Məhkəmə qərarları › İş №2(103)-1529/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1529/2024

07.03.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1529/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(006)-4834/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh X15 İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı həmin tarixdən “TƏBİB”-in tabeliyində olan “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X10 direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə əsas iş yeri üzrə işə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, 3 ay müddətinədək bağlanmışdır.

2. Cavabdehn PHŞ-6/3-1-1287/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrinə əsasən Gəncə Şəhər Birləşmiş Xəstəxanası X16 direktorun inzibati məsələlər üzrə müavini İddiaçı xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış xx.xx.2023cü il tarixli, 323 saylı əmək müqaviləsinə xitam verilmişdir. Əmrin icrası və son haqqhesabın qanunvericiliyinə uyğun şəkildə hesablanıb ödənilməsinin təmin edilməsi “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X16 direktoruna tapşırılması əmr edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsi icraçı direktorunun vəzifəsini müvəqqəti icra edən X7 onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli, PHŞ-6/3-1-1287/2023 nömrəli əmrinin ləğv edilməsi, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin müddətsiz hesab edilməsi, onun əvvəlki vəzifəsinə, yəni “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X16 direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə işə yenidən bərpa olunması, işə bərpa olunduğu günədək məcburi işburaxma müddətinə görə əmək haqqının və əmək haqqına hesablanan əlavələrin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixindən Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə əsasən “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X16 direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin olunmuşdur. Həmin vaxt əmrdə bu barədə göstəriş olmasa da, əmək müqaviləsini 3 ay müddətinə bağlamışlar. O, bunu sınaq müddəti kimi qəbul edərək, razılaşmış və əmək fəaliyyətinə başlamışdır. Buna baxmayaraq, tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş vəzifənin icrası əvvəlcədən daimi xarakterli olduğu bəlli olduğundan onunla müddətli əmək müqaviləsi deyil, müddətsiz əmək müqaviləsi bağlanmalı idi. Çünki, müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt - işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Bu halda isə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə onun gördüyü işin daimi xarakterə malik olması istisna edilməmiş və bu hal əvvəldən cavabdehə bəlli olmuşdur. Hər bir halda müddətli əmək müqaviiəsi bağlanması işçini işəgötürəndən asılı edən və işçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş haldır. Bununla yanaşı işlədiyi müddət ərzində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək fuksiyalarını vicdanla yerinə yetirmiş, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmiş, müdiriyyətin işlə əlaqədar tələblərini yerinə yetirmişdir. 3 aylıq müddət başa çatdıqdan sonra da o, işinə davam etmişdir. Lakin xx.xx.2023-cü il tarixində işə gələrkən rəhbərlik tərəfindən bildirilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu barədə ona əvvəlcədən hər hansı bir xəbərdarlıq edilməmişdir. Yalnız bundan sonra ona məlum olmuşdur ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsi icraçı direktorunun vəzifəsini müvəqqəti icra edən X7 xx.xx.2023-cü il tarixli, PHŞ-6/3-1-1287/2023 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilən zaman isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə, yəni əmək müqaviləsinin müddətinin qurtarmasına istinad edilmişdir. Təyin olunduğu “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X16 direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsi üzrə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu üçün onunla bağlanmış əmək müqaviləsi hər hansı bir müddət müəyyən edilmədən bağlanmalı olduğundan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsi icraçı direktorunun vəzifəsini müvəqqəti icra edən X2 əmri tamamilə qanunsuz bir əmrdir. Bu səbəbdən də həmin əmr ləğv olunmalı və onunla bağlanmış əmək müqaviləsi müddətsiz hesab edilməlidir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 4834/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. (hakim X6)

6. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olduğunu və onun qanunla qorunan hüquq və mənafelərinin kobud şəkildə pozduğunu bildirsə də, bununla əlaqədar məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlardan aydın olmuşdur ki, iddiaçı ilə bağlanılmış xx.xx.2023cü il tarixli əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuş, həmin müqavilə 3 ay müddətinə bağlanılmış, müddət qurtardıqda əmək münasibətləri davam etdirilmiş, əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış, növbəti 3 ayın tamamında isə müqavilənin müddəti yekunlaşmış, bundan sonra əmək münasibətləri davam etdirilməmiş və müddət bitdikdən sonra xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsi qaydalarına əməl olunmaqla xitam verilmişdir. Ona görə də iddia əsassız hesab edilməli və təmin edilməməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci, 47-ci, 68-ci, 73.1-ci, 76-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etlmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra başqa şəxsin həmin vəzifəyə təyin edilməsi onun təyin edildiyi vəzifənin daimi xarakterli olduğunu bir daha təsdiq edir. Ümumiyyətlə müddətli əmək müqaviləsinin bağlanması işçini işəgötürəndən asılı edən və işçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş haldır. Müqavilə bağlanan zaman adətən işçi işəgötürəndən asılı vəziyyətdə olduğu üçün (əks halda onunla müqavilə bağlanmaya bilər) burada hər hansı bir hüquq bərabərliyi prinsipindən söhbət gedə bilməz. Ona görə də bu münasibətlərə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndini tətbiq etmək düzgün deyildir. Bununla yanaşı, o, işlədiyi müddət ərzində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək fuksiyalarını vicdanla yerinə yetirmiş, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmiş, müdiriyyətin işlə əlaqədar tələblərini yerinə yetirmişdir. Bundan başqa, məhkəmə sözügedən qətnaməni həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən formalaşdırılmış hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması ilə çıxarılmışdır. Belə ki, iddia ərizəsində oxşar işlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini əks etdirən bir neçə qərar əlavə olunmasına baxmayaraq, məhkəmə qeyd edilən hala da ümumiyyətlə hər hansı bir əhəmiyyət verməmişdir. Eyni məna və məzmunlu, eyni əhəmiyyətli, işin faktiki halları eyni olan işlər üzrə məhkəmələrin, bəlkə də elə eyni hakimin müxtəlif qərarlar çıxarması hüquqi müəyyənlik prinsiplərini də çox kobud surətdə pozur. Onunla ilkin olaraq bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi 3 ay müddətinə bağlandığına görə həmin 3 ay sınaq müddəti kimi qəbul olunsa belə, sonradan müqavilənin müddəti uzadılmasaydı, onda bunu sınaq müdddəti kimi qəbul etmək olardı. Hazırda isə sonradan daha 3 ay müddətinə müqavilə uzadılmışdır ki, bunu da sınaq müddəti kimi qəbul etmək olmaz. Belə olan halda isə müqavilə müddətli deyil, müddətsiz hesab edilməli idi. Məhkəmə bu fakta da hər hansı bir əhəmiyyət verməmişdir. Hələ xx.xx.2023-cü il tarixdə “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X16 direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə başqa şəxsin təyin olub-olmaması barədə sorğu verilsə də, sorğuya cavab yalnız qətnamə çıxarıldıqdan sonra verilmişdir. Hətta bu barədə məhkəmə tərəfindən verilmiş sorğuya da cavab verilməmişdir. Sorğunun verilməsində məqsəd isə tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş vəzifənin icrasının əvvəlcədən daimi xarakterli olub-olmamasını müəyyən etmək olmuşdur. Hazırda sorğuya cavab məktubdan görünür ki, həmin vəzifəyə başqa şəxs təyin edilmişdir və bu fakt özü qeyd edilən vəzifənin əvvəlcədən daimi xarakterli olmasının cavabdehə bəlli olmasını bir daha təsdiq edir. Sorğuya cavab məktubunu yalnız xx.xx.2023-cü il tarixdə, yəni qətnamənin çıxarılmasından sonra aldığına görə onu birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddianın rədd olunmasını xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 43-cü maddəsinin 2-ci hissənin “d” bəndinə əsasən əmək müqaviləsinin müddəti əmək müqaviləsində mütləq göstərilməlidir; 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 47-ci maddəsinin “f” bəndinə əsasə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər; 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır; 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur; 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

15. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir Məhz qeyd olunanlar baxımından qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. Bu səbəbdən tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Eyni zamanda, işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab etmişdir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinə və işin hallarına istinad edərək və bu sahəni tənzimləyən qanunvericilyin yuxarıda göstərilən və digər aidiyyəti normalarını rəhbər tutaraq ilk növbədə qeyd edir ki, müddətli əmək müqaviləsinin bağlanmasının 10 halı müəyyən edilmişdir. Bu halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə əlaqəlidir. Lakin qanunverici hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsinin bağlanmasına məcbur etmir, sadəcə olaraq onlara belə bir imkan verir. Müddətli əmək müqaviləsinin bağlanması işəgötürənin vəzifəsi deyil, hüququdur. Belə müqavilənin bağlanması üçün əsas şərt - işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğu hallarda isə, əksinə, əmək müqaviləsinin müddəti müəyyən edilmədən, yəni müddətsiz bağlanmasının məcburiliyi şərtləndirilmişdir. Lakin bu müddəanın da tətbiq edilməsinin mümkünlüyü məhz qeyd edilən 10 halın mövcudluğundan asılı edilmişdir. Nəzərə alınmalıdır ki, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında əmək müqaviləsinin müddətli bağlanması bu hallara aid edilmişdir (Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi).

21. İddiaçı TƏBİB-in tabeliyində olan Gəncə Şəhər Birləşmiş Xəstəxanası X16 direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə işə qəbul edilmişdir. Bu baxımdan onun əmək funksiyaları öz xüsusiyyətinə, icrası şərtlərinə, müddətinə və xarakterinə görə daimi kimi qiymətləndirilə bilər. Başqa sözlə, iddiaçının əmək funksiyaları çərçivəsində yerinə yetirdiyi iş şərtlərinə görə daimi xarakterə malik olduğu həm iddiaçı, həm də cavabdeh üçün qabaqcadan bəlli olan bir hal olmuş, buna baxmayaraq, onları, xüsusilə də iddiaçını müddətli əmək müqaviləsinin bağlanmasından çəkindirməmişdir. Bu səbəbdən iddiaçının əmək funksiyaları Əmək Məcəlləsinin 47-ci maddəsinin “a-ə”, “g” və “ğ” bəndlərində sadalanan hallara uyğun gəlmir. Həmin maddənin “f” bəndinə əsasən isə qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir. Belə ki, tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45-ci və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı.

22. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır.

23. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı 19 ildən artıq müddət ərzində (xx.xx.2001-ci il tarixdən - xx.xx.2020-ci il tarixədək (sonuncu iş günü xx.xx.2020ci il tarixi) Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun ayrı-ayrı regional şöbələrində müxtəlif vəzifələrdə çalışmışdır. Onun xx.xx.2020-ci il tarixdən – xx.xx.2023cü il tarixədək hər hansı şəxslə əmək münasibətlərində olduğu müəyyən edilmir. İddiaçı ilə cavabdeh arasında əmək münasibətləri yalnız xx.xx.2023-cü il tarixdə, müddətli əmək müqaviləsinin bağlanması ilə yaranmışdır. Bununla belə, bu müqavilədən əvvəl iddiaçı öz əmək fəaliyyətinin hər hansı dövründə cavabdehlə əmək münasibətlərində olmamış, hər hansı müqavilə bağlamamış, ümumiyyətlə 3 ilə yaxın müddət ərzində rəsmi əmək münasibətlərində olmamışdır.

24. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən həmin müqavilə 3 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bağlanmışdır. Lakin bu müddətin qurtarmasına baxmayaraq, əmək münasibətləri davam etdirilmiş və bitmə tarixindən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməmişdir. Bununla da tərəflərin iradə ifadəsi, o cümlədən qarşılıqlı razılığı əsasında əmək müqaviləsi daha 3 ay müddətinə uzadılmış hesab olunmuşdur. Bundan sonra isə cavabdeh əmək münasibətlərini davam etdirmək istəməmiş və məhz əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xx.xx.2023-cü il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

25. Bununla belə, iddiaçı xx.xx.2023-cü il tarixdən əvvəl hər hansı formada cavabdehlə əmək münasibətlərində olmamış, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında 3 ay müddətinə bağlanmış, bundan sonra daha 3 ay müddətinə uzadılmış və həmin müddətin sonunda əmək münasibətlərinə xitam verilmişdir. Nəticədə əmək münasibətləri cəmi 6 ay davam etmiş, həmin müddət ərzində tərəflərin hər hansı biri, xüsusilə də iddiaçı əmək müqaviləsinin müddətsiz bağlanması tələbini irəli sürməmişdir. Tərəflərin münasibətlərinin xarakterinin xx.xx.2023-cü il tarixli əmrin qəbul edilməsinə təsir etməsi, o cümlədən fəaliyyəti dövründə cavabdehin iddiaçıya münasibətdə qərəzli mövqe sərgiləməsi müəyyən edilmir. xx.xx.2023-cü il tarixli əmrin məhz cavabdehin sərbəst iradə ifadəsi olmaması, cavabdehin bu əmri qəbul etməkdə hüquq bərabərliyi prinsipini pozmaq niyyətində olması, hər hansı başqa məqsəd güdməsi də aşkar edilmir. Bununla belə, iş üçün diqqətəlayiq olan bütün hallar da nəzərə alınmaqla, göstərilən xidmətlərin daimi xarakterə malik olması, iddiaçın fəaliyyət göstərdiyi 6 ay ərzində intizam məsuliyyətinə cəlb edilməməsi, habelə digər bu kimi dəlillər hər hansı formada apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz.

26. Məhkəmə kollegiyası iddiaçının bir sıra qərar və qətnamələrə istinad etməsi ilə bağlı qeyd edir ki, həmin qərarlar işəgötürənin təşkilatı-hüquqi formasının dəyişməsi nəticəsində işçi ilə əmək müqaviləsinə xitam verilməsi və yeni yaranmış qurumda işçinin eyni və ya oxşar vəzifəyə qəbul edilməməsi, o cümlədən müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsinə dəyişdirilməsi və sair bu kimi hallarla bağlıdır. Bu səbəbdən həmin işlər üzrə nümayiş etdirilmiş mövqeyin hüquqi nəticə etibarı ilə hazıri mübahisyə hər hansı aidiyyəti yoxdur. Qeyd edilənlər öz növbəsində birinci instansiya məhkəməsinin mövqeyinin əsaslı və qanuni olduğunu təsdiq edir.

27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-4834/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar