Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1543/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)-1241/2020 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, nəticədə onunla cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən irəli gələn tələblərə uyğun olaraq mənzil təhvil verilmədiyindən, əksik verilən 6,14 kv.m sahə qarşılığında 9210 manat məbləğində kompensasiyanın, vurulmuş 1592 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi ziyanın cavabdehdən xeyrinə tutulması, həmçinin onun xəstəxana üçün çəkdiyi bütün xərclərin cavabdehə aid edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında "Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair" xx.xx.2017-ci il tarixli müqavilə bağlanmış və müqavilənin 1.1-ci bəndinə əsasən Nəsimi Rayon İcra Hakimiyyətinin bu işlərə Sifarişçi kimi rəhbərlik edilməsi məqsədi ilə cəlb etdiyi cavabdeh tikinti şirkəti ilə podrat münasibətləri müəyyən edilmişdir və həmin müqavilədən irəli gələn öhdəliklərə əsasən Nəsimi rayonu, Azadlıq prospekti, İzzət Həmidov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin əhatə etdiyi ərazidə İzzət Həmidov küçəsi, ev 16-da yaşayış üçün təhlükəli vəziyyətdə olan bir mərtəbəli 2 otaqlı mənzilin olduğu yaşayış binasının söküntüsü və bu sahədə söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş 29,3 kv.m olduğu halda faktiki ümumi sahəsi 28,39 kv.m. (sənədləşdirilməmiş 13,8 kv.m zirzəmi istifadəsində olduğu da nəzərə alınaraq) həddində və ondan 15 faiz sahə əlavə edilməklə uyğun şəraitli bir otaqlı mənzilin inşasını və orta səviyyədə təmirini təmin edəcək, "Sifarişçi" isə inşa edilmiş bu mənzili "Mülkiyyətçi"nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Bu zaman "Mülkiyyətçi"nin ailə üzvünün səhhəti nəzərə alınaraq ona mənzil aşağı mərtəbədə təqdim ediləcək." Həmçinin həmin müqavilənin 2.1-ci bəndi ilə "Mülkiyyətçi"nin hüquq və vəzifələri müəyyən edilmiş və həmin bəndin 2.1.5-ci yarımbəndində "Mülkiyyətçi"nin "Podratçı"dan hazırki müqavilədə göstərilən müddətdə və razılaşdırılmış şərtlərə uyğun şəkildə mənzili tələb etmək hüququ qeyd edilmişdir. Lakin, cavabdeh müqavilə şərtlərinə uyğun mənzil təklif etməmişdir. Belə ki, müqavilənin 1.1-ci bəndinə əsasən mülkiyyətçilər ailə üzvlərinin yaşlarını və səhhətini, həmçinin onların əvvəlki yaşam tərzini nəzərə alaraq sökülən mənzilin yerinə inşa edilmiş binanın aşağı mərtəbələrindən mənzilin verilməsini öhdəsinə götürməsinə baxmayaraq, ilkin olaraq 11-ci mərtəbədən, sonra, uzun çəkən danışıqlardan sonra 7-ci mərtəbədən təklif edilmişdir. Bununla yanaşı, müqavilə şərtlərinə görə yeni inşa edilmiş binadan mülkiyyətçiyə ayrılacaq mənzilin sahəsi 48,5 kv.metr olaraq müəyyən edilmişdir. Belə ki, müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, "bu binada "Mülkiyyətçi"nin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş 29,3 kv.m. olduğu halda faktiki ümumi sahəsi 28,39 kv.m (sənədləşdirilməmiş 13,8 kv.m zirzəmi istifadəsində olduğu da nəzərə alınaraq) həddində və ondan 15 faiz sahə əlavə edilməklə uyğun şəraitli bir otaqlı mənzilin inşasını və orta səviyyədə təmirini təmin edəcək." Yəni 28,39 kv.m+13,8 kv.m+15%=42,19+6,33=48,52 kv.m, lakin ona ayrılan mənzilin sahəsi 42,38 kv.m təşkil edir və beləliklə 6,14 kv.m müqavilə şərtlərindən əksik müəyyən edilmişdir. Bundan başqa müqaviləyə əsasən cavabdehin onun qarşısında 300 manat məbləğində kirayə haqqı ödənilməsi öhdəliyi müəyyən edilmiş, lakin, cavabdeh bu öhdəliyi lazimı qaydada icra etməmiş və 300 manat əvəzinə 297 manat vəsait köçürmüşdür. Ona görə də, bu məbləğ xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi 23 ay üçün 69 manat təşkil etmişdir. Bundan başqa, cavabdeh mənzili lazımi səviyyədə təmir edib təhvil verməli olduğu halda, mənzildə istilik sistemi quraşdırılmamış, hamamda isə su qapının çıxışında yığılmışdır. Buna görə də məcburiyyət qarşısında qalıb istilik sisteminin quraşdırılması üçün 765 manat vəsait xərcləmiş, habelə mənzili yaşamaq üçün yararlı vəziyyətə gətirmək üçün əlavə olaraq 764 manat xərc çəkmişdir. Bundan başqa, cavabdehin belə vicdansızcasına yanaşması nəticəsində yaşlı valideynləri, əsasən də atası çox sıxıntı və sarsıntı keçirmiş, nəticədə xx.xx.2020-ci il tarixdə işemik insult diaqnozu ilə 1 saylı X2 reanimasiya şöbəsinə yerləşdirilmişdir, hazırda vəziyyəti ağırdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)- 1241/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 9210 manat məbləğində kompensasiyanın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və iş üzrə aparılmış qiymətləndirmə tədqiqatlarının dəyəri - ümumilikdə 500 manatın Cavabdeh MMC-dən tutularaq “xxxx” MMC, VÖEN **********, AZ65UBAZ**********0060AZN001, "UNİBANK" KB-nin 11 saylı Dərnəgül filialı, KOD502058 VÖEN **********, Müxbir hesab AZ46NABZ******************** SWİFT NABZAZ2C hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayəti verilmişdir. İddiaçı apelyasiya şikayətində qətnamənin qismən, tələbin maddi və mənəvi ziyanla bağlı təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə görə, qətnamə iddianın təmin edilməyən hissəsində əsassızdır, məhkəmə müqavilənin 2.2.5-ci və 2.2.6-cı maddələrinin tələblərini nəzərə almamışdır. İddia ərizəsinə əlavədə mənzildə aşkar edilmiş nöqsanlar barədə sübutlar əlavə etmişdir. Usta xərcləri ilə bağlı sübutları məhkəmə mötəbər hesab etməmişdir, hansı ki, cavabdeh tərəf onları mübahisələndirməmişdir, məhkəmə həmin halları sübut etmək üçün ona şərait yaratmalı idi. Sökülən və yerində yeni tikilən binada onun yaşlı valideynləri yaşadığı üçün müqavilədə aşağı mərtəbədə mənzilin verilməsi kimi şərt əlavə edilmişdir. Cavabdehin müqavilə öhdəliklərini vaxtında və lazimı qaydada icra etməməsi nəticəsində atası böyük sarsıntı keçirmiş, qış aylarında istilik sistemi ilə təmin edilməmiş mənzilə köçmək məcburiyyətində qalmış, bütün bunlar onun səhhətinə mənfi təsir göstərmiş və bu mübahisə davam etdiyi dövrdə vəfat etmişdir. Cavabdeh MMC-nin apelyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, MMC müqavilə üzrə öhdəliklərini icra edərək, iddiaçıya yeni inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 42,47 kv.m. təşkil edən 146 saylı mənzil vermişdir, iddiaçıya məxsus olan evin faktiki sahəsi 28,39 kv.m olmaqla və ona əlavə 15% hesablanmaqla, zirzəmi də nəzərə alınmaqla iddiaçı 42,47 kv.m sahəsi olan yeni mənzillə təmin edilmişdir. İddiaçının ona məxsus olduğunu iddia etdiyi ümumi sahəsi 13,8 kv.m olduğunu bildirdiyi zirzəminin həqiqətən də iddiaçıya məxsus olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Zirzəmi iddiaçının mülkiyyətində olmadığı halda məhkəmə onun ümumi sahəsi 13,8 kv.m hesablanmaqla və həmin sahənin 15% əlavə həcmində iddiaçıya sahə verilməsi qənaətinə gəlmişdir. Halbuki iddiaçı və cavabdeh arasında bağlanmış müqavilədə zirzəminin ölçüsü həddində kv.m hesablanması deyil, sadəcə zirzəmi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmadığından həmin zirzəminin sahəsi nəzərə alınmaqla iddiaçıya yeni tikiləcək binada mənzil verilməsi göstərilmişdir. İddiaçı da məhz həmin müddəa ilə razı olmuş, şəxsən müqaviləni imzalamışdır. Tərəflər arasında bağlanmış müqavilədə iddiaçıya verilməli olan mənzilin ümumi sahəsi konkret olaraq göstərilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili təmsil etdiyi şəxsin apelyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili MMC-nin apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın təmin edilməmiş maddi zərərə görə 69 manat məbləğində pul tələbinə aid hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Nəsimi Rayon İcra Hakimiyyəti, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli "Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair" müqavilənin 1.1-ci maddəsinə əsasən NKnin xx.xx.2016-cı il tarixli 086 saylı qərarı ilə Nəsimi rayonunun sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair əlavə tədbirlər siyahısında Nəsimi rayonu ərazisində yerləşən qəzalı binanın sökülərək yenidən qurulması sahəsində görüləcək quruculuq işlərinin təşkili sahəsində Nəsimi Rayon İcra Hakimiyyətinin bu işlərə Sifarişçi kimi rəhbərlik edilməsi məqsədi ilə cəlb etdiyi cavabdeh tikinti şirkəti ilə podrat münasibətləri müəyyən edilmişdir və həmin müqavilədən irəli gələn öhdəliklərə əsasən Nəsimi rayonu, Azadlıq prospekti, İzzət Həmidov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin əhatə etdiyi ərazidə İzzət Həmidov küçəsi, ev 16 mənzil yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan bir mərtəbəli 2 otaqlı mənzilin olduğu yaşayış binasının söküntüsü və bu sahədə söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş 29,3 kv.m olduğu halda faktiki ümumi sahəsi 28,39 kv.m (sənədləşdirilməmiş 13,8 kv.m zirzəmi istifadəsində olduğu da nəzərə alınaraq) həddində və ondan 15 faiz sahə əlavə edilməklə uyğun şəraitli bir otaqlı mənzilin inşasını və orta səviyyədə təmirini təmin edəcək, "Sifarişçi" isə inşa edilmiş bu mənzili "Mülkiyyətçi"nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Bu zaman "Mülkiyyətçi"nin ailə üzvünün səhhəti nəzərə alınaraq ona mənzil aşağı mərtəbədə təqdim ediləcək. Cavabdeh tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 42,47 kv.m olan 146 saylı mənzil iddiaçıya verilmişdir. Göründüyü kimi, müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya ümumi sahəsi 48,52 kv.m (28,39 kv.metr + 13,8 kv.m + 15 faiz = 42,19 + 6,33 = 48,52 kv.metr) olan mənzil verilməli olduğu halda, sahəsi 42,47 kv.m olan mənzil verilmişdir. İddiaçıya verilmiş mənzilin sahəsi müqavilə üzrə verilməli olan mənzilin sahəsindən 6,05 kv.m (48,52 kv.m - 42,47 kv.m = 6,05 kv.m) əksik olduğundan, onun qarşılığının cavabdehdən iddiaçının xeyrinə kompensasiyanın tutulması barədə məhkəmə düzgün nəticəyə gəlmişdir. Bunun üçün məhkəmə qiymətləndirmə keçirmiş və “xxxx” MMC-nin “Daşınmaz əmlakın (mənzilin) qiymətləndirilməsi barədə” Hesabatına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, E.Tağızadə, S.Rüstəm və İ.Həmidov küçələrinin kəsişməsində inşa edilən hündür mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 146 saylı mənzilin ümumi sahəsinin 42,47 kv.m., mənzilin qiymətinin 93434 manat, mənzilin bir kv.m. dəyərinin 2200 manat olması müəyyən edilmişdir. Lakin məhkəmə haqlı olaraq, iddiaçı tələbində əksik verilmiş sahə qarşılığında 9210 manat tələb etdiyindən, iddia tələbi həcmində həmin məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, tərəflər arasında bağlanmış müqavilədə faktiki ümumi sahəsi 28,39 kv.m (sənədləşdirilməmiş 13,8 kv.m zirzəmi istifadəsində olduğu da nəzərə alınaraq) həddində və ondan 15 faiz sahə əlavə edilməklə uyğun şəraitli bir otaqlı mənzilin verilməsi öhdəliyini MMC üzərinə götürmüşdür. İddiaçı həmçinin 1592 maddi zərər tələb edir və tələbini onunla əsaslandırır ki, cavabdeh müqavilə şərtlərinə əsasən ona orta səviyyədə təmirli mənzil verməli olduğu halda, o, mənzili yaşamaq üçün yararlı vəziyyətə gətirməyə görə əlavə 764 manat xərc çəkmiş, həmçinin mənzildə istilik sistemi olmadığından kombi sisteminin quraşdırılması üçün 765 manat vəsait xərcləmişdir. Bundan başqa müqaviləyə əsasən cavabdeh hər ay 300 manat məbləğində kirayə haqqı ödənilməsi öhdəliyini lazimı qaydada icra etməmiş və 300 manat əvəzinə 297 manat vəsait köçürmüşdür, bu məbləğ xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi 23 ay üçün 69 manat təşkil edir. Kollegiya hesab edir ki, maddi zərər hissəsində iddiaçının tələbi qismən - 69 manat məbləğ hissəsində əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1.2-ci maddəsində mülkiyyətçinin yeni binanın “Mülkiyyətçi”lərinə aid hissəsinin tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün 300 manat kirayə haqqını tələb etmək hüququ, müqavilənin 2.2-ci maddəsində isə podratçının yaşayış üçün təhlükəli olan mövcud binadakı mənzildən “Mülkiyyətçi”nin müvəqqəti yaşayış yerinə köçürülməsi üçün “Mülkiyyətçi”yə 300 manat məbləğində vəsait ödəməsi vəzifəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, müqavilədə cavabdehin üzərinə iddiaçıya binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə hər ay 300 manat məbləğində kirayə haqqı verməsi öhdəliyi qoyulmuşdur. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan isə müəyyən edilir ki, cavabdeh tərəfindən hər ay iddiaçıya ödənilmiş 300 manatdan 1%, yəni 3 manat xidmət haqqı tutulmuş, ona görə də cavabdeh tərəfindən bu öhdəlik tam icra edilməmişdir. Belə olan halda, iddiaçının bununla bağlı tələbi əsaslıdır və bu hissədə iddiası təmin edilməlidir. İş materiallarında olan 0024939, 0024935, ******* və ******* saylı qaimə fakturalardan görünür ki, iddiaçı tərəfindən ümumilikdə 764 manat dəyərində təmir materialları alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli RNk-011256 saylı satış fakturasından görünür ki, iddiaçı tərəfindən «Kombi» aparatının alınması üçün 765 manat pul ödənilmişdir. Tərəflər arasında bağlanmış müqavilədə cavabdeh mənzili orta səviyyədə təmir etməyi öhdəsinə götürmüş və mənzil mülkiyyətçiyə təhvil verilən zaman tərəflərin iştirakı ilə mənzilə baxış keçirilmiş və xx.xx.2019-cu il tarixli “Təhvil-təslim aktı” tərtib edilmişdir (işdə aktın kserosurəti olsa da tərəflərin nümayəndələri onun mötəbərliyini mübahisələndirmədilər). Həmin aktda təhvil verilən mallar siyahısında istilik sisteminə aid olan radiator və «suşilka» (hamam otağında quruducu) da qeyd olunmuş, müqavilədə göstərilən orta səviyyəli təmir əhatə edilmişdir, kombi aparatının quraşdırılması öhdəliyi isə müqavilədə nəzərdə tutulmamışdur. Bundan başqa, aktdan göründüyü kimi, mülkiyyətçi (iddiaçı) qeyd etmişdir ki, «Mən məcburiyyət qarşısındayam ki, qol çəkim. Amma mərtəbə və mənzilin sahəsi müqaviləyə əsasən uyğun gəlmir.» Buradan aşkar olur ki, iddiaçı mənzil təhvil verilərkən ancaq mənzilin sahəsi və mərtəbəsi barədə narazılığını ifadə etmiş, mənzilin təmiri ilə bağlı hər hansı iradı olmamışdır. Kollegiya hesab edir ki, cavabdeh iddiaçıya müqavilə şərtlərinə uyğun orta təmirli mənzil təhvil verdiyindən (həmçinin mənzildə daxili istilik sistemi (radiatorlar və hamamda quruducu) quraşdırılmışdır) və «Kombi» aparatının quraşdırılması cavabdehin öhdəliyi olmadığından, həmin hissədə maddi zərər tələbi təmin edilə bilməz və məhkəmə də həmin hissədə iddianı təmin etməməkdə haqlı olmuşdur. Kollegiya iddiaçının mənəvi zərər hissəsində tələbini rədd edən birinci instansiya məhkəməsinin qənaətini də əsaslı hesab edir. Belə ki, “Təhvil-təslim aktı” tərtib edilərək, mənzil mülkiyyətçiyə təhvil verilmiş, iddiaçı (mülkiyyətçi) isə mənzilin sahəsi və mərtəbə barədə narazılığını qeyd etsə də, mənzili qəbul etməklə, mərtəbəyə dair dəyişdirilmiş müqavilə şərtləri ilə razılaşdığını ifadə etmişdir, odur ki, bu əsasla özünün və valideynlərinin mənəvi zərərə, o cümlədən atasına görə xəstəxana xərclərinə məruz qalmasına istinad edərək, cavabdehə qarşı tələb irəli sürməsi əsassızdır. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının valideynləri mənəvi zərərlə bağlı müstəqil iddia qaldırmamış, nə də bununla bağlı iddiaçıya müvafiq səlahiyyət verməmişlər. Digər tərəfdən, iddiaçı atasına görə çəkdiyi xəstəxana xərclərini də «mənəvi zərər» olaraq cavabdehdən tələb etsə də, həmin tələb «mənəvi» yox, «maddi zərər» tələbidir. Buna baxmayaraq, iddiaçı bu hissədə tələbini əsaslandıra və bununla bağlı hər hansı sübut təqdim edə bilməmiş (mərhum atasının məhz cavabdehin təqsiri üzündən xəstələnməsi və buna görə iddiaçının xəstəxana xərclərinə məruz qalması), ümumilikdə həmin tələb mücərrəd xarakter daşımışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008ci il tarixli 7 saylı Qərarının 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. ...Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Həmin Qərarında həmçinin qeyd edilir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 401, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)- 1241/2020 saylı qətnaməsi qismən - iddianın təmin edilməmiş maddi zərərə görə 69 manat məbləğində pul tələbinə aid hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilsin. Cavabdeh MMC-dən 69 manat məbləğində pul vəsaiti (hər ay ödənilməli olan 300 manat kirayə haqqının 23 ay ərzində çatışmayan 3 manat hissəsi) İddiaçı xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-1543/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1543/2021
25.01.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver