Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1534/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3122/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsi üzrə borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3122/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. İddiaçının qeyd edilən qərardaddan verdiyi şikayət məhkəmənin eyni saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3122/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş iddiaya mahiyyəti üzrə baxılması üçün rayon məhkəməsinə göndərilməlidir. Hazırkı işin mübahisə edilməyən hallarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-6381/2015 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh ASC-nin iddiasi təmin edilməmiş, iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-449/2016 saylı, qətnaməsi ilə təmin edilməmiş, bundan sonra, həmin qətnamədən iddiaçı tərəfdən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(102)-4703/2016 saylı qərarı ilə təmin edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-1604/2017 saylı qətnaməsi ilə Cavabdeh ASC-nin iddiası təmin edilərək iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2009-cu il tarixli, 2647 saylı kredit müqaviləsinə əsasən yaranmış 1372 ABŞ dolları, 48 sent faiz borcu, müqavilə müddəti bitdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankın uçot dərəcəsi üzrə 5 faizlə hesablanmış faiz borcu 5552 ABŞ dolları, 93 sent olmaqla, cəmi 6925 ABŞ dolları, 93 sent ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, borcun tutulması ipotekaya qoyulmuş cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 39 saylı, evin 113 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 52000 manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunna vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi qərara alınmışdır. Bundan sonra, İddiaçı xx.xx.2020-ci il tarixdə “kredit müqaviləsi üzrə borcun silinməsi” tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Rayon məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsaslanmaqla iş üzrə icraata xitam vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Kollegiya qeyd edir ki, həmin normaya (261.0.2) görə işin icraatına xitam aşağıdakı üç halın həm də eyni vaxtda mövcud olduğu halda mümkündür: - tərəflər eyni olduqda; - predmet eyni olduqda; - əsaslar eyni olduqda. Halbuki, rayon məhkəməsinin icraata xitam verərəkən istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-1604/2017 saylı qətnaməsindən görünür ki, həmin iş üzrə iddiaçı Cavabdeh ASC olmuş, həmin işdə iddianın predmeti və əsasları tamamilə başqa olmuşdur. Bununla da müəyyən olunur ki, rayon məhkəməsinin hazırkı iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verərəkən istinad etdiyi qətnamə MPM-in 261.0.2-ci maddəsində nəzərdə tutulan əsasa uyğun olmamışdır. Beləliklə, kollegiyanın araşdırmaları ilə müəyyən olunur ki, mübahisə üzrə tərəflər eyni olsa da, predmet və əsaslar eyni olmadığı halda, rayon məhkəməsi iş üzrə icraata xitam verməklə açıq-aşkar səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.2-ci maddəsinə əsasən, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Eyni zamanda, iş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayətə baxarkən tərəflərin iştirakını da təmin etməmişdir. Belə olan halda, Kollegiya hesab edir ki, qanunvericiliyə əsasən, rayon məhkəməsi hazırkı iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxmalı idi. Məhkəmələrdə işlərə baxılmasının qaydaları isə Məcəllənin «Əsas Qaydalar» adlı İ fəslində nəzərdə tutulmuşdur. Həmin fəsildə yer alan 9.1-ci maddənin tələbinə görə – ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məcəllənin 9.2-ci maddəsinə əsasən … məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağrılıb dindirilmədikdə baxıla bilməz. Məcəllənin 9.3-cü maddəsinə görə isə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. …. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Belə olan halda aydın olur ki, MPM-in 269.1-ci maddəsində nəzərdə tutulmuş «qərardaddan verilmiş şikayətə məhkəmədə baxılır» göstərişi mütləq qaydada şikayətin məhkəmə iclasında, həm də onun təyin olunma vaxtı və yeri barədə tərəflərə məlumat verilməklə baxılmalı olduğunu tələb edir. Hazırkı halda isə şikayətə baxmış birinci instansiya məhkəməsi qanunun bu imperativ tələblərinə əməl etməmiş, şikayətə tərəflərin iştirakı olamadan baxmışdır. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual hüquq normaları pozulduğundan şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3122/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və tərəflərin iştirakını təmin etməklə işin hallarının hərtərəfli araşdırılması üçün mülki iş mahiyyəti üzrə baxılması üçün rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3122/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və məsələyə tərəflərin iştirakı ilə baxılması üçün mülki iş mahiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1534/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1534/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver