Məhkəmə qərarları › İş №2(103)-1528/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1528/2023

14.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1528/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı əmək müqaviləsinə edilmiş dəyişikliyin etibarsız hesab edilməsi, müəllim vəzifəsinə bərpa olunması, əmək haqqıda yaranmış fərqin ödənilməsi tələbi və İddiaçı cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, əmək haqqının ödənilməsi mənəvi zərərin ödənilməsi iddiasına dair iş üzrə (Açar sözlər: «işə bərpa, əmək haqqının ödənilməsi və s.») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2365/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbinin(bundan sonra məktəb) direktoru X1 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə əsasən işçi, “müəllim” vəzifəsinə, aylıq 444,07 manat məbləğində əmək haqqı ödənilməsi şərtilə xx.xx.2013-cü ildən xx.xx.2014- cü il tarixinədək işə götürülmüşdür.

2. Məktəbin xx.xx.2022-ci il tarixli 45-k nömrəli əmrinə əsasən İddiaçı əmək fəaliyyətinə xx.xx.2022-ci il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Əmrin məzmununa əsasən “tərbiyəçi” vəzifəsində işləyən İddiaçı Qabil oğlu ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, “Azərbaycan Respublikası ƏM-nin 70 nömrəli maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə əsasən xx.xx.2022 tarixindən xitam verilməsi, işçinin xx.xx.1995 tarixindən xx.xx.2022 tarixinə qədər istifadə edilməmiş 31 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi barədə məktəb direktoru X2 tərəfindən əmr edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdeh Məktəbə qarşı əmək müqaviləsinə edilmiş dəyişikliyin etibarsız hesab edilməsi, müəllim vəzifəsinə bərpa olunması, əmək haqqıda yaranmış fərqin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış əmək müqaviləsinə edilmiş xx.xx.2020-ci il tarixli dəyişikliyin etibarsız hesab edilərək iddiaçının həmin vaxta kimi mövcüd olmuş vəzifəsinin “müəllim” vəzifəsinin müvafiq sənədləşmədə bərpa olunması, həmçinin sözügedən dəyişiklik edildiyi tarixdən “müəllim” vəzifəsi üçün nəzərdə tutulmuş əmək haqqı ilə “tərbiyəçi” vəzifəsinin əmək haqqı arasında olan fərqin hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiada göstərilir ki, İddiaçı Qalib oğlu Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini 1992-ci ildə bitirərək, riyaziyyat müəllimi ixtisasına yiyələnmişdir. Universiteti bitirdikdən sonra müxtəlif yerlərdə çalışmış, daha sonra xx.xx.1995-ci ildən Məktəb ilə müddətsiz əmək müqaviləsi bağlayaraq əvvəlcə tərbiyəçi, sonradan isə riyaziyyat müəllimi vəzifəsində çalışmışdır. Eyni zamanda peşə fəaliyyəti zamanı müxtəlif dövrlərdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsini icra etmişdir. Sonuncu dəfə 14 sentyabr 2013-cü il tarixində cavabdehlə müddətsiz əmək müqaviləsi bağlayaraq, “Müəllim” vəzifəsinə qəbul olmuşdur. İşlədiyi dövrdə kollektiv arasında hər zaman dərin hörmət qazanmış, peşə borcunu vicdanla icra etmiş, işəgötürən tərəfindən müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirməsi üzrə kurslara göndərilmiş, 2014-cü ildə keçirilmiş diaqnostik qiymətləndirmə zamanı yüksək ballı nəticə (ixtisas fənni üzrə 82.5 faiz, metodika üzrə 75 faiz) göstərmişdir. İddiaçı 2019-2020-ci tədris ilində, eləcə də 2020-2021-ci tədris ilində əmək məzuniyyətinə buraxılmamış və bu barədə rəsmi məlumat verilməsi barədə bir neçə dəfə məktəb rəhbərliyinə müraciət etmişdir. 2021-ci ilin avqust ayında məsələni araşdırarkən ona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixində onun tutduğu vəzifə “Müəllim”dən daha az maaşlı “tərbiyəçi” vəzifəsinə dəyişdirilmişdir və bu fakt elektron hökümət portalında sistemə daxil edilmişdir. Halbuki əmək müqaviləsi üzrə vəzifəsinin dəyişdirilməsi barədə ona heç bir məlumat verilməmiş və bu barədə heç bir ərizə, əmək müqaviləsinə dəyişiklik sənədi imzalamamışdır. Baxmayaraq ki, iddiaçı 2020-2021-ci tədris ilində riyaziyyat müəllimi kimi çalışmışdır. İddiaçı bu barədə şifahi maraqlandığı zaman Məktəbin direktoru X3 bildirmişdir ki, əvvəlcə tərbiyəçi olaraq işə qəbul edilmiş, sonradan riyaziyyat müəllimi vəzifəsinə keçirilmiş və hazırda Təhsil Nazirliyinin göstərişi ilə aşağı maaşlı vəzifəyə, tərbiyəçi vəzifəsinə keçirilmişdir. Baxmayaraq ki, iddiaçı ilə əmək müqaviləsinin dəyişdirilməsi ilə bağlı heç bir əlavə müqavilə bağlanmamış və bu barədə ərizə ilə müraciət etməmişdir. Eyni zamanda bu hal iddiaçının əmək kitabçasında da öz əksini tapmamışdır. İddiaçı sonradan əmək müqaviləsində ondan xəbərsiz dəyişiklik edilməsinin səbəbini aydınlaşdırmaq üçün bir neçə dəfə məktəb rəhbərliyinə yazılı müraciət ünvanlamış və hər dəfə məsələ ilə əlaqəsi olmayan cavablar almışdır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixində məktəb direktoruna ünvanladığı müraciətinə cavab olaraq bildirilmişdir ki, əmək müqaviləsində dəyişiklik ölkədə minimum əmək haqqının artması ilə bağlıdır və onunla yanaşı bütün məktəb heyətinin əmək müqavilələrinə dəyişiklik edilmişdir. Bundan başqa direktor Y.Müseyibli bildirmişdir ki, 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən iddiaçının müəllim vəzifəsinə təyin edilməyi aşkarlandığı, müəllim kadrlarının işə qəbulu Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirildiyi və Əmək Məcəlləsinin 43-cü maddəsinin (c) bəndinə əsasən əmək müqaviləsində mütləq göstərilməli olan əsas şərtlər və məlumatlardan birinin vəzifə adı olduğundan yenilənmiş əmək müqaviləsi bildirişində vəzifə adı tərbiyəçi olaraq qeyd edilmiş və əmək haqqı da buna əsasən ödənilmişdir. İddiaçının müəllim olaraq vəzifəyə qəbul edilməsi barədə əmr necə mövcud olmaya bilərdi ki, 2013-cü ildən müddətsiz müqavilə üzrə müəllim vəzifəsində işləmişdir. Eyni zamanda iddiaçının Təhsil Nazirliyinə ünvanladığı müraciətə əsasən, Təhsil Nazirliyi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, müəssisə rəhbərliyinə əmək müqaviləsində dəyişiklik edilməsi və müvafiq dərs saatları ilə təmin edilməsi barədə tapşırıq verilmişdir. Lakin Təhsil Nazirliyinin bu göstərişi nəticəsiz qalmış, məktəb rəhbərliyi tərəfindən iddiaçının vəzifə dəyilşikliyi həyata keçirilməmişdir. Daha sonra iddiaçı hüquqlarını müdafiə etmək məqsədilə məhkəmədən öncə mediasiya prosesinin aparılması üçün Mediasiya şurasına müracit etmiş və məktəb direktoru Y.Müseyibli mediasiya sessiyasında iştirak etməkdən yazılı olaraq imtina etmişdir. Daha sonra iddiaçıya rəsmi olaraq müraciət edərək məktəbdə yaranmış vakansiyaya müvafiq olaraq riyaziyyat fənni üzrə 10 saat dərs yükü verilməklə müəllim vəzifəsi üzrə əmək müqaviləsi bağlana biləcəyini təklif etmişdir. Lakin iddiaçı bununla razılaşmayaraq əmək müqaviləsindəki vəzifə dəyişikliklərinin baş verdiyi tarixdən həmin dəyişikliklərin etibarsız hesab olunaraq, həmin tarixdən müəllim vəzifəsinin bərpa olunmasını və dəyişikliklərlə əlaqədar yaranmış maaş fərqinin ödənilməsini tələb etmişdir. Bundan sonra iddiaçıya qarşı məktəb rəhbərliyi tərəfindən qərəzli münasibət başlamış, əsassız olaraq bir neçə dəfə töhmət verilərək xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 70 (ç) bəndinə əsasən işdən azad edilmişdir.

5. İddiaçı cavabdeh Məktəbə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, əmək haqqının ödənilməsi mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli işdən çıxarma əmrinin ləğv edilməsi, iddiaçının riyaziyyat müəllimi vəzifəsinə işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün olan müddətin orta əmək haqqının ödənilməsi, mediasiya, poçt üçün ödənilmiş 55 manatın və mənəvi zərər görə kompensasiya qismində 3000 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiada göstərilir ki, tərəflər arasında yaranmış mübahisələrdən sonra iddiaçıya qarşı məktəb rəhbərliyi tərəfindən qərəzli münasibət başlamış, əsassız olaraq bir neçə dəfə töhmət verilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixində töhmət verilmiş, xx.xx.2022-ci il tarixində növbədənkənar iclas keçirilmiş, İddiaçı dərs əsnasında digər tərbiyəçinin dərsini pozduğu barədə səhnələşdirilmiş iclas keçirilmiş, xx.xx.2022-ci il tarxində ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bundan sonra məktəb rəhbərliyi tərbiyəçilərin işə davamiyyət kitabına mütəmadi olaraq imza çəkməməsinə görə iddiaçıya təzyiqlər göstərmişdir. Sözügedən davamiyyət cədvəli məktəbdə fəaliyyət göstərən müəllim və tərbiyəçilər üçün rahatlıqla əlçatan (məsələn ümumi müəllimlər otağı) bir yerdə deyil, direktor müavini Yeganə Həşimovanın otağında saxlanılmışdır. Sözügedən otağın qapısı isə hər zaman açıq olmamışdır. Bu səbəbdən işə gəlib-gedərkən bir çox hallarda davamiyyət cədvəlinin saxlanıldığı otağın qapısı bağlı olduğundan bu cədvələ imza etmək mümkünsüz olmuşdur. Daha sonra direktor Y.Müseyibli xx.xx.2022-ci il tarixində məktəbin Həmkarlar İttifaqı Komitəsinə təqdimatla müraciət edərək iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq xitam verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Bundan sonra, xx.xx.2022-ci il tarixində Məktəbin həmkarlar təşkilatının növbədənkənar iclası keçirilmiş, yenə eyni qaydada səhnələşdirilmiş və qərəzli iclas keçirilmiş, məktəb direktoru Y.Müseyiblinin təqdimatının təmin edilməsinə qərar verilmişdir. Məktəbin həmkarlar təşkilatının daha bir növbədənkənar iclası xx.xx.2022-ci il tarixində təşkil olunmuş, fərdi əmək mübahisələrinə baxan komissiyanın iştirakı ilə xx.xx.2022-ci il tarixli 53 saylı iclas protokolunun müzakirəsi həyata keçirilmişdir. İclasda bir sıra müəllimlər iştirak edərək iddiaçıya qarşı qərəzli mövqe nümayiş etdirərək iddiaçının işdən çıxarılması qərarının lehinə olduqlarını bəyan etmişlər. Məktəbin xx.xx.2022-ci il tarixli, 45 nömrəli əmri ilə İddiaçı əmək fəaliyyətinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə uyğun olaraq xitam verilmişdir. Bu tamamilə qərəzli və qanunsuzdur. Məktəbdə işlədiyi dövrdə heç vaxt ciddi pozuntulara yol verməmiş, iş yoldaşları ilə münaqişədə olmamış, hər zaman əmək funksiyalarını yüksək səviyyədə icra etmişdir. İş yerində daim nizam-intizamlı işçi olaraq tanınmış, heç bir zərərli vərdişi olmayan bir şəxsdir. Uzun dövrdən bəri fəaliyyət göstərdiyi məktəbdən belə əsassız və qərəzli olaraq çıxarılması ona mənəvi zərər vurmuşdur, iddiaçı bu hadisədən xeyli təsirlənmiş, əsəb sarsıntısı keçirmişdir. Eyni zamanda hazırki dövrdə işsiz qalması ona maddi olaraq da zərər vurmaqdadır.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2771/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Məktəbə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, əmək haqqının ödənilməsi mənəvi zərərin ödənilməsi tələbinə dair 2(003)- 2771/2022 saylı mülki iş İddiaçı cavabdeh Məktəbə qarşı əmək müqaviləsinə edilmiş dəyişikliyin etibarsız hesab edilməsi, müəllim vəzifəsinə bərpa olunması, əmək haqqıda yaranmış fərqin ödənilməsi tələbinə dair 2(003)-2365/2022 saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılması qərara alınmışdır.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2365/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsi (hakim Sabit Bəhramzadə) ilə iddia tələbinin qismən təmin edilərək E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin “əmək müqaviləsinə xitam verilməsi barədə 70-ç nömrəli xx.xx.2022-ci il tarixli əmri”nin ləğv edilməsi və İddiaçı “müəllim” (riyaziyyat müəllimi) vəzifəsinə işə bərpa edilməsi; İddiaçı E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən məcburi iş buraxma müddəti üçün orta əmək haqqının ödənilməsi; mediasiya sessiyası zamanı ödənilmiş 55 manatın E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbindən alınaraq İddiaçı verilməsi; iddia tələbinin “tərəflər arasında bağlanmış əmək müqaviləsinə edilmiş xx.xx.2020-ci il tarixli dəyişikliyin etibarsız hesab edilərək iddiaçının həmin vaxta kimi mövcüd olmuş vəzifəsinin “müəllim” vəzifəsinin müvafiq sənədləşmədə bərpa olunması, həmçinin sözügedən dəyişiklik edildiyi tarixdən “müəllim” vəzifəsi üçün nəzərdə tutulmuş əmək haqqı ilə “tərbiyəçi” vəzifəsinin əmək haqqı arasında olan fərqin hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsi və mənəvi zərər görə kompensasiya qismində 3000 manat pulun cavabdehdən tutularaq iddiaçı ödənilməsi” hissəsində təmin edilməməsi qət edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, işçi İddiaçı ilə işəgötürən Məktəb arasında xx.xx.2013-cü il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən işçi, “müəllim” vəzifəsinə işə götürülmüşdür. İşdən azad olunan tarixədək iddiaçıya müəllim vəzifəsinə uyğun əmək haqqı ödənilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə hər hansı bir hal (əmək müqaviləsinin müvafiq bəndinə əlavələr və ya ayrılıqda tərtib edilmiş dəyişiklər dair müqavilə) mövcud deyil. İddia tələblərinin “tərəflər arasında bağlanmış əmək müqaviləsinə edilmiş xx.xx.2020ci il tarixli dəyişikliyin etibarsız hesab edilməsi və.s hissələri əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehlə arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsinə iddia etsə də, işin araşdırılmış hallarından müəyyən edilir ki, sözügedən dəyişiklər onula cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə daxil edilməmiş və ya bu barədə ayrıca yazılı şəkildə akt (müqavilə) mövcud deyil. Tərəflər arasında əmək müqaviləsinə hər hansı dəyişiklik, o cümlədən əmək müqaviləsinə daxil etməyin mümkün olmaması səbəbindən ilkin əmək müqaviləsi yenidən tərtib edilməsi, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənməsi barədə hər hansı bir sənəd mövcud deyil. Eyni zamanda, bu hallar yanlız işəgötürən və işçinin razılığı əsasında olmalıdır. Halbuki, cavabdeh tərəf belə bir dəyişikliyin mövcudluğu əks olunan müqavilənin mövcud olmasını, lakin iddiaçının imzalamaması səbəbindən rəsmiləşməməsini, yalnız bu barədə akt tərtib edilməsini bildirmişdir. Yəni, hazırda belə bir dəyişikliyin təqdim edilməsinin mümkünsüz olmasını bildirmişlər. Belə olan halda cavabdeh tərəfin birtərəfli qaydada tərtib etdiyi aktın işçinin əmək müqaviləsinə dəyişiklik kimi qəbul edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Elektron informasiya sistemində əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı qeydiyyat isə hər hansı bir qanuni əsas olmadan daxil edilmişdir. Həmçinin işin araşdırılmış hallarından və iddiaçının məhkəmə iclasında verdiyi izahatından da müəyyən olunur ki, ona ödənilmiş əmək haqqı “müəllim” vəzifəsi üçün nəzərdə tutulmuş əmək haqqı məbləğində olmuşdur. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassız olmuşdur. Belə ki, həmin əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi qeyd edilsə də qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlərin barədə məlumat göstərilməmişdir. Əmrdə isə işçi (iddiaçı) tərəfindən əmək müqaviləsində nəzərdə tutulan vəzifə üzrə yerinə yetirməli olduğu hansı işlərin (əmək funksiyasının) yerinə yetirilməməsi, həmçinin həmin Məcəllənin 72-ci maddəsində nəzərdə tutulan hallara da istinad edilməməklə göstərilməmişdir. Məhkəmə araşdırılması zamanı isə əmrdə iddiaçı (işçi) tərəfindən əmək müqaviləsində nəzərdə tutulan əmək funksiyasının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirilməməsinə görə iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulması və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi, bundan başqa iş fəaliyyətində əmək vəzifələrinin kobud şəkildə pozulması halları (ƏM-nin 72-ci maddəsində göstərilən hallar) müəyyən edilməməklə cavabdeh tərəfindən bununla bağlı əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iddiaçı işəgötürən tərəfindən (tərəflər arasında bağlanmış xx.xx.2013cü il tarixli əmək müqaviləsinə əsasən) “müəllim” vəzifəsində işə qəbul edildiyi və həmin əmək müqaviləsinə hər hansı bir dəyişikliyin olmamasına baxmayaraq (tərbiyəçi vəzifəsinə keçirilmə barədə hər hansı rəsmi sənəd) əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə “tərbiyəçi” vəzifəsində işləyən İddiaçı Qabil oğlunun əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, cavabdeh tərəfin iddia etdiyi (lakin təqdim edə bilmədiyi) xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə edilən əlavə mövcud olmuş olsaydı belə, əmək qanunvericiliyinin tələblərinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyindən, müddətsiz əmək müqaviləsi hesab edilir. Eyni zamandaiddiaçı “müəllim” (riyaziyyat fənni üzrə) vəzifəsinə işə bərpa olunmalıdır, iddiaçıya məcburi işburaxma müddəti üçün olan müddətdə orta əmək haqqı ödənilməlidir. İddia tələblərinin dəymiş mənəvi ziyana görə 3000 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq ona verilməsi hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı, cavabdeh tərəfindən ona mənəvi zərər dəyməsini qeyd etsə, bu barədə əsaslı hallar müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən medasiya sessiyası zamanı ödənilmiş 55 manat cavabdehdən alınaraq ona ödənilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh Məktəb tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilərək göstərilir ki, məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsasın necə olduğunu bildirməmişdir. Əslində məhkəmə həmin qanunvericilik normasını qeyd edə bilməzdi, çünki belə bir norma yoxdur. Belə olan halda, məhkəmə necə qənaətə gələ bilər ki, əmrdə işçinin işdən çıxma əsası düzgün göstərilməmişdir. Halbuki, işəgötürəndən tələb olunan odur ki, əmrdə əsas qeyd edilməlidir. Həmin əsas da işəgötürən tərəfindən qeyd edilmiş və məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edilən norma ilə bağlı başqa pozuntunun olmaması səbəbi ilə yalnız bir əsasla əmri ləğv etmişdir ki, bu əmrin əsassız olmasına kifayət edə bilməzdi. Əmrdən asanlıqla müəyyən etmək olar ki, işəgötürən tərəfindən işçinin işdən azad edilməsinin əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi qeyd edilmişdir. Bu isə Əmək Məcəlləsinin 84-cü maddəsinin İ hissəsinin beşinci abzasına əməl edildiyini deməyə kifayət edir. Lakin məhkəmə əmrdə göstərilməli olan yeni hal müəyyən edərək əmrin əsassız olması qənaətinə gəlmişdir. Məhkəmə əmrin əsassız olması, işçinin əmək müqaviləsinin ləğv edilməsi üçün əsas olan halların işəgötürən tərəfindən sübut edilmədiyi qənaətinə gəlmişdir. Hesab edir ki, məhkəmə iş materiallarına əlavə edilmiş sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, İddiaçı dövlət müəssisəsində ciddi nizam-intizam qaydalarını pozmuşdur. Lakin məhkəmə tərəfindən sadalanan hallarla bağlı sübutlara hüquqi qiymət verilməmiş, habelə məhkəmə zalında məhkəməyə təqdim edilmiş video görüntülər barədə bir cümlə qeyd edilməmişdir. Halbuki, həmin video görüntülərdə İddiaçı iş ahəngini necə pozulduğu öz əksini tapır. Bir işçinin 3 il ərzində həm şifahi xəbərdar edilməsi, həm töhmət alması, ən sonda şiddətli töhmət alması necə ola bilər ki, onun barəsində olan işdən çıxarma əmrini əsassız etsin. Halbuki, tətbiq edilən bütün inzibati tədbirlər qüvvədə olmuş və ləğv edilməmişdir. Hətta bəzi hallarda İddiaçı izahatı da olmuş və həmin hallar öz təsdiqini tapmışdır.

b) Apellyasiya şikayətinə qarşı etiraz.

11. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətinə yazılı etirazda apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 46.5. Bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur. Maddə 46.6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70 “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71. 2-ci hissə.Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71. 3-cü hissə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 288. Fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması, habelə işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir. Maddə 292. İşçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 300. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) təmin edilən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Əmək Məcəlləsinin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşırdı və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də tam aradan qalxmadığından iddia təmin edilən hissədə haqlı sayılırdı.

23. Əvvəla ona görə ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir.

24. Lakin iddiaçının funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə əsas olan halın(işə davamiyyət kitabına imza çəkməməsi və izahat yazmaqdan imtina etməsi) həqiqi olması özü ziddiyyətlidir və həqiqətən baş verdiyi birmənalı təsdiq olunmur. Çünki, iddiaçı bu məsələyə münasibət bildirərək göstərmişdir ki, davamiyyət cədvəli məktəbdə fəaliyyət göstərən müəllim və tərbiyəçilər üçün rahatlıqla əlçatan (məsələn ümumi müəllimlər otağı) bir yerdə deyil, direktor müavini Yeganə Həşimovanın otağında saxlanılmışdır. Sözügedən otağın qapısı isə hər zaman açıq olmamışdır. Bu səbəbdən işə gəlib-gedərkən bir çox hallarda davamiyyət cədvəlinin saxlanıldığı otağın qapısı bağlı olduğundan bu cədvələ imza etmək mümkünsüz olmuşdur. Bu cür vəziyyətdə təsdiq olunmamış həmin hala görə iddiaçı ilə əmək müqaviləsini sözügedən əsasla ləğv edilməsi də əlbətdə ki, haqlı olmamışdır. Çünki, o halların həqiq olması belə qeyd olunan əsasla əmək müqaviləsini ləğv etməyə cavabdeh Məktəbə əsas vermirdi. Ən azından ona görə ki, cavabdeh tərəfindən iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair heç bir digər fakt təqdim edilməmişdir. 25.Bununla yanaşı, iddiaçının əvvəllər töhmət və şiddətli töhmət növündə intizam tənbehinə məruz qalmasının qanunuliyinin və əsaslılığının yoxlanılması hazırki iddianın və icraatın predmeti olmasa da həmin hallar bu iddianın əsaslı olduğunu aradan qaldırmır yaxud cavabdehin şikayətini əsaslı etmir. Çünki, həmin intizam xətaları həqiqətən baş vermişdirsə belə onlara görə intizam tənbehi verilmişdir.Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi isə verilə bilməzdi(ƏM.m.189.1).

26. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, cavabdeh tərəfindən təqdim edilən 06 may 2022-ci il tarixli aktda göstərilən iddiaçının işə davamiyyət kitabına imza çəkməməsinin yuxarıda qeyd olunan səbəblərdən həqiqətən iddiaçı tərəfindən qərəzli olaraq yaxud qəsdən edilməsi təsdiq olunmadığından, bu cür hərəkətlərin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinə əsas olubolmamasının ətraflı araşdırılmasına və hüquqi qiymət verilməsinə də zərurət və əsas yoxdur. Çünki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan intizam xətasını törətdiyinə əsas hesab edilə bilən faktın həqiqiliyi özü təkzib olunur. Eyni zamanda bu faktın həqiqiliyi belə kifayət etmirdi ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi qeyd edilən əsasla ləğv edilsin. Əksinə iddiaçının apellyasiya baxışı zamanı da verdiyi izahatın məzmunundan bəlli oldu ki, cavabdeh onunla bağlanmış əmək müqaviləsini ləğv etməkdə haqlı olmamışdır. Demək ki, cavabdeh tərəf işə davamiyyət kitabını lazımı yerdə qoymamaqla bu əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün “əsas” yaradaraq bu istəyini 20 may 2022-ci ildə reallaşdırmışdır. Əlbətdə ki, bu yolverilməzdir. 27.Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 2365/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 28.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2365/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar