Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1540/2020 27.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), X1və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh MMM-in nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMM-ə qarşı “sahiblik və istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması” barədə ilkin, Cavabdeh MMM-nin İddiaçı qarşı “borcun ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh MMM tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 204, 26 saylı mənzilə sahiblik və istifadə hüququna dair Cavabdeh MMM tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, həmin mənzildə təmir işlərinin aparılması üçün Cavabdeh MMM tərəfindən maneə yaradılmasının qadağan olunması və liftdən istifadəyə şərait yaradılması, həmin mənzilə su, elektrik enerjisi, təbii qazın verilməsinin bərpa olunması vəzifəsinin Cavabdeh MMM-in üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMM qarşılıqlı iddia verərək, İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər kommunal xidmət haqqı qismində yığılmış 16.744,58 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 16.774,58 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, ilk iddia tam təmin edilərək, İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 204 saylı evin 26 saylı mənzil üzərində sahiblik və istifadə hüququna dair Cavabdeh MMM tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, həmin mənzildə təmir işlərinin aparılmasına Cavabdeh MMM tərəfindən maneə yaradılmasının qadağan olunması və liftdən istifadəyə şərait yaradılması, mənzilə su, elektrik enerjisi və təbii qazın verilməsinin bərpa edilməsi vəzifəsinin Cavabdeh MMM-in üzərinə qoyulması, qarşılıqlı iddia isə qismən təmin edilərək, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək kommunal xidmət haqqı qismində yığılmış 4.689,20 manat borc tutularaq Cavabdeh MMM-ə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd olunması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatının İddiaçı, 50 manatının isə Cavabdeh MMM-dən tutularaq təqdim olunmuş hesab üzrə Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, İddiaçı, mənzili aldığı tarixdən indiyə kimi orada yaşamamışdır. Lakin cavabdehin əməkdaşları bildirirlər ki, onun külli miqdarda kommunal borcu vardır və buna görə də, mənzildən istifadə hüququna maeələr yaradırlar. Halbuki, özləri də etiraf edirlər ki, İddiaçı həmin mənzildə yaşamamışdır və onlar arasında kommunal xidmətlə bağlı heç bir müqavilə bağlanmamışdır. Belə olan halda, heç bir kommunal borcun ödənilməsi tələb edilə bilməzdi. Şəxsin yaşamadığı mənzilə görə kommunal xidmət haqqı hesablana bilməz. Əlavə olaraq bildirilir ki, “xxxx” MTK ilə İddiaçı arasında olan xx.xx.2009-cu il tarixli müqavilənin 3.2-ci maddəsinin “b” bəndinə əsasən, payçı tikintisi başa çatdıqdan sonra tikiləcək bina kooperativin balansına alınan tarixdən payçıya ayrılmış mənzilin və binanın ümumi sahəsinin onun payına düşən hissəsinə proporsional olaraq binanı idarəçiliyə götürən və sakinlərə xidmət göstərən müəssisəyə kommunal istismar və xidmət xərclərini vaxtlı-vaxtında ödəmək öhdəliyi daşıyır. Bu hissə ilə bağlı olaraq bildiririk ki, hal-hazırda binanın hansı tarixdən kooperativin balansına alınması ilə bağlı hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, hansı tarixdən Cavabdeh MMM-in bina sakinlərinə xidmət göstərməsi də müəyyən deyil. Həmçinin, Cavabdeh MMM-in nümayəndəsi məhkəmə iclasında binanın 2011-ci il tarixdə təhvil verildiyini bildirsə belə, iş üzrə məhkəməmühasibatlıq ekspertizasının rəyində kommunal borclar xx.xx.2009-cu ildən hesablanmağa başlanmışdır. Qarşılıqlı iddia ərizəsində qeyd olunmuşdur ki, 2017-ci ilin aprel ayına qədər mənzilin hər kvadrat metri üçün 0,60 AZN kommunal xərc müəyyən olunsa belə, həmin tarixdən bu rəqəm artıq hər kvadrat metr üçün 0,89 AZN olaraq hesablanmışdır. Bu hissədə də, İddiaçı hər hansı razılığı olmamış, aralarında müqavilə bağlanmamış və kommunal xərclər birtərəfli qaydada atrırılmışdır. Hazırda Cavabdeh MMM, “xxxx” MTK ilə İddiaçı arasında müqavilə bağlanan tarixdən kommunal xidmət haqlarını tələb edir. Halbuki, həmin tələb hüququ yalnız “xxxx” MTK-ya məxsus olmuşdursa da, “xxxx” MTK tərəfindən bu günə kimi hər hansı bir tələb irəli sürülmədiyindən iddia müddəti də artıq ötürülmüşdür. Yəni həmin dövr üçün kommunal xidmət haqqını tələb etməyə dair Cavabdeh MMM-in subyektiv hüququ yoxdur. Tərəflər arasında yazılı müqavilənin olmaması faktı bu tələbin də irəli sürülməyini qeyri-mümkün edir. Cavabdeh MMM-in hazırkı iddia tələbi üzrə əsaslandığı müqavilə həmin hüquqi şəxslə “xxxx” MTK arasında olan xx.xx.2006-cı il tarixli müqavilədir. Həmin müqavilənin 2.2.4-cü maddəsində qeyd olunmuşdur ki, yaşayış binasının sakinləri ilə müqavilə bağlamaq öhdəliyi Cavabdeh MMM-in üzərinə qoyulmuşdur. Yəni Cavabdeh MMM hazırkı müqavilədən gələcəkdə “xxxx” MTK ilə müqavilə bağlayan şəxslər qarşısında hər hansı üstünlük qazanmaq üçün istifadə edə bilməz. Digər tərəfdən, həmin müqavilənin əsli və ya notariat qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməli olduğu halda, surəti təqdim olunmuşdur. Müqavilənin həqiqi olduğu da müəyyən olunmur, belə ki, müqavilənin nömrəsi qeyd olunmamışdır. Yəni həmin müqavilə ümumiyyətlə sübut əhəmiyyəti daşımır. Cavabdeh MMM də apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, İddiaçı məxsus mənzil olan bina “xxxx” MTK tərəfindən inşa edildikdən sonra sakinlər tərəfindən məskunlaşmağa başlanılmışdır. 2007ci ilə kimi bina daxili imkanlar hesabına saxlanmış, daha sonra isə Cavabdeh MMM-ə idarəçiliyə verilmişdir və kommunal xidmətlər göstərilmişdir. İddiaçı mənzilinə kommunal xidmətlər dövrü dekabr 2009-cu ildən başlanmışdır. “xxxx” MTK ilə İddiaçı arasında imzalanan xx.xx.2009-cu il tarixli müqavilənin 3.2-ci bəndinin “b” və “c” yarımbəndlərinə əsasən, İddiaçı üzərinə öhdəçilik götürmüşdür ki, payçıya ayrılan mənzilin və binanın ümumi istifadəsindən onun hissəsinə düşən xərcləri vaxtı-vaxtında, ilk dəfə 12 ay qabaqcadan ödəyəcək və xidmət müqaviləsi imzalayacaq. İlk iddiaya görə İddiaçı aralarında müqavilə olmamasına istinad etmişdir. Lakin xx.xx.2017-ci il tarixli müqavilə poçt vasitəsilə İddiaçı göndərilmiş və onun tərəfindən qəbul edilmişdir. İddiaçı isə xidmət müqaviləsinin imzalanması və ya kommunal xidmətlə əlaqədar olaraq təklifləri barədə bildiriş verməmiş, qəsdən müqaviləni imzalamaqdan yayınmışdır. Dəfələrlə onun nümayəndəsinə də bu barədə bildirilmiş, təmirə başlayanda bütün ödənişlərin ödəniləcəyinə söz verilmişdir. İddiaçı uzun müddətdir ki, ümumi sahəsi 218 kv.m. olan mənzilə sahiblik edir. Onun mənzildən istifadə etməməsi ümumi xərclər üzrə ödənişləri icra etməməsinə haqq qazandırmır. Hazırda Cavabdeh MMM-ə həmin mənzil üçün cəmi 14.222,32 manat borcu yaranmışdır. Borcun dövrü dekabr 2009-mart 2018-ci illəri əhatə edir. Borc iki dövrə ayrılır. Birinci dövr olan dekabr 2016-cı ilə kimi borc 218 kv.m. mənzil sahəsi üçün hər kv.m. üçün 0,60 AZN hesabı ilə 85 ayı əhatə edir. İkinci dövr isə yanvar 2017-ci ildən mart 2018-ci ildə daxil olmaqla 218 kv.m. mənzil sahəsi üçün 0,89 AZN olmaqla 16 ayı əhatə edir. “xxxx” MTK-nın üzvlərinin ümumi iclasının 26/2 nömrəli, xx.xx.2010-cu il tarixli çıxarış protokolunda, İddiaçı “xxxx” MTK-nın İdarə Heyətinə xx.xx.2009-cu il tarixli ərizəsində, həmin tarixli alqı-satqı müqaviləsində 218 kv.m. mənzil sahəsinin İddiaçı ayrılması xx.xx.2017-ci il tarixli mənzil kommunal xidmət haqqına dair müqavilədə 217,2 kv.m. sahəsi üzrə ödəniş aparılması, 1535 saylı, xx.xx.2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatda 26 saylı mənzilin sahəsi 218 kv.m. göstərilsə də, məhkəmə qeyd edilənləri nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, özlərinin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını, Cavabdeh MMM-in şikayətinin isə rədd olunmasını xahiş etdi. Cavabdeh MMM-in nümayəndəsi, özünün apellyasiya şikayətini müdafiə edərək həmçinin bildirmişdir ki, İddiaçılə aralarında yaranan mübahisə onun kommunal xidmət haqlarını ödəməməsi ilə bağlıdır. Belə ki, 2009-cu ildən etibarən ona məxsus 26 saylı mənzilə xidmət göstərilir. 2018-ci ilin təxminən may ayından etibarən tərəflər arasında kommunal xidmətlərlə bağlı müqavilə bağlanmaqla, ödənişlər həyata keçirilir. Lakin İddiaçı heç vaxt mənzildə yaşamadığını və Cavabdeh MMM ilə arasında yazılı müavilə bağlanmadığını bildirərək, əvvəlki illər üzrə yaranmış borcu ödəməkdən yayınır. Halbuki, müqavilənin olmaması onu ümumi kommunal xidmətlərin haqqını ödəməkdən azad etmir. Ona görə də, xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək yaranmış 5447,37 manat ödənilməmiş borcu tələb etməklə bu barədə ərizəni məhkəməyə tədim edirlər. Odur ki, apellyasiya şikayətlərinə qeyd edilən üç il dövr həddində baxılmasını, İddiaçı şikayətinin isə rədd olunmasını xahiş edirlər. Kollegiya, qətnaməni apellyatorların mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətlərin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, «xxxx» MTK ilə «Xəzər Mənzil Servis» MMM arasında bağlanmış xx.xx.2006-cı il tarixli ilə «yaşayış binasının idarəetmə və istismarının Cavabdeh MMM-ə tapşırılması haqqında» müqaviləyə ilə, ünvan 1 ünvanındakı 1 girişli yaşayış binasının idarəetmə və istismarı xx.xx.2007-ci il tarixdən 20 illik müddətə sonuncuya tapşırılmışdır. “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən, MTK, ünvan 2 ünvanı üzrə tikiləcək binanın tikintisi başa çatdıdan sonra həmin binanın 11-ci mərtəbəsində, ümumi sahəsi 218 kv.m. olan, 4 otaqlı, 26 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci maddəsinin “b” və “c” bəndlərinə əsasən, İddiaçı, tikintisi başa çatdıqdan sonra tikiləcək bina Kooperativin balansına alınan tarixdən etibarən payçıya ayrılmış mənzilin və binanın ümumi sahəsindən onun payına düşən hissəsinə proporsional olaraq binanı idarəçiliyə götürən və sakinlərə xidmət göstərən müəssisəyə kommunal, istismar və xidməti xərclərinin (ilk dəfə 12 ay qabacadan) vatlı-vaxtında ödənilməsini, öz payına düşən hissəsinə proporsional olaraq binanı idarəçiliyə götürən və sakinlərə xidmət göstərən müəssisə ilə müqavilə bağlamağı öz öhdəsinə götürmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya MA № ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2, 26 saylı ümumi sahəsi 178,7 kv.m. olan mənzil xx.xx.2010-cu il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Cavabdeh MMM-in XMS-21 nömrəli, xx.xx.2019-cu il tarixli arayışına əsasən, ünvan 2, 26 saylı ümumi sahəsi 218 kv.m. olan mənzil üzrə dekabr 2009-dekabr 2016-cı illər üçün (218 kv.m. x 0,60 AZN=130,80 AZN aylıq borc x 85 ay) 11.118 AZN; yanvar 2017may 2019-cu illər üçün isə (218 kv.m. x 0,89 AZN=194,02 AZN aylıq borc x 29 ay) 5626,58 AZN olmaqla, cəmi 16.744,58 AZN borc hesablanmışdır. Hazırda ilk iddia üzrə İddiaçı, ona məxsus mənzildən məneəsiz istifadənin təmin edilməsi, Cavabdeh MMM tərəfindən yaradılmış məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, İddiaçı bu tələbini irəli sürməkdə haqlı olmuşdur. Həmin maddəyə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçıların həmin tələblə çıxış edə bilməsi üçün bir neçə şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması; cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi. Hazırkı işdə mübahisəli mənzil İddiaçı mülkiyyətindədir. Tərəflərin izahatlarından və qarşılıqlı iddianın məzmunundan görünür ki, Cavabdeh MMM kommunal xidmət haqqını ödəmədiyinə istinad edərək, İddiaçı mənzildə təmir işləri aparmasına, liftdən istifadəsinə, mənzilə su, elektrik enerjisi və qazın verilməsinə məhdudiyyətlər yaratmaqla onun mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik yaratmışdır. Göründüyü kimi, İddiaçı iddiası üzrə Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozisiya şərtləri müəyyən olunduğundan, birinci instansiya məhkəməsi tərəfindən ilk iddianın təmin edilməsi qanuni və əsaslıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMM isə cavabdeh İddiaçı tərəfindən kommunal xidmətlərdən istifadəyə görə ödənilməmiş borcu tələb edir. İddiaçı, mübahisəli mənzildə yaşamadığını, Cavabdeh MMM-lə aralarında xidmət göstərilməsinə dair yazılı müqavilə olmadığını, mənzilin yerləşdiyi binanı idarə etmək üçün MMM-in subyektiv hüququnun olmadığını bildirərək iddiaya etiraz edir. Kollegiya, əvvəlcə onu vurğulayır ki, İddiaçı Cavabdeh MMM-in binanın idarə edilməsi üçün subyektiv hüququnun olmaması barədə mövqeyi əsaslı deyil. Ona görə ki, işdə olan «xxxx» MTK ilə «Xəzər Mənzil Servis» MMM arasında bağlanmış xx.xx.2006-cı il tarixli ilə «yaşayış binasının idarəetmə və istismarının Cavabdeh MMM-ə tapşırılması haqqında» müqavilədən görünür ki, ünvan 1 ünvanındakı 1 girişli yaşayış binasının idarəetmə və istismarı xx.xx.2007-ci il tarixdən sonuncuya tapşırılmışdır. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən hesab edir ki, Cavabdeh MMM, kommunal xidmət haqqı borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Mənzil Məcəllənin 135.2.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Həmin Məcəllənin 137.1-ci və 137.6-cı maddələrinə görə, çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. MM-in 137.8–137.10-cu maddələrinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Baxılan işdə mübahisəli dövr üzrə tərəflər arasında kommunal xidmətlərlə bağlı müqavilə bağlanması faktı mövcud olmasa da, İddiaçı binanı idarə edən təşkilat olaraq Cavabdeh MMM-lə belə bir müqavilə bağlamasının zəruriliyi yuxarıda qeyd olunan normaların tələblərindən irəli gəlir. İşdən görünür ki, Cavabdeh MMM, İddiaçı bildiriş ünvanlamaqla müqavilə bağlamağı təklif etsə də, İddiaçı bundan imtina etmişdir. Eyni zamanda, tərəflərin bildirdiklərinə görə, hazırda aralarında müqavilə bağlanmaqla müvafiq ödənişlər həyata keçirilir. Kollegiya, qeyd olunanları nəzərə alaraq hesab edir ki, ünvan 2, 26 saylı mənzil, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2010-cu ildən qeydə alındığından, həmin tarixdən etibarən binanı idarə edən Cavabdeh MMM-ə binanın saxlanılması xərclərini ödəmək öhdəliyi vardır və İddiaçımənzildən istifadə etməməsi onu bu öhdəlikdən azad etmir. İddiaçı, iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim edərək, kommunal xidmətərə görə yığılmış borcun ödənilməsi tələbinin iddia müddətinin keçməsinə görə rədd olunmasını xahiş etmişdir. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırkı işdə mübahisə vaxtaşırı ödənilməli olan kommunal xidmət haqqı borcuna görə yarandığından, tələbə üç illik iddia müddəti şamil edilir. Belə olan halda, İddiaçı kommunal xidmətlərə görə iddianın qaldırıldığı xx.xx.2018-ci il tarixdən əvvəlki üç il üçün yığılmış borcun tutulması, bundan əvvəlki dövr üçün hesablanmış borcun ödənilməsi tələbinin rədd edilməsi əsaslıdır. Kollegiya onu da qeyd edir ki, Cavabdeh MMM, alqı-satı müqaviləsinə istinad edərək, borc məbləğini mənzilin ümumi sahəsini 218 kv.m. götürməklə hesablasa da, daşınmaz əmlakın dövlət reysetrindən əldə olunmuş rəsmi məumatda mənzilin ümümi sahəsinin 178,7 kv.m. olduğu göstərilmişdir. Eyni zamanda, V.Ələsgərovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, özəl fonda aid çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmət şərtlərinin keyfiyyətcə yaxşılaşdırılmasında və xidmət xərclərinin müəyyən edilməsində azaddırlar. Odur ki, birinci instansiya məhkəməsinin iddia müddətini tətbiq etməklə, ümumi sahəsi 178,7 kv.m. olan mənzilə görə borcu xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan 20 ay dövr üçün 0,60 AZN hesabı ilə 2144,40 manat, xx.xx.2018-ci il tarixədək olan 16 ay dövr üçün isə 0.89 AZN hesabı ilə 2544,80 manat olmaqla, cəmi 4.689,20 manat məbləğində müəyyənləşdirməsi əsaslı olmuşdur. Bu qənaətə gələrkən Kollegiya onu da nəzərə alır ki, Cavabdeh MMM, qarşılıqlı iddiasında ödənişlərin xx.xx.2019-cu il tarixədək tutulmasını tələb etsə də, apellyasiya baxışında verdikləri izahat və ərizədə xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək olan dövr üzrə borcun tutulmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin qətnaməsi həmin dövrü əhatə etdiyi üçün Kollegiya, apellyatorun ərizəsini (2018-ci ilin aprel ayından sonrakı dövrün mübahisələndirilmədiyini) və prosessual qənaət prinsipini nəzərə alaraq sonrakı dövr üzrə araşdırma aparmağa zərurət görmür. Qeyd olunanları nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh MMM-in apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin2(006)-232/2019 saylı iş üzrə xx xxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Zaur Əliyev
Məhkəmə qərarları › İş №2(103)-1540/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1540/2020
27.02.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver