Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1544/2020 14.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)-5856/19 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Balaxanı- Mədən ev 15-də cavabdehə məxsus iki mərtəbəli, 4 yaşayış otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci ildə cavabdehlə ailə həyatı qurmuş, 2009-cu ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan 2 övladları vardır. Ailə qurduqdan sonra Sabunçu rayonu, Balaxanı-Mədən, ev 15 ünvanında qayınatasına məxsus 5 otaqdan ibarət evə cehiz əşyaları ilə birlikdə gəlin köçmüşdür. Bir il sonra həyətin digər hissəsində 2 mərtəbəli ayrıca çıxışı, hasarı olan 4 yaşayış otağından ibarət evə köçmüş, birgə nikahdan olan övladları da həmin evdə doğulub. Uzun müddət həmin evdə həyat yoldaşı və övladları ilə birgə çox mehriban yaşamışlar. Sonradan münasibətləri pozulmuş və onu evdən qovmuşlar. Evdən qovularkən nə uşaqlarına və özünə aid sənədləri, nədə şəxsi əşyalarını götürməmişdir. O evdən başqa sığınacaq yeri yoxdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)-5856/19 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx xxx 2019-cu il tarixdə cavabdehlə yaranmış mübahisə nəticəsində ayaqyalın məcburi qaydada evi tərk etmişdir. Həmin vaxtdan dəfələrlə evə qayıtmaq istəsə də, cavabdeh buna mane olmuş, onu yeganə yaşayış yerindən məhrum etmişdir. Onun hələki cavabdehlə ailə münasibətlərinə xitam verilməyib. Nikahın pozulması barədə iddia məhkəmə icraatında olsa da, o, hələ də cavabdehlə barışımaq istəyir. Beləliklə, onlar hələ nikahda sayılırlar. Sözügedən evin heç bir hüquq müəyyənedici sənədi yoxdur. Cavabdeh qanunsuz hərəkətlər nəticəsində onu son vaxtlara qədər yaşadığı və ona məxsus cehiz əşyalarının da yerləşdiyi yaşayış evinə buraxmamaqla faktiki olaraq yeganə olan yaşayış yerindən məhrum etməyə çalışır. Məhkəmə iclasında İddiaçı iddia tələbini və apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, gəlin köçdüyü evin həyətində əri ilə birgə ev tikdi və həmin evə köçmək istəyir. Ev tikilərkən ustalara özü qulluq edirdi, pullarını isə əri verirdi. Həmin evin qaynatasına heç bir aidiyyəti yox idi. Həyətdəki bir otaqlı ev isə qaynatasının əvvəlki mətbəxi olub. O evdə əri ilə heç vaxt yaşamayıb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirdi ki, cavabdeh mübahisəli evdə iddiaçı və uşaqları ilə birlikdə yaşayıb. Uşaqlar da həmin evdə dünyaya gəliblər. Evlənəndən bir il sonra həyətdə həmin evi əri ilə birlikdə tikiblər. Həmin evdə 2019-cu ilin may ayına kimi yaşayıblar. Evin hüquqmüəyyənedici sənədi yoxdur. Lakin faktiki olaraq mövcud yaşayış evidir. Hazırki mübahisələrə 2009-cu il tarixli Mənzil Məcəlləsi tətbiq olunmalı idi. Həmçinin tərəflər arasında nikah münasibətlərinə xitam verilməyib. Burada söhbət istənilən şəxsdən deyil, cavabdeh ilə nikahı bağlayan şəxsdən gedir. O, da həmin evdən zorla çıxardılıb. İddiaçının cehiz əşyaları da iki mərtəbəli evdədir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh bildirdi ki, iddiaçı xx.xx.2009-cu ildə gəlin köçüb. Onun üçün həyətdə bir otaqlı tikili olub. İddiaçı gəlin gələndə tikilmişdir. Ondan sonra heç bir tikili tikməyiblər. İddiaçı gəlin gələndən sonra ev təmir olunub. İki mərtəbəli ev atasınındır, həyətdəki digər ev isə qardaşınındır. Cehizlər də bir otaqlı evdədir. Onlar bir otaqlı evə köçüblər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işdən görünür ki, tərəflər xx.xx.2009-cu ildə nikah bağlamış və birgə nikahdan iki azyaşlı övladları vardır. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən belə nəticəyə gəlmişdir ki, Konstitusiya Məhkəməsi Plenumu x xxxxxxx 2013-cü il tarixli qərarına əsasən iddiaçının mübahisəli fərdi yaşayış evinə köürülüb-köçürülməməsi məsələləri qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun həll olunmalıdır.... İddiaçı həmin fərdi yaşayış evinə hüququ yaranmamışdır. Yarandığı halda isə artıq ailə münasibətlərinə xitam verildiyindən istifadə hüququna da xitam verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının hər bir halda mübahisəli mənzilə istifadə hüququ olmadığından onun həmin mənzilə köçürülməsi tələbi təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri qətnamənin ləğv və iddianın təmin edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş, özbaşına tikiliyə köçürmə tələbi ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Əvvəla ona görə ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikili faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə(özbaşına tikiliyə) iddiaçının və Cavabdeh aidiyyətinin olub-olmaması ilə bağlıdır. Belə ki, Cavabdeh iddia tələbinə etiraz edərək bildirir ki, mübahisəli ev atasına məxsusdur. Cavabdeh iddiaçının köçmək istədiyi mübahisəli özbaşına tikilinin ona məxsus olmadığına və idiaçının orada deyil, həyətdəki bir otaqlı evdə yaşamasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki, iddia tələbinə etirazının əsası kimi istinad etdiyi həmin halları sübut etmək yükü artıq onun üzərinə düşsə də, bu hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Əksinə, işin halları, iddiaçının davamlı olaraq uzun müddət əri və uşaqları ilə birgə həmin evdə yaşamasını təkzib etmir. Bu hallar həm də ona dəlalət edir ki, iddiaçının da qeyd olunan özbaşına tikilinin inşa olunmasında, saxlanmasında bu və ya digər formada rolu, əməyi və zəhməti olmuşdur. İddiaçının həmin evdə yaşaması və cehiz əşyalarının həmin evdə olması da bu halları bilavasitə təsdiq edir. Qeyd olunduğu kimi iddiaçının köçmək istədiyi ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. İddiaçının həmin evdə azyaşlı uşaqları ilə eyni əsasla, yəni evə dair sərəncam hüququ əldə etməsə də yaşamaq hüququ yaranmışdır. İddiaçının uşaqları ilə birgə həmin evdə yaşayanlarla eyni əsasla yaşaması hər hansı şəxsin, o cümlədən cavabdehin hansısa bir hüququnu pozmur. Əksinə iddiaçının bu tələbinin təmin edilməməsi onun və azyaşlı uşağının hüquqlarının pozulmasına səbəb olar. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almadan iş üzrə düzgün nəticəyə gəlməmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)-5856/19 nömrəli qətnaməsi ləğv olunmalı, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)-5856/19 nömrəli qətnaməsi ləğv edilsin və iddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı-Mədən 15 ünvanı kimi qeyd olunan ərazidə inşa olunmuş, iki mərtəbəli, dörd yaşayış otağından ibarət fərdi yaşayış evinə(özbaşına tikiliyə) köçürülsün. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza İkram Şirinov Düzdür: Hakim: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-1544/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1544/2020
14.02.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver