Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1523/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə “sahiblik, istifadə hüquqlarına müdaxilənin qanunsuz hesab edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 mart 2020-ci il tarixli qətnamədən iş üzrə iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 nümayəndəsi və vəkili X11 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov 11 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının İİİ blok, XİV mərtəbə, ümumi sahəsi 164 kv.m olan 4 otaqlı 176 nömrəli mənzilə (bundan sonra – mübahisəli mənzil) dair onun sahiblik və istifadə hüquqlarına qarşı törətdikləri müdaxilənin qanunsuz hesab edilməsi, cavabdehlərin həmin qanunsuz hərəkətlərinə son qoyulması, həmin mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07.06.2011-ci il tarixdə MMC-nin direktoru X17 ilə iddiaçı arasında mübahisəli mənzilin alğı-satqısına dair müqavilə bağlanmışdır. İddiaçı, Müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyə əməl edərək, mənzilin dəyəri olan 82.000 manat pulu müqavilənin bağlandığı gün, yəni 07.06.2011-ci il tarixdə MMC-nin direktoru R.Rüstəmova tam ödəmişdir. R.Rüstəmov bununla bağlı müqavilənin son səhifəsində müvafiq qeyd yazaraq, öz imzası ilə təsdiq etmişdir. Həmin dövr bina tam inşa edilib istismara verilmədiyindən, iddiaçı yalnız mənzilinin giriş hissəsinə metal qapı quraşdırmış və mütəmadi olaraq mənzilinə baş çəkmişdir. Lakin iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsindən təqribən bir ay öncə növbəti dəfə təmir işlərinə başlamaq üçün mənzilinə baş çəkdikdə mənzilinin giriş qapısının kilidinin dəyişdirildiyini aşkar etmişdir. Bunun səbəblərini binanın komendantı olan İlkin adlı şəxsdən soruşduqda o, bildirmişdir ki, mənzilə görə kommunal xərcləri ödəmədiyindən mənzilin qapısının kilidi MMC-nın direktoru (Rövşən Rüstəmovun arvadı) Cavabdeh1 göstərişi ilə dəyişdirilmişdir. Məsələnin araşdırılması üçün iddiaçı elə həmin gün Cavabdeh1 ilə görüşmüş və mənzilinin giriş qapısının kilidinin hansı əsasla dəyişdirildiyini soruşmuşdur. Cavabında Cavabdeh1 bildirmişdir ki, iddiaçı, uzun zaman ərzində mənzilin kommunal xərclərini ödəmədiyindən mənzili iddiaçıya verməkdən imtina edir və orada təmir işlərinə başlamağına icazə vermir. İddiaçı, bunun qanunsuz olduğunu, mənzilə görə rəsmi müqavilə bağladığını, mənzilin dəyərini tam ödədiyini, təmirsiz olduğu üçün mənzildən istifadə edilmədiyini, bu səbəbdən hər hansı kommunal borcun yaranmasının absurd olmasını, ümumiyyətlə hər hansı borc yaranmış olsaydı belə borca görə mənzilə mülkiyyət hüququna xitam verilməsinin tamamilə qanunsuz olmasını Cavabdeh1 bildirsə də o, cavabında “mənzili vermirəm, get hara istəyirsən şikayət et” deyərək, mənzili verməkdən imtina etmişdir. Bir müddət öncə iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 iddiaçıdan xəbərsiz mənzilinin kilidini dəyişərək, onu 160.000 manata Zamin adlı şəxsə saxta sənədlərlə satmışdır. İddiaçı hesab edir ki, o, qeyd edilən mənzili 07.06.2011-ci il tarixdə qanuni əsaslarla aldığından, həmin tarixdə mənzilin dəyərini tam ödədiyindən mübahisəli mənzil onun mülkiyyətindədir. Cavabdehlərin mülkiyyətində olan əmlaka dair hüquqlarından istifadə etməyinə qoyduğu maneə tamamilə qanunsuzdur. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 19.03.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin olunmasını xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya baxışının əvvəlki iclaslarında iştirak etmiş iş üzrə iddiaçının vəkili (nümayəndəsi) X23 şikayətin dəlillərini müdafiə etmiş və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. İşə apellyasiya qaydasında baxılmanın sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, iş üzrə iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. İş üzrə Cavabdeh1 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək şikayətin dəlillərinə etiraz etmiş və Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verərək bildirmişdir ki, mübahisəli mənzilin yerləşdiyi bina onun əri Rövşən Rüstəmov tərəfindən inşa edilmişdir. R.Rüstəmov 08.06.2011-ci il tarixdə vəfat etdikdən sonra tikinti işlərinə bir müddət onun (Cavabdeh1) qardaşı Rövşən Kazımov nəzarət etmiş, lakin sonradan vərəsəlik qaydasında tikintiyə və MMC-yə rəhbərliyi özü həyata keçirmiş və bina tam tikilib başa çatdırılmışdır. Bütün mənzillər onun MMC-yə rəhbərliyindən əvvəl satılmışdır. Onun rəhbərliyi zamanı o, yalnız ilkin alıcılarla bağlanmış müqavilələrin dəyişdirilməsini, yəni mənzillərin yeni şəxslərin adına rəsmiləşdirilməsini həyata keçirmişdir. Bina inşa edilən zaman mərhum əri bir sıra tikinti materiallarını, o cümlədən sement məmulatını mənzillərlə əvəzləşdirmiş, yəni əvəzləşmə (barter) yolu ilə əldə etmişdir. Mübahisəli mənzildə beton zavodun rəhbəri Qəhrəman Vəliyev tərəfindən verilmiş sement məmulatının əvəzi olaraq ona təqdim edilmişdir. Məhz Q.Vəliyevin tapşırığı və təqdim etdiyi şəxsiyyət vəsiqəsi əsasında qeyd edilən mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. Sonradan sementin verilməsi ilə bağlı razılaşma pozulmuş və iddiaçı mənzili MMC-yə geri qaytarmışdır. Q.Vəliyev onun imtina ərizəsini və onunla bağlanmış müqavilənin əslini şəxsən geri qaytarmışdır. Bundan sonra həmin mənzilə dair X18 ilə müqavilə bağlanmışdır. Sonradan bu şəxs də mənzildən imtina etmiş və onun, habelə həyat yoldaşı Mətanət Paşayevanın razılığı ilə mənzilə dair X19 ilə müqavilə bağlanmış və MMC-nin rəhbəri kimi müqavilə onun tərəfindən imzalanmışdır. Bundan sonra L.Ayvazova da mənzildən imtina etmiş və onun razılığı ilə mənzilin hazırki sahibi X12 ilə MMC arasında müqavilə bağlanmışdır. Hazırda da bu şəxs mənzilin sahibi olaraq, orada təmir işləri aparır. Hər dəfə yeni müqavilə bağlandıqda əvvəlki sahib, onunla MMC arasında bağlanmış müqavilənin əslini MMC-yə geri qaytarmışdır. Bu səbəbdən də İddiaçı hazırda mənzilə dair müqavilənin əslini təqdim edə bilmir. İddiaçı mübahisəli mənzilə heç vaxt sahiblik etməmiş və ondan istifadə etməmiş, mənzilə yeni qapı quraşdırmamış, İddiaçı ilə MMC arasında kommunal xərclərin ödənilməsi barədə hər hansı şifahi və ya yazılı razılaşma olmamışdır. Odur ki, o, göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılmanın sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, iş üzrə Cavabdeh1 apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, işə MPM 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə digər cavabdeh olan MMC-nin nümayəndəsi və iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslər X19 və X18 apellyasiya qaydasında baxılmanın iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, yuxarıda qeyd edilən prosessual hüquq normasına əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərə və tərəflərin bildirdiklərinə əsasən müəyyən edilir ki, MMC tərəfindən ünvan 2 ünvanında çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. 07.06.2011-ci il tarixdə icraçı MMC ilə payçı (sifarişçi) olan İddiaçı arasında bağlanmış müqaviləyə əsasən MMC mübahisəli mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə həmin mənzilin dəyərini təşkil edən 82.000 manat məbləğində pulu MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Eyni mənzilə dair həmin tarixdə icraçı MMC ilə payçı (sifarişçi) X18 arasında da müqavilə bağlanmışdır. Bu müqavilədə də mənzilin dəyəri 82.000 manat məbləğində göstərilmişdir. Hər iki müqavilənin sonunda mənzilin dəyərinin ödənilməsi barədə aparılmış qeyd imza və möhürlə təsdiq edilmişdir. MMC-nin rəhbəri (qanuni təmsilçisi) X17 08.06.2011-ci il tarixdə ölmüşdür. Həmin mənzil C.Bədəlovun, həmçinin onun həyat yoldaşı X3 razılığına əsasən 19.04.2013-cü il tarixli müqaviləyə əsasən 78.556 manat pula payçı (sifarişçi) X14, bundan sonra isə L.Ayvazovanın razılığına əsasən 13.09.2018-ci il tarixli müqaviləyə əsasən 160.000 manata payçı (sifarişçi) X1 (bu müqavilədə 160.000 manat pulun payçı (sifarişçi) L.Ayvazovaya ödənilməsi barədə qeyd aparılmışdır). Son iki müqaviləni icraçı qismində fiziki şəxs (cavabdeh) Cavabdeh1 imzalamışdır. Hazırda mənzil S.İbrahimlinin istifadə və sahibliyindədir. Bu şəxs mənzildə təmir işlərinə də başlamışdır (Rayon Məhkəməsinin 01.10.2019-cu il tarixli, 2(001)-6935/2019 saylı qərardadı ilə hazırki mülki işə baxılıb qurtarana qədər mənzildə təmir tikinti işlərinin aparılması qadağan edilmişdir). Hazırda İddiaçı 07.06.2011-ci il tarixli müqaviləyə istinadən qeyd edilən mənzilin dəyərini tam ödədiyini, həmin mənzilin onun istifadə və sahibliyində olduğunu, o cümlədən mənzilin giriş hissəsinə metal qapı quraşdırdığını, lakin 2019-cu ilin yay aylarından etibarən mənzilə buraxılmadığını, hətta mənzilinin giriş qapısının kilidinin dəyişdirildiyini bildirir və bu hərəkətləri əsassız və qanunsuz hesab edərək, mənzilin ona təhvil verilməsini və mənzildən istifadə və sahiblik etməsinə yaradılmış maneənin aradan qaldırılmasını tələb edir. Eyni zamanda, iddiaçı tərəf 19.04.2013-cü il tarixli və 13.09.2018-ci il tarixli müqavilələri etibarsız (əhəmiyyətsiz) əqdlər olduğunu, həmin müqavilələrin icraçı qismində buna səlahiyyəti olmayan Cavabdeh1 tərəfindən imzalandığını, mənzilin C.Bədəlovun adına rəsmiləşdirilməsi barədə razılığı əks etdirən ərizənin İddiaçı tərəfindən yazılmadığını və saxta olduğunu vurğulayır. Cavabdeh1 iddianı qəbul etmir, mübahisəli mənzilin heç vaxt iddiaçının istifadə və sahibliyində olmadığını, o cümlədən onu tərəfindən mənzilə hər hansı qapı quraşdırılmadığını, aralarında kommunal borcun ödənilməsi ilə bağlı hər hansı söhbətin olmadığını, mənzilin başqa xidmətlərin göstərilməsi müqabilində verildiyini, lakin sonradan xidmətlərin göstərilməsi ilə bağlı razılaşma alınmadığından mənzilin onun tərəfindən geri qaytarıldığını və bu səbəbdən də onunla bağlanmış müqavilənin əslinin geri alındığını, mənzilin C.Bədəlova təhvil verildiyini, sonradan onun sahibləri tərəfindən digər şəxslərə satıldığını bildirir. Üçüncü şəxs L.Ayvazova mənzili onun keçmiş sahibi C.Bədəlovdan 19.04.2013-cü il tarixdə aldığını, bundan sonra mənzilin 5 ildən artıq müddətdə onun istifadə və sahibliyində olduğunu və sonradan onun tərəfindən 2018-ci il tarixdə S.İbrahimliyə satıldığını bildirir. S.İbrahimli bu mənzili 13.09.2018-ci il tarixdə L.Ayvazovadan aldığını və həmin tarixdən hazırki vaxtadək mənzilin onun istifadə və sahibliyində olduğunu bildirir. Rayon Məhkəməsi iclasında ifadələri alınmış şahidlər mənzilə görə İddiaçı tərəfindən hər hansı məbləğdə pulun ödənilmədiyini, onun mənzilə heç vaxt sahiblik və ondan istifadə etmədiyini, ümumiyyətlə mənzili görmədiyini, bu mənzilin sement məmulatının əvəzi olaraq ona verilməli olduğunu, bunun müqabilində də onunla müqavilə bağlandığını, lakin bu razılaşma sonradan baş tutmadığından mənzillə bağlı İddiaçı ilə bağlandığı müqavilənin əslinin geri qaytarıldığını bildirirlər. Rayon Məhkəməsi tərəfində işin baxılmasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X19 Rayon Məhkəməsinə verdiyi izahatında bildirmişdir ki, mübahisəli mənzili 19.04.2013-cü il tarixdə mənzilin əvvəlki sahibi X9 almışdır və bu şəxsin razılığı əsasında onunla Cavabdeh1 arasında müqavilə bağlanmışdır. Həmin tarixdən də mənzil onun istifadə və sahibliyində olmuşdur. Bundan sonra o, həmin mənzili 2018-ci il tarixdə X2 və onun razılığı əsasında bu şəxslə müqavilə bağlanmışdır. O, da özündə olan müqavilənin əslini Cavabdeh1 təqdim etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 vəkili X20 Rayon Məhkəməsinə “iddia ərizəsinə yazılı etiraz” təqdim edərək bildirmişdir ki, mübahisəli mənzilin yerləşdiyi çoxmərtəbəli bina 2014-cü il tarixdən faktiki sakinlərin istifadəsinə verilmiş, həmin ildən sakinlər öz mənzillərini təmir etdirməyə və köçüb mənzillərdə yaşamağa başlamışlar. İddiaçı isə bu müddət ərzində ümumiyyətlə gəlib həmin mənzilə baş çəkməmişdir. Məhkəməyə müraciət etməzdən az əvvəl Cavabdeh1 ilə əlaqə saxlayaraq həmin binada mənzilin olub-olmamasını öyrənmişdir. İddiaçının həmin mənzilə hər hansı hüququ yoxdur. Mənzilə onun tərəfindən qapı qoyulmamış, mənzil hər dəfə satıldıqca qapısı və kilidi yeni sahibləri tərəfindən dəyişdirilmişdir. Qeyd olunan müqavilə isə podrat razılaşması əsasında binanı betonla təmin edən X6 iddiaçının əri olan Adil adlı şəxsdən nisyə qaydada götürdüyü sementə olan borcuna təminat vermək üçün bağlanmışdır. Borc bağlandıqdan sonra mənzilə dair müqavilə geri qaytarılmışdır. Mübahisəli mənzil X12 tərəfindən 13.09.2018-ci il tarixdə qanuni əsaslarla, yəni bu barədə müqavilə bağlamaqla əldə edilmiş və mənzilin müqavilədə göstərildiyi dəyəri onun keçmiş sahibi X14 tam şəkildə ödənilmişdir. Hazırda da mənzil X7 istifadə və sahibliyindədir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X13 Rayon Məhkəməsinə verdiyi ifadəsində bildirmişdir ki, o, bir müddət Rusiyadan tikinti materiallarının gətirilməsi və satışı ilə məşğul olmuşdur. İddiaçı əri Adil sement satışı ilə məşğul idi. Adil də Qəhrəman Vəliyevə sement vermişdir. Q.Vəliyev isə həmin sementi mübahisəli mənzilin yerləşdiyi binanı inşa edən Rövşən adlı şəxsə təhvil vermişdir. Bunun əvəzində təminat qismində Adilin həyat yoldaşı İddiaçı adına mənzil rəsmiləşdirilmişdir. Alınmış sementin bir hissəsinin dəyəri ödənilmiş, digər hissəsi isə geri qaytarılmışdır. Bunun müqabilində Adildən müqavilə geri istənilmiş, lakin buna baxmayaraq, Adil müqaviləni geri qaytarmaq üçün əlavə pul istəmişdir. Bundan sonra məsələyə o, qarışmış və aparılmış söhbətlərdən sonra müqavilənin əslini Adildən alıb, Q.Vəliyev vermişdir. İddiaçı polisə də şikayət etmişdir və polis tərəfindən aparılmış araşdırmada o, da şahid kimi iştirak etmiş və hazırki izahatı vermişdir. İddiaçı həmin mənzil üçün hər hansı məbləğdə pul ödəməmiş, mənzilə heç vaxt sahiblik və ondan istifadə etməmiş, o ümumiyyətlə mənzili görməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 152-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.3.). Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məcəllənin 09.02.2018-ci il tarixədək qüvvədə olan redaksiyadakı 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 452.1-ci maddəsinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Məcəllənin 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məcəllənin 762.1-ci maddəsinə görə, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25.10.2010-cu il tarixli Qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflər arasında bağlanmış müqavilə mülki hüquqi xarakterinə görə podrat müqaviləsidir və tərəflər arasında podrat münasibətləri yaranmışdır. Lakin mübahisəli mənzilə dair 07.06.2011-ci il tarixdə (eyni tarixdə iki müqavilə) həm iddiaçı, həm də üçüncü şəxs C.Bədəlov ilə müqavilə bağlandığı üçün hansı müqavilənin daha əvvəl bağlandığını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən mənzilin onların hansının istifadə və sahibliyinə verilməsi müəyyən edilməlidir. İş üzrə iddiaçı mənzilin müqavilə bağlandığı tarixdən onun istifadə və sahibliyində olduğunu, o cümlədən mənzilin giriş hissəsinə metal qapı quraşdırdığını və yalnız təqribən bir ay öncə mənzilə buraxılmadığını (iddia ərizəsi 25.08.2019-cu il tarixdə imzalandığından ehtimal olunur ki, iddiaçı 2019-cu ilin iyul ayından mənzilə sahiblik və istifadə edə bilmir) bildirir. Halbuki, iddiaçının 04.04.2015-ci il tarixli şikayəti əsasında aparılmış araşdırmanın nəticələrinə dair Bakı şəhəri Binəqədi rayon Polis idarəsinin İstintaq şöbəsi tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi barədə” 10.07.2015-ci il tarixli Qərarından da belə nəticəyə gəlmək olur ki, mənzil nəinki 2019-cu ilin iyul ayında, heç 2015-ci ilin aprel ayında da iddiaçının istifadə və sahibliyində olmamışdır (Cavabdeh1 həmin araşdırma zamanı da hazırki izahatına uyğun izahat vermişdir). Digər tərəfdən iddiaçı mənzilin giriş hissəsinə metal qapı quraşdırdığını, habelə ümumiyyətlə həmin mənzilin hansısa bir dövrdə onun istifadə və sahibliyində olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş üzrə iddiaçıda 07.06.2011-ci il tarixli müqavilənin əsli də yoxdur (onun təqdim etdiyi notarial qaydada təsdiq edilmiş surət isə müqavilənin əslinin mövcudluğunu sübut etmir, həmin surət müqavilənin əslinə əsasən deyil, 04.07.2011-ci il tarixdə notarial qaydada təsdiq edilmiş surəti əsasında təsdiq edilmişdir.). Bütün bunlar öz növbəsində Cavabdeh1 və məhkəmə tərəfindən ifadələri mötəbər sübut kimi qiymətləndirilmiş şahidlərin mövqeyini bir daha təsdiq edir və iddiaçı ilə bağlanmış 07.06.2011-ci il tarixli müqavilənin etibarsız olduğunu şərtləndirir. Apellyasiya baxışı zamanı dindirilmiş şahid (Cavabdeh1 qardaşı) X24 da öz ifadəsində bildirmişdir ki, yeznəsi – mərhum Rövşən Rüstəmov sağlığında tikinti işləri ilə məşğul olaraq Bakı və Gəncə şəhərlərində müxtəlif yerlərdə çoxmənzilli yaşayış binalarının tikintisini və tikdiyi mənzillərin satışını həyata keçirmişdir. O, R.Rüstəmov sağlığında verdiyi etibarnamə əsasında bəzi işlərinin həyata keçirilməsində, o cümlədən mənzillərin satılmasında iştirak edərək etibarnamə əsasında onun əvəzindən müqavilələrə imza etmişdir. Sözügedən bina inşa edilərkən binanın sement-beton materiallarını Qəhrəman Vəliyev adlı şəxs təmin edirdi. Q.Vəliyev ilə R.Rüstəmovun arasında olan şifahi razılığa əsasən R.Rüstəmov aldığı betonun əvəzində Q.Vəliyevə tikdiyi binadan bir neçə mənzil verməyi öhdəsinə götürmüşdür. Belə ki, Q.Vəliyevin adını bildirdiyi şəxslərə R.Rüstəmov yaxud o, müqavilə tərtib edib mənzilin alğı-satqısını rəsmiləşdirirdilər. R.Rüstəmov 08.06.2011-ci il tarixdə vəfat etdikdən sonra isə bir müddət o, R.Rüstəmov işlərini aparmaqda davam etmişdir. R.Rüstəmov ölümündən bir neçə gün əvvəl ona bildirmişdir ki, Q.Vəliyev onun yanına gələcək, onun binadakı evlərindən birini onun dediyi şəxsin adına sənədləşdirmək lazımdır. 07.06.2011-ci il tarixdə səhv etmirsə səhər saatlarında Q.X4 adlı şəxsin şəxsiyyət vəsiqəsini gətirib onun 4 otaqlı mənzillərindən birini həmin şəxsin adına sənədləşdirməyini xahiş etmişdir. O da kompüterdə 14-cü mərtəbədə yerləşən 4 otaqlı 176 nömrəli mənzilin C.Bədəlovun istifadəsinə verilməsinə dair müqavilə hazırlamış və R.Rüstəmovun əvəzindən müqaviləyə imza edib Q.Vəliyevə vermişdir. Həmin gün bir neçə saatdan sonra o yeməyini yeyib ofisə qayıdanda C.Bədəlova satılmış mənzilin başqa bir şəxsə, yəni (hazırki iş üzrə iddiaçı) İddiaçı adlı şəxsə satılması barədə müqaviləni stolun üzərində görmüşdür. Əvvəlcə fikirləşmişdir ki, yəqin o ofisdə olmayan zaman Cəlal Bədəlov həmin mənzildən imtina etdiyi üçün mənzil onun adından çıxarılıb və başqa şəxsə satılıb. Bu zaman R.Rüstəmov özü ofisə gəlmiş və xatırlamadığı hansısa sənədi götürüb vacib işi olduğunu bildirib tələsik ofisdən çıxarkən o, C.Bədəlova satılmış mənzilin nə üçün T.Əhmədova adlı şəxsə satıldığını, C.Bədəlovun mənzildən imtina ərizəsinin olub-olmadığını soruşmuşdur. R.Rüstəmov bir anlıq düşünüb bildirmişdir ki, C.Bədəlov həmin mənzildən imtina etməyib, sadəcə olaraq o, səhvən həmin mənzilin T.Əhmədovaya satılması barədə müqaviləni tərtib edib imzalamışdır. Belə ki, Q.Vəliyev ona zəng edərək borc sement götürəcəyi şəxsə borcunun təminatı üçün ona ayrılmış mənzillərdən birini T.Əhmədova adlı şəxsin adına sənədləşdirib verməyi xahiş etmiş, o da həmin mənzilin artıq onun tərəfindən C.Bədəlovun adına yazıldığını unudub təkrarən T.Əhmədovanın adına yazmışdır. O, məsələnin nə yerdə olduğunu anlayıb, R.Rüstəmova demişdir ki, hər halda yol verilmiş səhvi aradan qaldırmaq üçün T.Əhmədovanın adına yazılmış müqaviləni geri alıb, binada Q.Vəliyevə veriləcək digər mənzillərdən birini T.Əhmədovanın adına yazmaq lazımdır. R.Rüstəmov isə ona demişdir ki, narahatçılığa ehtiyac yoxdur, daha yazıb vermişlər, onsuz da həmin mənzil T.Əhmədovaya satılmayıb, sadəcə Q.Vəliyevin borcunun təminatı üçün müvəqqəti olaraq müqavilə yazılıb verilib, Q.Vəliyev yaxın günlərdə borcunu qaytarandan sonra həmin müqavilə geri qaytarılacaq, əlavə əziyyət çəkib müqaviləni dəyişməyə ehtiyac yoxdur. O da artıq R.Rüstəmova heç bir söz deməmiş və R.Rüstəmov ofisdən çıxıb getmişdir. Sonradan doğrudan da Q.Vəliyev borc məsələsini həll edib T.Əhmədovanın adına yazılmış müqaviləni gətirib geri qaytarmışdır. Həmin günün sabahısı R.Rüstəmov borcunu geri istəyərkən yaranmış mübahisə zəminində qətlə yetirilmişdir. R.Rüstəmovun qətlindən sonra o, bir müddət onun işlərini davam etdirmiş və sonradan onun işləri R.Rüstəmovun həyat yoldaşı, onun bacısı Cavabdeh1 tərəfindən davam etdirilmişdir. X5 öz ifadəsində bildirdikləri Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X10 tərəfindən Məhkəməyə ünvanlanmış ərizədə bir daha öz təsdiqini tapmışdır. Göstərilənləri nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzil heç vaxt iddiaçıya təhvil verilməmiş, onun istifadə və sahibliyində olmamış və onda 07.06.2011-ci il tarixli müqavilənin surətinin (notarial qaydada təsdiq edilmiş surətinin) olması mənzilin ona təhvil verilməsi üçün əsas ola bilməz. Həmin mənzil 07.06.2011-ci il tarixli müqaviləyə əsasən məhz C.Bədəlovun istifadə və sahibliyinə verilmişdir. Bu hal üçüncü şəxs L.Ayvazovanın izahatı ilə öz təsdiqini tapır. Belə ki, L.Ayvazova da mənzili C.Bədəlovdan aldığını və sonradan mənzili onun hazırki sahibi S.İbrahimliyə satdığını bildirir. Sonuncu isə mənzildə təmir işlərinə də artıq başlamışdır. Hüquqi nəticə etibarı ilə bu mənzil qanuni əsaslarla, (onların razılığı alınmaqla və müqavilə bağlamaqla) ardıcıllıqla C.Bədəlov, L.Ayvazova və S.İbrahimlinin istifadə və sahibliyinə verilmişdir. Bu baxımdan iddiaçı həmin mənzilə hər hansı hüququ olmayan bir şəxsdir və onun mənzilə buraxılmaması mübahisə predmeti ola bilməz. Rayon Məhkəməsi tərəfindən müəyyən edilən hallar apellyasiya baxışı zamanı da öz təsdiqini tapmışdır. İddia tələbi əsassızdır və Rayon Məhkəməsi iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə, müqavilələri icraçı qismində imzalayan şəxslərlə bağlı qeyd edir ki, müqavilələrdə qanuni təmsilçinin imzası və möhürü olmuşdur. Müqavilələri payçı (sifarişçi) kimi imzalamış şəxslərin icraçının səlahiyyətlərini, habelə imzalarını yoxlamaq öhdəliyi yoxdur və bunun üçün məsuliyyət daşımırlar. Məhkəmə iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün hər hansı əsas müəyyən etməmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 mart 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1523/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1523/2021
21.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver