Məhkəmə qərarları › İş №2(103)-1539/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1539/2025

24.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1539/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçı və onun nümayəndəsi-vəkili X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X4, Bakı şəhəri 35 saylı Notariat Ofisi və Hövsan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla “arayışın, etibarnamənin etibarsız sayılması, torpaqdan istifadəyə yaradılmış maneənin qadağan olunması və zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(010)- 2881/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X6 xx.xx.1969-cu il tarixdə nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra arvada Süleymanova soyadı verilmişdir. Abşeron rayonu Hövsan Südçülük sovxozunun 27 may 1993-cü il tarixli 60 saylı əmrindən görünür ki, X8 0.08 hektar torpaq sahəsi ayrılması müəyyən edilmişdir. AZ-İ seriyalı, 882155 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Abşeron rayonu Hövsan Südçülük sovxozunun 09 dekabr 2000-ci il tarixli 16 saylı əmrindən görünür ki, sovxozda işləyən, özünəməxsus evi və torpaq sahəsi olmayan, fərdi ev tikmək üçün müraciət edən Cavabdeh2 0.08 ha torpaq sahəsi ayrılması müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 252 nömrəli arayışından görünür ki, Hövsan– Südçülük sovxozu ünvanında 800 kv.m olan torpaq sahəsi hal-hazırda Cavabdeh2 istifadəsindədir. xx.xx.2022-ci il tarixli “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Cavabdeh2 onun faktiki istifadəsində olan Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş 252-nömrəli arayışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Südçülük sovxozu ünvanında yerləşən torpaq sahəsini, nəzərdə tutulmuş qaydada mülkiyyətinə verilməsi ilə bağlı zəruri sənədləri toplamağı, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nə təqdim etməyi, bununla bağlı adından ərizə verməyi, mülkiyyət hüququnun dövlət qeydiyyatına dair sənədləri almağı, həmin torpaq və yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında göstərilən torpaq sahəsinin 800 kv.m torpaq sahəsini satmağı, alqı-satqı müqaviləsini imzalamağı, müqavilə üzrə məbləği müəyyən etməyi, ona çatası pulu almağı, məbləğ depozit hesabı vasitəsilə ödənildikdə onu bankda təmsil etməyi, əmlak və torpaq vergi borcunu ödəməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan digər hərəkətləri etməyi Cavabdeh1 etibar etmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Hövsan Südçülük sovxozu ünvanında yerləşən torpaq sahəsinin dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eyni təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) təqdim edilməmişdir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abşeron rayonu Hövsan Südçülük sovxozunun 2000-ci ilə aid arxiv sənədləri saxlanılması üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilmədiyindən vətəndaş Cavabdeh2 adına torpaq sahəsi ayrılıb-ayrılmaması barədə araşdırma aparılması mümkün olmamışdır. Hazırda iddiaçı onun mərhum həyat yoldaşına məxsus olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilərək orada tikinti işləri aparmaqla maneə yaradıldığını bildirir. İddiaçı tələbinin əsası kimi qeyd olunan torpaq sahəsinin Abşeron rayonu Hövsan Südçülük sovxozunun 27 may 1993-cü il tarixli 60 saylı əmri ilə mərhum həyat yoldaşı X8 aryılmasına istinad edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1, X4, Bakı şəhəri 35 saylı Notariat Ofisi və Hövsan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Hövsan Südçülük sovxozunun 27 may 1993-cü il tarixli 60 saylı əmri ilə X8 ayrılmış 0,08 hektar torpaq sahəsinə dair Hövsan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2022-ci il tarixli, 252 nömrəli arayışın və Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adından Cavabdeh1 adına verilmiş reyestrdə 7E-445 nömrə ilə qeyd edilmiş, AR-İİ №068489, xx.xx.2022-ci il tarixli etibarnamənin etibarsız sayılaraq ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apardığı tikililərin öz hesablarına sökülərək götürülməsi və torpaq sahəsininin əvvəlki vəziyyətinə gətirilməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və onun torpaqdan istifadəsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Hövsan Südçülük sovxozunun 27 may 1993-cü il tarixli 60 saylı əmri ilə X8 ayrılmış 0,08 hektar torpaq sahəsinə dair Hövsan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2022-ci il tarixli, 252 nömrəli arayışın və Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adından Cavabdeh1 adına verilmiş reyestrdə 7E-445 nömrə ilə qeyd edilmiş, AR-İİ №068489, xx.xx.2022-ci il tarixli etibarnamənin etibarsız sayılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apardığı tikililərin öz hesablarına sökülərək götürülməsi və torpaq sahəsininin əvvəlki vəziyyətinə gətirilməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və onun torpaqdan istifadəsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Hövsan südçülük sovxozunun 27 may 1993-cü il tarixli 60 saylı əmri ilə 0,08 hektar torpaq sahəsi X8 ayrılmışdır. X11 onun həyat yoldaşı olmuş və xx.xx.2017-ci ildə vəfat etmişdir. Torpaq sahəsi mişar daşından yarımçıq formada tərəfindən hasara alınsa da, maddi imkanı olmadığından heç bir tikinti işləri aparılmamışdır. Buna baxmayaraq onun tərəfindən torpaq sahəsinə mütamadi olaraq nəzarət edilmişdir. 2023-cü ilin aprel ayında onlar mübahisəli yerdə olarkən heç bir hüquqi əsası olmadan Cavabdeh1 torpaq sahəsində tikinti işlərinin aparmasının şahidi olmuş və ondan işlərin aparılmasının dayandırılmasını tələb etdikdə o, işləri dayandırmamış, oğlu ilə aralarında münaqişə baş vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(010)- 2881/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iddia tələbində iddiaçı öz tələbinin əsası kimi iddia tələbində qeyd etdiyi mübahisəli torpaq sahəsinin Abşeron rayonu Hövsan Südçülük sovxozunun 27 may 1993 cü il tarixli 60 saylı əmri ilə mərhum həyat yoldaşı X8 aryılmasına istinad edir. Həmin sənəddə qeyd edilir ki, X8 0,08 ha torpaq sahəsi ayrılmışdır. Bununla belə, həmin torpaq sahəsinin harada yerləşməsi və sərhədləri ilə bağlı hər hansı texniki sənəd mövcud deyildir. İddiaçı bildirir ki, həmin sahə məhz mübahisə obyekti olan torpaq sahəsidir. Həmin sahəyə məhkəmə tərəfindən, müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin və tərəflərin iştirakı ilə baxış keçirilmiş və nümayəndə tərəfindən torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Baxışın nəticəsi olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18nin 4 saylı Abşeron Ərazi İdarəsinin 19 oktyabr 2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Cavabdeh1 faktiki istifadəsində (4 tərəfi daş hasar) olan torpaq sahəsi **********05 reyestr nömrəli çıxarışla X2 üzrə icarəsində olmuş yerdə qalan (10.84 ha) torpaq sahəsi üzrə üst-üstə düşür. X9 icarəsində olmuş 48.3091 ha torpaq sahəsinin 37.4691 ha hissəsi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında digər şəxslərin adına özgəninkiləşdirilmişdir. Deməli, müəyyən edilir ki, tərəflərin mübahisə etdikləri torpaq sahəsi icarə hüququ ilə üçüncü şəxsə məxsus olmuşdur. Mübahisəsi gedən torpaq sahəsi ilə bağlı iddiaçının və yaxud da onun mərhum həyat yoldaşının (eləcə də cavabdehlərin) adına hər hansı bir qeydin və ya sənədləşmənin aparıldığı müəyyən edilmir. Beləliklə, Abşeron rayonu Hövsan Südçülük sovxozunun 27 may 1993-cü il tarixli 60 saylı əmri əsasında iddiaçının mübahisəli torpaq sahəsinin hüquqlarının olması öz təsdiqini tapmır. Belə olduğu halda, iddiaçının həmin torpaq sahəsinə münasibətdə qanuni sahibliyi müəyyən edilmədiyinə görə, bu hüquqa əsaslanan qanuni sahibliyin müdafiəsi tələbi də əsaslı sayıla bilməz. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən nə onun, nə də cavabdehin torpağa dair hüquqların dövlət qeydiyyatına alınmadığını bildirsə də, heç bir əsas olmadan cavabdehə üstünlük vermişdir. Bundan başqa məhkəmə prosesi çəkişmə, tərəflərin bərabərliyi təmin olunsa da, qeyd edilən faktlar nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.1 Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1 Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq Məcəlləsi: 4.1. Torpaq sahəsi-dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. 4.2 Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. 65.2 Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 65.6 Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 67.1. Torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. ( əvvəlki redaksiya ) 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. ( əvvəlki redaksiya )

“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” xx.xx.1998-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Qanunu:

5. Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarış-tədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

6. Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

7. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi:

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, hazırki iddia tələbinin əsasını iddiaçının mərhum həyat yoldaşına məxsus olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilərək orada tikinti işləri aparmaqla maneə yaradılması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. İşin məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, mübahisəli sahə tərəflərin heç birinin mülkiyyətində olmamaqla yanaşı mübahisəli torpaq sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunmuş plan da mövcud deyil, digər tərəfdən isə hazırki iddia tələbində iddiaçı öz tələbinin əsası kimi iddia tələbində qeyd etdiyi mübahisəli torpaq sahəsinin Abşeron rayonu Hövsan Südçülük sovxozunun 27 may 1993-cü il tarixli 60 saylı əmri ilə mərhum həyat yoldaşı X8 ayrılmasına istinad edir. Həmin sənəddə qeyd edilir ki, X8 0,08 ha torpaq sahəsi ayrılmışdır. Bununla belə, həmin torpaq sahəsinin harada yerləşməsi və sərhədləri ilə bağlı hər hansı texniki sənəd mövcud deyildir. Bundan başqa iş materiallarında olan 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, mübahisəli torpaq sahəsi barədə hüquqmüəyyənedici sənədlər təqdim olunmadığından və adları qeyd olunan şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir qeydiyyat aşkar edilməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən sahəyə müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin və tərəflərin iştirakı ilə baxış keçirilmiş və nümayəndə tərəfindən torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. (i.v.154) Baxışın nəticəsi olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX DƏDKR X18 4 saylı Abşeron Ərazi İdarəsinin 19 oktyabr 2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Cavabdeh1 faktiki istifadəsində (4 tərəfi daş hasar) olan torpaq sahəsi **********05 reyestr nömrəli çıxarışla X2 üzrə icarəsində olmuş yerdə qalan (10.84 ha) torpaq sahəsi ilə üst-üstə düşür. X9 icarəsində olmuş 48.3091 ha torpaq sahəsinin 37.4691 ha hissəsi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında digər şəxslərin adına özgənkiləşdirilmişdir. Yerdə qalan torpaq sahəsi digər şəxslərin adına notarial qaydada alqı-satqı olunub olunmaması barədə idərənin elektron baza məlumatlarında məlumat aşkarlanmamışdır. Göründüyü kimi tərəflərin mübahisə etdikləri torpaq sahəsi icarə hüququ ilə üçüncü şəxsə məxsus olmuşdur. Mübahisəsi gedən torpaq sahəsi ilə bağlı iddiaçının və yaxud da onun mərhum həyat yoldaşının (eləcə də cavabdehlərin) adına hər hansı bir qeydin və ya sənədləşmənin aparıldığı müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Abşeron rayonu Hövsan Südçülük sovxozunun 27 may 1993-cü il tarixli 60 saylı əmri əsasında iddiaçının mübahisəli torpaq sahəsinin hüquqlarının olması öz təsdiqini tapmır. Belə olduğu halda, iddiaçının həmin torpaq sahəsinə münasibətdə qanuni sahibliyi müəyyən edilmədiyinə görə, bu hüquqa əsaslanan qanuni sahibliyin müdafiəsi tələbi də əsaslı sayıla bilməz. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamışdır. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair hüquqlarının olması müəyyən edilməmiş, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, öz hüquqi mövqeyini sübut edilə bilməmiş, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(010)- 2881/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar