Məhkəmə qərarları › İş №2(103)-1530/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1530/2020

04.02.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1530/2020 04.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşıəmlakın qaytarılması tələbinə dair 2(011)-6648/2019 saylı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən və ona məxsus olan 39/1 saylı fərdi yaşayış evinin (bundan sonra – mübahisəli ev) ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdir ki, mübahisəli ev 2001-ci ildə onun tərəfindən tikilib, 2002-ci ildən orada yaşayıb. Həmin evə dair Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal İstismar Sahəsi (bundan sonra – MKİS) tərəfindən texniki pasport tərtib olunaraq, onun adına rəsmiləşdirilib. xx.xx.2019-cu ildə Cavabdeh2 onunla görüşə gəlib və həmin evin özəlləşdirilməsinə dair MKİS-ə ərizə yazmağını xahiş edib. Cavabdeh2 bildirib ki, evə dair qeydiyyat sərəncamı aldıqdan sonra evi satmaq imkanı yaranacaq və həmin məbləğlə başqa bir yerdə onun adına fərdi yaşayış evi alacaq. İddiaçı həmin ərizəni yazıb. xx.xx.2019-cu ildə mübahisəli evi qanunsuz yolla MKİS-in rəisi tərəfindən Cavabdeh1 adına rəsmiləşdirilib və ona yeni texniki pasport verilib. İddiaçı İ qrup Qarabağ Müharibəsi əlilidir, hazırda məhkumdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, onun tərəfindən imzalanmamış məktublar aşkar edilsə də, məhkəmə bu hala diqqət yetirməyib. Mübahisəli ev özbaşına tikilidir və reyestrdə qeydiyyata alınmayıb. Onun alqı-satqısına dair müqavilə etibarsızdır. Həmin müqavilə notariat qaydada təsdiqlənməli idi. Bundan görünür ki, ona məxsus mübahisəli ev qanunsuz olaraq ələ keçirilib. İddiaçı məhkəməyə yazılı izahat göndərərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş üzrə iddiaçının qaytarılmasını tələb etdiyi mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və özbaşına tikili olduğu mübahisəsiz haldır. Birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.2-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçı özünə məxsus olan əmlakın cavabdehlərin qanunsuz sahibliyindən geri tələb edir. Həmin tələbin qanuni əsasını Mülki Məcəllənin 157-ci maddəsi təşkil edir. Bu maddəyə müvafiq olaraq mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). Maddənin dispozisiya şərtlərinə əsasən hazırkı tələbin təmin olunması üçün iddiaçı tələb etdiyi əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak cavabdehin qanunsuz sahibliyində olmalıdır. İddiaçı mübahisəli evin onun mülkiyyətində olduğunu sübut edə bilməmişdir. Ev daşınmaz əmlak olduğundan Mülki Məcəllənin 178-ci maddəsinə əsasən ona mülkiyyət hüququ onun özünün və ya verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Mübahisəli evə dair iddiaçının belə bir hüququ hazırda və ya əvvəllər qeydə alınmadığından onun həmin əmlaka dair mülkiyyət hüquqlarından doğan tələb irəli sürmək hüququ da yoxdur. Eyni zamanda mübahisəli evə dair tərtib edilmiş texniki pasport qanunvericiliyə əsasən hüquq müəyyənedici sənəd hesab olunmur və əmlaka dair sahiblik, istifadə və ya sərəncam hüququnun yaranması üçün əsas deyildir. Kollegiya nəzərə alır ki, hazırkı iddia tələbi tikiliyə köçürülmə və ya pul tələbi ilə bağlı deyil, məhz əmlakın özünün qaytarılması ilə bağlıdır. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 387, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6648/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar