Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1540/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı üzrə iddia üzrə cavabdeh İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” barədə ilkin, Cavabdeh İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına qarşı “ipoteka müqaviləsinin ləğv olunması və ipotekaya xitam verilməsi” barədə qarşılıqlı iddia tələbləri üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının adından “X2 Edilməsi Agentliyi” MMC-nin icraçı direktoru tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı (BOKT) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 226,06 manat əsas, 3981,51 manat faiz borcuu olmaqla cəmi 15 207,57 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq BOKT-un xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan “X4 5” minik markalı (buraxılış ili 2013, ban - GWDBE175DC675049, rəngi - ağ), **-GL-*** dövlət qeydiyyat nömrəli avtomobilə yönəldilərək avtomobilin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh tutulub BOKT-un hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. BOKT iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC (bank) arasında bağlanmış “tələb hüququnun güzəşt edilməsi”nə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmiş, İddiaçı QSC ilə “X2 Edilməsi Agentliyi” MMC arasında 16.09.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İddiaçı QSC-yə keçmiş "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X2 Edilməsi Agentliyi” MMC həyata keçirməyə başlamışdır. Qeyd olunan Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər 26.12.2017-ci il tarixli S-AVK- 1784 saylı təhvil-təslim aktına əsasən “X2 Edilməsi Agentliyi” MMC-yə verilmişdir. "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 08.01.2014-cü il tarixli 658 G saylı kredit müqaviləsinə əsasən ona avtomobil almaq məqsədi ilə illik 19%-lə, 48 ay müddətinə 15 430 manat məbləğində kredit verilmiş, kredit öhdəliyinin təminatı olaraq Cavabdeh mülkiyyətindəki **-GL-*** dövlət qeydiyyat nömrəli “X5 5” minik markalı avtomobili 08.01.2014-cü il tarixli 658 G saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun banka 11 226,06 manat əsas, 3981,51 manat faiz borcuu olmaqla cəmi 15 207,57 manat borcu qalmışdır. Kredit borcunun qaytarılması barədə ona dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq, Cavabdeh kredit borcu və ona hesablanmış faizləri qaytarmamışdır. Cavabdeh isə "xxxx" QSC BOKT-a qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, "xxxx" ASC ilə aralarında bağlanmış 08.01.2014-cü il tarixli 658 G saylı ipoteka müqaviləsinin ləğv, mülkiyyətində olan “X5 5” minik markalı (buraxılış ili 2013, ban- GWDBE175DC675049, rəngi- ağ), **-GL-*** dövlət qeydiyyat nömrəli avtomobilin ipoteka yüklülüyündən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, ilk dövrlərdə kredit ödənişlərini qrafik üzrə vaxtı-vaxtında ödəsə də sonradan işlərində bəzi problemlər yarandığından borcu ödəməkdə çətinlikləri ortaya çıxmış, bundan sonra bank 29.12.2020ci il tarixdə ona qarşı iddia qaldırmış, həmin iddia ərizəsi Yasamal Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmış, qərardaddan bankın verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin 12.07.2021-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş, Yasamal Rayon Məhkəməsinin 12.08.2021-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Hazırda bank yenidən ona qarşı iddia qaldırıb, halbuki 6-7 ilə yaxın müddətdir ki, banka olan borcundan ödəniş etmir, bu illər ərzində dəfələrlə banka müraciət edərək faiz və dəbbə pulunun silinməsini və əsas məbləğin yeni qrafıkə salınmasını xahiş etsə də, bankın nümayəndəsi bu təkliflə razılaşmamışdır. Bank ilk dəfə 29.12.2020-ci il tarixdə iddia qaldırması iddia müddətinin ötürülməmiş hesab olunmasına əsas vermir, çünkü iddia baxılmamış saxlanıldıqda iddia müddətinin axımı dayanmır. Bank hazırkı iddia ərizəsini 27.09.2021-ci il tarixdə poçta təhvil vermiş, ərizə 01.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Kredit müqaviləsinin bağlanmasından 7 il 10 ay, son ödənişdən isə 6 ildən artıq bir müddət keçmiş, beləliklə bank iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Buna görə də bankın iddia tələbi rədd olunmalı, ipoteka müqaviləsi ləğv olunaraq mülkiyyətində olan avtomobil ipoteka yüklülüyündən azad edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunması, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 08.01.2014-cü il tarixli 658 G saylı kredit və ipoteka müqavilələrinin ləğv edilməsi, Cavabdeh mülkiyyətində olan “X5 5” minik markalı (buraxılış ili 2013, ban- GWDBE175DC675049, rəngi- ağ), **-GL-*** dövlət qeydiyyat nömrəli avtomobilin ipoteka yüklülüyündən azad olunması, ödənilmiş 10 (on) manat dövlət rüsumunun "xxxx" QSC BOKT-dan alınıb Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamədən "xxxx" QSC BOKT-un adından “X2 Edilməsi Agentliyi” MMCnin icraçı direktoru apellyasiya şikayəti verərək qətnamənin ləğv, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi, bankın iddia tələbinə əsassız bir şəkildə iddia müddətini tətbiq etdiyi, iddia müddətinin ötürülmədiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qərardadı ilə mümkün hesab edilmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməli, "xxxx" QSC BOKT-a səlahiyyətli şəxs tərəfindən imzalanmış şikayətlə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Belə ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” 11.08.2015-ci il tarixli müqaviləyə görə bankın problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmiş, 02.10.2015-ci il tarixdə İddiaçı QSC-nin nizamnaməsinə “Fərmanda nəzərdə tutulmuş aktivlərin Kredit Təşkilatı tərəfindən alınması və idarə olunması ilə bağlı qərarları Nizamnaməyə uyğun olaraq Kredit Təşkilatının Səhmdarlarının Ümumi Yığıncağı, Müşahidə Şurası, Təftiş Komissiyası və İdarə Heyəti qəbul edir. Həmin aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeleyində yaradılmış hüquqi şəxs statuslu qurum vasitəsi ilə həyata keçirir” məzmununda 2.5-ci bənd əlavə edilmişdir. “X2 Edilməsi Agentliyi” (BAİEA) MMC-nin Nizamnaməsinə görə MMC, Fərmanla İddiaçı QSC-yə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində iştirak etmək məqsədi ilə yaradılmışdır, onun təsisçisi İddiaçı QSC-dir, cəmiyyət müstəqil balansa, kredit təşkilatlarında cari və hesablaşma hesabına, habelə digər hesablara, möhürə, müvafiq ştamplara və blanklara malikdir, öz adından müqavilələr bağlayır, əmlak və şəxsi qeyriəmlak hüquqları əldə edir və vəzifələr daşıyır, məhkəmələrdə iddiaçı və cavabdeh kimi çıxış edir, öz öhdəliklərinə görə bütün əmlakı ilə məsuliyyət daşıyır, tərəflərin öz üzərlərinə götürdükləri öhdəliklər istisna olmaqla, cəmiyyət dövlətin, dövlət isə cəmiyyətin öhdəliklərinə görə məsuliyyət daşımır. "xxxx" MMC-nin Nizamnaməsinin 3-cü bəndinə əsasən, cəmiyyətin əsas məqsədi Fərmanın icrasını təmin etmək məqsədilə Fərmanın 1-ci hissəsinə uyğun olaraq İddiaçı QSC tərəfindən alınmış aktivlərin idarə edilməsindən ibarətdir və cəmiyyət aktivlərin idarə edilməsində iştirak edərkən aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: … 3.2.2. ödəmə vaxtı keçmiş borcların (faizlərin) qaytarılması və borcalanlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və s.) görür. … Beləliklə aydın olur ki, "xxxx" ASC-nin problemli kreditləri üzrə tələb hüququ İddiaçı QSC-yə ötürülmüş, sonuncu da həmin problemli kreditlərin əldə edilməsindən yaranacaq aktivlərin idarə edilməsi məqsədilə "xxxx" MMC-ni təsis etmişdir. Bununla belə sonuncu, müstəqil hüquqi şəxsdir və öz öhdəliklərinə görə müstəqil məsuliyyət daşıyır. Düzdür, "xxxx" MMC-nin nizamnaməsində aktivlərin idarə edilməsi məqsədilə kredit borclarının qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmaq imkanı ehtiva olunmuşdur, lakin nəzərə almaq lazımdır ki, İddiaçı QSC tərəfindən tələb hüququ "xxxx" MMC-yə ötürülmədiyindən, sonuncu müstəqil şəkildə belə bir hüquqa malik deyil. Digər tərəfdən işin hallarından görünür ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əvvəllər qaldırdığı eyni iddia tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmış, qanuni qüvvədə olan həmin qərardad isə aşağıdakı kimi əsaslandırılmışdır: “Güzəşt edilmiş problemli aktivlərlə bağlı tələb etmə hüququ “Aqrarkredt" QSC-yə keçmiş, sonuncu isə bu işlərlə məşğul olmaq üçün (idarəetmə və hüquq xidmətlərinin göstərilməsi) Agentliklə xidmət müqaviləsi bağlamışdır. Xidmət müqaviləsinin 2.1.4-cü bəndindən görünür ki, Agentliyə problemli aktivlər üzrə mövcud borcların ödənilməsi tələbi ilə Azərbaycan Respublikasının bütün məhkəmə instansiyalarında, icra orqanlarında, dövlət orqanlarında iştirak etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə, o cümlədən MPM-nin 74.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyətlər verilmişdir. Müqavilənin 2.4-cü bəndinə görə, problemli aktivlərlə bağlı müqavilədə qeyd olunan xidmətlərin icrası məqsədilə "xxxx" QSC tərəfindən Agentliyin icraçı direktoruna müvafiq səlahiyyətlərin təsbit edildiyi etibarnamə verilir. Eləcə də müqavilənin ümumi məzmunundan açıq-aşkar aydın olur ki, Agentlik yalnız nümayəndəlik funksiyalarını yerinə yetirmək səlahiyyətində olmuşdur. Nümayəndəlik institutunda baş vermiş dəyişikliklərə gorə hüquqi şəxsi yalnız qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edə bilərlər. (MPM-in 69.2-cı m.) Eləcə də nəzərə almaq lazımdır ki, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir (MPM-in 73.1 -cı m.). Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir (MPM-in 73.4-cü m.). Göründüyü kimi, hüquqi şəxsin nümayəndəsi ya qanun hüquqi akt və ya təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, ya əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri, ya da vəkillər ola bilərlər. Agentlik isə göstərilənlər sırasına daxil deyildir. Ona görə də o, tərəflər arasında “Xidmət müqaviləsi” bağlanmasına baxmayaraq, qanunla nümayəndəlik institutuna edilmiş dəyişikliklərdən sonra ‘Aqrarkredt’ QSC-nın məhkəmədə nümayəndəsi ola bilməz”. İşin hallarından aydın olur ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı məhz həmin qərardadın çıxarılmasından sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsini BOKT-un İdarə Heyətinin sədri imzalamış və məhkəmədə müvafiq icraat başlanmış, buna baxmayaraq apellyasiya şikayəti BOKT-un adından “X2 Edilməsi Agentliyi” MMC-nin icraçı direktoru Süleyman Bəkirov tərəfindən imzalanmışdır. Halbuki yuxarıda göstərildiyi kimi, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı əvvəllər qaldırdığı eyni iddia tələbinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmasının səbəbi iddia ərizəsinin məhz “X2 Edilməsi Agentliyi” MMCnin icraçı direktoru tərəfindən imzalanması olmuşdur. Kollegiya bir daha qeyd edir ki, belə bir imkan 01.01.2018-ci il tarixədək mümkün olmuşdur; belə ki, həmin tarixədək Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə nəzərdə tutulmuşdur ki, hüquqi şəxslər məhkəmədə qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş orqanlar, yaxud hüquqi şəxslər tərəfindən bu məqsədlərlə vəkil edilmiş nümayəndələri vasitəsi ilə təmsil olunurlar. Yəni, hüquqi şəxs istənilən hüquqi və ya fiziki şəxsə etibarnamə verməklə həmin şəxs vasitəsilə məhkəmədə təmsil oluna bilərdi. Lakin 31 oktyabr 2017-ci il tarixli 853- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə edilmiş dəyişiklikdən sonra belə imkan aradan qalxmışdır və artıq hüquqi şəxsin nümayəndəsi ya qanun hüquqi akt və ya təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, ya əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri, ya da vəkillər ola bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci və 363.1.2-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Kollegiya onu da qeyd edir ki, mülki iş apellyasiya instansiyasına daxil olduqdan sonra həmin apellyasiya şikayəti üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyri-mümkün hesab edilməsinə mane olmur. Belə ki, qeyri-mümkünlük üçün hazırda istinad olunan hal apellyasiya mümkün hesab edilərkən diqqətdən yayınmışdır; mülki-prosessual qanunvericlik isə bu kimi hallarda apellyasiyanın sonradan qeyri-mümkün hesab edilməsini istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2020-ci il tarixli qərardadı ləğv olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6754/2021 saylı iş üzrə 07 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının adından “X2 Edilməsi Agentliyi” MMC-nin icraçı direktoru tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Mülki iş apellyasiya baxışından çıxarılsın. "xxxx" QSC BOKT-a izah olunsun ki, səlahiyyətli şəxs tərəfindən imzalanmış apellyasiya şikayəti vermək hüququna sahibdir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1540/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1540/2022
10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver