Məhkəmə qərarları › İş №2(103)-1532/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1532/2025

24.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1532/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Respublika Nevrocərrahiyə Xəstəxanası” Publik hüquqi şəxsə qarşı işi üzrə Açar sözlər: (“işə bərpa və sair ") hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil1, cavabdeh “ Respublikası Nevrocərrahiyə Xəstəxanası” Publik hüquqi şəxsinin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “Respublika Neyrocərrahiyyə Xəstəxanası” PHŞ-yə qarşı “əmrin ləğv edilməsi,işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7735/2024 nömrəli işi üzrə 14 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdeh Respublika Neyrocərrahiyyə Xəstəxanası tərəfindən iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsiniə xitam verilməsinə dair 16 noyabr 2023-cü il tarixli, 816/k saylı əmrinin ləğv edilməsi, iddiaçının həmin xəstəxananın maqnit-rezonans tomoqrafiya şöbəsinin funksional diaqnostika üzrə həkim vəzifəsinə işə bərpa edilməsini və iddiaçıya məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Respublika Neyrocərrahiyyə Xəstəxanasında 01 noyabr 2006-cı il tarixdən 16 noyabr 2023-cü il tarixədək maqnitrezonans tomoqrafiya şöbəsinin funksional diaqnostika üzrə həkim vəzifəsində işləmişdir. İki dəfə atestasiya imtahanlarından keçə bilmədiyi üçün Direktorun 16 noyabr 2023-cü il tarixli, 816/k saylı əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Lakin iddiaçı 3-cü dəfə atestasiya imhanından keçərək 19 dekabr 2023-cü il tarixdə sertifikasiya şəhadətnaməsi almışdır. Həmin şəhadətnaməni xəstəxanaya təqdim etmişdir. Direktorun yanında olmuş, şəhadətnaməni ona təqdim etmişdir. Lakin Direktor həmin şəhadətnaməni iddiaçıdan qəbul etməmiş və iddiaçını da işə bərpa etməmişdir. Onun verdiyi əmr qanunsuzdur. Həmin əmr AR Əmək Məcəlləsinin 16-cı maddəsinin tələblərinə ziddir. Belə ki, iddiaçı dağınıq skleroz diaqnozu ilə 2-ci qrup əlildir, məhz bu səbəblərə görə direktor iddiaçını işdən çıxara bilməzdi. Lakin o, qanunu pozub, yəni, Əmək Məcəlləsinin 16-cı və 79-cu maddələrini tələblərini kobud surətdə pozub iddiaçını işdən çıxarmışdır. İddiaçı Xəstəxananın Baş həkimindən, X3 Bakı şəhər İdarəsinin rəisinə və digər orqanlara şikayət etmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq Əmək Müfəttişliyi heç bir hərəkət etməmiş, iddiaçıya heç bir köməklik etməmiş, işi hərtəfli araşdırmamış, iddiaçının ərizəsini bir kənara atmış, Baş həkim barəsində inzibati tədbir görməmişdir. İddiaçı dəfələrlə ora zəng vurmuş, iddiaçını hər dəfə arxayın edirlər, onu aldadırlar, lakin işə baxmırlar, süründürməçiliklə məşğul olurlar. Əmək Müfəttişliyindən iddiaçıya cavab gəldikdən sonra iddiaçı Mediasiya Xidmətinə müraciət etmişdir. Lakin cavabdeh mediatorun yanına gəlməmişdir. Belə olan halda iddiaçı məhkəməyə müraciət edir. Hesab edir ki, işəgötürənin bu əmri tam qanunsuzdur və əsassızdır. İddiaçını işdən çıxaran zaman həmçinin həmkarlar ittifaqının razılığı olmamış, bu barədə heç bir iclas keçirilməmiş, iddiaçını iclasa dəvət edən olmamış və ona heç bir xəbərdarlıq edilməmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7735/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətanməsi ilə İddiaçı cavabdeh “Respublika Neyrocərrahiyyə Xəstəxanası” PHŞ-yə qarşı – cavabdeh Respublika Neyrocərrahiyyə Xəstəxanası tərəfindən iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsiniə xitam verilməsinə dair 16 noyabr 2023-cü il tarixli, 816/K saylı əmrinin ləğv edilməsi, iddiaçının həmin xəstəxananın maqnit-rezonans tomoqrafiya şöbəsinin funksional diaqnostika üzrə həkim vəzifəsinə işə bərpa edilməyi və iddiaçıya məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 35; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 68.2, 70-ci maddənin c bəndinə; 71-ci maddənin 3-cü hissəsinə; 67.1, 67-1.1, 67-1.4, 67-1.5, 296.2, 296.4; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibbi və əczaçılıq fəaliyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydalarına; “Əhalinin sağlamlığlının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 124.1; “ Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə iddiaçının sertifikasiyadan ardıcıl olaraq 2 dəfə keçməməsi səbəbindən xitam vermişdir. İddiaçının vəkili məhkəmə araşdırması zamanı verdiyi izahatda bildirmişdir ki, iddiaçının işdən azad edilməsi səlahiyyətli orqanın qərarı əsasında işəgötürənin əmri ilə rəsmiləşdirilməli olduğu halda, hər hansı orqanın belə bir qərarı mövcud olmamışdır. Odur ki, əmr qanunsuz və əsassızdır. Eyni zamanda əmr qəbul olunarkən iddiaçının ikinci qrup əlil olması, xəstəliyinin olması, yenidən sertifikasiyadan keçməsi halları nəzərə alınmamışdır. İstinad olunan hala münasibətdə qeyd edilməlidir ki, iddiaçının səlahiyyətli orqanın qərarı olmadan işdən çıxarılması barədə əmr qanuna uyğun şəkildə qəbul edilmişdir. Belə ki, iddiaçının sertifikasiyadan keçməməsi əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Səhiyyə Nazirliyindən cavabdeh quruma e-mail vasitəsilə məlumat daxil olmuş, cavabdehə müqaviləyə xitam verilməsi ilə bağlı göstəriş verilmişdir. Eyni zamanda iddiaçının onun ikinci qrup əlil olması ilə bağlı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olmasına münasibətdə qeyd edilməlidir ki, mülki işin araşdırılması zamanı iddiaçı ilə əmək müqaviləsinə onun dağınıq skleroz xəstə olması səbəbindən xitam verilməsi halı aşkar edilməmişdir. Müqaviləyə xitam verilməsinin əsası iddiaçının peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə tutduğu vəzifəyə uyğun gəlməməsi, yəni sertifikasiyadan keçməməsi olmuşdur. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ikinci qrup əlil olduğu üçün ona yüngül xarakterli əmək fəaliyyəti ilə məşğul olması nəzərdə tutulub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısının təsdiq edilməsi barədə” Qərarına əsasən işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısı müəyyən edilmiş və radioaktiv və elektromaqnit şüalanma ilə bağlı işlər (rentgen müayinə kabinələri, radioaktiv maddələrlə işləyən laboratoriyalar, radio və telequrğular və s.) həmin siyahıya daxil edilmişdir. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə iddiaçının ardıcıl olaraq 2 dəfə sertifikasiyadan keçə bilməməsi səbəbindən onunla əmək müqaviləsinə qanunun tələblərinə uyğun olaraq xitam verilmişdir. İddiaçının 3-cü cəhddən sonra sertifikasiyadan keçməsi hazırkı işin kontekstində heç bir əhəmiyyət kəsb etmir. İddia müddətinin tətbiqi ilə bağlı cavabdehin ərizəsinə münasibətdə isə qeyd edilməlidir ki, hazırkı iddia tələbi iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, işdən çıxarılma ilə bağlı əmr 16 noyabr 2023-cü il tarixdə verilsə də, iddiaçı 17 sentyabr 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsini və bərpa edilməsini xahiş edərək həm iddia müddətini ötürməsini etiraf etmiş, həm də buna əsas olan səbəblərin üzrlü hesab edilməsini xahiş etmişdir. Üzrlü səbəb olaraq da iddiaçının keçirdiyi stres nəticəsində səhhətində problemlərin yaranmasını göstərmişdir. İstinad etdiyi hal sübuta yetirmək üçün qonşular tərəfindən tərtib edilmiş aktı məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının göstərdiyi səbəbləri iddia müddətinin bərpa edilməsi üçün kifayət hesab etmir. Belə ki, məhkəmə iddiaçının xəstəliyi nəzərə alınmaqla onun müalicəsinin həkim müşahidəsi altında aparılmalı olmasını hesab edir. Lakin iddiaçı ev şəraitində müalicə aldığını, özünün həkim olduğunu əsas gətirərək başqa həkim nəzarətinə ehtiyac olmadığını və həqiqətən də hər hansı müayinələrdən keçdiyini, stasionar və ya ambulator şəraitdə müalicə aldğını sübuta yetirə biləcək dəlilləri məhkəməyə təqdim etməmişdir. Eyni zamanda da gecikmənin səbəbi olaraq müxtəlif dövlət orqanlarına şikayət etməsini və həmin orqanlardan cavab gözləməsini, həmçinin Əmək Müfəttişliyinin ona gec cavab verməsini əsas kimi göstərmişdir, iddiaçının müraciət etdiyi dövlət orqanları məsələnin mahiyyəti üzrə həllinə nail ola biləcək orqanlar olmamış, iddiaçı mediasiyaya müraciət etməklə məhkəməyə iddia verməli olduğu halda prokurorluq və digər orqanlara müraciət ünvanlamışdır. Beləliklə, iddia tələbi əsassız olduğundan və iddia müddəti ötürülməklə iddia verildiyindən, rədd edilməlidir 3.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki:- iddiaçı cavabdeh olan xəstəxanada 01 noyabr 2006-cı il tarixdən 16 noyabr 2023-cü il tarixədək maqnit-rezonans tomoqrafiya şöbəsinin funksional diaqnostika üzrə həkim vəzifəsində işləmişdir;- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilmiş əlillik haqqında 07 iyun 2021- ci il tarixli arayışdan görünür ki, iddiaçıya ümumi xəstəlik səbəbindən, dağınıq skleroz, serebrospinal forma kəskinləşmə dövrü, aşağı ətrafların spastik dərin parez, çanaq orqanlarının funksiyalarının pozulması diaqnozu ilə 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir;- İddiaçı ilk dəfə 22 may 2012-ci il tarixdə, daha sonra 25 dekabr 2017-ci il tarixdə sertifikasiyadan keçmişdir. Ona verilmiş sonuncu şəhadətnamə 26 dekabr 2022-ci il tarixdə qüvvədən düşmüşdür;- İddiaçının sertifikasiya imtahanından keçməsi üçün 26 may 2023-cü il tarixdə ona test imtahanına buraxılış vərəqəsi verilmişdir. İş materiallarında olan 07 avqust 2023-cü il tarixli əmrdən görünür ki, İddiaçı 25 iyun 2023-cü il tarixdə sertifikasiyadan keçmədiyinə görə 05 avqust 2023-cü il tarixdən praktik tibb fəaliyyətinə buraxılmaması əmr edilmişdir;- 01 sentyabr 2023-cü il tarixli əmrdən görünür ki, İddiaçı ixtisasartırma kursu keçməsi üçün 25 sentyabr 2023-cü il tarixdən 06 oktyabr 2023-cü il tarixədək Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutuna göndərilməsi əmr edilmişdir. Bundan sonra iddiaçının sertifikasiya imtahanından keçməsi üçün ona yenidən 11 oktyabr 2023-cü il tarixdə test imtahanına buraxılış vərəqəsi verilmişdir. İddiaçı həmin imtahandan keçə bilməmişdir;- Səhiyyə Nazirliyinin “Respublika Neyrocərrahiyyə Xəstəxanası” PHŞ-yə ünvanladığı məktubla sertifikasiyadan təkrar keçə bilməyən şüa diaqnostika şöbəsində çalışan İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və müvafiq tədbirlər görülməsi xahiş edilmişdir;- “Respublika Neyrocərrahiyyə Xəstəxanası” PHŞ-nin 16 noyabr 2023-cü il tarixli 816- K nömrəli əmrinə əsasən tərəflər arasında bağlanmış 15 dekabr 2006-cı il tarixli xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) xitam verilmişdir;- AH seriyalı 055359 nömrəli sertifikasiya şəhadətnaməsindən görünür ki, iddiaçı Şüa diaqnostika ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün 19 dekabr 2023-cü il tarixdə sertifikasiyadan keçmişdir;- İddiaçı hüquqlarının pozulması ilə əlaqədar müvafiq qurumlara müraciətlər ünvanlamışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakışəhəri Xətai rayon məhkəməsinin № 2(011)- 7735/2024 saylı iş üzrə xx.xx.2024-cü il qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 16, 17, 42.2, 45.1, 68-ci maddənin 2-ci hissəsinin b bəndinə; 73.1, 79; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işə baxılan zaman maddi hüququ norması pozulmuşdur. Belə ki, məhkəmə əsassız olaraq qanunsuz qətnamə qəbul etmiş və onun hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinin tələblərinin pozulduğunu, səlahiyyətli orqanin müvafiq qərar qəbul edilmədən cavabdeh tərəfindən onun işdən azad olunmağını müəyyən etsə də, buna məhəl qoymamışdır. Bundan başqa məhkəmə işə baxarkən Əmək Məcəlləsinin 79 və 16-cı maddəsinin tələblərini pozmuşdur. O, 2-ci qrup əlil və dağınıq skleroz xəstəsidir, cavabdeh onu bu xəstəliyə görə heç bir halda işdən çıxara bilməzdi O, məhkəmənin gəldiyi bu mövqe ilə razı deyil, belə ki, məhkəmə qətnamədə qeyd edir ki, istinad olunan hala münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının səlahiyyətli orqanın qərarı olmadan işdən çıxarılması barədə əmr qanuna uyğun şəkildə qəbul edilmişdir. Belə ki, iddiaçının sertifikasiyadan keçməməsi əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Səhiyyə Nazirliyindən cavabdeh quruma e-mail vasitəsilə məlumat daxil olmuş, cavabdehə müqaviləyə xitam verilməsi ilə bağlı göstəriş verilmişdir.Belə bir izahatı cavabdehin nümayəndəsi məhkəmə baxışında da bildirmişdir. Lakin bu sadalanan hallar qanuni deyildir, o hansısa göstərişlə deyil, Əmək Məcəlləsində nəzərdə tutulan qaydada işdən azad oluna bilərdi. Cavabdeh onu işdən azad edərkən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əməl etməmiş, səlahiyyətli orqanın müvafiq qərar qəbul edilmədən hər hansı bir göstərişlə onu işdən azad etmişdir. Bu tam qanunsuz əmrdir. Səlahiyyətli orqanın qərarı olmadan o necə işdən azad oluna bilər ki ? Məhkəmənin nəzərinə çatdırır ki, məhkəməyə müraciət üçün 1 aylıq müddəti ötürməmişdir. O yuxarıda qeyd olunan hallara əsasən vaxtında məhkəməyə müraciət etmiş, lakin onun şikayətləri uzun müddət davam etdiyi üçün o müddətin bərpası barədə ərizə vermiş, lakin məhkəmə əsassız olaraq buraxılmış müddətin bərpası barədə ərizəsini təmin etməmişdir. İşə bərpa olunması barədə 1 aylıq müddətin ötürülməsi bildirilir. Lakin o iddia ərizəsində cavabdehin verdiyi qanunsuz əmrin ləğv olumasını xahiş etmişdir. Əmrin ləğv olunmasına isə 1 aylıq müddət tələb olunmur, bu tələbin iddia müddəti 10 ildir. Lakin məhkəmə buna məhəl qoymamışdır. Ona görə də hesab edir ki, həmin qətnamə qanunvericiliyin tələblərinə cavab vermədiyindən ləğv olunmalıdır. Hesb edir ki, işə baxılan zaman prosessual hüquq norması pozulmuşdur, belə ki, məhkəmə AR MPM-nin 77,88,217,218-ci maddələrinin tələblərini pozmuşdur. Həmin maddələrə riayət olunmamışdır. İşə baxılarkən maddi və prosessual hüququ normaları düzgün tətbiq olunmamışdır. Ona görə də apellyasiya şikayətinin dəlilləri məhkəmənin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilməlidir.

5. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə qarşı yazılı etirazını elektron məhkəmə informasiya sistemi vasitəsi ilə təqdim etmiş və etirazda qeyd etmişdir ki, aşağıda qeyd edilənlər baxımından iddiaçının mövqeyi tamamilə əsassızdır və apellyasiya şikayətinin rədd edilməsi, həmçinin, Xətai Rayon Məhkəməsinin 2(011)-7735/2024 nömrəli işi üzrə 14 noyabr 2024-cü il tarixli Qətnaməsinin qüvvədə saxlanılması barədə qərar çıxarılmalıdır: İddiaçı apellyasiya şikayətində ilkin olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olduğunu iddia etmişdir. İddiaçının bu mövqeyi ilə bağlı bildirmək istəyir ki, AR Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibbi və əczaçılıq fəaliyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydalarına uyğun olaraq 2011-ci ilin yanvar ayından başlayaraq Azərbaycan Respublikasında ali və orta səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Belə ki, iddiaçı ilk dəfə 22 may 2012-ci il tarixdə, daha sonra 25 dekabr 2017-ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona AR ərazisində şüa diaqnostika ixtisası üzrə praktiki fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İddiaçı sonuncu sertifikasiya şəhadətnaməsinin (AH №027554) müddəti 26 dekabr 2022-ci il tarixdə bitmişdir. 02 fevral 2023-cü il tarixdə növbəti sertifikasiya imtahanında iştirakı üçün 16 dekabr 2022- ci il tarixdə test imtahanına buraxılış vərəqəsi təqdim olunmuşdur. Lakin iddiaçı səhhətində olan problemlərini əsas gətirərək 02 fevral 2023-cü il tarixdə olan “Şüa diaqnostika” ixtisası üzrə test imtahanında iştirak etməmişdir. AR Səhiyyə Nazirliyinin İnsan resursları şöbəsi tərəfindən daxil olmuş məktuba əsasən şüa diaqnostika üzrə həkim İddiaçı 25 iyun 2023-cü il tarixdə test imtahanına buraxılış vərəqəsi təqdim olunmuşdur. İddiaçı həmin imtahanda iştirak etmiş, lakin, 26 bal toplamış və keçid balının 40 (test tapşırıqları hissəsi üzrə) olduğunu nəzərə alaraq onun topladığı bal sayı qeyri-məqbul hesab edilmişdir. Bu səbəbdən İddiaçı sertifikasiyadan keçməyən işçi hesab edilmişdir. AR Əmək Məcəlləsinin 67-1-ci maddəsinin dördüncü bəndinə əsasən sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibbi və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Belə ki, adı çəkilən məktubda əlavə olaraq, iddiaçıya 6 ay müddətində iş yeri saxlanılmaqla peşə hazırlığı keçərək təkrar sertifikasiya olunmaq üçün Sertifikasiya şöbəsinə müraciət edə biləcəyi qeyd olunmuşdur. Respublika Neyrocərrahiyyə Xəstəxanası PHŞ-in direktorun 07 avqust 2023-cü il tarixli №535-K əmrinə əsasən Radialogiya şöbəsinin şüa diaqnostika üzrə həkimi İddiaçı praktik tibbi fəaliyyətinə buraxılmaması qərara alınmış və “Əhalinin sağlamlığının qorunması haqqında” AR Qanununun 49-1-ci maddəsinə uyğun olaraq iş yeri saxlanılmaqla 6 ay müddətində peşə hazırlığı keçərək təkrar sertifikasiya olunmaq üçün “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası”na müraciət etməsi qeyd olunmuşdur. 15 noyabr 2023-cü il tarixdə Radialogiya şöbəsinin şüa diaqnostika üzrə həkimi İddiaçı 2-ci dəfə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası”nın təşkil etdiyi imtahanında iştirak etmişdir. AR Səhiyyə Nazirliyinin İnsan resursları şöbəsi tərəfindən daxil olmuş məktuba əsasən şüa diaqnostika üzrə həkim İddiaçı təkrarən 15 noyabr 2023-cü il tarixdə test imtahanından keçə bilməyərək, İddiaçılə ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 67- 1-ci maddəsinin beşinci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi, müvafiq tədbirlər görərək AR Səhiyyə Nazirliyinə məlumat verilməsi bildirilmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanası PHŞ-in direktorun 16 noyabr 2023-cü il tarixli №816-K nömrəli “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrinə əsasən Radialogiya şöbəsinin şüa diaqnostika üzrə həkimi İddiaçı 16 noyabr 2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 15 dekabr 2006-cı il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə də qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə tam riayət edilmiş və heç bir hüquqazidd hala yol verilməmişdir. 2. İddia müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qeyd olunmalıdır ki, iddiaçının əmək müqaviləsinə 2023-cü ilin noyabr ayının 16-da xitam verilməsi və bu barədə əmrin ona həmin gün təqdim edilməsi, iddiaçının mediasiyaya 2024-cü ilin avqust ayının 29-da müraciət etməsi, mediasiya prosesinə 08 sentyabr 2024-cü il tarixində xitam verilməsi, iddiaçının həmin tarixdən 10 gün keçdikdən sonra 16 sentyabr 2024-cü il tarixində məhkəməyə müraciət etməsi işin mübahisəsiz hallarıdır. Belə olan halda, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, № 816- K nömrəli əmrin mübahisələndirilməsinə dair iddia müddətinin axımı 2023-cü ilin noyabr ayının 16-da başlanmış, iddiaçı həmin tarixdən 9 ay keçdikdən sonra - 2024-cü ilin 29 avqust tarixində mediasiyaya müraciət etmişdir. Beləliklə, iddia müddətinin əhəmiyyətli hissəsi iddiaçının mediasiyaya müraciət etdiyi tarixədək keçmişdir. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə uyğun olaraq, tərəflər arasında mediasiya prosesinə xitam verildiyi 08 sentyabr 2024- cü il tarixindən etibarən iddia müddətinin axımı bərpa olunaraq davam etmiş, iddiaçı isə həmin tarixdən yalnız 10 gün keçdikdən sonra - 16 sentyabr 2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. AR Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, dağınıq skleroz xəstəsidir, 2-ci qrup əlildir, iddiaçı işdən çıxarıldıqdan sonra güclü stress keçirmişdir, ayaqları tutulmuş və öz yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəsbəsi, S.Qocayev küçəsi, ev 27, mənzil 112-də 2023-cü il dekabr ayının ortasından 2024-cü il fevral ayının axırınadək xəstə yatmışdır və ev şəraitində müalicə almışdır. Qonşular iddiaçının evdə xəstə yatmağına görə tez-tez gəlib evdə ona baş çəkmişlər, müalicəsi ilə maraqlanmışlar. Ona görə də iddiaçı üzrlü səbəbə görə məhkəməyə vaxtında iddia ərizəsi ilə müraciət etməmişdir. Buna baxmayaraq iddiaçı sağalan kimi 20 fevral 2023-cü ildə və 13 iyun 2024-cü il tarixdə X5 Xidmətinə, habelə aidiyyatı orqanlar ərizə ilə müraicət etmiş və ərizənin cavabını gözləmişdir. Lakin oradan ona məktub gec göndərilmişdir. Bundan başqa iddiaçı Z.X2 müraciət etmişdir və beləliklə də iddiaçı üzrlü səbəblərə görə müddəti ötürmüşdür. İddiaçı səhhətində yaranmış xəstəliklə əlaqədar olaraq iddia müddətini ötürdüyünü, bu halı sübuta yetirmək üçün qonşular tərəfindən tərtib edilmiş aktı məhkəməyə təqdim etmişdir. Lakin, iddiaçı ev şəraitində müalicə aldığını və həqiqətən də hər hansı müayinələrdən keçdiyini, stasionar və ya ambulator şəraitdə müalicə aldğını sübuta yetirə biləcək dəlilləri məhkəməyə təqdim etməmişdir. Eyni zamanda da gecikmənin səbəbi olaraq müxtəlif dövlət orqanlarına şikayət etməsini və həmin orqanlardan cavab gözləməsini, həmçinin Əmək Müfəttişliyinin ona gec cavab verməsini əsas kimi göstərmişdir. Məhkəmə iddiaçının bu əsaslandırmasını da məqbul hesab etməyərək belə qənaətə gəlmişdir ki, iddiaçının müraciət etdiyi dövlət orqanları məsələnin mahiyyəti üzrə həllinə nail ola biləcək orqanlar olmamış, iddiaçı mediasiyaya müraciət etməklə məhkəməyə iddia verməli olduğu halda prokurorluq və digər orqanlara müraciət ünvanlamışdır. Beləliklə, müddətin ötürülməsində hər hansı üzrlü səbəb aşkar edilmədiyindən, məhkəmə iddiaçının iddia müddətini ötürdüyünü təsdiq etmiş və iddia müddətini tətbiqi barədə cavabdeh müəssisəsinin ərizəsini əsaslı hesab edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul etmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə onun dağınıq skleroz xəstə olması səbəbindən xitam verilməsini qanunsuz hesab etmişdir. İddiaçının bu mövqeyi ilə bağlı bildirmək istəyir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi birmənalı olaraq işəgötürən tərəfindən şəkərli diabet və ya dağınıq skleroz xəstəliyi olan şəxslərlə əmək müqaviləsinin ləğv edilməsini qadağan etmir. Həmin maddəyə əsasən, işögötürən şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsini qadağan edir. Hazırkı mübahisə üzrə əmək müqaviləsinə xitam verilməsinin əsası iddiaçının peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə tutduğu vəzifəyə uyğun gəlməməsi, yəni sertifikasiyadan keçməməsi olmuşdur. Yəni, əgər iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun dağınıq skleroz xəstə olması səbəbindən xitam verilsəydi, iddiaçının mövqeyi əsaslı olardı. Lakin, yuxarıda da qeyd etdilən kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası iddiaçının peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə tutduğu vəzifəyə uyğun gəlməməsi, yəni sertifikasiyadan keçməməsi olmuşdur. İddiaçının məhkumluğu Əlavə olaraq məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli № 1(008)-787/2022 cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi (“Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə”) ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İddiaçı ərazi narkoloji dispanserində qeydiyyata alınmaqla yaşayış yerini hər gün saat 00:00-dan 06:00-dək tərk etməmək, habelə epidemiya əlehinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl etmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən apellyasiya şikayətinin rədd edilməsi və Xətai Rayon Məhkəməsinin 2(011)-7735/2024 nömrəli işi üzrə 14 noyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə uyğun izahat verərək, cavabdehin tərəfin iddiaçının işdən çıxarılmasının əsası kimi 2 dəfə sertifikasiyadan keçməməsini göstərdiyini, ilkin olaraq 70-ci maddənin c bəndi ilə iddiaçının işdən azad olunması üçün səlahiyyətli orqanın müvafiq qərarının olmalı olduğunu, lakin cavabdeh tərəfindən belə bir qərarın birinci instansiya məhkəməsinə təqdim edilə bilmədiyini, sadəcə olaraq emaildən onlara göstəriş məktubunun gəldiyini bildirdiklərini,e maillə yazılan məktubun səlahiyyətli orqanın qərarı kimi qəbul edilməsinin yolverilməz olduğunu, bu səbəbdən də əmrin qanunsuz hesab edilməli olduğunu, iddia müddətinin ötürülməsi məsələsinə münasibətdə isə iddiaçının uzun müddət xəstə olduğunu, həmçinin məhkəməyə müraciət etməmişdən öncə əmək müfəttişliyinə müraciət etdiklərini, uzun müddət əmək müfəttişliyinin cavab məktubunu gözlədiklərini , bundan sonra mediasiyaya müraciət etdiklərini, bunun da öz növbəsində müddətin ötürülməsinə təsir etdiyini qeyd etmiş, həmin müddətdə işləmədiyi üçün bülüten açdırmağa da ehtiyac duymadığını, iddiaçının 2-ci qrup əlil olduğunu, əmək məcəlləsinin 66-cı maddəsinin təəblərinə əsasən 2-ci qrup əlilliyi olan işçılər attestasiyadan keçə bilmədiyi təqdirdə də işdən çıxarılmasının yolverilməz olduğunu, lakin cavabdeh tərəfindən qanunvericiliyin bu tələblərinin də kobud şəkildə pozulduğunu bildirmiş, dedikləri nəzərə alınaraq apellyasiya şikayətinin əsaslı olduğundan təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini əsassız hesab etdiyini və apellyasiya şikayətinə qarşı etirazını yazılı şəkildə təqdim etdiyini, iddiaçının nümayəndəsinin izahatına münasibətdə isə 70-ci maddənin c bəndində göstərilən səlahiyyətli orqan dedikdə, tibb işçilərinə münasibətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzərdə tutulduğunu, Səhiyyə Nazirliyinin rəsmi saytında cavabdehin 2 dəfə sertifikasiyadan keçmədiyinin qeyd edildiyini, iddia müddətinin ötürülməsi məsələsinə münasibətdə isə müddətin tamamilə üzrlü səbəbdən ötürüldüyünü, iddiaçının başqa orqanlara mürciət etməsinin hazırkı işin mahiyyətinə heç bir təsirinin olmadığını, belə ki, məcəllənin 296-cı maddəsində konkret olaraq əmək müqaviləsinə xitam verməklə işə bərpa tələbinə dair iddia müddəyinin bir ay olaraq müəyyən edildiyini, həmçinin əmək məcəlləsinin 66-cı maddəsinin iddiaçının nümayəndəsi tərəfindən tamamilə yalnış şərh edildiyini, belə ki, həmin güzəştin yalnız Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda yaralanmış və əlil olmuş şəxslərə aid edildiyini qeyd etmiş, dedikləri nəzərə alınaraq apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 80- 82, 88, 106.2, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İlk nöbədə qeyd edilməlidir ki, iddiaçı birinci instansiya məhkəməsində iddia müddətinin üzürlü hesab edilməsi ilə bağlı ərizə versə də, iddia müddətinin üzürlü səbəbdən ötürülməsi ilə bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Belə ki, iddiaçı məhkəməyə qədər digər dövlət orqanlarına müraciət etdiyini, həmin orqanlarının cavab məktublarını gözlədiyini, digər tərəfdən xəstə olduğunu və bu səbəblərdən iddia müddətini ötürdüyünü qeyd etmişdir. İddiaçının bu mövqeyi ilə bağlı ilk növbədə qeyd edilməlidir ki, iddiaçı peşəkər hüquqi yardım almışdır və qanunvericilikdə birbaşa olaraq hazırkı qəbilədən olan işlər üzrə müraciət edilməli orqanın mediasiya şurası olması ifadə edilmişdir. Digər tərəfdən iddiaçı uzun müddət xəstə olduğunu bildirsə də, bununla bağlı xəstəlik vərəqəsi, müayinə və s. təqdim edə bilməmişdir. İddiaçının 70-ci maddənin c bəndində nəzərdə tutulan səlahiyyətli orqanın qərarı olamadan işəgötürüən tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edilməldir ki, bu hal qanunla müəyyən edildiyindən göstərişə ümumilikdə zərurət olmasa da iş materiallarında səlahiyyətli orqanın məlumatlı olması və cavabdehin mail adresinə rəsmi qaydada göstəriş verildiyi müəyyən edilir. Bütün sənədləşdirmənin elektron qaydada aparıldığı bu dövrdə məktubun kağız daşıyıcıda gəlməsinin və ya gəlməməsinin hər hansı üstün hüquqi mövqeyi yoxdur. İddiaçının digər dəlili olan 2-ci qrup xəstə olması və əmək məcəlləsinin 66-cı maddəsindəki güzəştin ona tətbiq edilməli olması ilə bağlı dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, həmin maddədə təkcə əlilliyi müəyyən edilmiş şəxslər deyil, vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər qeyd edilmişdir. Beləliklə, həmin güzşət də iddiaçya şamil edilmir. 10.Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 35. əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır .

11. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən:66. Aşağıdakı işçilərin attestasiyası keçirilmir:vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər; 67.1. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. 67.2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir.67.3. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. 67.4. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir.67.5. Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə (Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. )

296. 1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 296.5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 13.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı oğunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7735/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar