsun. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 807-K saylı əmri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsində əvvəlki işinə və əmək funksiyalarına uyğun analoji vəzifəyə bərpa edilsin. xx.xx.2024-cü il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. İddia mübahisələndirilən qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar